Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-267/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “müqaviləsinin ləğv edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən **-BL-*** dövlət nömrə nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsinin satılması barədə ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli avtomobilin alğı-satqısına dair ilkin müqaviləyə əsasən, satıcı İddiaçı ilə **-BL-*** dövlət nömrə nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsinin satılması barədə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1855 manat olmaqla, 30 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. Cavabdeh 2023-cü ilin iyul ayından müqavilə üzrə ödəniş etmir və beləliklə müqavilə şərtləri pozulmuşdur. Dəfələrlə cavabdehdən müqavilə şərtlərinə əməl etməsi tələb olunsa da, o bundan yayınmış, sonradan ümumiyyətlə telefon əlaqəsini kəsmişdir. Məlum olmuşdur ki, cavabdeh Türkiyə Respublikası ərazisində nəqliyyat vasitəsi ilə qaçaqmalçılıq cinayətində şübhəli bilinərək barəsində araşdırma aparılmış, nəqliyyat vasitəsi isə dayanacaqda saxlanılmaqdadır. Cavabdehlə aparılan telefon danışıqları nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən **-BL-*** dövlət qeydiyyat nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə 55700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. İddiaçı (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilədən görünür ki, “Birinci tərəf” buraxılış ili 2008-ci il olan, **-BL-*** dövlət qeydiyyat nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsini 55700 manata qiymətləndirir, “İkinci tərəf” avtomobili 55700 manat almağı, satış məbləğini xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1855 manat olmaqla 30 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür.
8. İstanbul Anadolu V X4 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarın surətindən görünür ki, “Volvo” markalı, YV2AS02A38B512586 şassi nömrəli, **-BL-*** dövlət qeydiyyat nişanlı və “Krone” markalı, WKESD**********27 şassi nömrəli, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müsadirə edilmişdir.
9. “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş 111 nömrəli yazılı mütəxəssis məsləhətindən görünür ki, istehsal ili 2008-ci il olan, **-BL-*** dövlət nömrə nişanlı, “Volvo FH 440” yük markalı avtomobilin orta bazar qiyməti 43000 manat təşkil edir.
İşin faktiki halları.
10. xx.xx.2023-cü il tarixli, BA253765 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2008-ci il olan, **-BL-*** dövlət qeydiyyat nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır.
11. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı buraxılış ili 2008-ci il olan, **-BL-*** dövlət qeydiyyat nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsini 55700 manata qiymətləndirmiş, cavabdeh avtomobili 55700 manat almağı, satış məbləğini xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1855 manat olmaqla 30 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür.
12. İstanbul Anadolu V X4 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarın surətindən görünür ki, “Volvo” markalı, YV2AS02A38B512586 şassi nömrəli, **-BL-*** dövlət qeydiyyat nişanlı və “Krone” markalı, WKESD**********27 şassi nömrəli, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müsadirə edilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 402. İlkin müqavilə. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı yönəltmiş olduğu iddia tələbi 2 hissədən – 1) tərəflər arasında notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğısatqısına dair müqavilənin ləğv edilməsi və 2) nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasından ibarət olmuşdur.
18. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı buraxılış ili 2008-ci il olan, **- BL-*** dövlət qeydiyyat nişanlı, “Volvo FH 440” yük markalı nəqliyyat vasitəsini 55700 manata qiymətləndirmiş, cavabdeh avtomobili 55700 manat almağı, satış məbləğini xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1855 manat olmaqla 30 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür.
19. Tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan müvafiq müqavilə üzrə iddiaçı tərəfindən öz üzərinə müəyyən edilmiş öhdəliklər vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra edilsə də, hər ay 1855 manat məbləğində pul vəsaitinin ümumililkdə 30 ay ərzində iddiaçıya ödənilməsindən ibarət öhdəlik cavabdeh tərəfindən vaxtında və lazımı qaydada yerinə yetirilməmiş, bununla da cavabdeh öhdəliklərinin icrası zamanı vicdanlılığın tələbləri birtərəfli qaydada pozulmuşdur.
20. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları” adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.
21. İş materiallarına əlavə edilmiş İstanbul Anadolu V X4 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilən qərarın surətindən görünür ki, “Volvo” markalı, YV2AS02A38B512586 şassi nömrəli, **-BL-*** dövlət qeydiyyat nişanlı və “Krone” markalı, WKESD**********27 şassi nömrəli, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müsadirə edilmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış ilkin müqavilədən 7 ay sonra müvafiq nəqliyyat vasitəsinin artıq digər dövlətin ərazisində məhkəmə qərarına əsasən müsadirə olunması, cavabdehin müqavilədən irəli gələn öhdəlikləri icra etməməsi və bununla da müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması faktı məhkəmə tərəfindən müəyyən edilmişdir.
22. Tərəflər arasında bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilənin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğu üçün (iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına əsas verən pozuntu) müqavilə məhkəmədən kənar qaydada artıq ləğv edilmiş hesab edilməli və iddia tələbinin ikinci hissəsi üzrə araşdırma aparılmalıdır. Hər bir halda, müqavilənin ləğvinin məhkəmədən kənar qaydada baş tutması, yəni cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi qeyd edilən faktların məhz məhkəmə qaydasında da təsbit edilməsi imkanını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Odur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair notarial qaydada bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
23. İddia tələbinin digər hissəsi – iddiaçıya məxsus əşyanın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır -1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşya qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir.
24. Cavabdehə qarşı irəli sürülmüş vindikasiya iddiasının mübahisəyə tətbiqi imkanları ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutların hərtərəfli tədqiqi nəticəsində barəsində mübahisə edilən nəqliyyat vasitəsinin iddiaçıya məxsus olması (mülkiyyətində olması), müvafiq nəqliyyat vasitəsinin ilkin alğı-satqıya dair müqaviləyə əsasən cavabdehin sahibliyinə keçməsi və hazırda bu sahibliyin qanunsuz olması (hər hansı hüquqi və ya müqavilə əsasına söykənməməsi) öz təsdiqini tapmış, cavabdeh tərəfindən qeyd edilənlərin əksinə dair mülahizə və ya etiraz məhkəməyə təqdim edilməmişdir.
25. Həmçinin, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair notarial qaydada bağlanmış müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, “İkinci tərəf – Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək, 10 (on) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili “Birinci tərəf” – İddiaçı təhvil verməyi öhdəsinə götürür”. Göründüyü kimi, cavabdeh müqavilə üzrə ödənişləri 10 gündən artıq gecikdirsə də, nəqliyyat vasitəsini iddiaçıya geri qaytarmamış və avtomobil üzərində qanunsuz sahiblik etməyə başlamışdır. Belə olan halda, iddiaçı öz mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlı olmuşdur.
26. Mübahisə predmetini təşkil edən nəqliyyat vasitəsi qətnamə icra edilən vaxt mövcud olmazsa, həmin avtomobilin real bazar qiyməti müəyyən edilməli və onun dəyəri cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilən “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 111 nömrəli yazılı mütəxəssis məsləhətindən görünür ki, istehsal ili 2008-ci il olan, **-BL-*** dövlət nömrə nişanlı, “Volvo FH 440” yük markalı avtomobilin orta bazar qiyməti 43000 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (buraxılış ili, markası, sürətlər qutusu, yanacaq növü, istismar göstəricisi və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən nəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin dəyəri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, qətnamə icra edilən vaxt nəqliyyat vasitəsi mövcud olmazsa, həmin avtomobilin dəyəri yazılı mütəxəssis məsləhətində təsbit edilən qiymətə uyğun formada cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. İddia tələbinin hansı hissədə qismən təmin edilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı müvafiq nəqliyyat vasitəsinin ümumi dəyərinin 55700 manat məbləğində olduğunu qeyd etsə də, məhkəməyə təqdim edilmiş yazılı mütəxəssis məsləhətində həmin nəqliyyat vasitəsinin real bazar qiymətinin 43000 manat məbləğində olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ barədə mübahisə edilməmiş və həmin nəqliyyat vasitəsinin real bazar qiymətinin iddia edilən məbləğdə olmasına dair sübut təqdim olunmamışdır.
Məhkəmə xərcləri.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır.
30. Həmçinin, iş üzrə alınmış yazılı mütəxəssis məsləhətinin xərci 300 manat məbləğində müəyyən edilmişdir.
31. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, yazılı mütəxəssis məsləhətinin verilməsi üçün müəyyən edilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən orqanın hesabına və ödənilməmiş 119 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilə ləğv edilmiş hesab edilməli, “Volvo FH 440” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, bu mümkün olmazsa, onun dəyəri olan 43000 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən orqanın hesabına və ödənilməmiş 119 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilə ləğv edilmiş hesab edilsin. “Volvo FH 440” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, bu mümkün olmazsa, onun dəyəri olan 43000 (qırx üç min) manat məbləğində pul və 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 300 (üç yüz) manat məbləğində yazılı mütəxəssis xərci Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Hesab № AZ42AİİB400600C**********108 (AZN), Bank: Kapitalbank 2 saylı Xətai fillialı, Kod: 20082, VÖEN (Bank): **********, Müxbir hesab: AZ37NABZ******************** (AZN), SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Ödənilməmiş 119 (yüz on doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.