Məhkəmə qərarları › İş №e-2(010)-3115/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3115/2025

22.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3115/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, “Azərişıq“ Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri 35 saylı Notariat Ofisinə qarşı "obyektin geri qaytarılması" tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, “Azərişıq“ Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri 35 saylı Notariat Ofisinə qarşı "obyektin geri qaytarılması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə aralarında olan etibarnamə qüvvədə olduğundan və iddiaçı həmin obyektə münasibətdə vicdanlı alıcı olduğundan, Cavabdeh4 tərəfindən obyektin iddiaçının sahibliyinə verilməsi və sənədləşdirilməsi; Cavabdeh3 ilə aralarında olan etibarnamə ləğv edildiyindən həmin obyektdən çıxarılması, Cavabdeh3 tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hər-hansı maneçiliyin yaradılmasının qadağan edilməsi; cavabdeh “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının adına olan 11/3377 nömrəli abonent kodunun Cavabdeh3 adından iddiaçının adına keçirilməsi; cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisində təsdiq edilmiş təbii işığın alqı-satqısı müqaviləsinin bağlanmasına dair ərizənin etibarsız hesab edilməsi barədə iddiaçının xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, - İddiaçı ünvan 1 ünvanı ərazisində yerləşən 35,0 kv. metr qeyri-yaşayış obyektini (sexini) 16 avqust 2017-ci ildə Cavabdeh4 10000 manata almış və buradan xx.xx.2024-cü il tarixədək avtomobil təkərlərinin təmiri sexi kimi istifadə etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 100 il müddətinə Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında həmin qeri-yaşayış sahəsini və üzərində tikilmiş tikilini özəlləşdirməyi, sənədləşdirmə işlərini aparmağı bununla əlaqədar bütün dövlət, idarə, müəssisəsi təşkilatlarda icra strukturlarında, notariat kontorunda, bələdiyyədə, ƏMDK yanında DƏDRX-nin bütün ərazi idarələrində səlahiyyətli nümayəndəsi olmaq hüquqlarını iddiaçıya vermişdir və hazırda həmin etibarnamə qüvvədədir. Göstərilən obyekt Cavabdeh4 məxsus torpaq sahəsinin və onun üzərində tikilmiş yaşayış evinin bir hissəsində yerləşmişdir. İddiaçı Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və burada mütəmadi olaraq müalicələr alır. Göstərilən obyekti valideynləri iddiaçıya ailəsinin, özünün dolanışığı və iş yerinin olması üçün almışlar. Ancaq, sonradan iddiaçıda olan bu xəstəliklər, ailəsinin də dağılmasına səbəb olmuş və nikahı pozulmuş, birgə nikahdan anadan olmuş 2 övladı analarının himayəsinə verilmiş və iddiaçıdan alimentin tutulub uşaqların anasına verilməsi qət edilmişdir. Göstərilən obyekt onun yeganə iş yeri və ailəsinin gəlir mənbəyi olmuşdur. Hal-hazırda həmin gəlir mənbəyindən onun xəstəliyindən istifadə edərək məhrum etmişlər. Belə ki, Cavabdeh1 xx.xx.2024-ci il tarixdə 90 il müddətinə tərəfindən Cavabdeh3 həmin qeyri-yaşayış obyektinə (sexinə) etibarnamə verilmiş və Cavabdeh3 tərəfindən ona 15000 manat pul ödənilmişdir. Bunu bildikdən sonra obyektin geri qaytarılmasını tələb etməyinə və 30-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etməyinə baxmayaraq bu mümkün olmamışdır. Bundan sonra tərəfindən ərizə ilə notariat kontoruna müraciət edilmiş və həmin etibarnamə ləğv edilmiş və bu barədə ona məlumat verilərək obyektin boşaldılması tələb olunsa da, bu mümkün olmamışdır. Eyni zamanda həmin vaxt onun xəstəliyindən istifadə edərək “Azərişiq“ ASC-yə notariat qaydasında adına olan 11/3377 nömrəli abonent kodunu Cavabdeh3 öz adına keçirmiş və təbii işığın alqı-satqı müqaviləsini bağlanmasına, hesaba dair məlumatları əldə etməsinə və öz VÖEN-indən istifadə etməsinə etiraz etməməyi, “Azərişiq“ ASC ilə razılıq edilən arasında işıq istifadəsinə görə debitor borc yaranarsa və razılıq edilən yaranmış bu borcu ödəməzsə, yaranmış debitor borcun tam ödənilməsini öz öhdəliyinə götürməsi barədə ərizəsini almış və notariat qaydasında təsdiq edilmişdir. İddiaçı etibarnaməni ləğv etdirməsinə baxmayaraq, “Azərişıq“ ASC-dən abonent kodunu Cavabdeh3 adından öz adına keçirə bilməmiş və “Azərişiq“ ASC bundan imtina etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi. xx.xx.2025-ci il tarixdə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə verilən zaman öz iradəsini ifadə etmiş, sərbəst şəkildə notariat hərəkətini həyata keçirilməsində iştirak etmişdir. Həmin vaxt onun əqli pozuntusu qeydə alınmamışdır. Belə ki, əqli pozuntunun mövcut olmağı notariat ofisində notariat hərəkətləri həyata keçirilən zamanı müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, T.Minaxanımova İddiaçı əmlakı idarə etmək üçün baş etibarnamə verir. Bu etibarnamə hər hansı bir vəzifə, səlahiyyət müəyyən etmir. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıda şizotipik pozuntu mövcuddur. Bu, iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür. Hesab edir ki, iddiaçı xəstə olmasa belə, yenə də əqdi mübahisələndirə bilərdi. Cavabdehin iddiaçının vəziyyətindən əvvəlcədən xəbəri olub. Cavabdeh4 etibarnaməsi var, ordan da görünür ki, şəxs vicdanlı formada sahiblik edib. Bütün bunların nəzərə alınaraq iddia tələbinin təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehlə alqı-satqı barəsində razılıq əldə etməmişdən öncə cavabdeh ona demişdir ki, “obyekti satası olsan, mənə sat, kənddə heyvandarlıqla məşğul ol”. Pulu yoldaşına vermiş, həmin pulla ev tikməmiş, evi qaynatası tikmişdir. Səs-küy saldığı üçün Tovuzda onu polisə vermişdilər, ona görə də ölkəni tərk etmək qərarına gəlmişdi. Sexi cavabdehə satmış, cavabdeh də ona pul vermişdir. Qeyd edir ki, onun psixi vəziyyəti yerində olmayıb. Ona görə də onu həkimə aparırdılar. Həmin an onun ağlı başında olmayıb və o idarə olunmuşdur. O, yalnız dərman içəndə vəziyyəti yaxşı olur. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddia ərizəsinin icraata qəbulu ümumiyyətlə əsassızdır. Belə ki, iddiaçı qeyri-yaşayış obyektinin ona məxsus olduğunu bildirsə də, obyektin sahibi başqa adamdır. İddiaçı etibarnamə əsasında hüquqlarını cavabdehə ötürmüşdür. Təqdim edilən CD diskdən görünür ki, iddiaçı pulu alanda ağlı başında olub. İş materiallarında olan yazışmalardan da görünür ki, iddiaçı uşaqları üçün obyekti satıb, Həmin pulla Tovuzdan ev tikib və həmin ev hazırda da var. Şəxsin anlaqsızlığı varsa, nəzərə almaq lazımdır ki, o hazırda vəkilə etibarnamə verib. Şəxsin psixi pozuntusunun olduğu onun fəaliyyət qabiliyyəti olmayan şəxs olması anlamına gəlmir. Rəydən də görünür ki, şəxs hərəkətlərini və onun yaratdığı nəticələri dərk edir. Hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 157-ci maddəsinə əsaslansa da, həmin maddənin əsasları yoxdur. Psixi anlaqsızlıq məsələsinə gəldikdə isə şəxs öz hərəkətlərini dərk edir ki, obyekti nə üçün, nə məqsədlə satıb. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 35 saylı Notariat Ofisi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları. Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1971 nömrəli xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən sahəsi 35 m² olan qeyri yaşayış obyekti vətəndaş Cavabdeh4 istifadəsindədir. Cavabdeh4 imzası ilə təsdiqlədiyi əlyazmasından görünür ki, o, istifadəsində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən sahəsi 35 m² olan qeyri yaşayış obyektini İddiaçı 10000 manata satmış və həmin məbləği etibarnaməyə qol çəkdikdən sonra almışdır. Notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli, AR-İ seriyalı, 540221 nömrəli etibarnamədən görünür ki, etibar edən – Cavabdeh4 etibar edilən – İddiaçı Cavabdeh4 faktiki sahibliyində olan ünvan 1 ünvanı ərazisində yerləşən 35 kv.m. qeyri-yaşayış obyektinə dair təyinatı üzrə istifadə etməyi və gələcəkdə qeyri-yaşayış sahəsini və üzərində tikilmiş tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, bununla əlaqədar bütün dövlət, idarə, müəssisə və təşkilatlarda, icra strukturlarında, notariat kontorunda, bələdiyyədə, ƏMDK yanında DƏDRX-nin bütün ərazi idarələrində səlahiyyətli nümayəndəsi olmağı, müvafiq orqandan Texniki Pasport, Reyestrdən Çıxarış almağı, yüklülük olmadığı halda üzərində istənilən sərəncam verməyi bütün hallarda öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı ipoteka (girov) qoymaq və ipoteka (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən notariat kontorunda adından müqaviləni imzalamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ona çatası pulu almağı, adından ərizələr verməyi, sənəd verib-almağı, işlər aparmağı, imza etməyi, qanunla iddiaçıya zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddiada tələbləri bütünlüklə və qismən etiraf etmək və yaxud onlardan imtina elmək, iddia predmetinın dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 101 il müddətinə verilmiş və xx.xx.2117-ci il tarixədək qüvvədədir. 35 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş 7E-9094 reyestr nömrəli xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, etibar edən – İddiaçı etibar edilən – Cavabdeh3 onun faktiki istifadəsində olan “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi” ünvanı ərazisində yerləşən yaşayış evinin (işıq kodu: 11\3377) qeyri yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı bütün idarə və təşkilatlarda, o cümlədən, Bələdiyyədə, İcra Hakimiyyətində, Fövqəladə Hallar Nazirliyində səlahiyyətli nümayəndəsi olmağı, zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən qeyri-yaşayış sahəsinin 35 kv.m. hissəsini və üzərində tikilmiş qeyriyaşayış sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi , adına olan kommunalları rəsmilləşdirməyi , adından ərizə yazmağı, lazımi sənədləri toplamağı, təhvil verməyi, almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 90 il müddətinə verilmiş və xx.xx.2114-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanası” tərəfindən verilən Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində şizotipik pozuntu diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş 8İ-7161 nömrəli ərizəsinin surətindən görünür ki, o, "xxxx" ASC-də adına açılmış abonent kodunun 11/3377 nömrəni Cavabdeh3 adına keçirməsinə, Cavabdeh3 ilə təbii işıqın alqı-salqı müqaviləsinin bağlanmasına, hesaba dair məlumatları əldə etməsinə və öz VÖEN-İndən istifadə etməsinə etiraz etmir. Həmçinin, “Azərişıq’ ASC ilə razılıq edilən arasında İŞİQ istifadəsinə görə debitor borc yaranarsa və razılıq edilən yaranmış bu borcu ödəməzsə, yaranmış debitor borcun tam ödənilməsini öz öhdəliyinə götürür. Etibarnaməyə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-28-29/2-5085/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı arxiv məlumatına görə, xx.xx.2020xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2026-cı il tarixli, 421 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2026-cı il tarixdə həkimpsixiatr Nərminə Məhərrəmova tərəfindən müayinə olunmuş və t.e.d. professor Fuad İsmayılova məruzə edilmişdir. Həmin məktubdan görünür ki, İddiaçı Şizotipik pozuntu F21 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən (ekspert həkim-psixiatr X1) verilmiş xx.xx.2025-ci il tarixli, 3054 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı hal-hazırda şizotipik pozuntu aşkar olunmuş, İddiaçı etibarnamə verildiyi vaxtda psixi vəziyyətini müəyyən etmək isə mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, İddiaçı və Cavabdeh3 arasında İddiaçı sexi məxcburiyyətdən satması, anasının onu həkim-nevroloq yanına aparması barədə danışıqlar aparılmışdır. Məhkəmənin baxış iclasında tətqiq edilmiş video yazısından görünür ki, Cavabdeh3 İddiaçı 15000 manat pul məbləğini üçüncü şəxsin iştirakı ilə saymaqla təqdim edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;... 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.... Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.... 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.... Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.... 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin.... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325. Birtərəfli iradə ifadəsinin etibarlığı 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 325.3. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Maddə 326. Birtərəfli əqd üzrə vəzifələr Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Maddə 327. Birtərəfli əqdlərin hüquqi tənzimlənməsi Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir... 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz... Maddə 365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə 366. Etibarnaməyə xitam verilməsinin nəticələri 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən sahəsi 35 kv.m olan qeyri-yaşayış obyekti Cavabdeh4 istifadəsində olmuş, xx.xx.2017-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında qeyriyaşayış obyektinə dair təyinatı üzrə istifadə etməyi və gələcəkdə qeyri-yaşayış sahəsini və üzərində tikilmiş tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı və s. səlahiyyətləri İddiaçı verilmişdir. İddiaçı 2017-ci ildən 2024-cü ilin sentyabr ayınadək obyektdən faktiki istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə isə iddiaçı tərəfindən Cavabdeh3 həmin obyektlə bağlı notarial etibarnamə verilmiş, həmin etibarnamə ilə cavabdehə mübahisəli qeyri-yaşayış obyektinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müvafiq orqanlarda təmsil olunması, zəruri sənədlərin toplanması və təqdim edilməsi, mülkiyyət sənədinin alınması, obyektin satılması, alqı-satqı müqaviləsinin bağlanması, məbləğin müəyyən edilməsi və ona çatası pul vəsaitinin alınması, habelə kommunal xidmətlərin rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi etibar edilmişdir. Sonradan həmin etibarnamə ləğv edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə əsasında 11/3377 nömrəli abonent kodunun cavabdehin adına keçirilməsinə razılıq verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video yazısından görünür ki, Cavabdeh3 tərəfindən iddiaçıya 15000 manat pul məbləği təqdim edilmişdir. Bu halı hər iki tərəf qəbul etdikdən, işin mübahisəsiz halı hesab edilir. Hazırda iddia tələbi Cavabdeh4 tərəfindən obyektin iddiaçının sahibliyinə verilməsi və sənədləşdirilməsi; Cavabdeh3 iddiaçı ilə aralarında olan etibarnamə ləğv edildiyindən həmin obyektdən çıxarılması, Cavabdeh3 tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hərhansı maneçiliyin yaradılmasının qadağan edilməsi; cavabdeh “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının adına olan 11/3377 nömrəli abonent kodunun Cavabdeh3 adından iddiaçının adına keçirilməsi; cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisində təsdiq edilmiş təbii işığın alqı-satqısı müqaviləsinin bağlanmasına dair ərizənin etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin – Cavabdeh4 tərəfindən obyektin iddiaçının sahibliyinə verilməsi və sənədləşdirilməsi hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2017-ci il tarixli etibarnamə ilə Cavabdeh4 iddiaçıya ünvan 1 ünvanı ərazisində yerləşən 35 kv.m. qeyriyaşayış obyektinə dair təyinatı üzrə istifadə etməyi və həmin obyekt üzərində müəyyən hüquqi və faktiki hərəkətləri həyata keçirmək səlahiyyəti vermişdir. Etibarnamə birtərəfli əqd olmaqla, təmsilçiyə müəyyən hüquqlar verir və bu hüquqlar qanunvericiliyin müddəalarına əsasən etibaredənin mənafeyi naminə icra olunur. Etibarnamənin məzmunundan tərəflər arasında alqı-satqı münasibətinin yaranması, Cavabdeh4 tərəfindən (özünə məxsus olmayan) mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin götürülməsi və ya hər hansı başqa mülki-hüquqi öhdəliyin qəbul edilməsi nəticəsi çıxmır. Həmçinin obyektin Cavabdeh4 öz adına dövlət qeydiyyatına alınmaması şəraitində onun başqasının adına sənədləşdirmə (rəsmiləşdirmə) öhdəliyindən danışmaq hüquqi əsasdan məhrumdur. Həmçinin, işin hallarından görünür ki, obyekt hazırda Cavabdeh4 sahibliyində deyil, olsa belə, iddiaçının onu tələb etmək subyektiv hüququ yoxdur. Bu səbəbdən tələb həmin hissədə əsassızdır və təmin edilmir. Digər tələblərə dair münasibət bildirilməkdən öncə, məhkəmə Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, əqdlərlə bağlı mübahisələrə baxılarkən, tərəflərin bu barədə ayrıca tələb irəli sürməsindən asılı olmayaraq, əqdin etibarsızlığı aşkar edilərsə, məhkəmə bunu nəzərə almalıdır. İş üzrə sübutların məcmusundan görünür ki, İddiaçı və Cavabdeh3 faktiki niyyəti mübahisə predmeti olan qeyri-yaşayış obyektinin özgəninkiləşdirilməsi (alğı-satqı) olmuşdur və İddiaçı tərəfindən Cavabdeh3 15000 manat məbləğində pul vəsaiti bu məqsədlə verilmişdir. Lakin qanunvericiliyin imperativ müddəalarına əsasən daşınmaz əmlaka hüquqların əmələ gəlməsi və onun üzərində sərəncam verilməsi yalnız daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından sonra mümkündür və belə müqavilələr notariat qaydasında bağlanmalı və təsdiqlənməlidir. Mübahisə predmeti olan obyekt dövlət reyestrində qeydiyyata alınmamışdır, onun barəsində müvafiq formada əqd bağlana bilməzdi. Buna görə, iddiaçı ilə cavabdeh digər hüquqi vasitələrdən (etibarnamə, ərizə) istifadə edərək, mülki hüquq münasibətlərə girmək istəmişdirlər. Lakin, tərəflər arasında formalaşmış münasibətlər qanunun tələblərinə uyğun olmadığından, etibarsız əqd hesab edilir və hüquqi nəticə doğura bilməz. Məhkəmə onu da qeyd edir ki, etibarsız əqdin nəticəsi olaraq tərəflər aldıqlarını qarşılıqlı qaydada qaytarmalıdırlar. Tələbin Cavabdeh3 iddiaçı ilə aralarında olan etibarnamə ləğv edildiyindən həmin obyektdən çıxarılması və Cavabdeh3 tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hər-hansı maneçiliyin yaradılmasının qadağan edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli etibarnamə sonradan iddiaçı tərəfindən ləğv edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, Cavabdeh4 tərəfindən İddiaçı verilən etibarnamə ləğv edilməmişdir və onun, həmin sənəd üzrə ünvan 1 ünvanı ərazisində yerləşən 35 kv.m. qeyri-yaşayış obyektindən təyinatı üzrə istifadə etmək səlahiyyəti mövcuddur. Belə olan halda, İddiaçı həmin əşyanın sahibi kimi çıxış edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, etibarnamə birtərəfli iradə ifadəsi olmaqla onu vermiş şəxs tərəfindən istənilən vaxt ləğv edilə bilər və ləğv edildiyi andan etibarən təmsilçilik səlahiyyətinə xitam verilir. Etibarnaməyə xitam verildikdən sonra Cavabdeh3 həmin obyektə münasibətdə hüquqi əsaslı sahiblik səlahiyyəti qalmamışdır. Cavabdehin mövqeyindən də görünür ki, o, obyekti geri qaytarmaq niyyətində deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin obyektdən çıxarılması və iddiaçının həmin obyektdən istifadəsinə hər hansı maneə yaratmasının qadağan edilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Tələbin cavabdeh “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının adına olan 11/3377 nömrəli abonent kodunun Cavabdeh3 adından iddiaçının adına keçirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 11/3377 nömrəli abonent kodu mübahisə predmeti olan qeyri-yaşayış obyektinə xidmət göstərilməsi ilə birbaşa bağlıdır və həmin obyektin istifadəsi ilə ayrılmaz surətdə əlaqəlidir. İş materialları ilə təsdiq olunur ki, ilkin olaraq obyekt üzrə sahiblik Cavabdeh3 keçmiş, sonradan ona verilmiş etibarnamə isə ləğv edilmişdir. Hazırda cavabdehin həmin obyekt üzərində hüquqi əsaslı sahiblik səlahiyyəti mövcud deyildir. Belə şəraitdə abonent kodunun cavabdehin adına saxlanılması hüquqi məntiqə və faktiki sahiblik vəziyyətinə uyğun gəlmir. İşığın istehlakı obyektin istifadəsi ilə bağlı ləvazimat (köməkçi) xarakter daşıdığından, faktiki və hüquqi sahiblik uzlaşmalıdır. Bu səbəbdən abonent kodunun iddiaçının adına keçirilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Tələbin cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisində təsdiq edilmiş təbii işığın alqısatqısı müqaviləsinin bağlanmasına dair ərizənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrdə fəaliyyət qabiliyyətinin olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə-psixiatrik ekspertiza rəyinə əsasən, etibarnamə verildiyi vaxt iddiaçının psixi vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Buna görə də fəaliyyət qabiliyyəti ilə bağlı əsasla ərizənin (birtərəfli əqdin) etibarsız sayılması üçün hüquqi zəmin mövcud deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən sahəsi 35 kv.m. olan qeyri-yaşayış obyektindən çıxarılmalı, Cavabdeh3 tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hər-hansı maneçiliyin yaradılması qadağan edilməli, cavabdeh “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11/3377 nömrəli abonent kodu Cavabdeh3 adından iddiaçının adına keçirilməli, 15000 manat pul məbləği isə İddiaçı tutulub Cavabdeh3 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh3 ünvan 1 ünvanında yerləşən sahəsi 35 kv.m. olan qeyri-yaşayış obyektindən çıxarılsın. Cavabdeh3 tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hər-hansı maneçiliyin yaradılması qadağan edilsin. Cavabdeh “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11/3377 nömrəli abonent kodu Cavabdeh3 adından iddiaçının adına keçirilsin 15000 manat pul məbləği İddiaçı tutulub Cavabdeh3 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar