Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2201/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzilin üzərində 1/2 hissədə pay hüququnın tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzili birgə nikah dövründə əldə etmişlər. 17 dekabr 2024-cü il tarixdə nikaha xitam verilmişdir. Odur ki iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını, dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: AZ-İ № 052463 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 10 yanvar 2004-cü il tarixdə nikaha daxil olmuşdurlar. AZ-İ № 510469 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzili xx.xx.2012-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ərizə təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə yuxarıda sadalanan normaları iş materiallarında olan sənədlərlə yanaşı yoxlayaraq hesab edir ki, iddiaçının ½ hissəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsini tələb etdiyi daşınmaz əmlak iddiaçı ilə cavabdehin birgə nikahı zamanı (dövründə) dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Buna görə də birgə nikah müddətində əldə edilmiş mübahisələndirilən əmlakın bölünməsinə dair tərəflər arasında razılıq olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikahı müddətində dəyəri ödənilərək əvəzli surətdə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzilinə iddiaçı ilə cavabdehin bərabər hissələrdə, yəni ½ (ikidə bir) hissələrdə payları müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzili Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilsin və Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 51 saylı evdə yerləşən 3 nömrəli mənzilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüquqları müəyyən edilsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilsin. Hazırkı qətnamə Cavabdeh ilə İddiaçı yuxarıda sadalanan əmlakın ½ (ikidə bir) hissəsinə mülkiyyət hüquqlarının müvafiq olaraq AR İqtisadiyyat Nazirliyi yannında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2201/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2201/2025
10.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver