Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-224/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə qonşu olmuşdur, cavabdehlə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh 5 nömrəli şəhər xəstəxanasında işlədiyini, orada kollektivdə olan əməkdaşlara qızıl-zinət əşyaları lazım olduğunu demiş və ondan qızılları götürüb sata biləcəyini bildirmişdir. Beləliklə, Xalidə ondan 2014-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alaraq satmış və hissə-hissə pullarını ödəmişdir. Qeyd edir ki, cavabdeh ondan qızılları nisyə almış, satmış və pullarını sonradan ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Xalidə yenidən ona müraciət edərək işlədiyi kollektivdə qızıl-zinət əşyaları istəyən əməkdaşların olduğunu bildirmiş və o, həmin gün saat 16.00 radələrində onun yaşadığı evdə ona dəyəri 21.200 manat olan qızıl-zinət əşyaları vermişdir. Xalidə qeyd olunan qızıl-zinət əşyalarının pulunu təxmini 10 ay müddətinə tam ödəyəcəyini bildirsə də, ona cəmi 3600 manat pul ödəsə də, qalan 17.600 manat pulu bugünədək ödəməmişdir. Ona dəfələrlə pulun ödənilməsini desə də, heç bir nəticəsi olmamış, daha sonra isə o ümumiyyətlə onun suallarına cavab verməmişdir. Ona görə də o, bu barədə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ərizədə göstərdiyi halların mülki xarakterli olduğu və bu səbəbdən də aidiyyatı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 17.000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17.143 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda cavabdeh 12.000 manat qızıl-zinət əşyalarının iddiaçıdan aldığını etiraf edir. Hətta həmin qızıl-zinət əşyalarının Rəna tərəfindən satıldıqdan sonra pulunu Şöləyə qaytaracağını da izahatında göstərmişdir. Nümayəndə həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında dinlənilən CD diskin sübut kimi qiymətləndirilməməsini xahiş etmiş və göstərmişdir ki, cavabdehin Rənanın anası kimi qeyd etdiyi şəxsin səsləndirdiyi fikirlər Rənanın Xalidəyə olan borcunun qaytarılması ilə bağlıdır, Şölə xanımla əlaqədar hər hansı məlumat yoxdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun Şöləyə borcu yoxdur. Cavabdeh həmçinin göstərmişdir ki, o, Şöləni qonşuluqdan tanımışdır, bir neçə dəfə ondan qızıl-zinət əşyaları satmaq üçün almış və pulunu qaytarmışdır. Rənanı Şölə ilə o, tanış etmişdir. Rəna Şölədən satmaq üçün qızıl-zinət əşyalarını almış, satdıqdan sonra pulunu Şölənin kartına ödəmişdir. Ödənilən pullardan onun məlumatı yoxdur. 12.000 manat dəyərləndirilən qızılı isə Şölə Rənadan özü götürmüşdür. Şölənin xahişi ilə o, 2 dəfə Rənaya çatdırmaq məqsədi ilə 2-3 min manat dəyərində olan qızıl əşyaları Şölədən götürüb Rənaya vermişdir. 17.000 manat ondan tələb edilən borc Rənaya aiddir, ona aidiyyəti yoxdur. Rəna ona qarşı da dələduzluq etmiş, 27.800 manat pulunu mənimsəmiş, bununla əlaqədar onun şikayəti əsasında cinayət işi açılmışdır. CD diskdə Rənanın anası ilə onun danışığı yazılmışdır, Rənanın anası bildirir ki, evi satıb həm onun, həm də Rənanın Şöləyə olan 17.000 manat borcunu ödəyəcək. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, CD diskdəki danışıqları dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Nadir qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuş, İddiaçı Cavabdeh və X1 17.600 manat pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, 30 ilə yaxındır ki, X3 tibb bacısı işləyir. İddiaçı 5 ildir ki, tanımış, belə ki, əvvəllər Abşeron rayonu Xırdalan şəhərində yaşamış və sonuncu ilə qonşu olmuşlar. Şöləni tanıdıqdan sonra onun yaşadığı evdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. 2023-cü ildən başlayaraq Şölədən bir neçə dəfə qızılzinət əşyaları alaraq satıb pulunu ödəmişdir. Belə ki, Şölədən qızılları nisyə almış və tanışlarına satmışdır. Həmin tanışlarından biri də Rəna Məmmədova olmuşdur. Rəna Məmmədovanı 4-5 ildir ki, tanımışdır. Rəna Məmmədova bildirmişdir ki, poliklinikada tibb bacısı işləmişdir. 2023-cü ilin iyulavqust aylarında Rəna zəng edərək bildirmişdir ki, nisyə qızıl lazımdır. Şölədən yaşadığı evdə hissə-hissə olmaqla dörd ədəd boyunbağı, üç ədəd qolbağı və iki cüt sırğa almışdır. Şölə həmin qızıl-zinət əşyalarını 12.000 manat qiymətləndirmiş və qızılları nisyə almışdır. Şölənin şərtlərinə əsasən sonuncu həmin qızıl-zinət əşyalarına görə aylıq 1800 manat ödəməli olmuşdur. Qızılları Şölədən alan zaman bildirmişdir ki, qızılları tanıdığı şəxsə verəcək. Rəna Məmmədova ilə görüşərək həmin qızılların hamısını verib bildirmişdir ki, İddiaçı qızıllara görə ayda 1800 manat ödənilməlidir və qızılların dəyəri 12.000 manatdır. X4 tanımış, belə ki, sonuncunun özü Şölənin anası Fazilədən 2000 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Şölə ilə Rəna Məmmədova biri-birlərini tanıdıqları üçün və biri-birlərinin telefon nömrələrini bildirdiklərinə görə aylıq ödənişləri Rəna özü ödəməli olmuşdur. Bildiyinə görə Rəna ilkin olaraq Şölənin aylıq ödənişlərini kartına ödəmiş, sonradan isə aylıqlar çoxaldığından ödəyə bilməmişdir. Buna görə də Şölə şikayət etmişdir. O, daha sonra göstərmişdir ki, özü İddiaçı bir neçə dəfə qızıl-zinət əşyaları almış və pulunu ödəmişdir. Şöləyə borcu olmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə qonşu olmuş, onlar cavabdehlə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh 5 nömrəli şəhər xəstəxanasında işlədiyini, orada kollektivdə olan əməkdaşlara qızıl-zinət əşyaları lazım olduğunu demiş və ondan qızılları götürüb sata biləcəyini bildirmişdir. Xalidə ondan 2014-cü il tarixdən başlayaraq müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alaraq satmış və hissə-hissə pullarını ödəmişdir. Cavabdeh ondan qızılları nisyə almış, satmış və pullarını sonradan ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Xalidə yenidən ona müraciət edərək, işlədiyi kollektivdə qızıl-zinət əşyaları istəyən əməkdaşların olduğunu bildirmiş, həmin gün o, yaşadığı evdə cavabdehə dəyəri 21.200 manat olan qızıl-zinət əşyaları vermişdir. Cavabdeh qeyd olunan qızıl-zinət əşyalarının pulunu təxmini 10 ay müddətinə tam ödəyəcəyini bildirsə də, ona cəmi 3600 manat pul ödəmiş, qalan 17.600 manat pulu bugünədək ödəməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 17.000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17.143 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü qızıl-zinət əşyalarının pulu qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə 21.200 manat məbləğində qızıl-zinət əşyaların şifahi müqavilə əsasında verilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının şikayəti əsasında Abşeron RPİ-nin İŞ-də aparılan araşdırma zamanı izahatı alınan Cavabdeh da İddiaçı satmaq məqsədilə qızıl-zinət əşyalarını almasını etiraf etsə də, həmin əşyaların sataraq pulunun İddiaçı verdiyini və ona hər hansı bir borcunun olmamasını qeyd etmişdir. Cavabdeh eyni zamanda məhkəmə iclasında dəyəri 2-3 min manat olan qızıl-zinət əşyalarının Şölənin xahişi ilə Rənaya verməsini qeyd etmiş, Rəna tərəfindən Şöləyə qaytarılan pulların isə şəxsən Rəna tərəfindən ödənildiyini göstərmişdir. İddiaçının nümayəndəsinin cavabdeh tərəfindən 12.000 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarının iddiaçıdan almasını etirafı isə təqdim olunan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında müəyyən olunmur. Belə ki, Cavabdeh izahatında 12.000 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının 3-cü şəxs tərəfindən nisyə alınmasını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 143 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bu səbəbdən dövlət rüsumunun əvəzi kimi cavabdehdən 143 manat məbləğində pulun tutulması barədə tələb də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 17.000 manat pulun və 143 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17.143 (on yeddi min yüz qırx üç) manat pulun alınıb ona verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-224/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-224/2025
04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver