Məhkəmə qərarları › İş №e-2(010)-4802/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4802/2023

20.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4802/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 1500 manat məbləğində aliment hər ayın sonuncu həftəsindən növbəti ayın ilk həftəsinədək olan müddətdə tutularaq Ərizəçi xeyrinə ödənilməsini öhdəsinə götürmüşdür. İndiyədək ödəsə də, hazırda maraqlı şəxs öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs indiyədək barışıq sazişi şərtlərinə əməl etsə də, lakin hazırda öhdəliyini icra etmir. Hazırda o, Böyük Britaniyada yaşayır və təhsili ilə əlaqədar müvəqqəti olaraq oraya köçmüşdür. Maraqlı şəxsin vəkili onun işdən çıxması barədə ərizəsini təqdim etsə də, lakin onun işləməməsi barışıq sazişi şərtlərini yerinə yetirməməsi üçün əsas deyildir.

4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs barışıq sazişi şərtlərini hər zaman vaxtında icra etmişdir. Lakin hazırda işdən ayrıldığı üçün maddi imkanı olmadığından və hazırda təhsili ilə əlaqədar ölkə xaricində olduğu üçün qeyd olunan miqdarda aliment məbləğini ödəyə bilmir.

İş materialları

5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 1500 manat məbləğində aliment hər ayın sonuncu həftəsindən növbəti ayın ilk həftəsinədək olan müddətdə tutularaq Ərizəçi xeyrinə ödəməyi öhdəsinə götürür.

2. Tərəflər eyni zamanda razılaşır ki, atanın uşaqlarla ünsiyyət mübahisəsini məhkəmə qaydasında həll etsinlər.

6. AZ-İİ seriyalı, 278503 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdurlar.

7. xx.xx.2023-cü il tarixli, 3-21/3-1-K-153/2023 nömrəli Əmrdən görünür ki, AR İqtisadiyyat Nazirliyinin Aparatının Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini Maraqlı şəxs 8 sentyabr 2023-cü il tarixindən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir.

İşin faktiki halları

8. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Onlar arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 1500 manat məbləğində aliment hər ayın sonuncu həftəsindən növbəti ayın ilk həftəsinədək olan müddətdə tutularaq Ərizəçi xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxsin nümayəndəsi isə ərizəyə etirazını onunla əsaslandırır ki, maraqlı şəxs daima barışıq sazişi şərtlərini vaxtında icra etmişdir. Lakin, maraqlı şəxs işdən çıxmış və təhsil üçün xarici ölkəyə getmişdir. Hazırda işləmədiyi üçün kifayət qədər maddi imkana malik olmadığından qeyd olunan aliment məbləğini ödəyə bilmir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Məhkəmənin mövqeyi

12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

13. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, Saziş müəyyən dövr ərzində maraqlı şəxs tərəfindən icra edilsə də, hazırda maraqlı şəxs barışıq sazişi şərtlərini yerinə yetirmir.

14. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Bu xüsusda, məhkəmə maraqlı şəxsin bir müddət əvvəl işdən azad olunması və xarici ölkəyə təhsil almaq üçün getməsi, buna görə də, ödəniş qabiliyyətinin saziş bağlanan zamankı kimi olmaması barədə etirazı ilə razılaşmır. Ona görə ki, maraqlı şəxsin etirazı mediasiya orqanında bağlanmış barışıq sazişinin qanunazidd olması qənaətinə gəlməyə əsas vermir. Maraqlı şəxsin öz ərizəsi ilə işdən azad olunmağı və xarici ölkəyə təhsil almaq üçün getməyi onu ərizəçi ilə aralarında bağlanmış barışıq sazişi (əqd) ilə üzərinə götürdüyü öhdəlikdən azad edə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 1500 manat məbləğində aliment hər ayın sonuncu həftəsindən növbəti ayın ilk həftəsinədək olan müddətdə tutularaq Ərizəçi xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar