Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1347/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12900,44 (on iki min doqquz yüz manat qırx dörd qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 128,70 (bir yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 13029,54 (on üç min iyirmi doqquz manat əlli dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Salyan şossesi yolu ilə hərəkət edən zaman yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilə 18119 (on səkkiz min bir yüz on doqquz) manat maddi zərər dəymişdir. MİB1900323 saylı sığorta şəhadətnaməsinə və AKS210084 saylı xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 17819 (on yeddi min səkkiz yüz on doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4918,56 (dörd min doqquz yüz on səkkiz manat əlli altı qəpik) manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, dəymiş zərərin məbləği ilə razı olmadığını, o qədər məbləği ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Meqa Sığorta ASC-nin 20 may 2021-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə 17819 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Meqa Sığorta ASC-nin xx.xx.2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, X4 məxsus "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə edilmiş X6 tərəfindən Meqa Sığorta ASC-yə ünvanlanmış 23 aprel 2021-ci il tarixli ərizədən görünür ki, "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilinə ziyan dəydiyi üçün aralarında bağlanmış müqaviləyə əsasən tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Meqa Sığorta ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 16223 manat, görülən işlərin dəyəri 1896 manat, ümumilikdə 18119 manat təşkil edir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən Meqa Sığorta ASC-yə ünvanlanmış 18 may 2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədə sahib olduğu "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərlə (18119 manat) əlaqədar hesablanmış 17819 manat sığorta ödənişi məbləği ilə razıyam, gələcəkdə Meqa Sığorta ASC-yə qarşı heç bir iddiası olmayacaq, hesablanmış sığorta ödənişini "xxxx" ASC Nərimanov filialındakı AZ26RBTA******************** saylı hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Meqa Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Salyan şossesində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməsini və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təklifini 3 iş günü müddətində Cəmiyyətə yazılı şəkildə təqdim etməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli, 006476 nömrəli ödəniş tapşırığından görünür ki, X3 hesabına Meqa Sığorta ASC tərəfindən 17819 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş icbari sığorta müqavilələrinin mövcüdluğunun yoxlanılması haqqında çıxarışdan görünür ki, Cavabdeh məxsus Kia Rio markalı, 99NA924 dövlət qeydiyyat nişanlı avtomobil Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Salyan şossesi yolu ilə hərəkət edən zaman "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq, MİB1900323 saylı sığorta şəhadətnaməsinə və AKS210084 saylı xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 17819 (on yeddi min səkkiz yüz on doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobili icbari sığorta növü ilə sığortalamış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-dən 4918.56 manat Meqa Sığorta ASC-yə sığorta ödənişi ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Kia Rio" markalı ** NA *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Salyan şossesi yolu ilə hərəkət edən zaman yolayrıcını keçmə qaydalarını pozması və nəticədə "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsində təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəflə cavabdeh arasında dəymiş zərərin həcmi ilə bağlı razılıq əldə edilməmişdir. Məhkəmə dəymiş zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1347/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5099 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Meqa Sığorta tərəfində tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışı Hyundai Tucson markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16847.0 manat müəyyən edilmişdir. İddiaçı və cavabdeh tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5099 saylı, xx.xx.2022-ci il tarixli rəyinə etiraz etsələr də, məhkəmə dəymiş zərərin 16847 manat həcmində müəyyən olunmasına dair ekspert rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC-dən 4918.56 manat məbləğində Meqa Sığorta ASC tərəfindən sığorta ödənişi alınmışdır. Həmçinin tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərindən görünür ki, sığorta hadisəsi ilə bağlı şərtsiz azadolma məbləği 300 manatdır. İşin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, "Hyundai Tucson" markalı ** ML *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 16847 (on altı min səkkiz yüz qırx yeddi) manat məbləğində müəyyən edilməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ASC tərəfindən ödənilmiş 4918.56 manat sığorta ödənişi və 300 manat azadolma məbləği nəzərə alınmaqla subroqasiya qaydasında (16847-4918.56-300=11628.44) 11628.44 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 128.7 (bir yüz iyirmi səkkiz manat yetmiş qəpik) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəfdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 128.7 (bir yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 28.7 (iyirmi səkkiz manat yetmiş qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11628.44 (on bir min altı yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 128.7 (bir yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun 28.7 (iyirmi səkkiz manat yetmiş qəpik) manat hissəsi və 0.40 (qırx) qəpik xidmət haqqı iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11628.44 (on bir min altı yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 128.7 (bir yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi Cavabdeh, 20 (iyirmi) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1347/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1347/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver