Məhkəmə qərarları › İş №e-2(008)-7516/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7516/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7516/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndələri (vəkili) Nümayəndə və (atası) X2 iştirakları ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq vurulmuş 1527,50 maddi zərərin, 3000 manat mənəvi zərərin, zərər görmüş “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil təmirdə olduğu müddət ərzində taksilərə ödədiyi 100 manatın, həmçinin hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manatın və məhkəmə məsrəfləri üçün ödəyəcəyi 100 manatın və ödədiyi 70 manat rüsumunun, cəmi 4896,50 manat pulun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiqşdir. İddiaçı tələbini tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində, saat 13:05 radələrində özünə məxsus “Mazda” markalı 90-DR- 511 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman işıqfora çatdıqda işıqforun qırmızı işığında dayanmışdır. Bu zaman avtomobilinin arxa hissəsində güclü zərbə hiss etmiş və möhkəm sarsıntı keçirmişdir. Hadisədən dərhal sonra maşından yerə düşdükdə görmüşdür ki, “RANGE ROVER” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının avtomobilinə arxa tərəfdən vurmuşdur. Nəticədə iddiaçıya məxsus “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobilin arxa buferi və onun orta salackasi, bufer knopları, arxa sağ otrajateli kəskin formada zədələnmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli qüsur aktına əsasən avtomobilə cəmi 1527,50 manat həcmində zərər vurulmuşdur. AR DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarına əsasən “RANGE ROVER” markalı **-DR- *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh baş vermiş yol qəzasında təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh ozunün təqsirli olmasına baxmayaraq iddiaçıya vurulmuş maddi zərəri ödəməmişdir və hazırda da ödəməkdən imtina edir. Halbuki, hadisə olduqdan sonra yeganə şəxsi istifadəsində olan avtomobilim ciddi zədə almışdır, hansı ki bu avtomobil heç vaxt texniki zədə almamış, heç bir qəza keçirməmişdir. Həmçinin, bu hadisədən sonra yeganə nəqliyyat vasitəsi təmirdə olduğu üçün bütün şəxsi-ailəvi işlərini görmək üçün (nəzərə alınsa ki, bu ərəfədə oğlunu xaricə yola saldığı üçün şəxsi avtomobilə ehtiyacları birə-beş artmışdır) taksilərə möhtac olmuş, ciddi mənəvi sarsıntı keçirmiş, elə bununla paralel üstəlik, hadisə nəticəsində vurulmuş maddi zərərin qaytanlmaması nəticəsində dəfələrlə əsəbləri pozulmuş və ağır mənəvi zərər almışdır. Belə ki, bütün bu qeyd olunanlara əsasən vurulmuş mənəvi zərəri 3000 manat dəyərində qiymətləndirir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, dəymiş zərər həddindən artıq şişirdilmiş, mənəvi zərər və əlavə məsrəfəlr isə heç bir sübutla əsaslandırılmamışdır. 7 il istismar edilmiş bir avtomobilin təmiri üçün rəsmi servisə müraciət edilməsi cavabdehi əlavə maddi yük altına salmaq niyyəti daşıyır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil elektron ərizə yerləşdirərək işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi (atası) X4 iddianı qismən qəbul edərək, qeyd etmişdir ki, hadisədən sonra cavabdeh öz məsuliyyətindən yayınmamışdır. İddiaçı ilə cavabdeh avtomobili dərhal təmirxanaya aparmışlar, avtomobilə dəyən ziyan hardasa 750 manat civarında qiymətləndirilmişdir, o məbləği də cavabdeh ödəməyə hazırdır. Odur ki, iddianın qismən təmin edilməsinə, yəni 750 manat zərərin tutulmasına etiraz etmir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. 2015-ci il buraxılışı olan “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən İddiaçı sahibliyindədir (AC № 494437 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). “RANGE ROVER” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin atası Əliyev X1 (AC № 289190 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə Ş.Bədəlbəyli küçəsində, saat 13:05 radələrində Cavabdeh idarə etdiyi “RANGE ROVER” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobillə araməsafə qaydalarını pozaraq İddiaçı tərəfindən idarə edilən və ona məxsus olan “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobilə ziyan vurmuş, bunun nəticəsində Cavabdeh inzibati xəta törətdiyinə görə təqsirli bilinərək, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (Bakı şəhər BRİ-nin DYPİ-nin YNHÜŞ-nin inspektoru Rəsulov Ana tərəfindən tərtib edilmiş arayış, yol-nəqliyyat hadisəsinin sxemi, İXP ******* №-li Protokol, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar). Adıçəkilən qərardan eyni zamanda Cavabdeh tərəfindən idarə edilən “RANGE ROVER” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobilə dair icbari sığorta müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. "xxxx" MMC (Mazdanın rəsmi distribütoru) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən İddiaçı məxsus avtomobilə 1527,50 manat həcmində zərərin vurulduğu müəyyən edilmişdir. Təqdim edilmiş ödəniş qəbzlərindən həmin məbləğin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə ödənildiyi müəyyən edilir. Hazırda iddiaçı vurulmuş 1527,50 maddi zərərin, 3000 manat mənəvi zərərin, zərər görmüş “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil təmirdə olduğu müddət ərzində taksilərə ödədiyi 100 manatın, həmçinin hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manatın və məhkəmə məsrəfləri üçün ödəyəcəyi 100 manatın və ödədiyi 70 manat rüsumunun, cəmi 4896,50 manat məbləğində pulun tutulmasının istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli ə dəymiş zərərin daha az almasına dair məhkəməyə və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının sahibliyində olan avtomobilə zərər cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində baş vermiş, cavabdeh tərəfindən mülki hüquq pozuntu törədilməsi inzibati tənbeh vermə haqqında qərarla sübut olunmuş, iddiaçının avtomobilinə dəyən zərər 1527,50 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğ iddiaçıya dəyən zərərin aradan qaldırılması üçün onun tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin daha az olmasına diar məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Qeyd edildiyi kimi, iddiaçı məxsus avtomobil 2015-ci il buraxılışlıdır, iddiaçı həmin avtomobili 2016-cı ildə əldə etmişdir, bu da ona dəlalət edir ki, iddiaçı avtomobili birbaşa salondan ikinci əldə olmadan almışdır, bu səbəbdən iddiaçı avtomobilini hər-hansı bir təmirxanada deyli, «MAZDA»-nın rəsmi distribütoru olan "xxxx" MMC-də təmir elətdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, 1527,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qalan hissədə, yəni 3000 manat mənəvi zərərin, zərər görmüş “Mazda” markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil təmirdə olduğu müddət ərzində taksilərə ödədiyi 100 manat məbləğində pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsini, eyni zamanda taksilərə 100 manat ödədiyini sübut edə bilməmişdir. İddiaçı eyni zamanda məhkəmə xərclərinin - hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manatın, məhkəmə məsrəfləri üçün ödəyəcəyi 100 manatın və ödədiyi 70 manat rüsumunun tutulmasını da istəyir. Məhkəmə hesab edir ki, həmin xərclər də qismən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 4627,5 manat olduğundan (1527,50 maddi zərərin + 3000 manat mənəvi zərər + taksilərə ödənilən 100 manat) və iddia 1527,50 manat hissədə təmin edildiyindən, yəni 33 faiz hissədə, ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 100 manat, cəmi 170 manatın 56,1 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 113,9 manat hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə məsrəfləri üçün ödəyəcəyi 100 manata dair sənəd məhkəməyə təqdim edilmədiyindən həmin məbləğ də cavabdehdən tutula bilməz. Məhkəmə sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia qismən təmin edəlməli, Cavabdeh 1527,50 maddi zərər alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməli, məhkəmə xərclərindən 56,1 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 113,9 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1527,50 maddi zərər alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərclərindən 56,1 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, 113,9 manat iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar