Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2732/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə 2019-cu il tarixində Maraqlı şəxs2 68300 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Lakin, Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən Suraxanı Rayon Məhkəməsinə pul vəsaitinin onun xeyrinə ödənilməsi üçün müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qətnaməsi ilə borclu şəxsin 68300 ABŞ dolları məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icra edilməsi Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, buna baxmayaraq, qanuni qüvvəsini almış qətnamə bu günədək icra edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişi bağlanılmış, bu günədək ödənilməmiş 99500 manat məbləğində qalıq borcun əvəzi olaraq Maraqlı şəxs2 qardaşı Maraqlı şəxs1 məxsus xx.xx.2003-cü il tarixli, 167 saylı AR Səbail Bələdiyyəsi tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən, 1200 kv.metr sahəyə malik torpaq sahəsinin onun adına rəsmiləşdirməyi, həmin torpaq sahəsinə dair etibarnamə verilməsini və özgəninkiləşdirməyə dair razılıq ərizəsinin notarial təsdiq edilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda, Maraqlı şəxs1 gələcəkdə qeyd edilən etibarnaməni ləğv etməyəcəyini də öz öhdəsinə götürmüşdür. Maraqlı şəxslər tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmur, öz üzərlərinə götürdükləri öhdəlik icra edilmir. Belə olan halda, xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə zərurət vardır. Bütün yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəflər arasında mediasiya sazişinin təsdiq edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, tərəflər razılığa gəliblər, lakin sazişin icra olunması üçün DƏDRX onun məhkəmə tərəfindən təsdiqlənmiş olması zərurəti olduğunu qeyd edir. Bu səbəbdən barışıq sazişinin təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs2 barışıq sazişinin təsdiq olunmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 da barışıq sazişinin təsdiq olunmasına razı olduğunu bildirmişdir. İş materialları. Bakı 12 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi və Maraqlı şəxs2, Maraqlı şəxs1 arasında aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli MŞB/xx/xx/00529 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər arasında Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1470/2020 saylı Qətnaməsinə əsasən Xətai rayon İcra Şöbəsində İcra işi üzrə Ərizəçi ilə Maraqlı şəxs2 arasında olan xx.xx.2019-cu il tarixli mövcud borcun ödənilməmiş 99500 manat borc qalmışdır. Həmin borcdan 96000 manat borcun əvəzi olaraq Maraqlı şəxs2 qardaşı xx.xx.2003-cü tarixli 167 saylı AR Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş Sərəncama əsasən Maraqlı şəxs1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin Ərizəçi adına rəsmiləşdirməyi, həmin torpaq sahəsinin sənədləşməsinə dair etibarnamə verilməsinə və özgəninkiləşdirməsinə dair razılıq ərizəsinin notarial təsdiq etməsini öhdəsinə götürür. Eyni zaman Maraqlı şəxs1 gələcəkdə qeyd edilən etibarnamənin ləğv edilməyəcəyini öhdəsinə götürür. Maraqlı şəxs2 Ərizəçi 3500 manat borcu qalır. Həmin məbləğin üzərinə Ərizəçi hal-hazırda 6500 manat nəğd şəkildə ödəyir. Ümumilikdə Maraqlı şəxs2 Ərizəçi borcu 10000 manat təşkil edir.” Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 24 mart 2003-cü il tarixli, 167 nömrəli Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş Maraqlı şəxs1 adına sənədləşdirilməsi barədə sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş Maraqlı şəxs1 adına sənədləşdirilmiş və vətəndaş Maraqlı şəxs1 ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Maraqlı şəxs1 Bakı şəhəri Səbail Bələdiyyəsinin müvafiq rəyinə əsasən bələdiyyə ərazisində 1200 kv.m ha torpaq sahəsinin satılması barədə 24 mart 2003-cü il tarixli 167 saylı qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli, 027235 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Maraqlı şəxs1 tərəfindən 4992 manat kassaya mədaxil edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1470/2020 nömrəli Qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi və Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilməklə, Maraqlı şəxs2 Ərizəçi xeyrinə 68300 ABŞ dolları məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1992.06 ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi ...144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.[209] Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.... Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 25. Mülki işlər və kommersiya mübahisələri üzrə mediasiyanın xüsusiyyətləri 25.1. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. İlk növbədə məhkəmə qeyd edir ki, barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. İşin hallarından və tərəflərin izahatlarından göründüyü kimi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 barışıq sazişinin könüllü icrasına razıdırlar. Lakin barışıq sazişinin 1-ci bəndində göstərilmiş şərtlər onun icrasını həyata keçirməyə imkan vermir. Belə ki, mediasiya vasitəsilə bağlanan barışıq sazişi yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilə (əqd) hesab edilir. Barışıq sazişində göstərilmiş şərtlərə əsasən, borcdan 96000 manat borcun əvəzi olaraq Maraqlı şəxs2 qardaşı xx.xx.2003cü tarixli 167 saylı AR Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş Sərəncama əsasən Maraqlı şəxs1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin Ərizəçi adına rəsmiləşdirməyi, həmin torpaq sahəsinin sənədləşməsinə dair etibarnamə verilməsinə və özgəninkiləşdirməsinə dair razılıq ərizəsinin notarial təsdiq etməsini öhdəsinə götürür. Bu da öz növbəsində, torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətini özündə əks etdirir. Halbuki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Belə olan halda, məhkəmə hesab edir ki, bağlanmış barışıq sazişi bu hissədə etibarsızdır, çünki Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız hesab olunur. Belə ki, Maraqlı şəxs1 həmin əmlak barəsində sərəncam vermək hüququ mövcud deyil. Səbail bələdiyyəsinin sərəncamı və torpaqların alqısatqısına dair akt Maraqlı şəxs1 adına Səbail rayon bələdiyyəsi tərəfindən sənədləşdirilmişdir. Lakin, Maraqlı şəxs1 həmin sənədləri əsas tutaraq 2003-cü ildən bəri torpaq sahəsini özəlləşdirməmiş və dövlət daşınmaz əmlakın reyestrindən daşınmaz əmlaka dair çıxarış almamışdır. Məhkəmə hesab edir ki, belə olan halda, barışıq sazişinin bu şərtləri qanuna ziddir. Qeyd olunmalıdır ki, əmlak Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Səbail Bələdiyyəsi isə bunu həyata keçirmək üçün sərəncamı və aktı onun adına sənədləşdirdiyindən, Səbail Bələdiyyəsi hüquqularına toxunan şəxs kimi mediasiyaya cəlb edilməli idi. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri mediasiyada iştirak etməyən üçüncü şəxsin (Səbail Bələdiyyəsi) hüquqlarına toxunduğundan, o da cəlb olunmadığından, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Barışıq sazişinin 2-ci bəndində göstərilmiş şərtə münasibətdə məhkəmə qeyd edir ki, həm ərizəçi maraqlı şəxslər barəsində, həm də maraqlı şəxslər özləri məhkəmə iclasında barışıq sazişinin icrasına könüllü razılıq bildirdiyindən, iş materialları ilə onların barışıq sazişinin könüllü icrasından boyun qaçırması müəyyən edilmədikdən, məhkəmə onun təsdiq edilməsini məqsədəmüvafiq görmür. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2732/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2732/2024
16.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver