Məhkəmə qərarları › İş №e-2(008)-677/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-677/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-677/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 1075 (bir min yetmiş beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31.15 (otuz bir manat on beş qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1106,15 (bir min yüz altı manat on beş qəpik) manat məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 06.45-də Bakı şəhəri Qara Qarayev küçəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X1 məxsus olan “X5” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “X5” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “X5” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 1075 (bir min yetmiş beş) manat məbləğdə sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Nizami rayon DYPŞin TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq, Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1075 (bir min yetmiş beş) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini tam qəbul etdiyini, hadisəni özü törətdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı 1075 manat sığorta ödənişini 7 gün gün ərzində ödəmədiyi təqdirdə, həmin vəsaitin tutulması üçün aidiyyəti məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. - sığorta ödənişi ilə bağlı 11297/2022 nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:45-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azərsığorta” DSKŞ tərəfindən 1075 manat sığorta ödənişi hesablanmışdır. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 hesabına 1075 manat sığorta ödənişi köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X1 məxsus “X5” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:45-də “X5” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli akta əsasən **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 1075 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 30.75 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. - Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı Tennis Akademiyası İctimai Birliyində mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X1 məxsus olan “X5” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “X5” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli akta əsasən **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 1075 manat müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 11297/2022 nömrəli xx.xx.2022-ci il tarixli akta və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1075 manat məbləğində sığorta ödənişi X2 hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş məbləğ cavabdehdən tələb edilsə də, sonuncu tələb olunan məbləği ödəməkdən yayınmışdır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1075 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30.75 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 1075 manat sığorta ödənişi, ödənilmiş 30.75 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 1075 manat sığorta ödənişi, ödənilmiş 30.75 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar