Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-878/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - Cavabdeh MMC-yə qarşı «zərərin ödənilməsi» barədə ərizəsi üzrə mülki işə 11 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «zərərin ödənilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı real zərər qismində 272 470, 00 (iki yüz yetmiş iki min dörd yüz yetmiş) manat, əldən çıxmış fayda qismində 144 000, 00 (bir yüz qırx dörd min) manat cəmi 416 470, 00 (dörd yüz on altı min dörd yüz yetmiş) manat və dövlət rüsumu 707 (yeddi yüz yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,2477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Qeyd edilən torpaq sahəsi 16 mart 2016-cı il tarixdə **********22 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 722 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmış və bununla bağlı iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Seriya RX №0832485 saylı çıxarış təqdim edilmişdir. İddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qeyriqanuni zəbt edilmiş və həmin torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikilmişdir. Qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt ediməsi faktını təsdiq etmək üçün iddiaçı və "xxxx" MMC arasında müvafiq müqavilə bağlanmış və ekspert qarşısındaaşağıdakı suallar qoyulmuşdur: a. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrind3ə**********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsi yanacaqdoldurma məntəqəsi (AZPETROL) tərəfindən naturada istifadə edilirmi, edilirsə hansı hissədə istifadə edilir və həmin torpaq sahəsində tikili mövcuddurmu? AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrind3ə**********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0,2477 ha torpaq sahəsinin hazırki tarixə bazar dəyəri nə qədər təşkil edir? Ekspert qarşısında qoyulan suallaraaşağıdakı cavablar alınmışdır: a. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışa əlavə edilmiş eyni reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.1467 ha hissəsi yanacaqdoldurma məntəqəsinin (AZPETROL) naturada faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd edilən 0,1467 hatorpaq sahəsinin daxilində sahəsi 79 m və 486 m olmaqlaiki tikili mövcuddur. b. Qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 0,2477 hatorpaq sahəsinin 01 mart 2024-cü il tarixinə: 0,01 ha= 11 000, 00 (on bir min) manat; 0,2477 ha= 272 470, 00 (iki yüz yetmiş iki min dörd yüz yetmiş) manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin qeyri-qanuni zəbt edilməsi nəticəsində iddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə etmək mümkün deyil. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsindən torpaq sahəsinin cavabdeh tərəfindən istifadə ilə əlaqədar real zərərlə yanaşı, əldən çıxmış fayda da iddiaçıya ödənilməlidir. İddiaçı həmin torpaq sahəsini vaxtında və təyinatına uyğun istifadə edə bilsə, ən azı hər il 18 000 (on səkkiz min) manat qazana bilərdi. Beləliklə, iddiaçının torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində keçən 8 il üçün cəmi 144 000 (bir yüz qırx dörd min) manat əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. 6. İddiaçı dəfələrlə cavabdehlə əlaqə yaradaraq məsələni məhkəmədən kənar həll etməyə çalışsa da, heç bir müvəffəqiyyət əldə edə bilməmişdir. Bu səbəbdən də hüquqlarını məhkəmə qaydasında bərpa etmək və ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Cavabdeh şirkət torpaq sahəsinə hüquqlarını müəyyən edən sənədi iddiaçıdan daha öncə əldə etmişdir. Bu səbəbdən tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi mümkün deyildir. Eyni zamanda ekspert rəyində əmlakın bazar dəyəri də həqiqətdən artıq göstərilmişdir. Mübahisəli torpaq sahəsi ümumiyyətlə kənd təsərrüfatına yararlı deyildir. Belə ki, həmin torpaq sahəsinin altından müxtəlif növ boru xətləri çəkilmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. İş materiallarında olan: RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyətindədir. O iddia edir ki, cavabdeh şirkət ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bununla o, mülkiyyətindən istifadə etmək hüququndan məhrum olmuşdur. Məhkəmə sözügedən mübahisənin həlli istiqamətində məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh MMC-nin faktiki istifadəsində olan 1,52 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0,2477 ha torpaq sahəsinin koordinatları 1463 kv.m hissədə üst-üstə düşür. Məhkəmə iclasında sübut edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,2477 ha torpaq sahəsinin 1463 kv.m hissəsi həqiqətən də cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən iddiaçının torpaq sahəsindən məhrum olması müqabilində ona dəymiş real zərər cavabdehdən tutulmalıdır. Zərərin məbləğinin müəyyənləşdirilməsinə dair məhkəmə qeyd edir ki, işdə olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki,Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin (1 sotu 2500 manat) hazırki dövr üçün bazar qiyməti təqribən 61,900 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 01 mart 2024-cü il tarixli rəyində qeyd edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin 0,01 ha 11,000 manat olmaqla ümumilikdə 272,470 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin arayışında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin bazar dəyəri 100,000 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən təqdim edilmiş rəydə və arayışda müxtəlif cür göstərilmişdir. Belə ki, bir rəydə həmin qiymət 272,470 manat dəyərində göstərilməsinə baxmayaraq, digər arayışda bundan kəskin fərqli şəkildə 100,000 manat dəyərində qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi rəylər bir-birini inkar etməklə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil qiymətləndirici kimi məhkəmənin təyin etmiş olduğu ekspertiza rəyində qeyd olunmuş məbləğ real məbləğ kimi götürülməli və cavabdeh tərəfindən zəbt edilmiş 1463 kv.m torpaq sahəsinin dəyəri kimi (1 sotu 2500 manat hesablanmaqla) 36,575 manat məbləğində zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda qismində 144 000, 00 (bir yüz qırx dörd min) manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər nəzərə alınmalıdır. Lakin məhkəmə iclasında iddiaçının bu istiqamətdə hansı tədbirləri görməsini təsdiqləyən sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq, iddiaçı tərəfindən həqiqətən məhkəmədən öncə hazırki mübahisə ilə bağlı cavabdeh şirkətə müraciət etməsini özündə əks etdirən hər hansı bir sübuta iş materiallarında rast gəlinməmişdir. Göstərilən səbəblərdən iddiaçının əldən çıxmış faydanın tutulmasını tələb etməsi əsassızdır. AR Mülki-Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. AR Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.4-cü bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş 707 manat dövlət rüsumunun 350 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 36,575 (otuz altı min beş yüz yetmiş beş) manat məbləğində zərərin əvəzi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 350 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖ EN**********;MüxbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə"xxxx" MMC-nin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2477 ha torpaq sahəsinin 1463 kv.metr hissəsinə mülkiyyət hüquqlarının AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-878/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-878/2024
11.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver