Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1134/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi F.F.Mirzəzadənin iştirakları ilə İddiaçı Cavabdeh QSC-yə qarşı məhv edilmiş əmlakın bərpa edilib təhvil verilməsi və s. tələblərə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı məhv edilmiş əmlakın bərpa edilib təhvil verilməsi və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstəmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksi cavabdehin tabeliyində olan X1 mülkiyyət hüquqlarına müdaxilə nəticəsində sökülmüşdür, əmlak mövcud deyil, bu səbəbdən həmin ənlak əvvəlki vəziyyətə bərpa olunub mülkiyyətçiyə təqdim edilməli və mövcud olmuş əmlaklar da iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi X2 izahında göstərmişdir ki, Dəniz Gəmiçiliyi tərəfindən iddiaçının mülkiyyətində olan əmlak kompleksi sökülməmişdir. Bu söküntünün məhz cavabdeh tərəfindən həyata keçirilməsi barədə iddiaçının sübutu yoxdur, həmçinin onlara müraciət olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə aidiyyatı üzrə Bakı şəhər Xətai rayon məhkəməsində baxılmalı olduğundan, mülki iş aidyyatı üzrə həmin rayon məhkəməsinə göndərilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı adına daşımnaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia tələbi onun mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin cavabdeh tərəfindən sökülməsi baş verdiyindən həmin əmlak kompleksinin bərpa edilib ona təhvil verilməsi, həmin əmlak kompleksində yerləşən avadanlıqların ona qaytarılması ilə əlaqədar olduğundan hazırki iddia tələbinə müstəsna olaraq aidiyyatı üzrə Xətai rayon məhkəməsində baxılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Belə ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı tələb mülkiyyətində olan daşınmaz əmlakın bərpa edilib ona təhvil verilməsi ilə əlaqədar olduğundan, həmin iddia aidiyyat qaydalarının pozulması ilə Səbail rayon məhkəməsi tərəfindən icraata götürülmüşdür. Məhkəmə izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə Xətai rayon məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Xətai rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 44.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı məhv edilmiş əmlakın bərpa edilib təhvil verilməsi və s. tələblərə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Xətai rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1134/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1134/2024
21.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver