Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-228/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) əyarı 585, çəkisi 49 qram, qiyməti 3000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin 5400 manat pulun alınıb mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları yoxdur. O, nikahın pozulması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Artıq cavabdehlə heç bir ailə münasibətimiz qalmamışdır və bundan sonra da hər hansı bir münasibətin olması mümkün deyil. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək toy-nişan ərəfəsindən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını tələb edir. Bildirir ki, cavabdeh könüllü olaraq həmin əmlakları ona verməkdən imtina edir. Qızıl ziynət əşyaları:
1. komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram. qiyməti 3000 manat,
2. komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1300 manat
3. bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat
4. Bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan),
5. bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia tələbini müdafaiə edərək, tərəflərin rəsmi nikaha daxil olduğunu və sonradan boşandığını bildirmişdir. İddiaçı müalicə üçün anasının evinə getmişdir. Özü ilə qızıl aparmamışdır. Cavabdeh keçən məhkəmə iclasında döyüş əməliyyatlarında iştirak etmək üçün gedən zaman qızıları anasının yanına apardığını etiraf etmişdir. Şahidlər ifadələrində də iddiaçının qızıl gətirmədiklərini bildirmişdir. Ekspertiza rəyi verilmişddir. Ekspert təyin etdiyi qiymətlə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı 18 oktyabr 2020-ci ildə evdən çıxdığını və uşaq məsələsi ilə bağlı həkimə göndərildiyini bildirmişdir. Qaynatası anasına zəng edərək onu yarı yoldan aparmasını itəmişdir. Anasının onu dayanacaqdan götürdüyünü, evlərinə gedən zaman xəstə olduğunu, qonşularında orda olduğunu bildirmişdir. Həkim təbii yolla uşağın olmayacağını dedikdə, həkim dediklərini qaynanasına bildirmiş, qaynanası evə gəlməməsini demişdir. Lakin, yoldaşı qayıtmağı təklif etmişdir. Toydan sonra qızılları qaynanasının götürdüyünü və ancaq yığıncaqda taxmağa verdiyini qeyd etmişdir. Mərhum atası tərəfindən ona bağışlanmış qızıllar da (damla şəklində sırğalar və üzük) toyda bağışlanmış qızıllar ilə yoldaşına, o, isə, öz anasına saxlamağa vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmə protokolarına əsaslandığını və şahid ifadələrinin nə qədər yalan və əsassız olduğunu bildirmişdir. İddiaçının fərqli ifadələr verdiyini, qaynanasını ana dediyini, lakin sonradan qaynanasının oğlunu dediyini və onu döydüyünü evlərinə özünün müalicə alması üçün getdiyini sonrakı ifadələrində onu evdən göndərdiklərini bildirdiyini demişdir. Qızıl xanımın şəxsi mülkiyyətidir və xanımın özündədir. Sübutetmə vəzifəsi də iddiaçının özündədir. Bunları nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh hərbiçi olduğunu, qızılların onda və ya anasında olmadığını bildirmişdir. Müharibəyə 1 gün qalmış cavabehə bütün əşyaları yiğmasını bildirmiş, səhər tezdən öz anasıgilə Goradilə aparmışdır. Oradan da işə getmişdir. Müharibədən 4-5 gün sonra evə zəng vurduğunda, iddiaçının anası ilə danışıb, 1-2 günlük xəstə olduğu üçün anasıgilə getdiyini bildirmişdilər. Sonra özü ilə danışmış, iddiaçının uşaq istədiyini bildirdiyini qeyd etmişdir. İddiaçıya uşaqları olmasa belə həyatlarına davam edəcəklərini bildirdiyini qeyd etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X3 bildirdi ki, iddiaçının anasıdır. Cavabdeh tərəfin aldığı qızıllardan əlavə, yoldaşının aldığı qızılarını da qaytarılmadığını bildirmişdir. Yoldaşı rəhmətə getdiyi üçün aldığı 1 damla sırğa və 1 ədəd sürməyi qaşlı üzüyü qızına pay verdiyini, qızılları evin böyüyü olaraq qaynanasının götürdüyünü və qızılı itirər deyə vermədiyini bildirmişdir. Əlavə olaraq qızılları satıb qızının müalicə olunacağını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 bildirdi ki, iddiaçının anasının iş yoldaşıdır. İş yoldaşının işə gəlmədiyini, qızını qaynansı gildən gətirməyə getdiyini qeyd etmişdir. Onlara gedən zaman iş yoldaşının qızı ilə gəldiyini, iddiaçının özünü pis hiss etdiyini və üzərində qızıl olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 bildirdi ki, iddiaçının anasının qonşudur. Qızın anası ilə gəldiyi, vəziyyətinin yaxşı olmadığını və üzərində qızıl olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona təzə gəlin olduğunu niyə qızıl taxmadığını soruşduqda, qaynanasının qızıları itirər deyə onda aldığını bildirdiyini qeyd etmişdir. Həmçinin, atası hədiyyə verdiyi üzüyü əvvəllər iddiaçının barmağında görmüşdür. İş materialları. Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİ 233640 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında 30 oktyabr 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3047 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2016-ci il tarixdə toylarında 1 ədəd boyunbağı, 2 üzük, 1 bilərzik və bir cüt sırğa iddiaçının üzərindədir. Həmin fotoşəkillərdən, eyni zamanda görünür ki, iddia tələbinin obyekti olan qızıl-zinət əşyaları tərəflərin münasibətlərinin normal olduğu dövrdə iddiaçının üzərində olmuşdur. X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2018/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt Asan Xidməti Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 3047 saylı nikahın pozulması qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 77 nömrəli qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, 1. komplekt dəst bir ədəd boyunbağı, bir ədəd bilərzik əyarı 585, çəkisi 49 qram. qiyməti 2940 manat; 2. komplekt dəst bir cüt sırğa və bir ədəd üzük əyarı 585, çəkisi 15 qram, qiyməti 1200 manat 3. bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 490 manat 4. Bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, qiyməti 360 manat, 5. bir ədəd üzük (tünd göy qaşlı)- əyarı 583, çəkisi 4 qram, qiyməti 200 manat. Cəmi: 5190 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-9/10090/2024 saylı rəyindən görünür ki: 1. 585 əyar boyunbağı 1 ədəd, bilərzik 1 ədəd 49 qram, qiyməti (85 manat) ümumi qiyməti 4165 manat; 2. 585 əyarı bir cüt sırğa və bir ədəd üzük 15 qram, qiyməti(85 manat) ümumi qiyməti 1275 manat; 3. 585 əyar 1 ədəd nişan üzüyü 7 qram, (85 manat) ümumi qiyməti 595 manat; 4. 750 əyar, bir cür sırğa, damla tipli və setkalı 4 qram (110 manat), ümumi qiyməti 440,0 manat; 5. 583 əyar 1 ədəd üzük, çəkisi sürməyi (tünd göy) rəngdə qaşı olan 4 qram, (85 manat) 340,0 manat. Cəmi: 6815 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/10090 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti ...225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.... Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668. Bağışlama forması. Bağışlama vədi. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:... 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ...8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, tərəflər birgə nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin bir müddət sonra həmin nikah pozulmuşdur. Tərəflərin birgə nikahından övladları olmamışdır. Hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirir. O, cavabdehin ondan qızılları aldığını və öz anasına verdiyini qeyd etmişdir. İddiaçı övladı olmadığına görə müalicə almaq üçün anasının evinə getmişdir. Cavabdeh tərəf də öz ifadələrində bu halı, yəni anasının evinə daimi deyil, müalicə üçün getməsini, inkar etməmiş, iddiaçıya uşaqları olmasa belə həyatlarına davam edəcəklərini bildirmişdir. Məhkəmə hesab edir ki, bu halın özü tələb edilən əşyaların cavabdehə məxsus evdə qaldığının göstəricisidir. Müalicəyə gedən insanın bütün qızılları yığıb özü ilə aparması ağlabatan deyildir. Cavabdeh tərəf iddianı qəbul etməyərək bildirir ki, iddiaçı anasının evinə gedən zaman qızıl-zinyət əşyalarını da özü ilə götürüb aparmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh tərəf el adətinə görə toy hədiyyəsi qismində iddiaçıya qızıllar almışdır. İddiaçı həm cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızılları, həm də mərhum atasından hədiyyə qalmış qızıl əşyalarını cavabdehdən tələb etmişdir. Cavabdeh tərəf iddia tələbində göstərilmiş qızılların hər hansı birinin olub-olmamasını mübahisələndirməmiş, əksinə bütün qızılların iddiaçının şəxsi mülkiyyəti olduğundan özü ilə aparıdığını bildirmişdir. Bu tip mübahisələrdə adətən yazılı sübutların olmadığını nəzərə alan məhkəmə, tələb edilən qızıl dəstinin cavabdeh tərəfdə olub-olmaması qənaətinə gələrkən tərəflərin verdikləri izahatlara və işin ümumi hallarına əsaslanır. İddiaçının müalicə almaq üçün müvəqqəti olaraq anasının evinə getməsi halını məhkəmə iclasında dindirilən Cavabdeh və şahidlər X3, X7 və X5 təsdiq etmişdir. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür və ifadələri iş üzrə həqiqətin müəyyən edilməsində sübut kimi qəbul edir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, iddiaçı anasının yanına müalicə almaq üçün getmiş və evi tərk edəndə tərəflərin münasibətləri normal olmuşdur. Yəni, iddiaçının həmin vaxt boşanmaq niyyəti olmamışdır. Belə olan halda, iddiaçının anasının yanına müvəqqəti gedərkən qızıl-zinət əşyalarını özü ilə yığıb aparması inandırıcı deyil. Cavabdehin nümayəndəsi iddiaçı evdən gedərkən özünə məxsus qızılları apardığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutlarını təqdim edə bilməmişdir. Bu hal iddiaçını həmin əşyaların ona məxsus olmasını sübut etmək yükündən azad etməklə, MM-in 157.2-ci maddəsinin birinci dispozitiv şərtinin mövcud olmasını təsdiq etmiş olur. İddia tələbi məhz iki hissədən – qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsindən ibarətdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyində əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarı olmuşdur. Lakin, məhkəmə MPM-in 218.3-ci maddəsinin tələbini nəzərə alaraq həmin əşyaların qiymətini iddia ərizəsinə əsasən müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram, qiyməti 3000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin 5400 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddiaçı 24 manat dövlət rüsumu ödəmiş, qalan hissəsinin ödənilməsindən isə azad olunmuşdur. İddia ərizəsinin verilməsinə görə - 74 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 100 manatı cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram, qiyməti 3000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyaları və ya onların dəyəri 5400 manat pul alınıb İddiaçı qaytarılsın. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva