Məhkəmə qərarları › İş №e-2(010)-135/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-135/2024

25.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-135/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiаçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh Cümşüdova (Həsənova) Arzu Sabir qızına qarşı “əmlak bölgüsü” qarşılıqlı tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı Cümşüdova (Həsənova) Arzu Sabir qızı Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilmədən öz mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh həmin mənzildən əşyaları (şəxsi geyim) ilə birlikdə çıxarılması, İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları 5 saylı Bakı “ASAN Xidmət” X3 akt qeydləri kitabında 2501 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Cavabdehin ailəyə laqeyd münasibət göstərməsi səbəbindən münasibətləri korlanmışdır. Belə ki, iddiaçı cavabdehin ailəyə olan laqeyd münasibətinin zamanla düzələcəyinə ümid etdiyindən və ailənin qorunub saxlanılmasına çalışdığından dözmüş, lakin müəyyən zaman keçdikdən sonra əmin olmuşdur ki, cavabdehin münasibəti düzəltmək fikri yoxdur. Hətta məsələ o həddə çatmışdır ki, cavabdeh, iddiaçı özünə məxsus olan evdən çıxıb yaxınlıqda yaşayan atası evinə getdikdən sonra qapının açarını dəyişərək, öz mənzilinə də buraxmamışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. İddiaçı artıq yanıldığını bilmiş və buna görə də nikah münasibətlərinə birdəfəlik son vermək qərarına gəlmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin qeyd edildiyi kimi, cavabdeh iddiaçını öz şəxsi mülkiyyətinə buraxmamış, həmin mənzilin açarını dəyişdirərək, iddiaçının öz mənzilindən istifadəsinə maneə yaratmışdır. Həmin mənzil iddiaçının atası X2 vəsaiti hesabına əldə edilmiş, lakin yaxın qohum olduqları və heç vaxt qohumluq əlaqələrinin pozulmayacağı qənaətində olduğuna görə öz adına deyil, qızı, yəni İddiaçı adına alınmışdır. Belə ki, iddiaçının atası X4 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında kredit limiti açılmış, 1 saylı razılaşmaya əsasən 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 20.000 manat məbləğində “digər istehlak tələblərinin ödənilməsi” məqsədilə kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən 36 ay ərzində hər ay 788 manat olmaqla kredit geri qaytarmağı öhdəsinə götürmüş, iddiaçının anası, yəni X6 zaminlik müqaviləsi əsasında həmin borc məbləğində zamin olmuşdur. Belə ki, o, mülkiyyətində olan Bakı şəhəri, Vunq Tau küçəsi, istifadədə olan 0.1959 ha torpaq sahəsinin üzərində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 46.73 m2 yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 51 saylı mənzilini həmin kredit müqaviləsində göstərilən borc məbləğində görə ipoteka ilə yüklü etmişdir. Bundan sonra həmin pulun üzərinə 2.000 manat əlavə edərək, 22.000 manat ödəməklə xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evini qızı İddiaçı adına almışdır. Həmin alğı-satqı əsasında İddiaçı hüquqları AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Ümumi yaşayış sahəsi 59.5 m2 sahədən ibarət olan həmin birmərtəbəli fərdi yaşayış evinin iki yaşayış otağı, bir mətbəxi və 1 bağlı eyvanı olmuşdur. Göründüyü kimi, cavabdehin həmin fərdi yaşayış evinin əldə edilməsində heç bir rolu olmamış, lakin iddiaçını əsassız olaraq hələ də mülkiyyətinə buraxmamaqda davam edir. Odur ki, həmin fərdi yaşayış evindən Cavabdeh mənzilin öz mülkiyyətçisinə təhvil verilməsi, Cavabdeh həmin mənzildən əşyaları (şəxsi geyim) ilə birlikdə çıxarılması, İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə köçürülməsinə zərurət vardır. Tərəflər arasında razılıq olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddianın dəyişdirilməsi.

3. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən tələblərdən əlavə, birgə nikah dövründə əldə edilmiş, iddiaçının razılığı olmadan özgəninkiləşdirilmiş **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitələrinin qiymətinin yarısının cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi.

4. İddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin aralarında naturada bölünməsi, indiki bazar qiyməti ilə qiymətləndirilməsi və ona çatası pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul məbləğinin aralarında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddianın dəyişdirilməsi.

5. Qarşılıqlı iddiaçı Cavabdeh iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində payının müəyyən edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinə dair AR ƏMDK yanında DƏDRX-a cavabdehin adına çıxarış verilmişdir. O, cavabdehə əmlakla bağlı məsələnin öz aralarında həll edilməsinə çalışsa da, bu mümkün olmamışdır. O, problemin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddia ərizəsini müdafiə edərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Kreditverən) və X7 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19001-S061512/717471 nömrəli kredit limiti müqaviləsindən görünür ki, bu müqaviləyə görə “Kreditverən” “Borcalan”a 250.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.

10. xx.xx.2019-cu il tarixli, 19001-S061512/717471 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmadan görünür ki, “Kreditverən” 19001- S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 0 ay güzəşt müddəti olmaqla, 20.000 manat məbləğində borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir.

11. xx.xx.2019-cu il tarixli, 19001-S061512/717471 nömrəli kredit limiti müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 788 manat (sonuncu ay 760.41 manat) məbləğində olmaqla ödənilməsi təsdiq edilmişdir.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Kreditor), X7 (Borclu) və X6 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001FİZAM71747201 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə “Borclu”nun “Kreditor” qarşısında xx.xx.2019-cu il tarixli, 19001- S061512/717471 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamam ilə icra edilməsi üçün “Zamin”in “Kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

13. "xxxx" (İpoteka Saxlayan) və X6 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019cu il tarixli, 001MAZNL71747201 nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “İpoteka qoyan” xüsusi mülkiyyəti hüququ ilə özünə məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində istifadədə olan 0.1959 ha torpaq sahəsində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 46.73 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 51 nömrəli mənzili 19001-S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə “İpoteka saxlayan” qarşısında ipoteka ilə yüklü edir.

14. X8 (Satıcı) və İddiaçı (Alıcı) arasında notariat qaydasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 59.5 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə, 59.5 m2) “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə “Satıcı”dan satdığı tam hissəni ondan 22.000 manat qiymətinə alır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

16. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 218522 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X12 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2501 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.

17. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 304331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 3182 nömrə ilə qeyd edilmişdir.

18. "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, REC-09-23/AR-03 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli yazılı ərizəsinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (2 sot torpaq sahəsi və üzərində yerləşən 59.5 m2 olan 3 otaqlı, zəif təmirli) bazar dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş hesabata əsasən, aparılmış hesablamalar və təhlillər nəticəsində qeyd edilən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyərinin 28.000 – 30.000 manat arası təşkil etdiyi müəyyən edilmişdir.

19. Cavabdeh (Satıcı) və X9 (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus nəqliyyat vasitəsini (“Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı) satır, “Alıcı” isə həmin nəqliyyat vasitəsini “Satıcı”dan 26.000 manat məbləğində alır.

20. Cavabdeh (Satıcı) və X9 (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” özünə məxsus nəqliyyat vasitəsini (“Chevrolet Cruze” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı) satır, “Alıcı” isə həmin nəqliyyat vasitəsini “Satıcı”dan 14.000 manat məbləğində alır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8907-9/9129 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 50.000 manat məbləğində, “Kia Rio minik” markalı, 2018-ci i il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırkı real bazar qiyməti təxminən 20.500 manat, “Chevrolet Cruze minik” markalı, 2014-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırkı real bazar qiyməti təxminən 13.000 manat müəyyən edilir.

22. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 3267/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 39 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X20 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən, hal-hazırda xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.

İşin faktiki halları.

24. İlk iddiaçı Arzu Cümşüdova və qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X13 doğulmuşdur.

25. İlk iddiaçı Arzu Cümüşdova xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. xx.xx.2019cu il tarixdə ev üzərində Arzu Cümşüdovanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

26. Qarşılıqlı iddiaçı Cavabdeh adına xx.xx.2020-ci il tarixdə “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2022-ci il tarixdə “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmin avtomobillər xx.xx.2022-ci il tarixdə cavabdehin adından qeydiyyatdan çıxmışdır.

27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

28. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

31. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı.

Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailənikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir.

32. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı.

5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. 7.20. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

34. İşin hallarından görünür ki, həm ilk, həm də qarşılıqlı iddia tələbinin predmeti üç əmlakla bağlıdır: 1) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi; 2) “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil; 3) “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil.

35. Belə ki, ilk iddia tələbinə görə, yuxarıda qeyd edilmiş fərdi yaşayış evi ilk iddiaçının atasının bankdan götürdüyü kredit hesabına əldə edildiyindən tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak deyil və yalnız ilk iddiaçıya məxsusdur. Bunun əksinə, avtomobillər isə tərəflərin birgə nikahı dövründə onların ümumi əmlakı hesabına əldə edilmiş, buna baxmayaraq ilk iddiaçının razılığı olmadan satılmışdır. Bu səbəbdən cavabdeh sözügedən fərdi yaşayış evindən çıxarılmalı, ev ilk iddiaçıya təhvil verilməli, avtomobillərin qiymətinin yarısı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Qarşılıqlı iddia tələbinə görə isə mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə ümumi vəsait hesabına əldə olunduğundan onların birgə mülkiyyətindədir və bu səbəbdən qarşılıqlı iddiaçının həmin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Avtomobillərə gəldikdə isə qarşılıqlı iddiaçı avtomobil alqı-satqısı ilə məşğuldur və satdığı avtomobillərin pulu ilə yeni avtomobil alıb-satır. Mübahisəli avtomobillərdən birini (2) nikaha daxil olmazdan əvvəl aldığı avtomobili satıb, onun puluna yenisini alaraq, bir neçə alqı-satqıdan sonra əldə etmişdir. Yəni bu avtomobil onun nikah dövründə əldə etdiyi vəsait hesabına alınmamışdır. Digər avtomobil (3) isə ümumiyyətlə qarşılıqlı iddiaçıya yox, onun bacısı Lamiyə Həsənovaya məxsus olmuş, avtomobili aldığı gün bacısına etibarnamə vermişdir.

37. Göründüyü kimi, həm ilk, həm də qarşılıqlı iddianın mahiyyəti üzrə həll edilməsi üçün hər üç əmlaka münasibətdə bu əmlakların birgə nikah dövründə əldə edilmiş ümumi əmlak, yoxsa ər-arvadın hər birinin əmlakı olması məsələsi həll edilməlidir.

38. Məhkəmə, ilk növbədə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, bu ev tərəflərin birgə nikahı dövründə - xx.xx.2019-cu il tarixdə ilk iddiaçı Arzu Cümşüdova (Həsənova) tərəfindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Bununla belə, ilk iddiaçı iddia edir ki, bu əmlak onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edilmişdir.

39. İş materiallarından görünür ki, ilk iddiaçının atası Sabir Cümşüdov həqiqətən mübahisəli evin alqı-satqısına dair müqavilənin bağlandığı gündən bir gün əvvəl – xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 20000 manat məbləğində kredit götürmüşdür. İlk iddiaçının anası Şaxanım Cümşüdova isə həm bu öhdəliyin lazımınca icrasına zamin durmuş, həm də öhdəliyin icrasının təmini üçün özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Bundan bir gün sonra isə ilk iddiaçı Arzu Cümşüdova mübahisəli evi 22000 manata almışdır.

40. Məhkəmə hesab edir ki, bu iki hadisənin bir gün fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni ilk iddiaçının atasının alqı-satqıdan bir gün əvvəl bankdan kredit götürməsi mübahisəli evin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahisəli evin məhz ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi.

41. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhz bu məsələ ilə bağlı qeyd edilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.

42. Yəni hazırkı işin halları baxımından mübahisəli evin ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə belə, həmin vəsaitin ailəyə deyil, məhz ilk iddiaçıya bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak ilk iddiaçının şəxsi əmlakı hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavilə və s.) olmalıdır. Lakin hazırkı iş üzrə məhkəməyə belə bir sübut təqdim edilmədiyindən, yəni ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü krediti ev alması üçün məhz ilk iddiaçıya bağışlaması heç bir sübutla təsdiq edilmədiyindən bu ev ilk iddiaçının şəxsi əmlakı yox, tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak hesab edilməlidir. Bu səbəbdən qarşılıqlı iddiaçının əmlak üzərində payı müəyyən edilməlidir. Hazırkı iş üzrə tərəflər arasında payların müəyyən edilməsi ilə bağlı heç bir müqavilə olmadığından və payların qeyri-bərabər bölünməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən tərəflərin əmlak üzərində payları bərabər hesab edilməli, Cavabdeh əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir.

43. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının ev üzərində 1/2 hissədə payının müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi ilə ilk iddianın əlaqəli hissəsinin – cavabdehin evdən çıxarılması və evin birgə mülkiyyət hesab edilmədən ilk iddiaçıya təhvil verilməsi – təmin edilməsi istisna edilir. Çünki artıq yuxarıda qeyd edilənlərə əsasən, mübahisəli evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak olduğu nəticəsinə gəlinərək, Cavabdeh əmlak üzərində payı müəyyən edildiyindən əmlakın digər payçısı olan ilk iddiaçı Arzu Cümşüdovanın onun evdən çıxarılmasını və evin özünə təhvil verilməsini tələb etməsi əsassızdır. Eyni səbəbdən ilk iddiaçının həmin evə köçürülməsi tələbinə dair iddiası isə əsaslıdır. Belə ki, ilk iddiaçı Arzu Cümşüdova eynilə Cavabdeh kimi əmlakın mülkiyyətçisidir və payları ayrılmadığı müddətcə həmin əmlakdan bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Bu səbəbdən ilk iddia həmin evə köçürülmə hissəsində təmin edilməlidir.

44. Tərəflər arasında mübahisəli olan digər əmlaka - “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, bu avtomobil tərəflərin birgə nikahı dövründə - xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddiaçının adına qeydə alınmışdır. Qarşılıqlı iddiaçı iddia etmişdir ki, bu avtomobil birgə nikah dövründə alınsa da, avtomobilin əldə edilməsi üçün vəsait birgə nikah dövründə əldə edilmiş vəsait olmamış, o, avtomobil alqı-satqısı ilə məşğul olduğundan nikahdan əvvəlki dövrdə əldə etdiyi avtomobilləri sataraq onların pulu ilə hər dəfə yeni avtomobil almışdır. Bu səbəbdən nikaha daxil olduqdan 3 il sonra əldə edilmiş bu avtomobil əslində nikahdan əvvəlki dövrdə əldə etdiyi qazanc hesabına alınmışdır.

45. Məhkəmə, bununla bağlı qeyd edir ki, iş materiallarında olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatlardan (kompüter çıxarışından) görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh 2017-2022-ci illərdə altı avtomobil alıb-satmışdır. Bunlardan ikisi tərəflərin nikaha daxil olduğu tarixdən əvvəl – müvafiq olaraq xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə əldə edilmişdir. xx.xx.2017-ci il tarixdə əldə edilmiş avtomobilin (“BMW 528 minik” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı) xx.xx.2020-ci il tarixdə satılmasından 3 gün sonra – xx.xx.2020-ci il tarixdə “Chevrolet Cruze minik” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bu baxımdan həmin avtomobilin tərəflərin nikahından əvvəlki dövrdə qarşılıqlı iddiaçıya məxsus olmuş vəsait hesabına əldə edildiyi nəticəsinə gəlmək mümkündür. Lakin nəzərə alınmalıdır ki, ilk iddiaçı bu avtomobilə yox, bu avtomobildən 9 ay sonra – xx.xx.2020-ci il tarixdə alınmış “Chevrolet Cruze minik” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə tələb yönəltmişdir. Hansı ki, həmin avtomobilin alındığı tarixdən qısa müddət əvvəl qarşılıqlı iddiaçı tərəfindən satılmış hər hansı avtomobil olmamışdır. Bu baxımdan həmin avtomobilin qarşılıqlı iddiaçıya nikahdan əvvəlki dövrdə məxsus olmuş avtomobillərin satışı nəticəsində əldə edilmiş vəsait hesabına alınması nəticəsinə gəlmək mümkün deyil.

46. Bu hissədə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı iddia edir ki, o, avtomobilləri rəsmi alqı-satqıdan xeyli əvvəl etibarnamə əsasında “satdığından” onun yeni avtomobil alma tarixi əvvəlki avtomobilin rəsmi satış tarixləri ilə üst-üstə düşmür. Qarşılıqlı iddiaçının bildirdiyinə görə, yuxarıda qeyd edilmiş xx.xx.2020-ci il tarixdə aldığı “Chevrolet Cruze minik” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi alqı-satqısı xx.xx.2023cü il tarixdə olsa da, avtomobilin faktiki (etibarnamə əsasında) “alqı-satqısı” xx.xx.2020-ci il tarixdə baş tutmuş, həmin “alqı-satqı”dan 1 həftə sonra – xx.xx.2020-ci il tarixdə tərəflər arasında mübahisəli olan avtomobil (“Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı) əldə edilmişdir.

47. İş materiallarında olan kompüter çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən həmin avtomobilin idarə edilməsi üçün Nurlan Eybullayev adlı şəxsə etibarnamə verilmişdir. Avtomobillərin etibarnamə əsasında qeyri-rəsmi “alqı-satqısı” respublikada geniş yayılmış praktika olsa da, nəzərə alınmalıdır ki, bu hal avtomobilin rəsmi (müqavilə əsasında) alqı-satqısına münasibətdə istisna hal hesab olunur. Yəni avtomobilin özgəninkiləşdirilməsinin rəsmi olaraq tanınan, etibarlı yolu müqavilə əsasında baş tutan alqı-satqıdır. Bu vəziyyətdə əgər hər hansı bir şəxs avtomobilini bu qaydadan kənar, qeyri-rəsmi üsulla, etibarnamə əsasında “satdığını” iddia edirsə, bu “satışın” həqiqətən baş tutduğunu sübut etmək onun üzərinə düşür. Bu halın mötəbər sübutlarla təsdiq edilmədiyi istənilən halda isə avtomobilin alqı-satqı tarixi elə avtomobilin rəsmi olaraq özgəninkiləşdirildiyi tarix hesab olunmalıdır. Hazırkı işdə müvafiq orqanın kompüter sistemindən çıxarışda qarşılıqlı iddiaçının yuxarıda qeyd edilmiş avtomobil üçün xx.xx.2020-ci il tarixdə başqa şəxsə etibarnamə verdiyi görünsə də, bu mütləq olaraq o mənaya gəlmir ki, həmin avtomobil bu etibarnamənin verildiyi tarixdə faktiki olaraq “satılmışdır”. Ən azından ona görə ki, həmin avtomobilə görə başqa şəxslərə də müxtəlif tarixlərdə etibarnamələr verilmişdir. Bu vəziyyətdə digər etibarnamələrlə yox, məhz xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamə ilə faktiki “alqı-satqı”nın baş tutmasının da sübuta yetirilməsi zərurəti yaranmışdır. Buna baxmayaraq, qarşılıqlı iddiaçı tərəfindən işin bu halları ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə həmin avtomobilin elə rəsmi alqı-satqı tarixində - xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirildiyi nəticəsinə gəlir. Bununla da məhkəmə, qarşılıqlı iddiaçının bu avtomobilin nikahdan əvvəlki dövrdə ona məxsus olmuş avtomobilin satışından əldə edilmiş gəlir hesabına əldə edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir və avtomobilin tərəflərin birgə nikahı dövründə ümumi gəlirləri hesabına əldə edildiyi nəticəsinə gəlir.

48. Tərəflər arasında mübahisəli olan üçüncü əmlak - “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobildir. Hansı ki, ilk iddiaçının mövqeyinə görə, bu avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına əldə edilsə də, qarşılıqlı iddiaçının bildirdiyinə görə, bu avtomobil ümumiyyətlə ona yox, bacısı Lamiyə Həsənovaya məxsus olmuşdur. Qarşılıqlı iddiaçı öz mövqeyini belə əsaslandırmışdır ki, o, bu avtomobili elə aldığı gün – xx.xx.2022-ci il tarixdə avtomobillə bağlı bacısına etibarnamə vermişdir. Həmçinin bacısı Lamiyə Həsənovanın bu avtomobilin alınmasından əvvəl bankdan kredit götürməsi barədə iş materiallarında sübutlar mövcuddur.

49. Məhkəmə qeyd edir ki, həqiqətən iş materiallarında X5 avtomobilin alınması ərəfəsində bankdan kredit götürdüyünü göstərən sənədlər mövcuddur. Bununla belə, yuxarıda ilk iddiaçının atasının götürdüyü kreditə münasibətdə qeyd edildiyi kimi, qarşılıqlı iddiaçının bacısının bu avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi ilə avtomobilin alınması arasında mütləq səbəbli əlaqə yoxdur. Yəni qarşılıqlı iddiaçının bacısı həmin krediti başqa məqsədlə də götürə, yaxud bu vəsaiti avtomobil alması üçün qardaşına bağışlaya bilərdi. Bundan əlavə, qarşılıqlı iddiaçının avtomobili aldığı xx.xx.2022-ci il tarixdə bacısına etibarnamə verməsi avtomobilin faktiki olaraq bacısına məxsus olduğu mənasına gəlmir. Ən azından ona görə ki, qarşılıqlı iddiaçının həmin avtomobili bacısı Lamiyə Həsənovaya rəsmi olaraq satdığı xx.xx.2022-ci il tarixdə bacısı Lamiyə Həsənova da ona avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, əgər bu etibarnamə faktiki “alqı-satqı” kimi qəbul olunursa, qarşılıqlı iddiaçının bacısı Lamiyə Həsənovanın avtomobili rəsmi olaraq aldığı gün qardaşına etibarnamə verməsi də eyni qaydada “alqı-satqı” kimi qəbul olunmalıdır.

50. Bundan əlavə, nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə icraatı gedişində avtomobillərin kimə məxsus olması ilə bağlı qeyri-səmimi mövqe sərgiləmişdir. Belə ki, o, məhkəmə iclaslarında verdiyi izahatlarda və məhkəməyə təqdim etdiyi iddiaya etirazlarda mübahisə edilən hər iki avtomobilin özünə məxsus olduğunu, bu avtomobilləri işi (avtomobil alqı-satqısı) ilə əlaqədar əldə etdiyini, hər avtomobilin satışından əldə etdiyi vəsaitlə digər avtomobili aldığını iddia etmiş, avtomobillərin hansınınsa bacısına məxsus olması barədə heç bir məlumat verməmişdir. O, yalnız son dövrlərdə - 2024-cü ilin iyul ayından etibarən avtomobillərdən birinin bacısı Lamiyə Həsənovaya məxsus olduğunu iddia etməyə başlamış, lakin işin məhkəmənin icraatında olduğu kifayət qədər uzun müddət ərzində nəyə görə bu hala heç vaxt istinad etməməsini əsaslandırmamışdır.

51. Belə olan halda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, bu avtomobillərin tərəflərin birgə nikahı dövründə qazanılmış ümumi gəlir hesabına əldə edilməməsi barədə qarşılıqlı iddiaçının dəlilləri ilə razılaşmır və hər iki avtomobilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olduğu nəticəsinə gəlir.

52. Bununla belə, iş materiallarından görünür ki, hər iki avtomobil xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən satılmışdır. Avtomobillərin hər ikisi tərəflərin birgə nikahı dövründə satılsa da, ilk iddiaçı iddia etmişdir ki, onlar həmin dövrdə faktiki ayrı olmuşlar və cavabdeh avtomobillərin hər ikisini onun razılığı olmadan satmış, həmin dövrdə ayrı olduqlarından əldə edilmiş gəlir ailəyə sərf olunmamışdır. Öz növbəsində qarşılıqlı iddiaçı isə qeyd edilənləri qəbul etməmiş, ilk iddiaçı ilə 2022-ci ilin noyabr ayında mübahisə etdiklərini, bu səbəbdən ilk iddiaçının atası evinə getdiyini, lakin bir müddət sonra – 2023-cü ilin may ayından barışaraq birlikdə yaşadıqlarını, ilk iddiaçının avtomobillərin satışından məlumatı olduğunu bildirmişdir.

53. Məhkəmə, ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixli qətnamə əsasında pozulsa da, tərəflərin faktiki ayrılıq tarixinin bundan xeyli əvvəlki tarixə təsadüf etməsi, bu səbəbdən ilk iddiaçının avtomobillərin satışından məlumatsız olması mümkündür. Lakin bu nəticəyə gəlmək üçün tərəflərin faktiki olaraq ayrıldıqları vaxt, daha doğrusu hər iki avtomobilin satıldığı xx.xx.2022-ci il tarixdə onların faktiki olaraq ayrı olub-olmamaları müəyyən edilməlidir.

54. Hansı ki, qarşılıqlı iddiaçı Cavabdeh hər nə qədər məhkəmə iclasında verdiyi izahatlarında əksini iddia etsə də, iş materiallarından görünür ki, o, arvadı Arzu Cümşüdovanın şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə verdiyi izahatda arvadı İddiaçı (Cümşüdova) ilə 8 aya yaxındır ki, birgə yaşamadıqlarını, bu səbəbdən evin qapısının kilidini dəyişdirdiyini bildirmişdir. Bu izahatın 2023-cü ilin iyun ayında verildiyi nəzərə alındıqda, qarşılıqlı iddiaçının iddia etdiyindən fərqli olaraq 2023-cü ilin may ayında barışmadıqları, əksinə 2022-ci ilin noyabrından faktiki ayrıldıqdan sonra birlikdə yaşamadıqları müəyyən olunur.

55. İş materiallarında olan digər sübutlar da işin bu halını təsdiq edir. Belə ki, məhkəmənin qərardadı əsasında ilk iddiaçı Arzu Cümşüdovanın istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsi məlumatları əldə edilmişdir. Həmin məlumatların olduğu CD-yə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə qədər Arzu Cümşüdovanın demək olar ki, bütün telefon danışıqları Suraxanı rayonu, Əmircan qəsəbəsindəki ünvanda (tərəflərin birlikdə yaşadıqları ünvan) baş tutsa da, həmin tarixdən sonra Arzu Cümşüdovanın bir dəfə belə həmin ünvanda telefon danışığı olmamış, bütün danışıqlar başqa ünvanlarda baş tutmuşdur.

56. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı Cavabdeh hər iki avtomobili satdığı xx.xx.2022-ci il tarixdə onlar ilk iddiaçı Arzu Cümşüdova ilə faktiki olaraq ayrı olmuş, bundan sonra aralarındakı nikahın pozulmasına qədər ailə kimi birlikdə yaşamamışlar. Məhkəmə, ilk iddiaçının birlikdə yaşadıqları evdən alınan son anten məlumatının avtomobillərin satılmasından bir gün əvvələ - xx.xx.2022-ci il təsadüf etməsini nəzərə alaraq qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh arvadı ilə faktiki ayrıldıqları gündən sonrakı gün avtomobilləri satması işin yuxarıda qeyd edilmiş halları da nəzərə alındıqda bu satışdan arvadının xəbəri olmadığı nəticəsinə gəlməyə əsas verir.

57. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli avtomobillərin satış qiymətinin yarısı məbləğində pul qarşılıqlı iddiaçıdan ilk iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk iddiaçı razılığı olmadan bağlanmasına baxmayaraq, avtomobillərin alqı-satqı müqavilələrini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, bu halı müqavilələrin sonradan bəyənilməsi kimi qiymətləndirir. Hansı ki, bu halla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında (7.20-ci bənd) qeyd edilmişdir ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər.

58. İş materiallarında olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrindən görünür ki, mübahisə predmeti olan avtomobillərdən “Chevrolet Cruze” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobil 14000 manata, “Kia Rio” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil isə 26000 manata satılmışdır. Belə olan halda həmin avtomobillərin satış qiymətlərinin yarısı olan müvafiq olaraq 7000 manat və 13000 manat olmaqla, cəmi 20000 manat məbləğində pul ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddiaçı Arzu Cümşüdovaya (Həsənova) ödənilməlidir.

Məhkəmə xərcləri.

59. İş materiallarından görünür ki, ilk və qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edən hər iki tərəf 50 manat məbləğində mediasiya xərci çəkmiş, 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci 200 manat məbləğində olmuşdur.

60. Məhkəmə, həm ilk, həm də qarşılıqlı iddianın təmin edilmiş hissələrini nəzərə alaraq hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilməli, ekspertiza xərci isə tərəflər arasında bərabər bölünməlidir.

Məhkəmənin gəldiyi nəticə.

61. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7000 manat, “Kia Rio minik” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13000 manat, cəmi 20000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızına verilməli, iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 1/2 hissədə qarşılıqlı iddiaçı Cavabdeh, 1/2 hissədə ilk iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının payları müəyyən edilməli, ilk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilməli, 200 manat məbləğində ekspertiza xərcinin yarısı (100 manat) ilk iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızından, digər yarısı (100 manat) qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

62. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7000 manat, “Kia Rio minik” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13000 manat, cəmi 20000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 1/2 hissədə qarşılıqlı iddiaçı Cavabdeh, 1/2 hissədə ilk İddiaçı payları müəyyən edilsin. İlk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilsin. 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin yarısı (100 manat) ilk iddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızından, digər yarısı (100 manat) qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar