Məhkəmə qərarları › İş №e-2(009)-84/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-84/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-84/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlər - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 20.000,0 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 2.000,0 (iki min) manat və ödənilmiş 156,0 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində səhhətinə yetirilən xəsarət və mülkiyyətində olan əmlakın yararsız hala düşməsi nəticəsində fiziki, maddi və mənəvi zərərə məruz qalmışdır. Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 16:15-də idarə etdiyi “X6” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı-Salyan şossesinin Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən “Bibiheybət məscidi”-nin qarşısını keçdikdən sonra avtomobili əks hərəkət istiqamətinə çıxarmaqla onun idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində onun sağlamlığıma uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)- 14/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisisnin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə mülki iddia tələbi isə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 11.4-cü hissəsinə görə, maddi ziyanı tam ödəməmiş şəxslər barəsində sözügedən qərarın tətbiq edilməsinin məhdudlaşdırılıdığını əsas gətirərək, Cavabdeh1 barəsində ittiham hökmünün çıxarılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdik. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin təqsirləndirilən Cavabdeh1 barəsində 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Aşağıdakı əsaslara görə hesab edirik ki, cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi olaraq 20.000,0 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 2.000,0 (ikimin) manat və ödənilmiş 156,0 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməlidir. Belə ki, məhkəmə hökmünə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "X6" markalı **-CB-*** dövlət qeydiyyat nişanlıavtomobillə, Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesi ilə Bakı şəhəri istiqamətində 57 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2 ünvanında yerləşən ‘'Bibiheybət Məscidi"nin qarşısını keçdikdən sonra "Yol hərəkəti" haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməmiş, yəni 1.3 üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv qoşa üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu halda, göstərilənlərə əməl etməyərək yol hərəkəli qaydalarını pozmuş, idarə etdiyi avtomobili əks hərəkət istiqamətinə çıxarmaqla ehtiyatsızlıqdan qarşıdan gələn sürücü İddiaçı idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşaraq İddiaçı alın nahiyəsinin sıyrığı, sol baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, qəlpəli yerini dəyişən sınığı, sol dirsək sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, burunun sol qanadının əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İstintaq zamanı sübut olunmuşdur ki, Cavabdeh3 2020-ci ilin əvvələrində "X6" markalı avtomobili Cavabdeh2 “almışdır”. “Alğı-satqı” etibarnamə əsasında həyata keçirilmişdir. Hadisə günü Cavabdeh1 yanına gələrək, ondan avtomobili verməyini xahiş etmiş, o da razılıq vermişdir. Lakin, o, avtomobili idarə etmək üçün Sadiqə etibarnamə verməmişdir. Daha sonra Sadiq “Bibiheybət" məscidini keçdikdən sonra yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sağlamlığı uzun müddət pozulmuş, ilkin və təkrar əməliyyata xeyli miqdarda vəsait xərcləməyə məcbur olmuşdur. O cümlədən, müalicələrə, əlavə qidalanmaya, davadərman alınmasına, yol və nəqliyyat və bununla bağlı əlavə digər xərclər nəzərə alınsa 5.000,0 manat miqdarında maddi ziyana məruz qalmışdır. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan avtomobilin yarasız hala düşməsi nəticəsində də maddi ziyana məruz qalmışdır. Belə ki, “Auto Badamdar” firmasının xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, **-HS-*** dövlət nömrə nişanlı hyundai elantra markalı avtomobilə dəymiş ziyan 19623,0 manat müəyyən olunmuşdur. Bundan başqa, hadisə nəticəsində xəsarət almış, uzun müddət iztirab-ağrı çəkmiş, yataq şəraitində müalicələr almış, bundan sonra istintaq və məhkəmə proseslərində əsəb keçirmiş, dəymiş ziyan ödənilmədiyindən əlavə maddi məhrumiyyətlərlə üz-üzə qalmışdır. Fiziki ağırlarla yanaşı cavabdehin qanunsuz hərəkətlərindən keçirdiyi gərginlik, həyəcan sağlamlığıma əlavə mənfi təsir göstərmişdir. Bu illər ərzində dərin stress, mənəvi sarsıntılar keçirməyi, istintaq və məhkəmə prosesləri, ailənin acınacaqlı vəziyyətə düşməsi məndə gərginliyin və müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan əmlakın yararsız hala düşməsi, xüsusilə də səhhətinə dəyən maddi ziyanla yanaşı baş verən bütün bu hadisələrlə bağlı keçirdiyi sarsıntı nəticəsində mənəvi ziyana da məruz qalmışdır. Ona görə də cavabdehlərdən maddi zərərin əvəzi olaraq, sağlamlığına yetirilmiş xəsarətə görə 5.000,0 (beş min) manat, əmlakına dəymiş ziyana görə 15.000,0 (on beş min) manat, mənəvi zərərin əvəzi olaraq, 2.000,0 (iki min) manat və ödənilmiş 156,0 manat dövlət rüsumu müştərək qaydada tutularaq xeyrimə ödənilməlidir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, 01 oktyabr 2021-ci ildə Cavabdeh1 avtomobili ilə əks istiqamətə çıxaraq iddiaçının idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə iddiaçının sağlamlığına uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmuş, avtomobili tam yararsız vəziyyətə düşmüşdür. Avtomobil sığortalanmamışdır. Cinayət işi başlansa da, bütün məhkəmələr 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə şəxsi həm mülki, həm də cinayət məsuliyyətindən azad etmişdir. X4 ilə yanaşı X2 və Cavabdeh3 Azərbaycan Respublikası MM-nin 1108.1 və 1108.2-ci maddələrinə əsasən cavabdeh qismində qoymuşlar. Bununla bağlı Ali Məhkəmənin də mövqeyi bəllidir. “Auto Badamdar” firmasının xx.xx.2021-ci il tarixli qüsur aktından da görünür ki, avtomobilə dəymiş ziyan 19623 manat hesablanmışdır. Mənəvi zərərlə bağlı sübuta ehtiyac yoxdur. İddiaçı ayağına görə 3 dəfə əməliyyat keçirmişdir. Ayağına quraşdırılmış aparat vasitəsi ilə 1 il hərəkət etmişdir. Bundan başqa hadisə nəticəsində stress, mənəvi sarsıntılar keçirmişdir. 5000 manat isə dava-dərmana, nəqliyyata və s. çəkilmiş xərclərdir. Sağlamlıqla bağlı rəsmi sənəd təqdim edə bilmirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, ayağı sınmışdır, burnunda və qolunda da zədələr qalır. Semaşkada Rövşən adlı həkim onu 3 dəfə əməliyyat etmişdir, bununla bağlı ona sənəd təqdim edilməmişdir. Kassaya 300 manat ödəmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 izahatında bildirmişdir ki, iddia ilə razı deyil, ona heç kəs pul verməmişdir. Kazımov Sadıq tanışıdır, sürücülük vəsiqəsi vardır. Arada yorğun olanda maşını idarə emtək üçün ona verir. Bu hadisə olan vaxtı da heç 5 dəqiqə keçməmişdir ki, ona hadisənin olması barədə zəng gəlmişdir. Dərhal hadisə yerinə getmişdir. Təcili tibbi yardım çağırmışdır. Həkimlərə də pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Auto Badamdar” firması tərəfindən verilmiş qüsur aktına əsasən «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə servis tərəfindən baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 19623 manat vəsait hesablanmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı sol baldır sümüklərinin orta-aşağı 3/1nin qapalı qəlpəli yerinidəyişən sınığı, sol dirsək sümüyün orta 1/3-nin qapalı yerdəyişən sınığı və burunun sol qanadının əzilmiş - cırılmış yarası diaqnozu qoyulmuşdur. İş üzrə Cavabdeh1 Səbail rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023- cü il tarixli, 1(103) -767/2023 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə Məhkəmə Ekspertizasə Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7501 saylı ekspert rəyinə əsasən «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması tentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 11100.0 manat müəyyən edilir. (ekspertizanın dəyəri- 50 (əlli) manat təşkil edir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 mülkiyyətində olan, baş etibarnamə əsasında alan Cavabdeh3 istifadəsində olan və Cavabdeh1 tərəfindən idarə olunan “X6” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymiş, həmçinin İddiaçı sağlamlığına az ağır zərər dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan avtomaşına 15000 manat, sağlamlığına 5000 manat ziyan vurulmuşdur. Ödənilməyən ziyanın isə o, cavabdehlərdən tələb etsə də, onlar həmin ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın, mənəvi ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qəranda zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə tərəfindən müəyyən olunmuş işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115 və 1118-ci maddələri çıxış edir. Həmin normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçı vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. İşin mübahisəli halı avtomobilə və sağlamlığa vurulmuş zərərin məbləği və zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksəktəhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Hazırkı işdə Cavabdeh1 qanuni əsasla (sürücülük vəsiqəsi olmaqla) idarə etdiyi yüksək təhlükə mənbəyi olan “X6” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Belə olan halda, iddiaçının digər cavabdehlərə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı avtomobilə vurulmuş maddi ziyanın məbləğinin 15000 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7501 nömrəli rəyindən görünür ki, «Hyundai Elantra» minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 11100 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğ Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı sağlamlığına vurulmuş maddi ziyanın məbləğinin 5000 manat olmasını iddia etsə də buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurulmuş mənəvi ziyan görə 2000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 % məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə iddiaçı tərəfindən 156 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 123.3 (bir yüz iyirmi üç manat, otuz qəpik) manatı Cavabdeh1 aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci - -50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə 11100 (on bir min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123.3 (bir yüz iyirmi üç manat, otuz qəpik) manat məbləğində pul tutulsun. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcləri -50 (əlli) manatın 10 (on) manatı İddiaçı, 40 (qırx) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar