Məhkəmə qərarları › İş №e-2(009)-591/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-591/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-591/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi zərərə görə 8017,45 manat, mənəvi zərərə görə 10000 manat kompensasiyanın və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında,13 dekabr 2021-cı il tarixində 13 dekabr 2024-cü il tarixə olan müddətə “kreditin verilməsinə dair” Razılaşma (müqavilə) imzalanıb. Həmin razılaşmaya görə, illik faiz dərəcəsi 32 olmaqla ona 8750 (səkkiz min yeddi yüz əlli) manat, lombard məqsədli kredit verilib. Kreditin zəmanəti olaraq ondan ümumi dəyərləri 17017,45 (on yeddi min on yeddi manat 45 qəpik) manat olan qızıl zinət əşyaları götürülüb. Ona verilmiş kreditə görə tərəfindən cavabdeh banka xx.xx.2022-ci il tarixdə 383 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 382 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 1415 (bir min dörd yüz on beş) manat pul köçürülüb. Banka olan kredit borcunun ödənilməsində yaranmış gecikmələrə görə cavabdeh bank ona məxsus qızıl-zinət əşyalarını ona bildirmədən satmış və həmin məbləği kredit borcuna hesablamaqla borcu bağlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinin tələbinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Cavabdeh bank ona verdiyi kreditə görə ondan aldığı ümumi dəyərini özü tərəfindən müəyyənləşdirdiyi 17017,45 (on yeddi min on yeddi manat 45 qəpik) manat dəyərində olan qızıl zinət əşyalarını 9000 manata satmaqla faktiki olaraq ona məxsus əmlakını, onun iradə və istəyinə zidd olaraq dəyərindən qat-qat ucuz qiymətə sataraq ona ağır maddi zərər vurmuşdur. Cavabdeh müqavilə müddəti bitmədən, məhkəməyə müraciət etmədən, onun iradə və istəyinə zidd olaraq ona məxsus qızıl əşyalarını dəyərindən qat-qat aşağı qiymətə satmaqla ona xeyli miqdarda zərər vurub. Hesab edir ki, cavabdehin ona vurduğu maddi zərərin miqdarı onun bankdan götürsüyü kreditin qarantı olaraq banka qoyduğu qızıl zinət əşyalarının dəyərindən banka olan kredit borc çıxıldıqdan sonra yerdə qalan hissədə müəyyən olunmalıdır. Nəzərə alınsa ki, qızılların dəyəri 17017,45 (on yeddi min on yeddi manat 45 qəpik) manat təşkil edib, o halda cavabdeh bank onun banka olan borcuna hesabladığı 9000 manatı qızılların dəyərindən çıxmaqla yerdə qalan 8017,45 manat pulu ona vurduğu maddi zərərin əvəzi olaraq ödəməlidir. Vurulmuş mənəvi zərərin əvəzi olaraq da cavabdehdən 10000 (on min) manat kompensasiya tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 8750 AZN məbləğdə və illik faiz dərəcəsi 32, müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Lombard məqsədli kredit verilmişdir. Həmin razılaşmanın təminatı olaraq, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli 10ZİNAS124094003 nömrəli girov müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr azad surətdə və tərəfləri qane edəcək şərtlər əsasında, həmçinin qanunvericiliyin normalarına riayət edilməklə bağlanmışdır. Cavabdeh ASC xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən yaranmış öhdəliklərini tam şəkildə yerinə yetirsə də, İddiaçı öz ərizəsində də göstərdiyi kimi kredit borcunu razılaşmada göstərilən müddətdə və qaydada ödəməməsinə görə gecikdirilmiş borcu yaranmışdır. Bank tərəfindən İddiaçı yaranmış gecikdirilmiş borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, hətta borclu İddiaçı banka dəvət edilərək görüşlər keçirilmişdir. Lakin xəbərdarlıq və görüşlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh ASC tərəfindən İddiaçı qaytarılma müddəti keçmiş kredit borcunun ödənilməsinin təmin olunması, əks halda borcun tam qaytarılması ilə bağlı müvafiq təbirlərin görüləcəyi ilə bağlı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu da göndərilmişdir (pretenziyanın çatdırılmasını təsdiq edən 301354 saylı poçt qaiməsi etiraza əlavə olunur). İddiaçının guya onun xəbəri olmadan, həm də məhkəmədən kənar qaydada girov qoyulmuş qızıl-zinnət əşyalarının satılması ilə bağlı iddiasına gəldikdə isə aşağıdakıları bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 40ZİNAS124094003 nömrəli girov müqaviləsinin 4.1-ci bəndinə əsasən əsas öhdəlik və ya onun bir hissəsi icra olunmadıqda, həmçinin kredit müqaviləsi üzrə hər hansı ödəniş müddətinin iki dəfədən çox pozulması hallarında Girov saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə və tutmanı girov predmetinə yönəldə və ya girov predmetini sata bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən girov qoyulmuş əmlak hesabına “Girov saxlayan”ın tələblərinin ödənilməsi hüququ məhkəmə vasitəsi ilə və ya məhkəmədən kənar qaydada həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən Girov saxlayan girova tutma yönəldiyi halda girov predmetinin satılmasından 15 iş günü əvvəl girovqoyana və borcluya bildiriş təqdim edir. Bildirişin göndərilməsindən 7 iş günü keçdikdən sonra Girov qoyan və ya borclu girov predmetinin onlar tərəfindən satın alınması üçün Banka müraciət etməzsə, girov predmeti bildirişdə müəyyən edilmiş vaxtda və məbləğdə girov saxlayan tərəfindən satılacaqdır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş bildirişin göndərilməsi və Girov qoyan və ya borclunun bu bildirişə münasibət bildirməməsi girov qoyulmuş əmlakı satın almaqda üstünlük hüququndan imtina kimi qiymətləndiriləcəkdir. Cavabdeh ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə girov predmetinin satılacağı ilə bağlı girov müqaviləsinin 4.3-cü bəndində göstərilən və “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanununun 17.2-ci maddəsində tələb olunan formada bildiriş göndərilmişdir (bildirişin çatdırılmasını təsdiq edən 310996 saylı poçt qaiməsi etiraza əlavə olunur). Lakin İddiaçı tərəfindən yuxarıda qeyd olunan bildirişə heç bir münasibət bildirilməməsi səbəbindən girov predmeti olan qızılzinnət əşyaları Cavabdeh ASC tərəfindən 9000.00 manata satılmışdır. İddiaçı guya qızılzinnət əşyalarının girov götürülərkən qoyulmuş qiymətdən qat-qat aşağı qiymətə satılması ilə bağlı iddiasına gəldikdə isə aşağıdakıları bildirir. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə AR X6 Heyətinin xx.xx.2022-ci il tarixli №29/1-1 nömrəli qərarının 5.2.3.3.bəndinə əsasən milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%dən çox olmadıqda istehlak kreditləri verildiyi və ya limiti artırıldığı anda qeyri- qənaətbəxş aktiv kimi təsnifləşdirilir. Həmin qərarın 2.0.16. bəndinə əsasən kreditin təminata olan nisbəti (KTN əmsalı) - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatının bazar dəyərinə olan nisbəti əmsalıdır. Göründüyü kimi, kreditin təminatı kimi girov qoyulan qızıl-zinnət əşyalarına qiymət qoyularkən məmulatın bazar dəyəri əsas götürülməlidir. Bu səbəbdən Cavabdeh ASC tərəfindən İddiaçı kredit verilərkən girov qoyulan qızıl-zinət əşyalarının dəyəri hesablanarkən məmulatın vahid (585) əyyarının 1 qr-nın bazar qiyməti əsas götürülüb. Girov predmetinə tutma yönəldilməsinə ehtiyac yarandığı halda isə onun dəyərini müəyyən etmək üçün satışı tez həyata keçirmək zəruri olduğu nəzərə alınaraq, qızılın vahid (585) əyyarının 1 qr-nın qırıntı qiyməti əsas götürülüb. Bu zaman satış gününə girov predmetinin dəyəri qızılın vahid (585) əyyarının 1 qr-nın qırıntı qiymətinin həmin günə beynəlxalq əmtəə bazarında olan qiyməti nəzərə alınmaqla hesablanmışdır. Belə ki, “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanununun 17.2. maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satılmalıdır. Bildirir ki, xx.xx.2022-ci il tarixinə beynəlxalq əmtəə bazarında qızılın vahid (585) əyyarının 1 qr-nın qırıntı qiyməti 56.00 AZN olmuşdur. Girov predmeti olan qızıl-zinət əşyalarının çəkisinin 147.7qr olması nəzərə alınarsa, onun 56.00 AZN-ə nisbəti təxminən satış qiymətinə yaxın, hətta ondan bir az da aşağı olan rəqəmi verəcəkdir. Həmçinin qeyd edir ki, İddiaçı guya ona dəymiş mənəvi zərə görə 10000.00 AZN manat kompensasiyanın ödənilməsi tələbi də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh Bank tərəfindən müqavilələrin bütün şərtlərinə və qanunvericiliyin bütün tələblərinə riayət olunduğundan onun iddiaçıya mənəvi zərər vurması ehtimalı qeyri-mümkün haldır. Həmçinin bildirik ki, İddiaçı tərəfindən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında sadalanan hər hansı halın baş verməsinə və 10000.00 AZN məbləğin necə hesablanmasına dair heç bir dəlil və sübut iddia ərizəsinə əlavə edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kreditin verilməsinə dair razılaşmadan görünür ki, Bank tərəfindən Borcalana 8750 (səkkiz min yeddi yüz əlli) AZN məbləğdə, illik faiz dərəcəsi 32 olmaqla, xx.xx.2024-cü il tarixədək lombard məqsədli kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Qiymətləndiricisi, Cavabdeh ASC-nin Yasamal filialı və “Girov qoyan” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınar əmlakın qiymətləndirmə Aktı”ndan görünür ki, Cavabdeh ASC-nin Yasamal filialı alınan kreditin təminatı olaraq banka girov qoyulan 20 sayda, 147,7 qram qızıl zinət əşyaları qiymətləndirici tərəfindən qarşılıqlı razılaşma əsasında 17017,45 (on yeddi min on yeddi manat 45 qəpik) manat məbləğində qiymətləndirilərək “Girov qoyan” tərəfindən Bankın kredit üzrə mütəxəssisinə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı (“Girov qoyan” və “Borclu”) ilə Cavabdeh ASC (“Girov saxlayan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov müqaviləsindən görünür ki, borclu tərəfindən götürülən 8750 AZN məbləğində kreditin kredit üzrə öhdəliklərin icrasının təmini olaraq “Girov qoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan “Daşınar əmlakın qiymətləndirmə Aktı”nda (Girov predmetini təşkil edən əmlakın siyahısı) göstərilən əmlakı (“Girov predmeti”) “Girov saxlayan” qarşısında girov ilə yüklü etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 040/817 nömrəli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, 40131***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən ona 36 ay müddətinə illik 32% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8750 manat məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi onunla xx.xx.2021-ci il tarixli Girov müqaviləsi bağlanaraq ona məxsus olan qızıl zinət əşyaları daşınar əmlak Bank qarşısında girov ilə yüklü edilmişdir. Qanunvericiliyə və Girov müqaviləsinə əsasən “Girov qoyan” əsas müqavilə üzrə öhdəliklərini icra etmədiyi hallarda “Girov saxlayan” girov predmetinin dəyərindən təminat almaq hüququna malikdir. Bu Bildirişlə o, xəbərdar olunur ki, tələbin girov predmetinə yönəldilməsi üçün qızıl zinət əşyalarının xx.xx.2022-ci il tarixdə, 12:00 saatda, ünvan 2 ünvanda satışı həyata keçiriləcəkdir. Cavabdeh ASC Yasamal filialına olan 9331.94 (doqquz min üç yüz otuz bir manat doxsan dörd qəpik) manat ödənilməli vəsait və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclər girov predmetinin (qızıl-zinət əşyalarının) satışından əldə olunacaq vəsait hesabına həyata keçiriləcəkdir. İş materiallarında olan Meqa Ekspress məktub və bağlamaların sürətli daşınması xidmətinin qəbzindən görünür ki, Cavabdeh ASC-nin Yasamal filialının xx.xx.2022-ci il tarixli sifarişli məktubu xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı ünvana çatdırılmışdır. İş materiallarında olan “Satıcı” adlanan Cavabdeh ASC-nin Yasamal filialı (X3) və “Alıcı” adlanan X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli qızıl-zinət əşyalarının alqı-satqı müqaviləsindən görünür ki, X1 tərəfindən girov ilə yüklü edilmiş 00229685 saylı kisədə 20 (iyirmi) növdə qızıl-zinət əşyalarını alqı-satqı dəyəri 9000 AZN məbləğində olmaqla Alıcıya satır, Alıcı isə satılan əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 41 nömrəli cavab məktubundan görünür ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində Bank tərəfindən 8750 AZN məbləğində lombard kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, ərizəçinin mülkiyyətində olan qızıl-zinət əşyaları girov müqaviləsinə əsasən girova götürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik tam və vaxtında yerinə yetirilmədiyinə görə tərəflər arasında bağlanılmış müqavilələrə əsasən qızılların satışı ilə bağlı bir necə dəfə ona rəsmi bildiriş göndərilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik uzun müddət ərzində yerinə yetirilmədiyinə görə, girovda olan qızıl-zinət əşyaları 9000 manat məbləğinə satılmışdır və kredit üzrə öhdəlik bağlanılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Laçın rayonu, Mişni kəndində anadan olmuş, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” AR Konstitusia Məhkəməsinin Plenumu 12 mart 2012-ci il tarixli Qərarında izah edir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlabnış xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 8750 AZN məbləğdə və illik faiz dərəcəsi 32, müddəti xx.xx.2024-cü il tarixədək olmaqla Lombard məqsədli kredit verilmişdir. Həmin razılaşmanın təminatı olaraq, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli 10ZİNAS124094003 nömrəli girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və Bankın Qiymətləndiricisi tərəfindən qarşılıqlı razılaşma əsasında 17017,45 manat məbləğində qiymətləndirilən 20 sayda, 147,7 qram qızıl zinət əşyaları banka girova qoyulmuşdur. İddiaçı tərəfindən cavabdeh banka xx.xx.2022-ci il tarixdə 383 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 382 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 1415 manat pul ödənilmiş, bundan sonra ödəmələrdə gecikmələr yaranmışdır. Banka olan kredit borcunun ödənilməsində yaranmış gecikmələrə görə cavabdeh bank cavabdehin ünvanına xx.xx.2022-ci il tarixli, 040/817 nömrəli bildiriş göndərərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov müqaviləsinə əsasən “Girov qoyan”ın əsas müqavilə üzrə öhdəliklərini icra etmədiyi hallarda “Girov saxlayan”ın girov predmetinin dəyərindən təminat almaq hüququna malik olduğu, bununla əlaqədar olaraq, bu Bildirişlə o, tələbin girov predmetinə yönəldilməsi üçün qızıl zinət əşyalarının xx.xx.2022-ci il tarixdə, 12:00 saatda, ünvan 2 ünvanda satışının həyata keçiriləcəyi, Cavabdeh ASC Yasamal filialına olan 9331.94 manat ödənilməli vəsaitin və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclərin girov predmetinin (qızıl-zinət əşyalarının) satışından əldə olunacaq vəsait hesabına həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, kredit müqaviləsi üzrə öhdəlik uzun müddət ərzində yerinə yetirilmədiyinə görə, girovda olan qızıl-zinət əşyaları 9000 manat məbləğinə satılmış və kredit üzrə öhdəlik bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü bəndinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Qeyd olunan Qanunun 17.4-cü bəndinə əsasən yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir. Qeyd olunan Qanunun 17.6-cı bəndinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, bank iddiaçıya məxsus girov əmlak olan və Bankın qiymətləndiricisi tərəfindən qarşılıqlı razılaşma əsasında 17017,45 manat məbləğində qiymətləndirilən 20 sayda, 147,7 qram qızıl zinət əşyaları ağlabatan qiymətdən aşağı qiymətə satmaqla iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bank iddiaçıya məxsus girov əmlak olan qızıl zinət əşyaları ağlabatan qiymətdən aşağı qiymətə satdığı üçün iddiaçının ona qarşı 8017,45 manat məbləğində dəymiş maddi ziyan tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 manat tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 10000 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 108 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə maddi zərərin əvəzi olaraq 8017,45 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 8017,45 (səkkiz min on yeddi manat qırx beş qəpik) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 108 (yüz səkkiz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar