Məhkəmə qərarları › İş №e-2(009)-1280/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1280/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1280/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Allen Hossininin, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçınin cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçınin cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 1200 (min iki yüz) manat miqdarında ona dəymiş maddi zərərin əvəzi, hüquqi yardıma görə ödənilən 300 (üç yüz on manat), etibarnaməyə görə ödənilən 17 (on yeddi manat), dövlət rüsumu olaraq ödənilmiş 38 (otuz səkkiz) manat, cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat pulun qarşı tərəfdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 30 yanvar 2023-cü il tarixində Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 ünvanında yerləşən MTK Siti yaşayış binasında saz vəziyyətdə və hər hansı zədəsi olmadan saxlamışdır. Bir neçə gün sonra maşınını oradan götürəndə görüb ki, avtomobilinə xəsarətlər yetirilib və bir neçə yerdə cızıqların olduğunu görüb. Daha sonra mühafizənin kamerasına baxış keçirəndə məlum oldu ki, Cavabdeh2 adlı şəxs və digərləri avtomobilinin üzərinə çıxaraq iş görüblər və bunun nəticəsində avtomobilinə xəsarət yetirilib. Sonradan ona məlum olmuşdur ki, onu iş görmək üçün ESTHEDERM MEDİCAL MMC-nin rəhbəri X2 dəvət edib və onunla bağladığı müqavilə əsasında iş və xidmətlər həyata keçirib. (Cavabdeh2 Polisə verdiyi ifadə). Qeyd olunan faktı ESTHEDERM MEDİCAL MMC-nin rəhbəri X2 da polisə verdiyi ifadə də təsdiq etmişdir. Bu da sifarişçi olaraq ESTHEDERM MEDİCAL" MMC-nin təqsirli olmasını təsdiq edir, çünki Cavabdeh2 ESTHEDERM MEDİCAL"xxxx" MMC məsuliyyət daşıyır. Bildirməlidir ki, onun həmin günkü və sonrakı tələblərinə baxmayaraq cavabdehlər dəymiş zərəri ödəməkdən imtina etdilər. Avtomobildə yoxlatdığı avtoservisin verdiyi şifahi məlumata görə qeyd olunan çatın aradan qaldırılması üçün 1200 (min iki yüz) manat vəsait tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı Allen Hossini izahatında əlavə olaraq qeyd etmişdir ki, orada daha əvvəl də təmir işləri aparılmış, bununla bağlı avtomobilin yerinin dəyişdirilməsi xahiş edilmiş, o da yerini dəyişdirib, təmir işləri bitəndən sonra avtomobili yerinə qaytarıb, bu dəfə də klinikadan ona müraciət edilmiş, o isə şəhərdə olmadığını, növbəti gün qayıdacağını, gələn kimi avtomobilin yerini dəyişib imkan yaradacağını bildirmişdir. Lakin cavabdehlər onun gəlməsini gözləmədən təmir işlərini aparmış və nəticədə ona zərər vurmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qismən qəbul edərək qeyd etmişdir ki, bəli o, klinika ilə müqavilə bağlayıb təmir işləri görüb, avtomobilin üzərinə az müddətlik ayaqqabısını çıxarıb ayağını qoyub işləmişdir, lakin avtomobilə qeyd edilən həcmdə zərər vurmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh “"xxxx" MMC” MMC-nin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh “ESTHEDERM MEDİCAL" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 12 fevral 2023-cü il tarixli Baki şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən X1 alınmış izahatdan görünür ki, o, Esthederm Medical MMC-nin direktoru kimi fəaliyyət göstərir. İşlədiyi obyektin sanitar qovşağında yaranan problemlə bağlı usta Cavabdeh2 müraciət etmişdir. O, da öz növbəsində 30 yanvar 2023-cü il tarixdə binanın 1-ci mərtəbəsində iş görmüşdür və sonra ona məlum oldu ki, həmin zaman orda dayanmış avtomobilə ziyan dəymişdir. Bu hadisənin onların müəssisəsinə heç bir adiyyatı yoxdur, ustanın ehtiyatsızlığından törənmişdir. - xx.xx.2023-cü il tarixli Baki şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin rəisi polis polkovnik leytenantı Hüseyn İmanov tərəfindən Cavabdeh2 alınmış izahatdan görünür ki, o, əvvəllər ünvan 2 ünvanda yerləşən MTK Siti yaşayış binasının tikintisində və bəzi mənzillərində santexnik işlərinin görülməsi üçün o həmin yerə Gövhər adlı qadın dəvət etmişdir. Buna görə o, 30 yanvar 2023-cü il tarixində ona kömək eləyən Hilal adlı oğlan ilə həmin ünvana gediblər. Həmin ünvanda yerləşən Gövhər xanım icarəyə götürdüyü qeyri yaşayış sahəsində sanitar qovşağından çıxan 50 millimetr diametrində olan plastik borunu binanın ümumi xəttinə birləşdirmək sifarişini qəbul edib. Buna görə xx.xx.2023-cü il tarixində həmin obyektin alt hissəsi ilə mənfi bir mərtəbəsinin tavanın altından binanın ümumi kanalizasiya borusuna tərəf plastik borunu çəkən zaman həmin yerdə yerləşən 098 saylı parkinq saxlama yerində saxlanmış Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil ona işlərin görülməsində maneçilik göstərirdi. Həmin binada xidmət aparan və Aynur adlı işçidən həmin avtomobilin sahibinə xəbər verilib onun kənara çəkilməsini xahiş etdi. O da öz növbəsində bəzi işçilərdən məlumat alıb və qeyd edib ki həmin avtomobilin sahibi hal hazırda Bakida deyil. Buna görə o işini davam edib və avtomobil işin görülməsində maneçilik törətdiyi üçün tarazlığını saxlaya bilmədiyinə və avtomobil ona maneçilik etdiyinə görə ayağında olan ayaqqabını çıxardannan sonra ayağının birini avtomobilin dam örtüyünün qapılarının orta hissəsində yerləşən dayaq hissəsinə qoyub. İşlərini bitirdikdən sonra boruları dəyişən zaman tavan hissəsindən avtomobilin üzərinə düşən toz dənəciklərini üfürərək təmizləyib və bundan sonra çıxıb gedib. - 14 fevral 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar»dan görünür ki Baki şəhəri ünvan 3 ünvanda yaşayan X5 müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki mühakimə icraatı qaydasında baxılmalıdır. - "xxxx"- Esthederm Medical MMC-nin direktoru X2 ilə «Çilingər»- Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış «çilingər işlərinin görülməsi barədə» müqavilənin: 1.1 bəndinə əsasən "xxxx" nin sifarişi əsasında «Çilingər» Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən qeyri-yaşayış obyektndə çilingər işlərini yerinə yetirilməsini və görülən işlərin nəticələrini Sifarişçiyə təqdim etməyi, sonuncu isə işi qəbul edərək onun haqqını ödəməyi öz öhdəsinə götürür. 1.2 bəndinə əsasən «Çilingər» öbinada kanalizasiya xəttinin çəkilməsini həyata keçirir. 2.1.1 bəndinə əsasən Sifarişçi işin icrasına və keyfiyyətinə nəzarət etmək məqsədi ilə məsul şəxsi təyin edir. 4.2 bəndinə əsasən işlərin görülməsi zamanı tikinti ərazisində baş verə biləcək hər hansı qanun pozuntusuna (qəzanın baş verməsinə, işçinin xəsarət almasına və s.) görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada «Çilingər» birbaşa məsuliyyət daşıyır. 7.1 bəndinə əsasən müqavilə imzaladığı tarixdən qüvvəyə minir və «Çilingər» tərəfindən öhdəlik icra olunanadək etibarlıdır. - 16 fevral 2023-cü il tarixli 23/03 nömrəli Qüsur Aktından görünür ki avtomobilin rəngsaz işlərinə 1050 manat, söküb yığma işlərinə 150 manat, ümumilikdə isə cəmi 1200 manat tələb olunur. - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun 12 may 2023-cü il tarixli 343 nömrəli müqavilədən görünür ki Hossini Allen hüquqi yardımın göstərilməsi üçün Vəkil ilə müqavilə bağlamışdır və hüquqi yardıma görə 300 manat pul ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ESTHEDERM MEDİCAL MMC-nin rəhbəri X2 ilə fiziki şəxs Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış «çilingər işlərinin görülməsi barədə» müqaviləyə əsasən müqaviləyə əsasən sonuncu Yasamal rayonu Əhməd Cəmil küçəsində yerləşən qeyri-yaşayış obyektində çilingər işlərini, yəni, kanalizasiya xəttinin çəkilməsini həyata keçirməli idi. Qeyd edilən işlər görülən zaman parkinq saxlama yerində saxlanmış iddiaçıya məxsus Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil işlərin görülməsində maneçilik törətdiyinə görə Cavabdeh2 avtomobilin kənara çəkilməsi xahişinə əsasən iddiaçıya klinikanın işçiləri tərəfindən çatdırılmış, iddiaçı isə həmin vaxt Bakı şəhərində olmamışdır. (İddiaçı izahatında belə bir xəbərdarlığın ona edilməsini göstərməklə yanaşı, xəbərdardlıq edilən gündən sonrakı gün şəhərə qayıdacağını və avtomobilin yerini dəyişəcəyini bildirməsini göstərmişdir.) Lakin, buna baxmayaraq Cavabdeh2 öz işini davam etdirərək və özünün də etiraf etdiyi kimi avtomobil işin görülməsində maneçilik törətdiyi üçün tarazlığını saxlaya bilmədiyinə görə ayağının birini avtomobilin dam örtüyünün qapılarının orta hissəsində yerləşən dayaq hissəsinə qoymuş, işlərini bitirdikdən sonra boruları dəyişən zaman tavan hissəsindən avtomobilin üzərinə düşən toz dənəciklərini üfürərək təmizləmişdir. Cavabdeh2 ayağını iddiaçıya məxsus avtomobilin hər iki tərəfindən üzərinə qoyaraq işlər görməsi təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş SD diskdə olan video yazıdan da aydın görünür. 14 fevral 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar»da göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən yaşayış binasının mənfi bir mərtəbəsində tavanın alt hissəsi ilə plastik boru çəkən zaman tavandan beton dənəcikləri orada dayanmış İddiaçı Buiçk oğluna məxsus Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin üst səthi üzərinə düşərək avtomobilini cızmış və nəticədə sonuncuya 1200 manat dəyərinə maddi ziyan dəymişdir. Həmin qərarla dəymiş maddi ziyan Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi iş materiallarında olan 16 fevral 2023-cü il tarixli 23/03 nömrəli Qüsur Aktının məzmunu ilə də təsdiqini tapır. Məhkəmə, iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixdə Qərara almışdır ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Həmin Qərarda göstərilmişdir ki, “istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.” Qərarda həmçinin göstərilmişdir ki, “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.” Məhkəmə qanunvericiliyin tələbini və yuxarıda göstərilən Plenum Qərarındakı hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-i Cavabdeh2 ilə bağladığı «çilingər işlərinin görülməsi barədə» müqaviləyə əsasən müqavilənin 2.1.1 bəndinə əsasən işin icrasına və keyfiyyətinə nəzarət etmək məqsədi ilə məsul şəxsi təyin etməmiş, obyektin alt hissəsi ilə mənfi bir mərtəbəsinin tavanın altından binanın ümumi kanalizasiya borusuna tərəf plastik borunu çəkən zaman həmin yerdə yerləşən 098 saylı parkinq saxlama yerində dayanmış Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil işlərin görülməsində maneçilik törətdiyi halda, onun kənara çəkilməsi üçün cəhdlər edilsə də (iddiaçıya bu barədə məlumat verilməklə) onun Bakı şəhərində olmaması nəzərə alınmayaraq onun gəlib avtomobili kənara çəkməsini gözləmədən göstərilən işlər görülmüş, nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Beləliklə də məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hər iki cavabdeh törətdikləri deliktə görə iddiaçı qarşısında tələb olunan maddi zərər həddində müştərək qaydada mülki məsuliyyat daşıyırlar. Məhkəmə qeyd edir ki, Mersedes markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat həcmində ziyan dəyməsi iş materiallarında olan 16 fevral 2023-cü il tarixli 23/03 nömrəli Qüsur Aktının məzmunu ilə də öz təsdiqini tapır. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə, hazırki işdə cavabdehlərin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir. Odur ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın qismən təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, hüquqi yardıma görə ödənilən məbləğin 100 (bir yüz manat) hissəsi, etibarnaməyə görə ödənilən 17 (on yeddi manat), ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 1200 (bir min iki yüz) manat maddi zərərin əvəzi, hüquqi yardıma görə 100 (bir yüz manat), etibarnaməyə görə ödənilən 17 (on yeddi manat), ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçınin xeyrinə ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 1200 (bir min iki yüz) manat maddi zərərin əvəzi, hüquqi yardıma görə 100 (bir yüz manat), etibarnaməyə görə ödənilən 17 (on yeddi manat), ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçınin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar