Məhkəmə qərarları › İş №e-2(009)-101/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-101/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-101/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 25 saylı binanın 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur (MH seriyalı 067469 nömrəli, xx.xx.1997-ci il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi). Yaşadığı mənzil 2 mərtəbəli binanın 1-ci mənzilində yerləşir. Cavabdeh məxsus mənzil binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehin mənzilindən mütəmadi olaraq onun mənzilinə su axır və onun mənzilinə zərər vurulur. Bu hal 2020-ci ildən dəfələrlə baş vermişdir. xx.xx.2020-ci il tarixdə 149 saylı MKİS işçiləri tərəfindən akt tərtib və təsdiq edilib. Dəfələrlə xahiş etdiyinə baxmayaraq cavabdeh onun mənzilini təmir etməkdən yayınmışdır. 2024-cü il başlayandan tavandan su axması artmağa başlamışdır. Məcbur olub yenə də 149 saylı MKİS-ə müraciət etmişdir. 149 saylı MKİS-nin rəisi Tural Əzimov, sahə bələdçi Yusif Xanbabayev tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib və təsdiq edilmişdir. Həmin aktda göstərilir ki, 2-ci mərtəbədə yerləşən Cavabdeh Ehtiram oğluna məxsus 15 nömrəli mənzilin kombi xətlərində baş verən qəza nəticəsində 1-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilə su tökülmüşdür. Baxış zamanı mənzilə su axmasa da tavanda su izləri görsənirdi. Yenə də müraciət etdiyinə baxmayaraq cavabdeh mənzildəki su sistemində olan nasazlıqları aradan qaldırmaq istiqamətində heç bir iş görməmişdir. O, məcbur olub onun mənzilinə dəymiş zərərin həcmini müəyyən etmək üçün müstəqil ekspertə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 051/24 saylı aktla dəymiş zərərin həcmi 3959,50 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehin mənzilindən mütəmadi olaraq ona məxsus mənzilə su axması nəticəsində mənzilində daimi rütubət yaranmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onlar daima sıxıntılar keçirirlər, stess vəziyyətinə düşmüşlür. Cavabdehə dəfələrlə müraciət edərək onun mənzilindən axan suyun qarşısını alması və onun mənzilinə vurduğu zərərin ödənilməsi barədə müraciət etsə də, cavabdeh mənzilindən su axmasının qarşısını almır, vurulmuş zərəri aradan qaldırmır. Cavabdehin mənzilini yararsız vəziyyətə salması, mənzildə yaşamaqları çətinləşdirməsi nəticəsində ailəsinin əsəb gərginliyi keçirməsi səbəbindən mənəvi zərər də vurmuşdur. Cavabdeh onun mənzilinə vurduğu zərəri aradan qaldırmaq üçün 3959,50 manat pul lazımdır. Eyni zamanda cavabdeh tərəfindən vurduğu mənəvi zərəri 10000 manat dəyərləndirir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusmu (delikt) törədilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 25 saylı binanın 3 saylı mənzilinə vurduğu zərərə görə 3959,50 manat pulun, vurduğu mənəvi zərərə görə 10000 manat pulun, cəmi 13.959,50 manat məbləğində pulun, ödənilmiş 132 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(009)- 101/2025 saylı qərardadına əsasən vurulmuş zərərlə bağlı mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyində göstərilir ki, ünvan 1 ünvan üzrə 15 saylı mənzildən suyun sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3717 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilir. Həmin mütəxəssis rəyinə görə o, “X1”nə xidmət haqqı olaraq 300 manat pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 25 saylı binanın 3 saylı mənzilinə vurulmuş zərərə görə 3717 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat pulun, cəmi 13.717 manat məbləğində pulun, ödənilmiş 132 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun və mütəxəssis rəyi üçün ödənilmiş 300 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh iddia ərizə kifayət qədər uzun müddət ərzində məhkəmə icraatında olsa da, bir dəfə iddiaçının mənzilinin təmiri ilə əlaqədar yaxınlaşmamış və zərərin aradan qaldırılmasına təşəbbüs göstərməmişdir. Məhkəmə tərəfindən təyin edilən ekspertiza ilə isə müəyyən edilən ziyan realdır və həmin həddə tələblərinin həcmini azaltmışlar. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən iddiaçının mənzilinə onun mənzilindən su axmışdır. Lakin su axma nəticəsində mənzilə dəyən ziyan mütəxəssis rəyində göstərilən həddə deyil. Maksimum 1000 manat xərc çəkilməklə zərəri aradan qaldırmaq olar. Lakin iddiaçı onların zərərin aradan qaldırılması ilə bağlı müraciətinə cavab verməmiş, qapını açmamışlar. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 067469 nömrəli xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ünvanında yerləşən 25 nömrəli evin 3 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 25 nömrəli evin 15 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə 149 saylı MKİS-nin mühəndisi R.Əzimov, sahə nəzarətçiləri M.Rzayev və C.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktından görünür ki, Səbail rayonu, Salyan yolu ev 25, mənzil 3-də yaşayan İddiaçı şifahi şikayətinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Bina 2 mərtəbəlidir, mənzil 3 birinci mərtəbədə yerləşir, şəxsi mənzildir, mənzilin mətbəxinin tavanında 2 yerdə su axmasından saralmış izlər aşkar edilmişdir. İş üzrə Səbail rayon MKTB-nin 149 saylı MKİS-nin rəisi Tural Məmmədov, mühəndisi Ruhulla Əzimov, sahə bələdçisi Yusif Xanbabayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, Səbail rayonu, ünvan 2 ünvanında yaşayan İddiaçı şifahi müraciətinə əsasən onun mənzilinə baxış keçirilmiş, mənzil 2 mərtələbi binanın 1-ci mərtəbəsində yerləşir, vətəndaş İddiaçı verdiyi məlumata əsasən 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 15 nömrəli mənzilin kombi xətlərində baş verən qəza nəticəsində 1-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilə su tökülmüşdür. Baxış zamanı mənzilə su axmasa da tavanda su izləri görsənirdi. İş üzrə İddiaçı sifarişinə əsasən müstəqil ekspert Əmrulla Kərimov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AKT-051/24 nömrəli hesablaşmadan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 25, bina 3, mən 1-ə dəymiş zərərin həcmi 3959,50 manat təşkil etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/9354 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən rəyin təqdiqat hissəsində göstərilənləri nəzərə alaraq Səbail rayonu, Salyan yolu küçəsində yerləşən 25 saylı binanın 3 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilin tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 15 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində har hansı bir nasazlıq müşahidə edilmədiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası əsasında “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 98 nömrəli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvan üzrə 15 saylı mənzildən suyun sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3717 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ünvanında yerləşən 25 saylı evin 3 saylı mənzili iddiaçının, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 25 saylı evin 15 saylı mənzili cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 2024-cü il tarixdə iddiaçının yaşadığı mənzilinə su cavabdehin yaşadığı mənzilindən axıdılması nəticəsində mənzilinə ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə maddi ziyan dəymişdir. Onun tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün müstəqil ekspertə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli akta əsasən dəymiş zərərin həcmi 3959,50 manat müəyyən edilmişdir. Məhkəmənin qərardadına əsasən vurulmuş zərərlə bağlı verilmiş mütəxəssis rəyinə əsasən onun mənzilinə həmin ünvan üzrə 15 saylı mənzildən suyun sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3717 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilir. Həmin mütəxəssis rəyinə görə o, “X1”nə xidmət haqqı olaraq 300 manat pul ödəmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən ona məxsus mənzilinə vurulmuş zərərə görə 3717 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat pulun, cəmi 13.717 manat məbləğində pulun, ödənilmiş 132 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun və mütəxəssis rəyi üçün ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən 25 saylı binanın 3 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilin tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 15 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində har hansı bir nasazlıq müşahidə edilmədiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası əsasında “X1” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvan üzrə 15 saylı mənzildən suyun sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3717 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə Səbail rayon MKTB-nin 149 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Mütəxəssis rəyi ilə su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 3.717 manat lazım olduğu müəyyən edilmişdir. Cavabdeh ziyan məbləğinin həmin həddə olmamasını qeyd etsə də, həmin ziyan məbləğini təkzib edən sübutu məhkəməyə təqdim edə bilməmiş və bu səbəbdən məhkəmə təqdim olunan mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir və ziyanın həmin həddə olmasını real hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iddia tələbinin vurulmuş 10.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 10.000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 320 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri – ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 57,17 manat və sübut kimi dəyərləndirilmiş mütəxəssis aktının tərtib edilməsi üçün ödənilmiş 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən dövlət nəfinə iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası xərcinin əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 3.717 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,17 manat, mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 300 manat, cəmi 4.394,17 (dörd min üç yüz doxsan dörd manat, on yeddi qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar