Məhkəmə qərarları › İş №e-2(010)-1425/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1425/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1425/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni Qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən evin xüsusi mülkiyyətində olan 2/1 hissəsindən əmlakları ilə birlikdə çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ 1048, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 73,9 kv.m olan fərdi yaşayış evinin ½ (2 hissə olan 36.95 kv.m) hissəsini Cavabdeh notariat qaydada verdiyi etibarnamə əsasında X4 13 iyun 2024-cü il tarixli, AN-1 siriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 70.000 (yetmiş min) manata almışdır. Cavabdehlə aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən həyata keçirilib. Həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ 1048, ünvan 1 ünvanına dair adına 22 iyun 2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Sənədlərdən göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ 1048, ünvan 1 ünvanının keçmiş mülkiyyətçisi tərəfindən ona 13 iyun 2024-cü il tarixdə satılıb. Alqısatqıdan sonra cavabdeh ondan xahiş edərək bildirdi ki, evdən çıxmaq üçün 4-5 ay möhlət versin, həmin müddət ərzində də hər ay kirayə haqqını verəcək. Onun səmimiyyətinə inanaraq ona möhlət vermişdir. Lakin iki ay kirayə haqqqı verdikdən sonra kirayə haqqını dayandıraraq, evi də təhvil verməmişdir. Ona evi boşaltmasını bildirsə də hər dəfə evi boşaldacağı barədə vədlər versə də hal-hazıradək evi boşaldıb ona təhvil verməmişdir. O da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə olunmuş 13 iyun 2024-cü il tarixli, AN-1 siriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ 1048. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsini Cavabdeh notariat qaydada verdiyi etibarnamə əsasında X4 70.000 manata almışdır. 22 iyun 2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ 1048, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisidir. ünvan 3 Xidmət Mərkəzi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi - Yeni qaydalarla: AZ 1048, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və izahatına əlavə olaraq bildirdi ki, bizdə olan məlumata əsasən cavabdeh həmin evdə yaşamaqda davam edir. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları.

5. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X12 **********59-10301 qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 73.90 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X1, ½ hissəsi isə İddiaçı mülkiyyətindədir.

6. 04 mart 2025-ci il tarixli notariat işində olan: xx.xx.2024-cü il tarixli, X7 tərəfindən verilmiş notarial razılıq ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərindən biri olan Cavabdeh qeyd edilən fərdi yaşayış evində ona məxsus olan 1\2 hissəni satır, qanunvericiliyə görə hmin hissəni almaqda üstünlük hüququna malikdir,həmin hissəni almaq niyyətində olmadığını bildirmişdir. X2 xx.xx.2011-ci il tarixli, **********147 nömrəli notariat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********59-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyət üzrə əri Cavabdeh mülkiyyətində olan birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evinin ona məxsus ½ hissəsinin satılmasına etirazı yoxdur, razıdır. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini bəyan edən nikah müqaviləsi bağlanmamışdır. Cavabdeh (Satıcı) və İddiaçı (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə notariat qaydada bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 73.90 kv.m olan fərdi yaşayış evinin ona məxsus ½ hissəsini (36.95 kv.m) “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə “Satıcı”dan satdığı ½ hissəni 70.000 manat qiymətinə alır.

7. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç bir şəxs yoxdur.

8. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1406 nömrəli məktubdan görünür ki, 70.000 manat məbləğində pulun Cavabdeh adından xx.xx.2024-cü il tarixdə 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzin NO-də verilmiş 7E-10453 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X8 verilməsi üçün bankınızda olan AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülməsini xahiş etmişdir.

9. xx.xx.2024-cü il tarixli, 17-29 nömrəli kassa mədaxil orderindən görünür ki, 70.000 manat məbləğində pul İddiaçı tərəfindən X5 hesabına köçürülmüşdür.

10. AZ-T seriyalı, 032920 nömrəli “nikahın haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar.

İşin faktiki halları.

11. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, - Yeni qaydalarla: AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü ildən İddiaçı mülkiyyətindədir. İddiaçı tələbində ona əsaslanır ki, evin 1\2 hissəsini alandan sonra cavabdeh ondan bir müddət möhlət istəmiş, sonra isə mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, evin 1\2 hissəsi onun adına olsa da, faktiki olaraq başqa şəxslərin olub və ev də ədalətsiz şəkildə satılıb. Tələbin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi

144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – Əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – Əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə , onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

Maddə 324. Əqd anlayışı və onun növləri

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

14. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı.

Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

16. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

17. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

18. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı mübahisə obyekti olan evin 1\2 hissəsi cavabdehdən alqı-satqı müqaviləsi əsasında almış və onun mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. İddiaçı bu hüququna əsaslanaraq, əmlakın boşaldılmasını və ona təhvil verilməsini xahiş edir. Cavabdeh etirazını onunla əsaslandırır ki, evin 1\2 hissəsi faktiki sahibləri başqa şəxslərdir və alqı-satqı da əslində onların iradələrindən kənar baş verib. Başqa sözlə, evin 1\2 hissəsi satılmamalı olduğu halda və ya daha baha satılmalı olduğu halda, qeyd edilən formada satılmışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, hazırkı işdə ilk növbədə tərəflər arasında bağlanmış notarial alqı-satqı müqaviləsinə hüquqi qiymət verilməlidir. Evin 1\2 hissəsinin iddiaçının mülkyyətinə keçməsinə əsas olmuş müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə qanunvericiliyin daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur. Deməli, həmin müqavilənin əhəmiyyətsiz əqd olması üçün hər hansı əsas yoxdur. Məhkəmə işin hallarına qiymət verərək, iddia tələbini əsaslı hesab edir, buna münasibətdə isə cavabdehin etirazını əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evin 1\2 hissəsinə mülkiyyət hüququ var və onun bu mütləq əşya hüququ cavabdehdən və digər şəxslərdən müdafiə olunmalı, cavabdeh həmin evdən əşyaları ilə çıxarılmalı, ev boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Cavabdeh tərəfin həmin evdə qalmasını, eyni zamanda evin iddiaçıya məxsus 1\2 hissəsinin boşaldılıb iddiaçıya təhvil verilməməsini şərtləndirən hər hansı hüquqi əsas yoxdur.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan ½ hissəsindən çıxarılməlı, həmin ev boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan giriş 44 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AZ1048, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan ½ hissəsindən çıxarılsın, həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Səyavuş Aslan giriş 44 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar