Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-17/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 2940 manat (iki min doqquz yüz qırx manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49.80 manat (qırx doqquz manat səksən qəpik) məbləğin Cavabdeh alınaraq iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21070” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2019-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması Xətai Rayon DYPŞ-nin X3 Haqqında qərarında öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7940 AZN (yeddi min doqquz yüz qırx manat) sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh şəxsin İcbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 5000 AZN (beş min manat) hissəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qarşılanmışdır. İddia tələbinə etirazın dəlilləri Sığorta şirkəti subroqasiya hüqunun yaranmasını sübut edən, sığorta müqaviləsi və onun əlavələri, sığorta ödənişini alamaq hüququ olan şəxslərin dairəsi və bu şərtləri özündə əks etdirən digər sənədləri məhkəməyə təqdim etməlidir. İkincisi, iddiaçı yalnız özünə sərf edən sənədləri məhkəməyə təqdim etmişdir. Belə ki, iş üçün vacib hesab olunan sığortalı “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən öncə və hadisədən sonra olan foto şəkilləri sənədlər arasında görünmür. Hazırkı mübahisə detallı şəkildə araşdırılsa iddiaçının subroqasiya hüququnun yaranması sual altında olacaqdır. Həmçinin hadisə vaxtı sığortalı “Volkvagen Polo” markalı, 90 PS dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manatdan artıq zərər vurulması mümkünsüzdür. Amma sığorta şirkəri dolayı yolla (hansısa qiymətləndirmə ilə öz maraqlarına uyğun) sığortalı avtomobilə dəymiş zərəri 7940 manat müəyyən etmişdir. Həmin avtomobilin foto şəkilləri məhkəməyə təqdim olunandan sonra müəyyən etmək olacaq ki, sığorta şirkəti dəymiş zərəri həddən artıq şişirtmişdir. İddiaçının tələbinin təmin olunması mülki qanunvericilikdə müəyyən olunmuş əsassız varlanma səbəb ola bilər. Tərəflərin izahatları İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, mülki iş üzrə indiyə qədər təyin edilmiş bütün məhkəmə ekspertizası rəylərindən görünür ki, nəqliyyat vasitəsinə dəymiş zərər hətta iddiaçının qiymətləndirdiyi məbləğdən də artıq olaraq müəyyən edilmişdir. Çünki, avtomobil iş materiallarından da görünür ki, 2018-ci il buraxılışlı olmuş, 2019-cu ildə isə hadisə baş vermişdir. Yəni hadisə baş verən tarixdə nəqliyyat vasitəsi cəmi 1 ildir ki, istismar olunmuşdur. Buna görə onun ehtiyat hissələrinin "xxxx" rəyində göstərilən həddə olması inandırıcı və real deyil. AR MPM-in 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bu halda sual yaranır: Nə üçün indiyə qədər dəfələrlə keçirilmiş məhkəmə ekspertizası rəyləri ilə sonuncu rəy (hansı ki ekspertizanın keçirilməsi ilə bağlı yaranmış xərci cavabdeh tam olaraq özü ödəmişdir, baxmayaraq ki, ekspertizanın keçirilməsi üçün xidmət haqqı tərəflər arasında bölüşdürülmüş şəkildə ödənilməli idi) arasında bu qədər məbləğ fərqi var? Cavabdehin nümayəndəsi dəymiş zərər məbləğinə edilmiş endirim məbləğini mübahisələndirsə də, bunun hazırki mülki işə heç bir aidiyyatı yoxdur. Çünki iddiaçı onsuz da cavabdehdən endirimdən əvvəlki qiyməti yox, endirimli məbləğə uyğun ödənişi tələb edir. Rəsmi servisin ödənişə endirim tətbiq etməsi hər bir halda cavabdehin də xeyrinə olmuşdur. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini, zərurət olduqda isə yenidən ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin başqa müstəqil ekspertizə mərkəzinə tapşırılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi ən azı iki dəfə şişirdilmişdir. Yəni, sığortalı avtomobilin zədələmiş şəkildə foto şəkillərindən də bunu görmək mümkündür. Həmin işdə ziddiyyətli məqamların olması səbəbindən ekspertizalar keçirilmiş və cavabdehə qarşı irəli sürülən tələbin həddən artıq yüksək olması ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur. İddiaçının tələbinin rədd olunması üçün aşağıdakı məqamları ardıcıllıqla yenidən məhkəmənin diqqətinə çatdırır: Belə ki, məhkəməyə təqdim olunan sənədlərdən görünür sığortalı “Volkvagen Polo” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobillə Cavabdeh idarə etdiyi Vaz 2107 markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə maddi zərər vurulmuşdur. Həmin hadisədə zərərvuran E. Mirzəliyevin idarə etdiyi avtomobil olmuşdur. Sığortalı “Volkvagen Polo” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəyən zərər və onun təmiri üçün çəkilən xərclər “Euro Style” LTD-dən alınmış qüsur aktı ilə rııüəyyən olunur. Həmin aktda sığortalı avtomobil üçün öncə cəmi təmir xərcləri 9480 manat göstərilir. Lakin, “Euro Style” LTD hər hansı əsaslandırma olmadan 1840 manat endirim tətbiq edərək həmin avtomobilin cəmi təmir xərcini 7940 manat müəyyən etmişdir. Bu hal da özlüyündə zərərin həddən artıq şişirdilmiş məbləğ olduğunu göstərir. Yəni, sığorta şirkəti süni formada real olmayan məbləği ödəniş etməklə gələcəkdə bu məbləği tələb edəcəyi şəxs üçün çətin vəziyyətlər yaratmışdır. Cavabdehın idarə etdiyi avtomobilin icbari sığortalı olması səbəbindən 5000 manat pul vəsaiti "‘Atəşgah” Sığorta Şirkəti ASC-nin hesabına köçmüşdür. Hazırda İddiaçı Sığorta Şirkəti ASC cavabdehdən qalıq 7940-5000=2940 manat pul vəsaitini tələb edir. Lakin, cavabdeh tərəf olaraq hesab edirik ki, tələb rədd edilməlidir. Belə ki, iş materiallarında olan foto şəkillər və qüsur aktından görünür ki, “Volkvagen Polo” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin ön buferinin sağ krep-si, oblisovka, sol fara rekomplekt, sağ fara, sağ fara üstü dəmir krep, fara zaşelkası, su bacoku, ekran, ön bufer altı dəmir usilitel, kapot, arxa bufer, arxa buferin sağ otrajateli, arxa sağ qanad, sağ stop, arxa panel üstü hava pəncərəsi, arxa panel (üst), arxa panel (alt), baqaj rezini, knopka və baqaj içinin sağ obivkası hissələri zərərə məruz qalmışdır. Həmin hissələrin bəziləri təmir olunmuş və bəziləri isə yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Qiymətləndirmə və konsaltinq xidməti MMC-nin təqdim etdiyi rəydən görünür ki, sığortalı “Volkvagen Polo” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi həcmi 4520 manat təşkil edir. Qiymətləndirmə obyektinə dəymiş maddi ziyanın manatla ifadədə dəyərinin hesablanması üçün Qiymətləndirici xərc və müqayisə metodundan istifadə etmişdir. Həmin avtomobilə dəymiş ziyanın hesablanması zamanı “Euro Style” LTD-nin qüsur aktina istinad edilmişdir. Nəticə etibarı ilə 2019-cu il və indiki dövr üçün “Euro Style” LTD-nin qeyd etdiyi ehtiyyat hissələrinin və işçilik haqqının dəyərinin çox yüksək olması və həqiqəti əks etdirmədiyi bildirilmişdir. Həmin qiymətləndirmə sənədi məhkəməyə təqdim edilmişdir. Bundan sonra yenidən rəy verilməsi üçün iş ekspertizaya göndərilmişdir. "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, sığortalı “Volkvagen Polo” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi həcmi 4580 manat təşkil edir. İki ayrı qiymətləndirmə və mütəxəssis rəyləri ilə aydın olur ki, sığorta şirkətinin tələbi həddən aıtıq şişirdilib. Sığorta şirkəti bununla da cavabdehdən əsassız olaraq artıq pul əldə etmək niyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sığortaçı sığorta hadisəsi baş verdikdə sığorta olunmuş şəxsin əmlakına dəymiş real zərər həcmində sığorta ödənişi verməlidir. Sığortaçı yalnız faktiki zərər qədər ödəniş etməli olduğu halda bunu etməmişdir. Əldə edilən ekspert və mütəxəssis rəylərindən görünür ki, sığortalı avtomobilə dəyən real zərər 4500 manat həddindədir. Buna görə də sığortaçının həmin məbləğ həcmində tələb hüququ yaranmışdır ki, bunu da zərərvuranın icbari sığortasına görə 5000 manat pulu artıq əldə etmişdir. Bu səbəbdən sığortaçının subroqasiya hüququ da qüvvədən düşmüşdür. AR MPM-nin tələblərinə görə sübutlar - iş üçün əhəmiyyəti olan, məhkəmə tərəfindən müəyyən edilmiş halların mövcudluğunu sübut edən istənilən məlumatdır. Hesab edir ki, müstəqil (neytral) ekspert və mütəxəssis rəyləri məhkəmə üçün daha əsaslı və inandırıcı olaraq qəbul olunmalı və iddia tələbi rədd edilməlidir. Məhkəmədən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinin rədd edilməsi, ekspertiza xərclərinin iddiaçıya aid edilməsi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına 250 manat və Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti MMC-nin hesabına köçürülən 100 manat pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin faktiki halları Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə növündə tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı iddia edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7940 manat məbləğində zərər vurulmuşdur. İddiaçı cavabdehin icbari sığorta şirkəti olaraq dəymiş 5000 manat məbləğində zərər məbləğini qarşılamışdır. İddiaçı “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən məbləğdən 2940 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. İş materialları xx.xx.2019-cu il tarixli X3 haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 19:00-da Nobel prospektində ərazisində “VAZ 21070” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafə qaydalarını pozmuş və nəticədə onun barəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli, 081826 nömrəli sığorta aktından görünür ki, “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 7940 manat məbləğində ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli, 94 nömrəli ödəniş tapşırığı və ona Əlavədən görünür ki, X1 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 7940 manat sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsinin, yəni 2940 manat sığorta ödənişinin 5 günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “Euro Style” LTD-nin xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir və bərpa xərcləri 7940 manat məbləğindədir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “EURO STYLE” LTD tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən 2018-ci il buraxılışlı “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3500 manat müəyyən edilir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8985 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 2018-ci il buraxılışlı “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. 1.Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9500 manat. Dəyişdirilməli hissələrin qiyməti 6000 manat, təmir bərpa işlərinin qiyməti-3500 manat, 2.Dəyişdirilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə 9260 manat o cümlədən, dəyişilməli hissələrin qiyməti 5760 manat, təmir bərpa işlərinin qiyməti 3500 manat. xx.xx.2024-cü il tarixli № AV 27-11/24 tarixli Azərbaycan Qiymətləndirmə və konsaltinq xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın manatla ifadədə müəyyən edilmiş dəyəri 2019-cu il tarixinə yuvarlaq olaraq 4520 manat təşkil edir. xx.xx.2025-ci il tarixli №420/E saylı mütəxəssis rəyindən görünür ki, Təqdim edilmiş foto-şəkillərə əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə ön buferinin sağ krep-si, oblisovka, sol fara remkomplekt, sağ fara, sağ fara üstü dəmir krep, fara zaşelkası, su bacoku, ekran, ön bufer altı dəmir usilitel, kapot, arxa bufer, arxa buferin sağ krep-si, arxa buferin orta krep-si, arxa buferin sağ kantı, arxa buferin sağ otrajateli, arxa sağ qanad, sağ stop, arxa panel üstü hava pəncərəsi, arxa panel (üst), arxa panel (alt), baqaj rezini, knopka və baqaj içinin sağ obivkası hissələri yararsız vəziyyətə düşmüşdür. “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yararsız vəziyyətə düşmüş hissəllərinin yenilərinin dəyəri ümumilikdə 2530 (iki min beş yüz otuz) azn təşkil edir. Təqdim edilmiş foto-şəkillərə əsasən “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmiri üçün usta xərci ümumilikdə 2050 (iki min əlli) azn təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə növündə tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı iddia edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7940 manat məbləğində zərər vurulmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə 7940 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı cavabdehin icbari sığorta şirkəti olaraq dəymiş 5000 manat məbləğində zərər məbləğini qarşılamışdır. Hazırki iddia tələbində iddiaçı “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən məbləğdən 2940 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyil. Məhkəmə hesab edir ki, hazırki iddia tələbii rədd edilməlidir. Belə ki, “Euro Style” LTD tərəfindən “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin (ehtiyat hissələrinin dəyişdirilməsi və işçilik xərci) hadisə baş verən tarixə 9480 manat olduğu, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqat nəticəsində isə sözügedən avtomobilə 9500 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Lakin, iki müxtəlif qiymətləndirici tərəfindən “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı hadisə yerində çəkilmiş foto şəkillər əsasında qiymətləndirmə aparılmış və aparılmış müvafiq qiymətləndirmələr nəticəsində, sözügedən avtomobilə dəymiş maddi ziyanın ümumi dəyərinin 2019-cu il tarixinə 4520-4580 manat aralığında olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən rəylərdən görünür ki, təqdim edilmiş qiymətləndirmə rəylərində də iddiaçının qeyd etdiyi adda ehtiyat hissələrinə zərər dəydiyi qeyd edilmiş, lakin həmin ehtiyat hissələrinin yeniləri ilə əvəz edilməsi üçün tələb edilən məbləğ aşağı müəyyən edilmişdir. Məhkəmə bunun işçiliyə münasibətdə də təkrarlandığını müəyyən edir. Məhkəmə iddiaçının daimi əsaslarla əməkdaşlıq etdiyi şirkətdən əldə etdiyi qüsur aktına və yalnız həmin akta əsaslanmaqla orada qeyd edilənlərlə tam olaraq eyni nəticəyə gələn ekspertiza mərkəzinin rəyinə münasibətdə müstəqil qiymətləndiricilərin hadisə yerindən çəkilmiş foto şəkillər əsasında gəldiyi nəticəni, yəni vurulmuş zərərin 5000 manatı keçməməsini daha obyektiv və mötəbər hesab edir. Məhkəmə xatırladır ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında köhnə ehtiyat hissələrinin iddiaçıda saxlanılmasını iddiaçının əsassız varlanmasına gətirib çıxardığını bildirmişdir. Məhkəmə yenisi ilə əvəz edilən köhnə ehtiyat hissələrinin qalığının cavabdehə təqdim edilməməsini hazırki iddia tələbi çərçivəsində cavabdehin xeyrinə nəzərə alınmalı hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, “Volkvagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə artıq 5000 manat ödənildiyindən, iddiaçı vurulmuş zərərə görə cavabdehdən 2940 manat pul vəsaiti tələb etməkdə haqlı olmamışdır. Məhkəmə xərcləri İddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 150 manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 150 manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 150 manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-17/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-17/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver