Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-959/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus olan “Nissan Navara” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsiri Nərimanov Rayon Məhkəməsinin 3(005)-121/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərar ilə təsdiqlənir. “Hyundai Sonata” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı abtomobil avtomobillərin icbari sığorta növü üzrə “Azərsığorta” DSKŞ-də sığorta olunduğundan həmin sığorta şirkətinin əməkdaşları tərəfindən iddiaçının avtomobilinin təmirə yararlı olub-olmaması, təmir xərcinin müəyyən edilməsi məqsədiylə "xxxx" MMCnin servisinə göndərilmişdir. MMC tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində həmin avtomobilə 16.688 manat ziyan dəymişdir. “Azərsığorta” DSKŞ tərəfindən icbarı sığorta müqaviləsi ilə nəzərdə tutulan 5.000 manatdan 4.699 manat məbləğ ödənilmişdir. Mülki məsuliyyətin sığorta hədləri 5000 manatla hədləndiyindən və hadisə zamanı “Nissan Navara” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil körpü məhəccərinə ziyan vurduğundan həmin ziyana görə 21 manat sığorta ödənişi həmin məbləğ çıxılaraq ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın yerdə qalan hissəsi, yəni 11988.96 manat məbləğ və 126 manat dövlət rüsumu, cəmi 12114.96 manat məbləğ qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndə və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Nissan Navara» minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “X9” avtoservis mərkəzi tərəfindən verilmiş arayışa əsasən «Nissan Navara» minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis tərəfindən baxış keçirilmiş və avtomobilə dəymiş ziyan 25200 manat hesablanmışdır. İş üzrə «AzərSığorta» DSKŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25884 saylı sığorta aktından görünür ki, PDS********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «AzərSığorta» DSKŞ, sığortalı X5 məxsus «Hyundai Sonata» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2021ci il tarixdə Cavabdeh məxsus “Nissan Navara” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 16.688 manat ziyan dəymiş, bununla bağlı 4699.04 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə Nərimanov Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X4 və X2 Nərimanov rayonu, Z.Bünyadov prospektində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “yüngül” dərəcəli bədən xəsarətləri aldığı üçün onun əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Nərimanov RPİ-nin DYPŞ vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 3(005)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş üzrə ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən işin məhkəmədə baxılması üçün 126 manat dövlət rüsumu ödəniş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/4822 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Nissan Navara” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 15488.00 manat müəyyən edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan «Nissan Navara» markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən etibarnamə əsasında idarə etdiyi «Hyundai Sonata» markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan Navara” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan, həmçinin iddiaçının sağlamlığına yüngül zərər dəymişdir. “AzərSığorta” DSKŞ tərəfindən iddiaçıya məxsus “Nissan Navara” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4699 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan avtomaşına 16.688 manat maddi ziyan vurulmuşdur. Həmin ziyanın 4699 manat hissəsi icbari sığorta müqaviləsinə əsasən ona ödənilmişdir. Ödənilməyən ziyanı isə o, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh tələb etsə də, sonuncu həmin ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş ziyanın məbləğinin 16.688 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/4822 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Nissan Navara” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 15488.00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/4822 nömrəli rəyinə əsasən 2008ci il buraxılışlı “Nissan Navara” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 15488.00 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğin isə 4699.04 manat hissəsi artıq ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb yalnız ödənilməmiş qalan pulun tutulması hissəsində əsaslı hesab edilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilmiş qüsur aktında avtomaşına dəymiş ziyan məbləği ilkin baxış həyata keçirilməklə müəyyən olunduğu üçün, həmin məbləğ avtomaşın tam saz vəziyyətə gətirildikdən sonra həm azala, həm də çoxala bilər. Lakin hazırda avtomaşının tam saz vəziyyətə gətirilməsi və bunun üçün ekspert rəyində müəyyən olunan məbləğdən (15488 manat) daha çox pul lazım olması ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, onun tələbi qismən əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş real ziyanın aradan qaldırılması üçün sığorta təşkilatı tərəfindən ödənilmiş məbləğdən əlavə 10788.96 manat məbləğində pulun tələb edilməsi müəyyən edildiyindən, iddia tələbi vurulmuş maddi ziyanın tutulması hissəsində qismən, yəni 10788.96 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, vurulmuş real ziyan məbləğinin 15488 manat olması müəyyən edildiyindən, İddiaçı «Azərsığorta” DSKŞ tərəfindən ona 4699.04 manat ödənildiyi çıxılaraq ödənilməli olan sığorta ödənişi məbləği 10788.96 manat həddində olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə 126 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 123 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 (yüz) manatın 10 (on) manatı İddiaçı, 90 (doxsan) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə 10788 (on min yeddi yüz səksən səkkiz) manat və ödənilmiş dövlət rüsumunun 123 (yüz iyirmi üç) manat məbləğində pul tutulsun. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 10 (on) manatı İddiaçı, 90 (doxsan) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-959/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-959/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver