Məhkəmə qərarları › İş №e-2(010)-594/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-594/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-594/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlak, qızılzinət əşyaları və ya onlarının dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsində olan cehiz əmlaklar, qızılzinət əşyalarının, yaxud onların dəyərinin və ödənmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh3 qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məxsus olan cehiz əmlakı və qızıl-zinət əşyaları cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə olmuşdur. İddiaçı özü də əvvəllər həmin mənzildə yaşamış və əmlaklarına sahiblik etmişdir. Lakin, ailə münasibətləri pozulduğuna görə onların rəsmi nikahları pozulmuş və Cavabdeh3 ilə Nəzərli (Tağıyeva) Pəri Abbas qızı İddiaçı mənzildən çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-405/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə ilə Cavabdeh3 yaşadığı və İddiaçı məxsus əmlakların yerləşdiyi mənzildən İddiaçı çıxarılması qət edilmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin olunmamış və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Sonradan, həmin qətnamədən də İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə mülki iş materialları istənilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli müraciəti əsasında, 2(010)- 405/2021 nömrəli mülki iş materialları xx.xx.2021-ci il tarixdə baxılması üçün göndərilmiş və kassasiya şikayətinə baxılaraq Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, İddiaçı özü və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlər tərəfindən yaşayış yerindən çıxarılmış və ona əmlaklarını götürməyə imkan verilmədiyindən nəticədə o, öz əmlaklarından məhrum olunmuşdur. Belə ki, ididaçı mənzildən çıxarılarkən heç bir əmlakını və qızıl-zinət əşyasını götürə bilməmişdir. Həmin əmlaklar onun daha əvvəl yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə qalmışdır. Odur ki, sözügedən əmlakların cavabdehlərdən geri tələb olunması ilə əlaqədar məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında müraciət edilməsi ilə bağlı işlərə başlanılmış və xx.xx.2024-cü il tarixdə mediasiya arayışı alınmışdır. Məhkəməyə təqdim edilən əmlak siyahısı nikaha daxil olarkən iddiaçıya məxsus olan və qanuni əsasla hədiyyə kimi sonradan əldə etdiyi əmlaklardan ibarətdir və iddiaçı yaşadığı mənzildən məcburi qaydada çıxarıldığı üçün həmin əmlaklardan məhrum olmuşdur. Odur ki, yuxarıda qeyd edilən cehiz əmlakların və qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aşağıda sadalanan cehiz və qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin, habelə birgə nikah dövründə əldə edilən əşyaların dəyərinin yarısının cavabdehlərdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - İddiaçıya məxsus olan cehiz və qızıl-zinət əşyaları – qonaq otağı mebel dəsti (2400 manat), yataq otağı mebel dəsti (2800 manat), mətbəx mebeli (2400 manat), mətbəx stolu, 2 ədəd stul (360 manat), soyuducu (300 manat), “Samsung” markalı paltaryuyan (1500 manat), soba (60 manat), qaz pilitəsi qara rəngli şüşə (300 manat), aspirator boz rəngli (70 manat), təzə elektrik samovarı (240 manat), mikser (100 manat), ətçəkən maşın (250 manat), televizor (250 manat), “Bosch” markalı ətçəkən maşın (230 manat), qızıl sep (220 manat), qızıl sırğa 2.6 qram (240 manat), gümüş sep və klonlar (400 manat), bujiteriyalar (270 manat), yataq otağı tül pərdə (270 manat), pərdə bəzəyi (30 manat), xalça boz rəngli (150 manat), 3 ədəd işlənməmiş pastel dəsti (500 manat), 4 ədəd yataq örtüsü (600 manat), taxt döşək, 3 ədəd tək nəfərlik döşək, 5 ədəd yastıq, 5 ədəd yorğan (700 manat), 3 ədəd “Tefal” markalı qazan və 1 ədəd düdüklü qazan (420 manat), “Aura” yemək dəsti, çay dəsti (göy rəngli, çay dəsti ağ rəngli, 6 ədəd tava, 4 ədəd qazan, 3 ədəd çay dəsti, gündəlik qab-qacaqlar və qaşıqlar) (1700 manat), 2 ədəd süfrə dəsti (200 manat), ipək xalça ağ rəngli (1200 manat), bagema güldan göy rəngli (200 manat), 6 ədəd güllü fujer dəsti göy rəngli (250 manat), 12 ədəd xrustal güldan (300 manat), Almaniya istehsalı olan yemək dəsti çəhrayı rəngli (1300 manat), Amerika istehsalı olan 6 ədəd çay dəsti (350 manat), 6 ədəd fujer qara rəngli (200 manat), qızıl suya salınmış dini boşqab (200 manat), 3 ədəd bagema dəsti yaşıl rəngli (250 manat), güldan göy rəngli (120 manat), meyvə vazası xrustal (80 manat), çay dəsti sarı rəngli (80 manat), “Aura” yemək dəsti (12 ədəd yaşıl rəngli + 12 ədəd qırmızı rəngli + böyük boşqablar) (700 manat), xrustal qablar (500 manat), lüstur qonaq otağı (360 manat), 2 ədəd divar tablosu (130 manat), güldan (sarı rəngli + süni güllər) (135 manat), Çexiya istehsalı olan “Madonna” böyük yemək dəsti ağ rəngli (700 manat), 2 ədəd çəngəl-bıçaq dəsti (300 manat), 3 ədəd süfrə tül pərdə, 4 ədəd böyük dəsmal, 2 ədəd yataq örtüyü (işlənməmiş) (900 manat), qonaq otağı pərdə dəsti (700 manat), pərdə dəsti qırmızı rəngli (300 manat), cehizlik yataq örtüyü dəsti (460 manat); - Birgə nikah dövründə əldə edilmiş əşyalar – künc divanı, yumşaq mebel dəsti (1600 manat), 1 nəfərlik kravat (270 manat), yazı masası (120 manat), 4 qapılı şkaf (270 manat), mikrodalğa ağ rəngli (350 manat), blender (140 manat), şirəçəkən aparat (170 manat), “HP” markalı printer (400 manat), modem aparatı (50 manat), 1 ədəd “Braun” markalı saç feni dəsti (350 manat), hava feni (65 manat), 2 ədəd düzləşdirici fen (340 manat), “Waffle” markalı fen (80 manat), daraq düzləşdirici fen (150 manat), “Samsung” markalı tozsoran (270 manat), “Panasonic” markalı ev telefonu (45 manat), lüstur yataq otağı (280 manat), divar dekor saatı (45 manat), 5 ədəd pastel dəsti (işlənmiş) (470 manat), 1 ədəd pastel dəst (işlənməmiş) (140 manat), 2 ədəd yataq örtüyü (230 manat), Alman istehsalı olan 2 ədəd ütü (280 manat), divar saatı qonaq otağı (45 manat), at heykəli suvenir (55 manat), “Aura” çərəz dəsti (60 manat), 2 ədəd divan örtüyü dəsti (300 manat), xalça (250 manat), divar saatı (35 manat), yeni il yolkası və dekorları (370 manat), “Fendi” markalı ayaqqabı (200 manat), “Stradivarius” markalı uzun boğaz qadın çəkməsi (260 manat), 7 cüt uzun boğaz qadın çəkməsi (360 manat), 2 cüt hündür daban qadın ayaqqabısı (160 manat), 4 ədəd palto (520 manat), cins kürklü kurtka (110 manat), 4 ədəd jaket (200 manat), 3 ədəd pencək (220 manat), 5 ədəd cins şalvar (240 manat), 3 ədəd parça şalvar (215 manat), 4 ədəd qadın çantası (335 manat), ziyafət geyimi qırmızı rəngli (200 manat), 2 ədəd oğlan kurtkası (220 manat), 6 ədəd yubka (290 manat), 4 ədəd don (300 manat), 15 qadın köynəyi (540 manat), 3 ədəd oğlan cins şalvarı (130 manat), oğlan koftaları (170 manat), 2 ədəd balonka kurtka (240 manat), sport dəstlər (385 manat), 2 ədəd yun don (130 manat), “Zara” markalı klassik qadın dəsti (190 manat), 3 ədəd qadın qol saatı (270 manat), 3 ədəd kişi qol saatı (180 manat), 3 ədəd qadın sport ayaqqabısı (220 manat), 2 ədəd oğlan sport ayaqqabısı (110 manat), 2 ədəd süfrə (220 manat), 2 ədəd uzun boğaz çəkmə (210 manat), 2 ədəd pencək (240 manat), 3 ədəd cins şalvar (160 manat), 1 ədəd parça şalvar (65 manat), 3 ədəd qadın çantası (220 manat), 4 ədəd yubka (170 manat), 2 ədəd don (200 manat), 5 ədəd qadın köynəyi (160 manat), 1 ədəd oğlan cins şalvarı (50 manat), oğlan köynəkləri (130 manat), 2 ədəd qadın qol saatı (110 manat), kosmetik vasitələr (1400 manat), 3 ədəd qadın sport ayaqqabısı (210 manat), 1 ədəd oğlan sport ayaqqabısı (55 manat), 2 ədəd attestat, məzun vinetkası, şəkillər, ad günü diskləri, kitablar, dərsliklər, “Karaca” markalı 32 ədədlik yemək dəsti (600 manat), 6 ədədlik kofe dəsti (120 manat), playstation oyun diskləri (30 manat), playstation 2 (80 manat), “Apple watch” markalı qol saatı (1200 manat), “Acer” markalı notebook qara rəngli (1000 manat), trenajor (300 manat), “Xiaomi Redmi” markalı qulaqcıq (70 manat), ev səs sistemi (250 manat), kondisioner (300 manat), “Samsung A011” markalı mobil telefon (350 manat). İddia tələbinin müəyyən hissədə baxılmamış saxlanılması Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-594/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müəyyən hissədə birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, iddia tələbinin əsaslılığına dair kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçının uşaqlarının cavabdehə məxsus mənzildən hansı vəziyyətdə çıxarılmasını təsdiq edən video yazı, iddiaçının özünün həmin mənzildən çıxması zamanı üzərində heç bir əşyasını götürməməsi ilə bağlı şahid ifadəsi, digər foto şəkillər, eləcə də icra qurumu tərəfindən təqdim edilmiş icra işinin materialları mötəbər sübut növü kimi qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş şəxs də bir daha təsdiq etmişdir ki, iddiaçı həmin mənzildən çıxarılarkən üzərində heç bir qiymətli əşya olmamışdır. Əgər, onlarda bununla bağlı tərəddüd olsa idi, icra qurumuna icra işinin materiallarının götürülməsi barədə vəkil sorğusu ilə müraciət edilməzdi. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş video yazıya münasibətdə qeyd edilməlidir ki, həmin video yazının nə vaxt, hansı şəraitdə qeydə alınması, eləcə də həmin video yazının alınma mənbəyinin göstərilməməsi müvafiq video yazının mötəbər sübut kimi nəzərə alınmamalı olduğuna işarə edir. İddiaçı tərəfin cavabdehə məxsus mənzildən çıxarılması zamanı icra məmuru tərəfindən tərtib edilmiş müvafiq akt isə məhkəməyə təqdim edilmiş və mötəbər sübut növü kimi nəzərə alınmalıdır. İddiaçının həmin mənzildən çıxarılması, eləcə də müvafiq aktın tərtib edilməsi zamanı yalnız icra məmuru deyil, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Daxil İşlər Nazirliyinin əməkdaşları, təcili tibbi yardım stansiyasının tibb işçiləri, hal şahidləri də iştirak etmiş və bu barədə akta imza edilmişdir. Digər tərəfdən, iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən də, iddiaçıya məxsus olması, onun mülkiyyətində olması, eləcə də həmin əşyaların cavabdehə məxsus mənzildə yerləşdirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbi özü-özlüyündə düzgün qaydada qaldırılmamış, iddia tələbinin yönəldiyi üçüncü şəxs – Cavabdeh2 tələb olunanların nədə ifadə olunması aydın göstərilməmişdir. Hər bir halda iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadəsi Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusu olmuşdur. Belə ki, o, 2012-ci ildə iddiaçının yaşadığı binanın 1-ci mərtəbəsinə ailəvi şəkildə köçərək yaşamağa başlamışdır. İddiaçı isə 8-ci mərtəbədə yaşayırdı. İddiaçı ilə qonşuluqda yaşadıqları dövr ərzində münasibətləri yaxşı olmuş, birbirlərinin evinə gediş-gəlişləri olmuşdur. Təxminən 2021-ci ilin oktyabr ayında öz evinin eyvanından çölə baxdıqda həyətdə polis və digər dövlət orqanlarının nümayəndələrinin olduğunu görmüş, digər bina sakinləri kimi hadisəyə tamaşa etmişdir. Daha sonra Vəfa xanımı görmüş və hadisədən məlumatlı olmuşdur. Vəfa xanım yaşadığı evdən çıxarılmış və göy rəngli avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bu hadisədən 1 ay keçdikdən sonra ünvana yük maşını gəlmiş və Vəfa xanımın cehiz əşyalarının həmin maşına yükləndiyini görmüşdür. Dərhal Vəfa xanıma zəng etmiş və cehizlərinin maşına yüklənməsinin səbəbini, bu hadisədən məlumatlı olub-olmamasını xəbər almışdır. Vəfa xanım da ona polisə zəng edəcəyini bildirmişdir. O, qeyd etdiyi hallardan başqa hər hansı digər hadisəyə şahid olmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5105/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh3 cavabdeh X3 qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) birgə əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, “Changan” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində X6 ilə Cavabdeh3 hər birinin ½ hissədə pay hüququ müəyyən edilməsi, “Changan” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil alğısatqısına dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış 3105 manat məbləğində qalıq borcun ½ hissəsi X3, ½ hissəsi Cavabdeh3 aid edilməsi, Cavabdeh3 tərəfindən qeyd edilən müqavilə üzrə hər ay 159.5 manat məbləğində ödənişlərin həyata keçirilməsi xx.xx.2020-ci il tarixdən başlanılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(010)-405/2021 nömrəli icra vərəqəsinin surətindən müəyyən olunur ki, cavabdeh X2 ünvan 2 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə icra sənədi üzrə borclunun icra sənədində qeyd edilən ünvanına bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borclu İddiaçı ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılmış, mənzildən çıxarılan zaman icra sənədi üzrə borclu İddiaçı sonuncu mənzildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığını bildirmiş və bu barədə akta imza etmişdir. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilməsi qərara alınmışdır. Mediasiya Şurasının Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/16/2024-01650 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş cehiz (qızıl-zinət) əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, digər tərəflərə (Cavabdeh3, Nəzərli (Tağıyeva) Pəri Abbas qızı və Cavabdeh2) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onların mediasiya sessiyasında iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 188 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əşyaların qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yönəltmiş olduğu iddia tələbi 2 hissədən – 1) iddiaçının mülkiyyətində olan daşınar əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və 2) birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən ibarətdir. Artıq yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-594/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müəyyən hissədə - birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. İddia tələbinin digər hissəsi – iddiaçıya məxsus əşyaların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(010)-405/2021 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh X2 ünvan 4 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılması qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlanmışdır. Daha sonra müvafiq icra sənədinin icrası istiqamətində icra şöbəsinin icra məmurları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akta əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borclu İddiaçı ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzildən çıxarılmış, mənzildən çıxarılan zaman icra sənədi üzrə borclu İddiaçı sonuncu mənzildə ona məxsus heç bir qızıl-zinət və ya digər qiymətli əşya, həmçinin pul vəsaitinin olmadığını bildirmiş və bu barədə akta imza etmişdir. Ardınca xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və həmin qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-405/2021 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilməsi qərara alınmışdır. Baxmayaraq ki, iddia ərizəsində yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus qızıl-zinət və digər əşyaların qaldığı göstərilmişdir, hərçənd, iddiaçı digər məhkəmə işi üzrə həmin ünvandan çıxarılması zamanı heç bir əşyasının, eləcə də pul vəsaitinin qeyd olunan ünvanda qalmamasına dair tərtib edilmiş akta imza etmiş və bu aktı mübahisələndirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının hazırkı mülki mübahisəyə tətbiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizədə (iddia tələbinin dəqiqləşdirilməsinə dair) qeyd edilən əşyaların hər birinin ona məxsus olması, həmin əşyaların hər birinin ayrı-ayrılıqda iş üzrə cavabdehlərdən hansının sahibliyində olması (yəni iddia tələbinin yönəldiyi şəxslərin hər birinə qarşı yönələn tələbin aydın və dəqiq göstərilməsi), eləcə də həmin əşyaların hər birinə ayrı-ayrılıqda sahiblik edən şəxslərin əşyalar üzərində sahibliyinin qanunsuz olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız tərəflərin təqdim etdikləri sübutları əlaqəli şəkildə qiymətləndirən məhkəmə iddia tələbinin təmin edilməməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Mülki prosessual qanunvericilik işin düzgün həlli məqsədilə tərəflərin tələb və etirazlarını əsaslandıran halların, eləcə də iş üzrə əhəmiyyəti olan digər halların aydınlaşdırılması zamanı sübut növü kimi şahid ifadələrinin tədqiqi və qiymətləndirilməsi imkanını nəzərdə tutumuş, lakin müvafiq sübut növünün də digər sübutlarla yanaşı və əlaqəli şəkildə qiymətləndirilməsi tələbini təsbit etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş şəxs ifadəsində iddiaçı ilə qonşuluqda yaşayan şəxs olmasını, əşyaların mənzilindən çıxarılmasını və yük maşınına boşaldıldığını gördüyünü qeyd etsə də, həmin əşyaların nədən ibarət olmasını və cehiz əmlak kimi həmin mənzilə iddiaçı tərəfindən gətirilib-gətirilmədiyindən məlumatı olmadığını məhkəməyə bildirmişdir. İddiaçı iddia ərizəsində heç bir əşyasının həmin mənzildən çıxarılmamasını və orada qalmasını göstərmiş və bu barədə iddia ərizəsində, eləcə də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə özünə məxsus olmasını iddia etdiyi daşınar əşyaların siyahısını qeyd edərək cavabdehlərdən geri tələb etmişdir. Məhz iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında iştirakı təmin olunan şahidin ifadəsi ilə iddia ərizəsində uyğunsuzluq aşkar edilməsi məhkəmənin iddianın rədd edilməsi ilə bağlı mövqeyini bir daha təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim edilmiş sonuncu ərizədə qeyd edilən əşyalardan bir neçəsinin iddiaçının qızına məxsus olması bildirilsə də, öz hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirməklə şərtlənən mülki prosessual fəaliyyət qabiliyyətinə malik olan xx.xx.2003-cü il təvəllüdlü X7 tərəfindən sonuncuya məxsus olması iddia edilən əşyalar müstəqil iddia tələbi şəklində həmin əşyaların olduğu şəxslərin qanunsuz sahibliyindən geri tələb edilə bilər. Hazırkı iş üzrə isə belə bir tələb mövcud deyildir. İddiaçının isə həmin əşyaları (qızıl sep – 220 manat; ümumi çəkisi 2.6 qram olan qızıl sırğa – 240 manat) cavabdehlərdən tələb etməklə şərtlənən subyektiv hüququ (subyektiv hüququn tərkib elementi kimi öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb hüququ və s.) mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları bir-birləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddia tələbinin rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 188 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 188 (yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar