Məhkəmə qərarları › İş №e-2(010)-1648/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1648/2023

17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1648/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiаçı X3 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı X5 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317c ünvanında yerləşən 0.2 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobili üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanda yerləşən 0.2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin həmin nikahdan 2 övladları – xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. İddiaçı və cavabdeh bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Tərəflər arasında nikahın Sabunçu Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulması, hər iki uşağın ananın yanında saxlanılması, uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı və Cavabdeh birgə nikah dövründə birgə vəsait hesabına daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Belə ki, iş üzrə tərəflər birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanda 0.2 ha torpaq sahəsi almışdır. Bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmış və bu barədə ******* saylı çıxarış verilmişdir. Torpaq sahəsini əldə etdikdən sonra İddiaçı və Cavabdeh onu mişar daşı ilə hasarlamış, əvvəl dəmir darvaza qoymuş, daha sonra pultla işləyən darvaza ilə dəyişmişlər. Torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Evin tikintisinə 50000 manatdan çox vəsait xərclənmişdir. Fərdi yaşayış evi inşa olunduqdan sonra əsaslı təmir olunmuş, qaz, işıq, su ilə təchiz edilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra iş üzrə tərəflər övladları ilə birlikdə həmin evə köçmüş, əşyalarını həmin evə yerləşdirmiş, münasibətləri pozulub ayrılanadək də həmin evdə yaşamışlar. Həmçinin iş üzrə tərəflər birgə nikah dövründə “Chevrolet Orlando” markalı 7 nəfərlik sərnişin avtomobili əldə etmiş və evin başçısı kimi Cavabdeh adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317c ünvanında əldə edilmiş 0.2 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi, habelə “Chevrolet Orlando” markalı 7 nəfərlik sərnişin avtomobili İddiaçı və Cavabdeh birgə nikahı dövründə onların birgə vəsaiti hesabına əldə olunduğu üçün həm ailə qanunvericliyinin, həm də mülki qanunvericiliyin tələbinə görə iş üzrə tərəflərin ümumi mülkiyyəti hesab olunur. Tərəflərin birgə nikah dövründə, birgə vəsaiti hesabına əldə olunmuş və Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanında əldə edilmiş 0.2 ha torpaq sahəsi üzərində, habelə “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobili üzərində İddiaçı payı müəyyən edilməlidir. Tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri 0.2 ha torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə həmin evin inşasına və təmirinə çəkilmiş vəsaitin 1/2 hissəsi iddiaçıya aid edilməlidir. Çünki həmin vəsait iş üzrə tərəflərin birgə nikahı dövründə əldə etdikləri vəsait olmuşdur. Yalnız evin inşasına 50000 manatdan çox vəsait xərclənmişdir. Belə olan halda evin tikintisinə və təmirinə çəkilmiş xərcin 1/2 hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

İddia tələbinin həcminin artırılması.

3. İddiaçı X5 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317c ünvanında yerləşən 0.2 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobili üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobilinin real bazar dəyərinin 1/2 hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanında yerləşən 0.2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi, “Electrolux” markalı və “Supremax” markalı 2 ədəd kondinsioner, “Vestel” markalı 1 ədəd televizor, “LG” markalı 1 ədəd soyuducunun 1/2 hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi və həmin əşyaların dəyərinin 1/2 hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh mütəxəssisin evə daxil olaraq əşyaları və evi qiymətləndirməsinə icazə vermişdir. Belə ki, ev faktiki olaraq cavabdehin sahibliyindədir. Buradan da görünür ki, onun məhkəmə prosesindən məlumatı var. Lakin o özü demişdir ki, məhkəmə iclaslarında iştirak etməyəcək. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakların qiymətləndirilməsi həyata keçirilmişdir. Həmin qiymətlərlə razıdırlar və iddianın həmin qiymətlərə uyğun təmin edilməsini tələb edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 2957/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 1753 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2020cu il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılması müəyyən edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2957/2022 nömrəli qərardadının icrası (tutulmalar aparılmışsa) nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər birinə görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması, qətamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdlr.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş kompüter çıxarışından görünür ki, “Chevrolet Orlando” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda da onun adına qeydiyyatdadır.

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanda yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2023-cü il tarixə bazar dəyəri 65000 manat təşkil edir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 13700 manat təşkil edir.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 63 nömrəli məişət əşyalarının qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanında saxlanılan “Electrolux” markalı kondisionerin bazar dəyəri 250 manat, “Supermax” markalı kondisionerin bazar dəyəri 250 manat, “Vestel” markalı televizorun bazar dəyəri 400 manat, “LG” markalı soyuducunun bazar dəyəri 500 manat olmaqla, məişət əşyalarının ümumi bazar dəyəri 1400 manat təşkil edir.

İşin faktiki halları.

12. X5 və Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur.

13. ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir.

14. “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. İddia tələbindən görünür ki, tələb dörd hissədən ibarətdir: 1) ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi; 2) ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi; 3) “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi və bu paya uyğun olaraq avtomobilin bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi; 4) birgə nikah dövründə əldə edilmiş məişət əşyaları üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi və bu paya uyğun olaraq həmin əşyaların bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi.

21. Məhkəmə bu tələblərin hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir:

1) ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi.

22. İş materiallarından görünür ki, ünvan ünvanında yerləşən 0.02 ha (İddia tələbində 0.2 ha olduğu qeyd edilsə də, iş materiallarından görünür ki, torpaq sahəsinin ölçüsü 0.02 ha-dır) torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

23. İş üzrə tərəflər 2009-2022-ci il tarixlərdə nikahda olmuşdur. Belə olan halda torpaq sahəsi tərəflərin birgə nikahı dövründə cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

24. Məhkəmə qeyd edir ki, ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksi sübut edilmədiyi müddətcə tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklar onların ümumi mülkiyyəti hesab olunur. Bu baxımdan əgər cavabdeh iddiaçı ilə nikahı dövründə əldə etdiyi torpaq sahəsini nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, ya da digər əvəzsiz əqdlər üzrə əldə etdiyini, yaxud ümumiyyətlə həmin torpaq sahəsinin nikaha daxil olanadək özünə məxsus olduğunu sübuta yetirə bilməmişdirsə, bu torpaq sahəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak kimi onların ümumi birgə mülkiyyəti hesab edilməlidir.

25. Belə olan halda məhkəmə hesab edir ki, ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə iddiaçı X3 payı müəyyən edilməlidir.

26. Belə ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (§ 17).

2) ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi.

27. İddiaçı Zümrüd Ağamaliyeva iddia etmişdir ki, cavabdehlə birgə nikahı dövründə alınmış torpaq sahəsində onların birgə nikahı dövründə fərdi yaşayış evi tikilmişdir. Həmin ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmadığından iddiaçı ev üzərində payının tanınmasını yox, evin tikintisinə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq özünə verilməsini xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, sözügedən evin həqiqətən tərəflərin birgə nikahı dövründə tikilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından həmin torpaq sahəsi üzərində həqiqətən fərdi yaşayış evi tikildiyi görünür. Belə ki, evin və içindəki məişət əşyalarının qiymətləndirilməsi zamanı mütəxəssis evə baxış keçirmiş və evin fotoşəkilləri çəkilərək müvafiq rəyə əlavə edilmişdir. Lakin yalnız bu evin mövcudluğu faktı əsasında evin tərəflərin birgə nikahı dövründə tikildiyi nəticəsinə gəlmək mümkün deyil.

29. Nəzərə alınmalıdır ki, evin tərəflərin birgə nikahı dövründə tikildiyini sübut etmək iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. Yəni mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

32. Məhkəmə hesab edir ki, evin tikildiyi torpaq sahəsinin tərəflərin birgə nikahı dövründə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmış olması onun üzərində tikilmiş evin mütləq şəkildə birgə nikah dövründə tikilmiş olması nəticəsinə gəlməyə imkan vermir. Ən azından ona görə ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Bu baxımdan cavabdehin həmin evi iddiaçı ilə olan ailə münasibətləri pozulduqdan sonra tikmiş olması ehtimalı da var və iddiaçı ən azından bu ehtimalı istisna edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

33. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli evin tərəflərin birgə nikahı dövründə tikilmiş olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia bu evə çəkilmiş xərclə bağlı hissədə təmin edilə bilməz.

3) “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi və bu paya uyğun olaraq avtomobilin bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi.

34. İş materiallarında olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatdan görünür ki, “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2015-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Yəni avtomobil tərəflərin nikahda olduğu 2009-2022-ci illər aralığında alınmışdır.

35. Məhkəmə bu qərarın 24-cü bəndində istinad edilmiş ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasına əsasən təkrar edir ki, bu prezumpsiyaya əsasən əksi sübut edilmədiyi müddətcə tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklar onların ümumi mülkiyyəti hesab olunur.

36. Belə olan halda iddiaçı həmin avtomobil üzərində 1/2 hissədə payının bölünməsini tələb etməkdə haqlı olmuşdur.

37. Lakin avtomobilin dəyərinin yarısının iddiaçıya ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mahiyyətcə bu, paylı mülkiyyətdən payın kompensasiya ödənilmək yolu ilə ayrılması tələbidir. Halbuki yalnız əmlakın paylı mülkiyyətçisi əmlak üzərində olan payının ayrılmasını tələb edə bilər. Bu qətnamə ilə iddiaçının avtomobil üzərində payı tanınsa da iddiaçının avtomobilin paylı mülkiyyətçisi kimi məhkəməyə müraciət etmədiyi, onun yalnız bu qətnamə bu hissədə qanuni qüvvəyə minərsə avtomobilin paylı mülkiyyətçisi olacağı nəzərə alınmalıdır.

38. Həmçinin nəzərə alınmalıdır ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilərlər. Yalnız bu cür razılığın əldə edilmədiyi halda paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçının avtomobil üzərində payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra, iddiaçı öz payının kompensasiya ödənilmək yolu ilə (paylı mülkiyyətdə olan əmlak avtomobil olduğundan payın naturada ayrılması mümkün olmadığına görə) ayrılması üçün digər payçı olan cavabdehə müraciət edə bilər. Bundan sonra əgər payçılar arasında iddiaçının payının ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilməzsə, iddiaçı öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

39. Odur ki, iddia avtomobillə bağlı yalnız avtomobil üzərində iddiaçının 1/2 hissədə payının tanınması hissəsində təmin edilməlidir. Lakin o da qeyd edilməlidir ki, iddiaçı gələcəkdə avtomobilin paylı mülkiyyətçisi kimi avtomobildən payının ayrılmasını tələb etmək hüququnu özündə saxlayır. 4) Birgə nikah dövründə əldə edilmiş məişət əşyaları üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi və bu paya uyğun olaraq həmin əşyaların bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi.

40. İddiaçı Zümrüd Ağamaliyeva iddia etmişdir ki, cavabdehlə birgə nikahı dövründə “Electrolux” markalı və “Supremax” markalı 2 ədəd kondinsioner, “Vestel” markalı 1 ədəd televizor və “LG” markalı 1 ədəd soyuducu almışlar. Odur ki, o, həm də bu əşyalar üzərində 1/2 hissədə payının tanınmasını və əşyaların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir.

41. Məhkəmə hesab edir ki, iddia məişət əşyaları ilə bağlı hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarından bu əşyaların həqiqətən yuxarıda qeyd edilmiş fərdi yaşayış evində olduğu müəyyən olunsa da (Mütəxəssis evdəki həmin əşyalara baxış keçirərək fotoşəkilləri rəyə əlavə etmişdir), bu əşyaların tərəflərin birgə nikahı dövründə əldə edildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

42. Belə olan halda məhkəmə bu qətnamənin 29-31-ci bəndlərində bəhs edilmiş mülki məhkəmə icraatında sübutetmə yükü ilə bağlı qeyd edilənlərə əsasən iddianın yuxarıda qeyd edilmiş məişət əşyalarına münasibətdə təmin edilməməsi nəticəsinə gəlir.

Məhkəmə xərcləri.

43. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

44. İş materiallarında "xxxx" MMC tərəfindən verilmiş fərdi yaşayış evinin, avtomobilin və məişət əşyalarının qiymətləndirilməsi ilə bağlı üç ayrı mütəxəssis rəyi mövcuddur. Bu rəylərdən biri (məişət əşyaları) üçün xidmət haqqı 200 manat, digəri (avtomobil) üçün xidmət haqqı 150 manat, sonuncusu (məişət əşyaları) üçün xidmət haqqı 50 manat məbləğində müəyyən edilmişdir.

45. Məhkəmə, məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərdən tutulduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, fərdi yaşayış evi, avtomobil və məişət əşyalarının qiymətləndirilməsi üçün cəmi 400 manat məbləğində mütəxəssis xidməti haqqı isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

46. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçı X3 payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 400 manat xidmət haqqı iddiaçıdan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

47. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçı X3 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X4 ödənilsin. 400 (dörd yüz) manat məbləğində mütəxəssis xidməti haqqı iddiaçı X2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ******************** nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar