Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2524/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə 18 adda qeyd olunan əmlakların: 1. Bir ədəd qab Fantaziya komplekt 14 qram 585 əyar 1400 manat dəyərində, 2. Dörd ədəd üzük 6 qram 585 əyar 350 manat dəyərində, 3. Bir ədəd sırğa 8 qram 585 əyar 850 manat dəyərində, 4. Bir ədəd tək sırğa 6 qram 585 əyar 650 manat dəyərində, 5. Bir ədəd komplekt sırğa 11 qram 585 əyar 1000 manat dəyərində, 6. Bir ədəd üzük 9 qram 585 əyar 800 manat dəyərində, 7. Bir ədəd ət maşını (eurolux) 200 manat dəyərində, 8. Bir ədəd tost makinası (eurolux) 40 manat dəyərində, 9. Bir ədəd madonna servis 125 manat dəyərində, 10. Bir ədəd blendir (eurolux) 40 manat dəyərində, 11. İki ədəd kondinsoner (toshiba) 2000 manat dəyərində, 12. Bir ədəd böyük xalça merinos 300 manat dəyərində
13. Bir ədəd kiçik xalça merinos 200 manat dəyərində, 14. Yorğan döşək 200 manat dəyərində 15. Bir ədəd qazan dəsti (unico) 100 manat dəyərində, 16. Bir ədəd elektrik somavarı (eurolux) 100 manat dəyərində, 17. Bir ədəd video kamera (sony) 200 manat dəyərində, 18. Bir ədəd foto aparat (sony) 150 manat dəyərində, ümumi 8705 manat natura şəklində alınaraq verilməsi və ya 8705 manat əmlakların dəyərinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Qeyd edir ki, iddiacı İddiaçı Cavabdeh ilə rəsmi olaraq xx.xx.2006-cı il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Cavabdeh tərəfindən İddiaçı qarşı nikahın pozulması tələbi üzrə iddia qaldırmışdır, hal-hazırda e-2(010)-1241/2024 saylı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Bununla yanaşı, iddiaçı gəlin köçərkən yuxarıda adları qeyd olunan özünə məxsus cehiz əşyalarını cavabdehin yaşadığı ünvana gətirmişdir. Münasibətləri pozulduqdan sonra qeyd olunan əmlaklar halhazıradək həmin evdədir. Cavabdeh evə çəkilən xərcin ona düşən hissəsini və əmlakları verməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı evdən gedərkən qızılları aparıb, lakin sonra cavabdeh iddiaçıdan zorla qızılları geri alıb. Bir braslet və bir sepi cavabdeh iddiaçıya qaytarıb. İş materillarında olan qızıl-zinət əşyalarının şəkillərini iddiaçı cavabdehin evində çəkmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, qeyd etdi ki, tələb ediln qızıl-zinət əşyalarının hamısını iddiaçıya qaytarmış, digər əmlakları isə ev satılarkən iddiaçı tərəf özü yığıb aparmışdır. Bundan əlavə evi satandan sonra iddiaçıya 37000 manat pul da ödəyib.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddia tələbində qeyd olunan əmlakların heç biri cavabdehdə deyil. Qızıl-zinət əşyalarını cavabdeh aparmışdır. Digər əmlaklar isə ev satılan zaman aparılmışdır. Hətta ev satılan zaman da cavabdeh tərəfindən hallalıq məqsədilə iddiaçıya 37 000 (otuz yeddi min) manat məbləğində pul verilmişdir.
İş materialları
6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “qızıl-zinət və ev əşyalarının dəyərinin müəyyən edilməsi” barədə hesabatından görünür ki, Bir ədəd qab Fantaziya komplekt 14 qram 585 əyar 1400 manat dəyərində, Dörd ədəd üzük 6 qram 585 əyar 350 manat dəyərində, Bir ədəd sırğa 8 qram 585 əyar 850 manat dəyərində, Bir ədəd tək sırğa 6 qram 585 əyar 650 manat dəyərində, Bir ədəd komplekt sırğa 11 qram 585 əyar 1000 manat dəyərində, Bir ədəd üzük 9 qram 585 əyar 800 manat dəyərində, Bir ədəd ət maşını (eurolux) 200 manat dəyərində, Bir ədəd tost makinası (eurolux) 40 manat dəyərində, Bir ədəd madonna servis 125 manat dəyərində, Bir ədəd blendir (eurolux) 40 manat dəyərində, İki ədəd kondinsoner (toshiba) 2000 manat dəyərində, Bir ədəd böyük xalça merinos 300 manat dəyərində Bir ədəd kiçik xalça merinos 200 manat dəyərində, Yorğan döşək 200 manat dəyərində Bir ədəd qazan dəsti (unico) 100 manat dəyərində, Bir ədəd elektrik somavarı (eurolux) 100 manat dəyərində, Bir ədəd video kamera (sony) 200 manat dəyərində və Bir ədəd foto aparat (sony) 150 manat dəyərində olmaqla ümumilikdə 8705 manat dəyərində qiymətləndirilmişdir.
7. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının iştirakı ilə mənzildən əşyaların boşaldılması həyata keçirilmişdir.
8. İş materiallarına qızıl-zinət əşyalarının görüntüsünü əks etdirən fotoşəkillər təqdim edilmişdir.
İşin faktiki halları
9. İşin faktiki halları ondan ibarətdir ki, hazırkı tələbdə iddiaçı cavabdehlə ailə qurduqdan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarını cavabdehin yaşadığı ünvana gətirdiyini bildirir, lakin daha sonra münasibətləri pozulduğundan hazırda həmin qızıl-zinət əşyalarının cavabdehin ona qaytarmadığını bildirir və onların geri qaytarılmasını tələb edir. Tələbin əsası kimi qızıl-zinət əşyalarının görüntüsü əks olunan fotoşəkilə və CD diskə əsaslanır. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçı qızıl-zinət əşyalarının hamısını özü ilə aparmışdır və evdə olan əşyalar isə satılan zaman iddiaçı tərəfindən çıxarılmışdır. Ev satıldıqdan sonra hətta cavabdeh tərəfindən hallalıq məqsədilə iddiaçıya 37 000 (otuz yeddi min) manat məbləğində pul verilmişdir. Müəyyən edilir ki, tərəfərin münasibətləri pozulduqdan sonra iddiaçı evi tərk edib gedərkən iddia tələbində geri tələb etdiyi qizilları özü ilə aparmış, sonradan cavabdehin tələbi ilə həmin qızılları övladı vasitəsilə cavabdehə gndərmişdir. Tələbin qızıl-zinət əşyaları hissəsi ilə bağlı mübahisə ondan ibarətdir ki, iddiaçı tərəfin bildirdiyinə görə qızılları cavabdehə qaytardıqdan sonra onun vəkili qızılları geri almağa gedəndə cavabdeh yalnız bir-iki zinət əşyasını qaytarmış, qalanını isə qaytarmamışdır. Cavabdeh tərəfin etirazı isə ondan ibarətdir ki, o bütün qızılları iddiaçının vəkilinə qaytarmış, vəkil də həmin qızılların şəkilini çəkmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
15. Məhkəmə əvvəla iddia tələbində qeyd olunan qızıl-zinət əyşalarına münasibətdə qeyd edir ki, iddiaçı hazırki tələbdə cavabdehlə ailə münasibətləri pozulduqdan sonra cavabdehin ona məxsus olan qızıl-zinət əşyalarını ondan geri aldığını bildirir. Tələbin əsası kimi qızıl-zinət əşyalarının görüntüsünü əks etdirən fotoşəkilə isitnad edir və bildirir ki, həmin fotoşəkil cavabdehin evində çəkilmişdir və qızıl-zinət əşyaları onda qalmışdır. İddiaçı tərəf izahatında bildirmişdir ki, (iddiaçının vəkili və nümayəndəsi Vəkil1) əvvəl iddiaçı evi tərk edərkən qızılları özüylə aparsa da, sonradan onları cavabdehə qaytarmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin evində olarkən isə cavabdeh fotoşəkildə əks olunan, qutunun içərisində olan qızılları ona göstərmiş, həmin qızılların şəkilini çəkəndən sonra isə qızılları təhvil verməkdən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin qeyd olunan hissəsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının bildirdikləri inandırıcı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bir dəfə cavabdehin evinə gəlmiş, həmin vaxtı digər ev əşyaları iddiaçı tərəfindən daşınmışdır. İşə əlavə edilən xx.xx.2024-cü il tarixi qeyd edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə müftəlif məişət əşyaları cavabdehə məxsus evdən daşınmış, eyni zamanda təhvil verilən əşyaların arasında iki ədəd zinət əşyası da olmuşdur. Belə olan halda, cavabdehin iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının iddiaçının nümayəndəsinə göstərməsi, onların şəklinin çəkilməsinə şərait yaratması, sonra isə onları verməkdən imtina etməsi ağılabatan deyil. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən həmin fotoşəkilə (iş materialı, səhifə 11) nəzər saldıqda görünür ki, həmin şəkil 16.43-də Whatsap proqramı vasitəsi ilə göndərilmişdir. Deməli, həmin şəkil nümayəndə tərəfindən çəkilməmiş, digər şəxs tərəfindən ona göndərilmişdir. Bütün bu deyilənlərə əsasən, məhkəmə o qənaətə gəlir ki, tələb edilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir.
16. Məhkəmə iddia tələbinin cehiz (məişət) əşyaları hissəsinə münasibətdə isə bildirir ki, iddiaçı həmin əşyaların cavabdehin evində qaldığını bildirsə də, lakin iş materillarında olan fotoşəkillər və tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, tərəflər yaşadığı həmin ev satılan zaman iddiaçı həmin əşyaları evdən boşaldaraq aparmışdır. Eyni zamanda fotoşəkillərdən daha sonra evin boş vəziyyətdə olduğu, yalnız divarda kondisionerin qaldığı müəyyən edilir, hansı ki ev satılarkən həmin kondisionerlə birgə satılmışdır. Bundan başqa, həmin əşyaların cehiz əşyaları olması da sübut olunmur. Belə ki, iddiaçı tələbində bildirir ki, xx.xx.2006-cı ildə nikaha daxil olmuş, gəlin köçərkən həmin əşyaları cavabdehin yaşadığı ünvana gətirmişdir. Tələb edilən həmin əşyaların məhz cehiz əşyaları olması və 2006-cı ildə iddiaçı tərəfindən gətirilməsi də iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi iddia tələbi qeyd olunan hissədə də öz təsdiqini tapmır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.