Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-115/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, onların nümayəndəsi K.Ə.Ələskərovun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 ilə 1991-ci ildə el adəti ilə evlənərək ailə qurub, nikahları xx.xx.1992-ci ildə rəsmiləşdirmişlər, birgə nikahları dövründə üç uşaqları olmuşdur. Sonradan münasibətləri pisləşmiş, birgə yaşamaq mümkün olmadığından ayrılmaq qərarına gəlmiş, nikahları məhkəmə qaydasında pozulmuş və Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 ilə birgə nikahları dövründə, konkret olaraq 2006-cı ildə Abşeron rayon Ceyranbatan qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,45 ha torpaq sahəsi alıb, elə həmin ildən də orada fərdi yaşayış evi inşa etməklə, orada təsərrüfat aparmış və həmin torpaq sahəsi DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmaqla, MA ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evi ilə bağlı müvafiq sənədlər toplanılsa da, həmin fərdi yaşayış evin DƏDRX-də qeydiyyata alınması müxtəlif səbəblərdən yubanmış və nəticədə nikahları pozulduqdan sonra evin sənədləşdirilməsi dayandırılmışdır. Nikahın pozulması barədə şəhadətnamə aldıqdan sonra bir neçə dəfə Cavabdeh2 ilə aralarında qeyd olunan torpaq sahəsi və üzərindəki tikilinin satılması və ya aralarında bölünməsi barədə danışıqlar olsa da, konkret razılıq olmamış və bu səbəbdən də 2022-ci ilin əvvəllərində həmin torpaq sahəsi və üzərindəki tikilinin bölünməsi barədə Cavabdeh2 ilə aralarındakı mübahisənin məhkəmə qaydasında həll olunması qərarına gəlmiş, bu barədə əvvəlcə mediasiya orqanına müraciət etmiş, barışıq mümkün olmamış və həmin vaxtı ona məlum olmuşdur ki, Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini bağışlama müqaviləsinə əsasən öz anası olan digər Cavabdeh3 bağışlamışdır. Bundan sonra birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi və üzərindəki tikilinin hüquqi rejimi barədə DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********21 saylı arayışından görünür ki, Cavabdeh2 müraciəti əsasında həmin torpaq sahəsinə onun adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********9 reyestr nömrəli dublikat çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat mərkəzinin xüsusi notariusu Baba Əhmədli tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi digər Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestri nömrəsi ilə qeydiyyat verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmək məqsədilə, faktiki torpaq sahəsinə çıxarışın, plan və ölçü sənədlərinin, həmçinin tikiliyə dair sənədlərin olmasına baxmayaraq və həmin sənədlərin onda saxlandığı bildiyi halda, guya sənədlərin itməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib sənədlərin və çıxarışın dublikatını almış və birgə nikah dövründə əldə olunmuş əmlak olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsini qanunsuz və əsassız olaraq öz anası olan digər Cavabdeh3 bağışlamaqla, faktiki nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmişlər. Hesab edir ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində bərabər hissədə payları müəyyən edilərək bölünməlidir. Göründüyü kimi, onun cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində əmlak hüquqları vardır. Lakin Cavabdeh2 hərəkətləri, yəni hüquqdan sui-istifadə etməsi qeyd olunan əmlakı anasına bağışlaması, onun həmin əmlaklara dair hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə- 433 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49), həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49-10301) ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin onunla Cavabdeh2 arasında bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh2 əvvəllər birgə nikahda olmuşlar və aralarındakı nikah pozulduqdan sonra Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlaklara (torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış sahəsi) dair sənədləri ələ keçirmiş və artıq özünün xüsusi mülkiyyəti kimi anası olan digər cavabdehə bağışlamış və onun adına müvafiq çıxarış verilməsinə nail olmuşdur. Birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin digər cavabdehin adına mülkiyyət hüququ ilə DƏDRX-də qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsinə cavabdehlər arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin əsas olduğu məlum olsa da, həmin torpaq sahəsi üzərində birgə nikah dövründə tikilmiş fərdi yaşayış evi hansı sənədlər əsasında Cavabdeh3 adına DƏDRX-də qeydiyyata alınaraq çıxarışın verilməsi barədə aidiyyəti orqana müvafiq sorğular verilsə də, bu günədək sorğuya cavablar alınmamışdır. İlk növbədə çıxarışın verilməsinə əsas olmuş hüquqi sənədlər dəqiq müəyyən olunmalı və həmin sənədlər ləğv və ya etibarsız hesab edilməlidir. Həmin ilkin sənədlər müəyyən edilərək ləğv edilmədən verilmiş çıxarışın ləğv edilməsi bu hissədə iddia tələbini tam təmin etmir. Ona görə də həmin hissədə iddia tələbi ümumi iddia tələblərindən çıxılmaqla, həmin tələb müvafiq sübutlar əldə edildikdən sonra gələcəkdə cavabdehlərə qarşı irəli sürüləcəkdir. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsinə dair” ilkin iddia tələblərinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49-10301) ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş həmin torpaq sahəsinin İddiaçı ilə Cavabdeh2 arasında bərabər bölünməsi formasında dəyişdirildiyini nəzərə alıb iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2005-ci ildə tanışı Şakir Rüstəmovla onların evlərinə getmişdir, qayıdanda Şakir demişdir ki, burada torpaq var satırlar, torpağa baxmış və alınmasına qərar vermişdir. Səhəri gün Şakir ona demişdir ki, torpağın sahibi torpağı orta hissədə yox kənardan satmağa razılaşıb. O, da 12.000 manat pulu verib, orada olan 6 sot torpağı öz adına almışdır. Torpağı Zamin adında şəxs satırdı, sonra oğlan ona zəng etmişdir ki, orta hissədə olan torpağı da satır,torpağın birini özünün, digərini yoldaşının adına rəsmiləşdirmişdir. Sənəd hazır olan zaman gedib götürəndə ona bildirmişlər ki, torpağın sənədlərində adları səhv düşüb. Ona aid olan torpağa yoldaşının, digərinə də onun adı yazılıb, dəyişmək üçün vaxt lazımdır. O, ilkin olaraq torpağı öz adına almış, 2-ci torpağı da yoldaşının adına almışdır. Sənədlərdə olan səhvin düzəldilməsi üçün 3 ay vaxt lazım idi, o, da vaxta görə razılaşmamış, elə də qalmışdır. 2 torpağın sahəsi 11 sot olmuşdur. Öz adına olan torpaq satılmışdır. Yoldaşının adına olan torpaq sahəsində evi 2006-ci ildə özü tikmişdir. Layihəsini özü hazırlamış, hasarını da özü çəkmişdir. O, evi tikmiş, qaynanasıgil kirayədə qalırdı deyə demişdir ki, gəlib onlar yaşasın. Özünün başqa yaşayış yeri da vardı, varlılar məhəlləsi deyilən yerdə villa var idi. Torpağı Kamal almamış və torpağa görə 12500 ABŞ dolları verməmişdir. Torpağı alanda və pulunu verəndə yanında heç kim olmamışdır. Torpağın pulunu birinci dəfə Zaminin özünə, 2-ci dəfə atasına vermişdir. O, Şakirlə əlaqəni kəsmişdir, Şakirlə onlara gedib qayıdanda Şakir ona deyib torpaq var, gəl al, onda Kamal yox idi. O, dayısına deməmişdir ki, torpaq onundur. O, dayısına və uşaqlarına həmişə kömək etmişdir. Hazırda dayısı ilə münasibətləri yoxdur. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Vəkil1 həmçinin göstərmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri sübut kimi qəbul edilməməlidir, onlar tərəfindən mübahisəli torpaq sahəsinin konkret kimin tərəfindən alınması və pulun verilməsi qeyd olunmamışdır. Kamalın deməsinə əsasən torpağın Kamala məxsus olmasını göstərmişlər. Əgər hətta torpağın Kamal tərəfindən alınması qəbul olunsa belə, Kamal gələcəkdə bacısına və Vüqara qarşı pul tələbi ilə bağlı iddia qaldıra bilər. Bağışlama həyata keçirilərkən Vüqarın razılığı alınmalı idi. Məhkəmə iclasında izahatı alınmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi Cavabdeh2 adına olan torpaq sahəsi ilə yanaşı İddiaçı da özünün adına torpaq sahəsi alınmışdır. Cavabdeh2 adına olan torpaq sahəsi əslində ona deyil, qardaşı X5 məxsus olmuş və pulu onun tərəfindən ödənilmişdir. Sonradan İddiaçı özünün adına olan torpaq sahəsini satmışdır. Cavabdeh2 adına olan həmin torpaq sahəsində tikilmiş evdə X6 tərəfindən tikilmiş və pulu da onun tərəfindən ödənilmişdir. Bunu həm qonşular, həm də bütün qohumlar bilir. 2006-cı ildə alınmış torpaq sahəsində Kamal Ələsgərov 2007-ci ildə ev tikilmiş və həmin ilin may ayının 20-dən ailəsi ilə orada yaşamağa başlamışlar. Torpağın Cavabdeh2 adına rəsmiləşdirilməsi xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və xx.xx.2021-ci ildə anası Cavabdeh3 bağışlamışdır. Yəni iddiaçının tələb etdiyi torpaq sahəsi və onun üzərindəki ev İddiaçıla Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş və inşa edilmiş əmlak olmadığından daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49) ləğv edilməsi barədə tələbi rədd edilməlidir. Cavabdehlərin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2005-ci ildə tanışları Şakir ona demişdir ki, torpaq satılır, o, 12500 ABŞ dolları vermiş Vüqarla Şakirə, özü getməmiş, həmin torpa sahəsi 4 sot yarım olmuş, özünə ev tikmək üçün həmin torpağı almışdır. Pasport qeydiyyatı Abşeron rayonu olmadığından torpaq sahəsinin nümayəndəsi olduğu bacısı Namidənin adına sənədləşdirmişdir. Vüqar da öz adına həmin ərazidə torpaq sahəsi almışdır. Özünün və Vüqarın da hasarının çəkilməsi üçün torpağını, daşını o, almışdır. Onlar torpağa baxanda demişdir ki, yolun kənarında yerləşən torpa sahəsi onun, orta hissədə yerləşən torpaq sahəsi Vüqarın olsun.Sonra Vüqar özünün adına olan torpaq sahəsini satmışdır. O, öz torpaq sahəsində anasına 3 mərtəbəli ev tikmiş, əvvəllər Vüqarla çox mehriban olmuşlar, hətta Vüqara 48000 ABŞ dolları da borc vermiş, Vüqar borcu qaytarıb vermişdir. Evin tikilməsində iştirak edən şəxslər şahidlik edə bilərlər ki, evi kim tikdirmişdir. Bütün qohumlar bilir ki, torpaq onunkudur və evi də o, tikmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, uzun illərin ailəvi dostluq edir. Bu barədə danışmaq ona ayıbdır ki, bu iş bu yerə gəlib çıxmışdır. 2004-cü ildə o, Ceyranbatanda özünə torpaq sahəsi almışdır. Kamala demişdir ki, yanında torpaq sahəsi var, satılır, gəlsin o da alsın. O zaman Kamalgil kirayədə qalırdılar. Kamal demişdir ki, Vüqar gəlib torpağa baxsın, o, da gəlir. 9 sot torpaq idi, baxıb getmişlər. Pul söhbəti olanda Kamal demişdir ki, Vüqar gəlsin, o, da gəlir. 6 sot torpağı Kamal almalı idi. Kamal 12500 ABŞ dolları vermiş, torpağı sənədləşdirilməsini demişdir. O, onları torpaq satanla görüşdürmüş, satılan torpaq sahəsinin 4,5 sotu Kamal, 4,5 sotunu Vüqar almış və sənədləşdirilmişdir. Kamal aldığı torpaq sahəsində öz evini 2 mərtəbəli tikmiş, Vüqar torpağını satmışdır. O, da etiraz etmişdir ki, gərək kənar adama yox, onların tanıdığı adama satardı. Bura kənar adam gəlməzdi. O, hazırda orada qalır. Vüqar ora gəzməyə gəlib gedib, Kamal orada ev tikib. Torpağın 12500 ABŞ dolları pulunu Kamal vermişdir. Vüqar da eyni qiymət vermiş, hər ikisi özünə torpaq almışlar. Vüqar və Kamal ikisi də eyni 2005-ci ildə torpağı almışlar, evin tikilməsi iki il gec olmuş, Kamal torpağı hasara almış, evi çox surətlə tikmişdir. Tikiliyə çəkilən xərci bilmir nə qədər olar, onun evi 2 mərtəbəlidir. Kamal özü tikinti sahəsində işləyirdi. Kamalın qaynatası tikinti ilə məşğul idi. Kamalı aparmış yanına, Kamal da bütün qohum əqrəbasını aparmışdı orada işləməyə. Hətta ona da tikinti materiallarının alınmasında kömək etmişdir. İndi Kamalın özünün MMC-si var. Kamal 12500 ABŞ dolları pulu torpağa baxmağa gələndə ərazidə Vüqara vermişdir. Orada o, və Vüqar olmuşlar. Torpağı makler satırdı. O nəslin böyüyü Hacı İsmayıl olub, anası Həcixanımdır. O, həmişə onlara məsləhət etmişdir ki, ailə dağılmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, Vüqar və Namidə bacısı uşaqlarıdır. Sənəd barədə o, heç nə bilmir. Torpağı Kamal bacısının adına alıb, anası üçün ev tikib, hətta evin açılışı olub, hamı yığılıb quran oxunub. Onlar əvvəl çox mehriban olmuşlar. Vüqarla Kamal orada yanaşı torpaq alıblar, Kamal anasına ev tikib, ustanı da Kamal gətirmişdir. Bu məsələlər onlar boşanandan sonra ortaya çıxmışlar. Vüqar inşaatı qurtarıb deyə orada göstəriş verə bilər, amma pulu Kamal vermişdir. Hamı bilirdi ki, o evi Kamal anasına tikir. O, 2007-ci ildən Bakıda yaşayır. Torpaq alınmasında iştirak etməmiş, kimin pul verməsini görməmişdir, Kamalın evini tikən fəhlə yeznə və kürəkəndir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, Vüqar və Namidə ilə ana xətti üzrə qohumudur. O evi usta kimi o, tikmişdir. Kamal onu aparıb demişdir ki, torpaq almışdır, evini tiksin. Materialları Kamal gətirmiş, o, da evi tikmişdir və əl xərcini də Kamal ona vermişdir. Vüqar ora hərdən gəlib gedirdi. Torpağı kim alıb bilmir. O, orada usta kimi işləmişdir və zəhmət haqqını Kamal vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, hər iki tərəfindən qohumudur. Münasibəti tərəflərə normaldır. O, Kamalla tikintidə işləmiş, torpaqda qazıntı işləri aparmış, Kamal ona demişdir ki, torpağı o, almışdır, lakin torpağın alınmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, tərəflərin qohumudur. Aqlay ustasıdır. Həmin həyata daş döşəmişdir, pulunu Kamaldan almışdır, ev Kamalındır, yəgin torpaq da Kamalındır. Vüqarı ora gəlib-gedən görmüşdür, lakin ona işin görülməsini Kamal göstəriş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Kamalın evində elektrik işini görmüşdür və pulu ondan almışdır. Bilirdi ki, ev Kamalındır, Vüqar arada ora gəlib-gedirdi. Torpağın necə alınmasından məlumatı yoxdur. Eşitmişdir ki, ev də, torpaq da Kamalındır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş AN 354840 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayon Ceyranbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 490 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X22 kitabında xx.xx.2011-ci il tarixdə 16449 nömrə ilə uçota alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,049 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə (reyestr nömrəsi **********01) qeydiyyata alınmışdır. İş üzrə Abşeron rayonunun notariausu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı özünə məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,049 ha torpaq sahəsini X1. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı 030405 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 2667 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktına, Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 04 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarına, DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 16448 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə (reyestr nömrəsi **********49) qeydiyyata alınmışdır. İş üzrə Abşeron rayon İH-nin memarlıq və tikinti şöbəsinin müdiri A.Əliyev və Abşeron rayon İH-nin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçi-mühəndisi V.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 598 nömrəli fərdi yaşayış evinə naturada keçirilmiş baxışa dair rəyin surətindən görünür ki, Ceyranbatan qəsəbəsi ünvanda Cavabdeh2 tərəfindən inşa edilmiş 2 mərtəbəli, 195,12 kv.m. olan evə baxış keçirmişlər. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə (reyestr nömrəsi **********49) qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh2 arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 33 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Həsənov, qadına Həsənova soyadı verilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən yazılmış **********027 nömrəli, xx.xx.2021-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ƏMDK-nın yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********49 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanda yerləşən 0,0450 torpaq sahəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmaması və ya ona qoyulub qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməsini xahiş etmişdir. İş üzrə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,045 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydiyyata (Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 2667 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı; Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 04 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı; DTXK Abşeron rayon şöbəsi, xx.xx.2011-ci il tarixli 16448 nömrəli Torpaq sahəsinin plan və ölçüsü əsasında) alınmışdır. xx.xx.2020-ci il tarixdə sözügedən torpaq sahəsinə Cavabdeh2 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat **********49 reyestr nömrəli dublikat çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestri nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,045 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********49 reyestr nömrəsi ilə qeydiyyata (Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli, 2667 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı; Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 04 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı; DTXK Abşeron rayon şöbəsi xx.xx.2011-ci il tarixli 16448 nömrəli Torpaq sahəsinin plan və ölçüsü əsasında) alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən 0,045 ha torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********49 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/5-0082 nömrəli arayışına əsasən İddiaçı və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, 10.00-11.00 saatlarında keçirilən ailə ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında İmişli rayon VVAQ şöbəsi tərəfindən qeydə alınmış 08 noyabr 1992-ci il tarixli 309 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuşdur. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan 3 uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olduqları zaman Cavabdeh2 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, onun üzərində fərdi yaşayış evi inşa edilmişdir. Həmin daşınmaz əmlak tərəflər arasında nikah məhkəmə qaydasında pozulduqdan sonra bölünməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında anası Cavabdeh3 bağışlanmış və hal-hazırda mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş ev onun mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmək məqsədilə torpaq sahəsinə, həmçinin tikiliyə dair sənədlərin olmasına baxmayaraq və həmin sənədlərin onda saxlandığı bildiyi halda, guya sənədlərin itməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib sənədlərin və çıxarışın dublikatını almış və birgə nikah dövründə əldə olunmuş torpaq sahəsini öz anasına bağışlamaqla, faktiki nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmişlər. Bu səbəbdən o, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini,torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini və birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin onunla Cavabdeh2 arasında bərabər bölünməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının 1 il 7 ay müddət keçdikdən sonra bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldıraraq qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi nikahın pozulmasından və Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair sənədlərin təkrar əldə edilməsindən sonra bağlandığından, iddiaçı isə 2022-ci ilin əvvəllərində əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edən zaman bağışlama müqaviləsinin mövcudluğundan xəbərdar olduğundan, həmin vaxtdan bir neçə ay sonra isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür. AR Mülki Məcəlləsinin 666.1-ci madədsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir ki, bağışlama müqaviləsinin, eyni zamanda mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 adına mülkiyyət kimi tərəflərin birgə nikah dövründə olduqları zaman qeydiyyata alınsa da, həmin əmlak İddiaçı və Cavabdeh2 nikah dövründə qazandıqları pul vəsaiti hesabına deyil, cavabdehin qardaşı X4 vəsaiti hesabına əldə edilmiş, formal Cavabdeh2 adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X6 həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına ev inşa etmiş və evdə tikildiyi vaxtdan hazırki vaxtadək X6 ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin şahid ifadələrində göstərilən hallar təkzib edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. AR Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanunun yuxarıda göstərilən tələblərinə və ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, ər və arvad birgə nikahda əldə etdikləri əmlak barəsində yalnız birgə razılıq əsasında sərəncam verə bilərlər. Lakin məhkəmə iclasında mübahisə predmeti olan əmlakın tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına alınması öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən həmin əmlakın özgəninkiləşdirilməsi zamanı müqavilə bağlayarkən iddiaçının razılığının alınmaması həmin əqdin etibarsızlığına səbəb olan əsas kimi qəbul edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» AR Qanunun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlarla məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, mübahisəli torpaq sahəsinə dair bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş həmin əmlakın tərəflər arasında bərabər bölünməsinə dair hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə- 433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,45 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın (reyestr nömrəsi **********49-10301) ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş həmin torpaq sahəsinin İddiaçı ilə Cavabdeh2 arasında bərabər bölünməsinə dair iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-115/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-115/2023
24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver