Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2256/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3205 (üç min iki yüz beş) manat məbləğində verilmiş sığorta ödənişinin və 52,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" ASC-də 26 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "Chevrolet Cruze" markalı 99OS910 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir, bundan sonra hasara dəyərək ona zədə vurmuşdur. Bakı şəhəri Nizami RPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkən avtomobilin və hasarın zədələnməsi ilə bağlı cəmi 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 1795 manat Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs-faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili etibarnamə və sürücülük hüququ olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X9 adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X6, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh2 etibarnamə əsasında idarə etmək üçün verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 4716.98 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 283.02 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, "Chevrolet Cruze" markalı 99OS910 dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 3925 manat, işçilik üzrə 1075 manat olmaqla, cəmi 5000 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmlaka dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, hasara tikinti materialları üzrə 145 manat, işçilik üzrə 155 manat olmaqla, cəmi 300 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan PGU-212973 saylı sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, X5 "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2021-ci il tarixdə X1 "Chevrolet Cruze" markalı 99OS910 dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 4716.98 manat zərər "xxxx" ASC tərəfindən 100% həcmdə köçürmə yolu ilə X2 ödənilmişdir. İş materiallarında olan PGU-213055 saylı sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, X5 "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2021-ci il tarixdə X4 hasarına vurulmuş 283.02 manat zərər "xxxx" ASC tərəfindən 100% həcmdə köçürmə yolu ilə X7 ödənilmişdir. İş materiallarında olan Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X15 tərəfindən qəbul edilmiş 08 sentyabr 2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadığından onun barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə tədbir görülməsindən ötrü material ayrılıb Nizami RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2021ci il tarixli, PGU-********** saylı sığorta müqaviləsinə əsasən, "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X10 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək-1 (bir) il müddətinə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1720 saylı, 17 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “X16” AR Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh1 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərindən “X16” AR Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Cavabdeh1 izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə dostu Cavabdeh2 məxsus "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobillə svetaforun yaşıl işığında keçərkən atvomobilini arxa tərəfdən "Chevrolet" markalı avtomobili vurdu və o, idarə etdiyi avtomobil ilə yolun sol tərəfində daş hasarı dağıtdı. Onun sürücülük vəsiqəsi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bank qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı "xxxx" ASC tərəfindən 52 (əlli iki) manat məbləğində dövlət rüsumu, 0.40 (qırx) qəpik məbləğində xidmət haqqı olmaqla 52.40 (əlli iki manat qırx qəpik) manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, iş materialları ilə müəyyən olunur ki, "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobil X10 tərəfindən xx.xx.2021-ci il tarixli, PGU-********** saylı sığorta müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh2 etibarnamə əsasında idarə etmək üçün verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə avtonəqliyyat vasitələrini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan X9 mülkiyyətində və Cavabdeh2 sahibliyində olan "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobil ilə “X16” Qanunun 50-ci maddəsinin İ bəndinin tələblərini pozaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində işıqforun qırmızı işığında 90- 100 km/saat sürətlə öz yolunda işıqforun yaşıl işığında hərəkətə hazırlaşan, stop xəttindən arxada dayanmış "Chevrolet Cruze" markalı 99OS910 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vurmuş və sonra Cavabdeh1 avtomobili ilə əks yolda sağ tərəfdə evin hasarını dağıtmaqla maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Nizami RPİ tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmadığından onun barəsində İXM-nin 332.2-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, PGU-********** saylı sığorta müqaviləsinə əsasən "Chevrolet Cruze" markalı 99OS910 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə "xxxx" ASC tərəfindən avtomobilin sahibi X2 4716.98 manat məbləğində, hasara vurulmuş maddi ziyana görə X7 283.02 manat məbləğində sığorta ödənişi edilmiş, həmin məbləğin 1795 manatı Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı geri qalan sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. (MM-923.2.) Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları, tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Kia Optima" markalı 99VF813 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi etibarnamə əsasında Cavabdeh2 olmuş, Cavabdeh1 isə həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla yanaşı, avtomobilin Cavabdeh2 sahibliyindən Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində çıxması halı müəyyən edilmir. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında iddiaçı LPO "xxxx" ASC -nin xeyrinə 3205 (üç min iki yüz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 52.40 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında 3205 (üç min iki yüz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 52.40 (əlli iki manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2256/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2256/2023
13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver