Məhkəmə qərarları › İş №e-2(008)-811/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-811/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-811/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə , İddiaçı Cavabdeh qarşı əmlakda payın tanınması barədə iddia tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə iddiaçı və cavabdehin ümumi gəlirləri hesabına, birgə vəsaitlə tikilən Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evinin dəyəri olan 76000 manatın 1/2 hissəsinə, yəni 38000 manat hissəsinə İddiaçı payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə ailə qursa da, rəsmi nikaha xx.xx.2008-ci tarixdə daxil olmuşdur. Həmin tarixdən etibarən birgə təsərrüfat idarə etmişdilər. Birgə nikahlarından xx.xx.2008-ci ildə X3 doğulmuşdur. Səma “Birincili əzələ distrofiyası. Proqressivləşən əzələ distrofiyası. Miopatiya” diaqnozu ilə əlildir, sağlamlıq imkanı məhdud uşaqdır. Həyat yoldaşı ilə münasibəti korlanmışdır və hazırda nikahın pozulmasına dair iddia tələbi üzrə məhkəməyə müraciət etmişdir. Birgə nikah dövründə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, Bünyadzadə küçəsində yerləşən torpaq sahəsində ailənin ümumi gəliri hesabına fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi iki mərtəbəli 4 otaqdan ibarət həyətyanı sahəsi olan bir evdir. Fərdi yaşayış evinin qazla təmin olunması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi ilə həyat yoldaşı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin imzalanarkən X2 tərəfindən “Azəriqaz”-a təqdim etmək üçün Cavabdeh Ramana qəsəbəsi, Bünyatzadə küçəsində özbaşına tikilidə qeydiyyatsız yaşamasına dair xx.xx.2017-ci il tarixli 2157 nömrəli Arayış verilmişdir. xx.xx.2017-ci il tarixdə qaz sayğacının quraşdırılması və istismara qəbulu barədə barədə Akt tərtib olunmuş və həmin Akt da Cavabdeh tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin Sabunçu Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (N01-03/1- 546) Arayışda ünvan 1 ünvanında yaşayan Cavabdeh Ramis oğlu adına abonent kodu xx.xx.2015-ci il tarixində müqavilə bağlanılması və həmin tarixdə su sayğacı quraşdırılması qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən verimiş ödənişlər haqqında Arayışda ünvan 2 ünvanında Cavabdeh Ramis oğlunun adına **********40022 saylı abunə kodunun xx.xx.2017-ci il tarixdə qeydə alınması göstərilmişdir. Hal-hazırda azyaşlı övladıyla birlikdə sözügedən evdə yaşayırlar. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Muxtarova (Seyidova) Xəyalə Canpolad qızı Cavabdeh ilə xx.xx.2008-ci tarixdə nikahlarını bağlamışdılar (Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 410277 №-li nikah haqqında şəhadətnamə). İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2008-ci il tarixdə doğulmuş X3. Səma “birincili əzələ distrofiyası, proqressivləşən əzələ distrofiyası, miopatiya” diaqnozu ilə əlildir. Sabunçu rayonu İcra Hakmiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh Ramana qəsəbəsi, Bünyatzadə küçəsində özbaşına tikilidə qeydiyyatsız yaşamasına dair xx.xx.2017-ci il tarixdə 2157 №-li Arayış və xx.xx.2021-ci il tarixdə vəkil sorğusuna cavab verilmişdir. Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh ilə «Azəriqaz» İB arasında Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi ünvanına xx.xx.2017-ci il tarixdə qazın alqı-satqısına dair müqavilə balanmış, qaz sayğacının quraşdırılması və istismara qəbulu barədə Akt tərtib olunmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-də ünvan 2 ünvanını üzrə **********40022 №-li abunə kodu verilmişdir. İddiaçı tərəfindən evin qiymətləndirilməsi həyata keçirilmiş, "xxxx" MMC tərəfindən evin qiymətinin 76000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərfindən evin qiymətləndirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 05 №-li hesabata əsasən evin qiymətini 72000 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı həmin evin dəyəri olan 76000 manatın 1/2 hissəsinə, yəni 38000 manat hissəsinə İddiaçı payının müəyyən olunmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanıni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, özbaşına tikili olan mübahisəli ev 2015, 2017-ci illərdə, yəni birgə nikah dövründə, su, qaz işıqla təmin edilmiş, abonent kodları cavabdehin adına verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının evin dəyərinin yarısına payı tanınmalıdır. Lakin, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş 72000 manat əsas götürülməli, yəni 36000 manata iddiaçının payı tanınmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evinin dəyəri olan 72000 manatın 1/2 hissəsinə, yəni 36000 manat hissəsinə İddiaçı payı müəyyən olunsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar