Məhkəmə qərarları › İş №e-2(010)-3691/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3691/2023

14.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3691/2023 14.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Maraqlı şəxs ilə arasında xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞS/MT030/2023-00369 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladları var: xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6. Tərəflərin münasibətləri ilk vaxtlarda normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Tərəflər məhkəmədən öncə mediasiyaya müraciət etmişlər və aralarında xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023-00369 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər, aralarında olan rəsmi nikahın pozulmasına məhkəmə qaydasında baxılmasına razılaşmışlar. Həmçinin birgə nikahdan olan uşaqların ananın yanında qalması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sazişin imzalandığı gündən başlayaraq hər ay hər uşağa 90 manat olmaqla, ümumilikdə 270 manat məbləğində alimentin Ərizəçi ödənilməsi, uşaqların ata ilə görüşməsinə heç bir məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmamaq barədə tərəflər öhdəlik götürmüşlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2805/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X4 yanında qalması qət edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Bu günə kimi bir qəpik də olsun ərizəçiyə aliment ödəməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00369 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1. Hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2010-cu il tarixli, 42 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.

3. Mediasiya prosesi zamanı Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün bu sazişin imzalandığı gündən başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa 90 manat olmaqla, ümumilikdə 270 manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürdü.

4. X1 Elməddin Vidadi oğlunun hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü”.

İşin faktiki halları.

7. Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır.

8. Bu sazişlə tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş üç uşağın ananın yanında qalması, onların saxlanılması üçün atadan aliment tutulması və tutulacaq alimentin məbləği, atanın uşaqlarla ünsiyyəti barədə qarşılıqlı razılığa gəlmişlər.

Tətbiq edilən hüquq.

9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

11. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin alimentlə bağlı hissədə könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

12. Yuxarıda (§ 9) istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

13. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2023-cü il tarixdə bağlandığı nəzərə alınsa, sazişin könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi alimentlə bağlı hissədə könüllü şəkildə icra edilməyən barışıq sazişinin məcburi icrası üçün sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

14. Məhkəmə araşdırması nəticəsində sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir bəndi qanuna zidd deyil.

15. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, həmin sazişin alimentlə bağlı şərti maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin alimentlə bağlı hissəsinin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış barışıq sazişinin həmin şərti təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentlə bağlı şərti təsdiq edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

18. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərti təsdiq edilsin: “Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün bu sazişin imzalandığı gündən başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa 90 manat olmaqla, ümumilikdə 270 manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə öhdəlik götürdü”. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar