Məhkəmə qərarları › İş №e-2(008)-795/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-795/2025

20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-795/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1049 manat məbləğində dəymiş zərər, 30.49 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İsmayı loğlu idarə etdiyi “BMW 318” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Haval H6” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçıSŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. 147 nömrəli, xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, dəymiş zərərin məbləği 6049 manat məbləği müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6049 manat məbləğində sığorta ödənişi tam olaraq servisin hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh idarə etdiyi “BMW 318” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat məbləği ödənilmiş, qalan məbləğ Cavabdeh tərəfindən 1049 manat borc ödənilməmiş qalmaqdadır. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə keçiriləcək baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və bildirdi ki, iddia ərizəsində göstərilən ziyanın məbləği ilə razı deyil, mütəxəssis rəyi ilə razıdır və iddia tələbinin qismən, yəni mütəxəssis rəyinə müvafiq olaraq təmin edilməsinə etirazı yoxdur. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ``Tərəqqi`` MMC-nin apardığı ekspertiza nəticəsində``Haval H6`` markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin qiymətinin 300 manat göstərildiyini, lakin həmin qiymətləndirmənin düzgün aparılmadığını, real zərəri əks etdirmədiyini və bazar qiymətinə uyğun olaraq qiymətləndirilmənin aparılmadığını bildirmişdir. Eyni zamanda ``Razval`` adlanan xidmətin qiymətləndirilməsi aparılmamış, bu da məbləğin aşağı hesablanmasına səbəb olmuşdur. Tərəflərindən təqdim edilmiş qüsur aktında (müstəqil ekspert fiziki şəxs X4) yeni ön buferin qiyməti 2023-cü il tarixdə real bazar qiymətinə uyğun olaraq 800 manat qiymətləndirilmişdir. Zərərin məbləği hesablanarkən Tərəqqi MMC-nin deyil, təqdim etdikləri digər müstəqil ekspert fiziki şəxs X3 qüsur aktında nəzərdə tutulmuş qiymətləndirmənin nəzərə alınmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsinin, 1049 manatın 10 gün ərzində ödənilməsi xahiş edilmiş, zərərin əvəzi 10 gün ərzində şirkətə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına 6049 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə **-SH-*** dövlət qeydiyyat nişanlı “BMW 318” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - xx.xx.2023-cü il tarixli 147 nömrəli qüsur aktından görünür ki, “Haval H6” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün material və xidmət haqqı cəmi 6049 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli 125617 nömrəli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 318” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmış avtomobillə toqquşmuş, 6049 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına köçürülmüşdür. - Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün tələb olunan vəsat 5159 manat təşkil edir. “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə təmir işləri görülmüşdür. “Haval H6” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülən təmir işlərinin bazar dəyəri 5159 manat təşkil edir. - **********8 nömrəli xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Haval H6” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan **-SH-*** dövlət qeydiyyat nişanlı “BMW 318” minik markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış **-PV-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. X4 tərəfindən tərtib edilmiş qüsur aktına əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 6049 manat müəyyən edilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyəti Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 5000 manat məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Lakin cavabdeh tərəfindən qalıq 1049 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 6049 manat sığorta ödənişinin qalıq 1049 manat hissəsini cavabdehdən tələb edir. Məhkəmə, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, qüsur aktına əsasən “Haval H6” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə (təmir və usta xərci ilə birlikdə) cəmi 5159 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə müstəqil qimətləndirici təyin edilmiş, verilmiş mütəxəssis rəyi ilə 2020-ci il buraxılışlı “Haval H6” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti aşınma tətbiq edilməklə, 5159 (dəyişilməli hissələrin qiyməti və təmir-bərpa işlərinin qiyməti) manat müəyyən edilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 5000 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Bu səbəbdən həmin məbləğ “Haval H6” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətindən çıxılmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi cəmi 159 manat (5159-5000) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 159 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış tədqiqatın dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul Cavabdeh və İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutulmalı və VÖEN **********, H/H AZ61AİİB******************** "xxxx" ASC-nin Nərimanov filialı M/H:AZ37NABZ********************, Kod 200093, Bankın VÖEN-i **********, SWİFT:AİİBAZ2X, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 159 manat sığorta ödənişi, 15 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış tədqiqatın dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul Cavabdeh və İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutulsun və VÖEN **********, H/H AZ61AİİB******************** "xxxx" ASC-nin Nərimanov filialı M/H:AZ37NABZ********************, Kod 200093, Bankın VÖEN-i **********, SWİFT:AİİBAZ2X, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar