Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-105/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 1958.72 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 39.58 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı, ümumilikdə 1998.7 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də MİC210060_131 nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin könüllü sığortası növü üzrə sığortalanmış X4 xx.xx.2021-ci il tarixdə idarə etdiyi “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə D.Əliyeva küçəsinin kəsişməsində hərəkət edən zaman Cavabdeh idarə etdiyi skuterlə yolun əks istiqaməti hərəkət zolağına çıxmış, nəticədə “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobilə 2128.72 manat məbləğində maddi zərər dəymişdir. MİC210060_131 saylı sığorta şəhadətnaməsinə və xx.xx.2021-ci il tarixli, AKS 210256 sayl sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən avtomobilə dəymiş ümumi zərər məbləğindən 170 manat franşiza (azadolma məbləği) çıxılaraq zərərçəkənə 1958.72 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 1958.72 manat sığorta ödənişi subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olunmalıdır.
İddiaya etiraz və etirazın əsaslandırıldığı hallar.
3. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC ondan şişirdilmiş məbləğdə pul tələb edir. İş üzrə ekspertiza keçirilərək ekspert rəyinə əsasən dəqiqləşdirilmiş rəqəm müəyyən edilməsini xahiş edir. Məhkəməyə təqdim edəcəyi sübutlar var.
Sadələşmiş icraatdan iddia icraatına keçilməsi.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3219/2022 nömrəli qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə inzibati məsuliyyətə cəlb edildiyini və bunu mübahisələndirmədiyini bildirmişdir. Bununla belə hadisə nəticəsində dəymiş zərərə görə ondan tələb edilən pulun məbləği ilə razı olmadığından iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
8. xx.xx.2021-ci il tarixli, AKS210256 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “X6” markalı, H029195 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2128.72 manat məbləğində zərərə görə "xxxx" ASC tərəfindən “X3 FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına 1958.72 manat məbləğində sığorta ödənişi edilmişdir.
9. xx.xx.2021-ci il il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Bülbül prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində əks istiqamətdə hərəkətini davam etdirərək “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində yerə yıxılıb özünün yüngül bədən xəsarəti almasına səbəb olaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
10. xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi skuterlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilindiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “X6” markalı, H029195 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və görüləcək işlər üçün 2128.72 manat məbləğində xərc hesablanmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1300 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “X6” markalı, H029195 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1614 manat müəyyən edilmişdir.
İşin faktiki halları.
13. Cavabdeh idarə etdiyi skuterlə xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Bülbül prospekti ilə D.Əliyeva küçəsinin kəsişməsində əks istiqamətdə hərəkət edərək “X3 FZCO” Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus və şirkətin əməkdaşı X7 (X5) tərəfindən idarə edilən “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində (velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh təqsiri müəyyən edilmişdir.
14. Cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən könüllü sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 1958.72 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 1958.72 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 2. Sığorta. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3. Sığortanın obyektləri və formaları.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
18. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
19. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “X6” markalı, H029195 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətində hərəkət edən skuter tərəfindən vurulmuş, baş vermiş hadisədə skuteri idarə edən Cavabdeh təqsirli olduğu tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərə görə isə avtomobilin sığortaçısı olan "xxxx" ASC tərəfindən 1958.72 manat məbləğində sığorta ödənişi edilmişdir.
20. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və qərarı mübahisələndirməmiş, məhkəmə iclasında iştirak edərkən özü də bu aktları mübahisələndirmədiyini qəbul etmişdir. Bu səbəbdən məhkəmə baş vermiş yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olmasının sübuta yetirildiyi nəticəsinə gəlir.
21. Bununla belə Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə bağlı hissədə iddia tələbi ilə razılaşmamış, dəymiş zərər məbləğinin sığortaçı tərəfindən şişirdildiyini iddia etmişdir.
22. Bu səbəbdən məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə hansı məbləğdə zərər dəymiş olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2014-cü il buraxılışlı, “X6” markalı, H029195 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1614 manat məbləğində olduğu qeyd edilmişdir.
23. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində qəbul edilmiş bu rəyin əsaslılığını şübhə altına alan heç bir hal müəyyən edilməmiş, tərəflərin də bununla bağlı heç bir dəlili olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur.
24. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği ekspert rəyinə əsasən 1614 manat məbləğində müəyyən olunduğundan və məhkəmə bu rəylə razılaşdığından iddiaçı "xxxx" ASC-nin yalnız həmin hissəyə subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia qismən təmin edilməlidir.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 39.58 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
26. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (1614) mütənasib olan 36.14 manat dövlət rüsumu və 0.4 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
28. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat məbləğində ekspertiza xərcinin 41.2 manatı cavabdehdən, 8.8 manatı isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1614 manat məbləğində sığorta ödənişi, 36.14 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 41.2 manat manat məbləğində ekspertiza xərci Cavabdeh, 8.8 manat ekspertiza xərci isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1614 (min altı yüz on dörd) manat məbləğində sığorta ödənişi, 36.14 manat (otuz altı manat on dörd qəpik) məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 41.2 manatı (qırx bir manat iyirmi qəpik) Cavabdeh, 8.8 manatı (səkkiz manat səksən qəpik) isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva