Məhkəmə qərarları › İş №e-2(009)-1367/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1367/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1367/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 442,30 manat məbləğində borcun silinməsi və 120 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1111M saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Evdə yaşayış olmadığı halda cavabdehin əməkdaşları tərəfindən 776,70 manat cərimə yazılmışdır. İddiaçının müraciətindən sonra həmin cərimədən 334,40 manat silinmiş, qalan 442,30 manat borc isə saxlanılmışdır. İddiaçı tərtib olunmuş aktla razılaşmır. Qeyd olunanlara əsasən iddianın təmin olunması bardə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərtib olunmuş akt nəticəsində iddiaçının borcu hazırda 372,30 manat təşkil edir. İddia ərizəsində qeyd edilən 442,30 manat məbləğ həqiqəti əks etdirmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: 17 noyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1111M saylı evə (abonent kodu **********T0020) cərimə yazılmışdır. Aktda qeyd edilmişdir ki, sayğacın alt qapaq möhürü yoxdur. AKT-Protokol 020353 nömrəli protokolunda qeyd edilmişdir ki, sayğacın dövlət möhürü normaldır. Sayğac daxili qüsur nəticəsində işləmir. Sayğac istismara yararsızdır. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 1111M saylı ev xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Abunə haqqında məlumat vərəqəsindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1111M saylı evə hazırki borc 382,30 manat təşkil edir, həmin məbləğin 372,30 manat hissəsi 17 noyabr 2022-ci il tarixli akt nəticəsində yazılan cərimə borcu təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, aktın tərtib olunmasında iştirak etmişdir. Akt noyabr ayında tərtib olunub, o tarixdən öncə isə sonuncu dəfə oktyabrda həmin sayğaca baxış keçirilən zaman heç bir qüsur olmadığı aşkar edilmişdir. Sayğac evdən kənarda yerləşir. Sayğacın möhürünün evin sahibi yaxud qeyri şəxs tərəfindən korlandığı barədə məlumatı yoxdur. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisəli ünvanda iddiaçıya aid olan köhnə elektrik sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilsə də, enerjitəchizatı müəssisəsi tərəfindən elektrik sayğacında aşkar olunmuş qüsurun məhz istehlakçının təqsiri ucbatından yaranması iş materiallarında hər hansı bir mötəbər sübutla təsdiq olunmur. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borcun əsaslı olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borcun əsaslı olması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb qismən əsaslı hesab edilməli və iddiaçının abunə hesabından əsassız olaraq hesablanmış 372,30 manat məbləğində borc silinməlidir. 120 manat xidmət haqqının ödənilməsinə dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 31932 nömrəli mpay ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 24 saylı Vəkil Bürosunun hesabına 310 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş vəsaitin 60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iş üzrə ödənilməli olan dövlət rüsumunun 15 manat hissəsi cavabdehə aid edilməlidir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1111M saylı evə (abonent kodu **********T0020) dair hesablanmış 372,30 manat məbləğində borc iddiaçının abunə hesabından silinsin. 120 manat hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun 60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar