Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7171/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin mülkiyyətə verilməsi” tələbləbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin mülkiyyətə verilməsi” tələbləbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa edilən hündürmərtəbəli binada 150 m sahəsi olan 3 otaqlı, tam təmirli mənzilin onun mülkiyyətinə keçirilməsinə dair öhdəliyin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi (VÖEN: **********) kimi dövlət qeydiyyatından keçmiş, hazırda fəaliyyətini müvəqqəti dayandırmış, əsas fəaliyyət istiqaməti “məktəbli formalarının pərakəndə satışı”ndan ibarət olmuşdur. Cavabdeh “Memarlıq Şəhərciyi 2021" Məhdud Məsuliyyətli Cəmiyyəti isə xx.xx.2021-ci il tarixdən aktiv vergi ödəyicisidir (VÖEN: **********). Eyni zamanda iddia ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi sahəsi 67,8 m olan ev və ona bitişik obyekt İddiaçı mülkiiyyətində olmuşdur. Belə ki, ünvan 1 ünvanda yerləşən evdə 2007-ci ildən etibarən yaşamışadır. Həmin mənzildə də pasport qeydiyyatındadır. 2007-ci ildən etibarən yaşadığı evə bitişik obyektdən mağaza kimi istifadə etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hətta buna görə ona AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən şəhadətnamə verilmişdir. 2007-ci ildən 2024-cü ilə kimi vergi ödəyicisi kimi həmin ünvanda qeydiyyatda olmuş, vaxtında vergiləri ödəmiş və digər ödənişləri həyata keçirmişdir. Hazıradək heç bir vergi borcu yoxdur. Belə ki, ümumi sahəsi 67,8 m olan evin 35 m hissəsi qeyri-yaşayış sahəsinə, yəni mağazanın sahəsinə aid olmuşdur. Bildirir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəsdən ona məxsus ev və ona bitişik qeyri-yaşayış sahəsi heç bir məhkəmə qərarı olmadan dağıdılmış, əmlakı məhv edilərək ona külli miqdarda ziyan vurulmuşdur. 2005-ci ildə Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən 67.8 m fərdi yaşayış evini bələdiyyə sənədi əsasında Dursun adlı şəxsdən almışdır. Yaşadığı vaxtdan etibarən bütün kommunal xidmət haqlarını, torpaq və əmlak vergilərini ödəmişdir. Belə ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində mülkiyyətində olan ev və mağaza içində əşyalar, külli miqdarda dəyəri olan mal ilə birlikdə qəsdən məhv edilmişdir. Hazırda evi və mağazadan heç bir əlamət qalmamışdır. Tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə aşağıdakı məzmunda pretenziya məktubu ilə müraciət edilmişdir: “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi olan 67,8 m olan ev və ona bitişik obyektin tamamilə dağıdılması nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pulun 15 gün ərzində ona ödənilməsini və ya həmin ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən binada 150 kv.m sahəsi olan 3 otaqlı, tam təmirli mənzilin onun mülkiyyətinə keçirləməsinə dair 15 gün ərzində öhdəlik götürülsün. Lakin bu günədək cavabdeh ona bir münasibət bildirməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı mübahisələndirdiyi əmlak qeyri-yaşayış sahəsidir və iddia tələbi iki qarşı tərəfin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman yaranan deliktdən irəli gələn tələblərə aiddir. Tələbin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına, zərərin vurulması sahibkarlıq münasibətləri zamanı yaranmış olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 11-12 və 20-ci bəndlərində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər”. Həmin qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 28-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı öz fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda aktiv vergi ödəyicisi olduğundan, habelə mübahisə predmetini təşkil edən zərər iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından hazırkı mübahisəyə dair işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxıla bilməz. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin mülkiyyətə verilməsi” tələbləbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı o, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 manat (№ ********** qəbzin nömrəsi) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-7171/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7171/2025
27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver