Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-907/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı yaranmış problemi həll etmədiyindən, BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 12500 manat pul məbləğinin Cavabdeh1 alınaraq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə verərək, Cavabdeh1 BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı yaranmış problemi həll etmədiyindən, BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 12500 manat pul məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, avtomobil alqı-satqısı ilə məşğuldur. Belə ki, o, özünə məxsus olmayan Rance Rover markalı avtomobilini barter yolu ilə Cavabdeh1 məxsus olmayan BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmişdir. Onun avtomobilinin qiyməti öz aralarında olan razılaşmaya əsasən 16500 manat qiymətləndirilmiş, Nicatın ona verdiyi BMW markalı avtomobilə isə 12500 manat qiymət qoyulmuşdur. Nicat ona arada olan fərqi, yəni 4000 manat pul ödəmişdir. Hər ikisi avtomobillərə dair bir-birilərinə baş etibarnamə vermişlər. BMW markalı avtomobilə dair baş etibarnamə ona Cavabdeh2 tərəfindən verilmişdir. Avtomobilin sahibi isə Cavabdeh3dır. Sonra o, BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili Sahib adlı şəxsə satmış və əvəzində Mersedes markalı avtomobili və hissə- hissə 4000 manat pul almışdır. Sahibin borcu bitdikdən sonra o, Sahibə Cavabdeh2 adından baş etibarnamə vermişdir. Bir müddət sonra Nicatla Arzu arasında pulla bağlı mübahisə yaranmış və Arzu xanım Sahibə verdiyi baş etibarnaməni ləğv etdirərək avtomobili Sahibdən almışdır. Arzu xanım bildirir ki, Nicatın ona borcu vardır və o, borcunu verməyincə o da avtomobili Sahibə verməyəcəkdir. Belə ki, o, avtomobilini Nicatla barter edən zaman BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə 12500 manat qiymət qoymuşlar. Hal-hazırda yaranmış vəziyyətlə bağlı Arzu xanım avtomobili geri aldığından və o, Sahibdən aldığı pulu qaytarmaq üçün Nicat ona BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 12500 manat pulu ödəməlidir. Nicat isə Arzu xanımla aralarında olan mübahisəni həll etmək istəmir. O Nicata pulun qaytarılması ilə bağlı müraciət etmiş, lakin o pulu qaytarmaq niyyətində deyildir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobili əvvəlcə başqa avtomobilin əvəzində iddiaçıya vermiş, lakin həmin avtomobil başqa şəxsin mülkiyyətində olduğundan və Nicatın həmin şəxsə borcu olduğundan verilmiş baş etibarnamə ləğv edilmişdir. Bundan sonra həmin avtomobili mülkiyyətçi götürmüşdür. Nəticədə isə iddiaçıya maddi ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 12500 manat pul məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda mülkiyyətçisi Cavabdeh3dır. Həmin avtomobilə dair etibarnamə ilk dəfə iddiaçının adına verilmişdir. Sonradan isə avtomobilin mülkiyyətçisinin adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən etibarnamə əsasında X3 verilmişdir. Hal-hazırda isə avtomobil Cavabdeh2 tərəfindən götürülmüş və onun istifadəsindədir. O, həmin BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobilə olan iddiaçının tələb etdiyi borcdan 11000 manat məbləğində ödəmiş, daha sonra isə 6000 manat pulu beş ay müddətində hər ay 950 manat məbləğində ödəmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o avtomobillərin alğısatğısı ilə məşğuldur. O BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobili Nicata nisyə olaraq satmış və həmin avtomobilə görə 5 ay cəmi ona ödəniş olunmuşdur. Nicatın ona başqa avtomobillərə görə borcu olduğundan BMW markalı 10US023 dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş baş etibarnaməni ləğv etdirmiş və avtomobili Salyan rayonundan götürüb gətirmişdir. Həmin avtomobilə görə bütün cərimələri ödəmiş, avtomobili yenidən təmir etdirmiş və 4000-5000 manat məbləğində pul vəsaiti xərcləmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə qohumdur, yəni onun həyat yoldaşının qardaşıdır. Belə ki, İddiaçı Rance Rover markalı avtomobil, Cavabdeh1 isə BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Bunlar öz aralarında həmin avtomobilləri barter yolu ilə dəyişmək qərarına gəlmişlər və o da həmin işdə vasitəçi olmuşdur. Daha sonra BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı problemlər yaranmış və həmin avtomobilə görə Cavabdeh2 tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirmişdir ki, o, hər iki tərəfi yəni İddiaçı və Cavabdeh1 tanıyır. Cavabdeh1 onun dostudur. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında Rance Rover markalı və BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilləri aralarında alqı-satqı müqaviləsi olmuşdur. Onun barter haqqında məlumatı yoxdur. Cavabdeh1 BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə görə beş ay müddətində hər ay 950 manat məbləğində pul ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, o, onun özünün Mercedes markalı avtomobili olmuş və o həmin avtomobili 8500 manat məbləğində olan qiymətə satmış, həmin mübahisəli BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili 12500 manata baş etibarnamə əsasında almışdır. Ödənişlərini bitimiş və bir müddət keçdikdən sonra həmin avtomobili ondan almışlar. 2 ay keçdikdən sonra həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. O Arzu xanıma müraciət etdikdə, Arzu onu narahat etməməsini bildirmişdir. İşdə olan AD № 567853 saylı X1 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 3251 minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixindən Cavabdeh3 məxsusdur. İş materiallarına əlavə olunmuş Xırdalan şəhəri Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X6 tərəfindən verilmiş şikayət üzrə toplanmış material üzrə cinayət işi başlanması rədd olunmuşdur. İşdə olan elektron çıxarışdan çıxarılmış Bakı şəhəri 53 saylı notariat ofisində aparılmış notariat hərəkətlərindən müəyyən olunur ki, mülkiyyətçi, Cavabdeh3, etibar edən Cavabdeh2 və etibar edilən X2 BMW 3251 minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1.-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Mıcəllənin 662.2.-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni, avtomobilin iddiaçının mülkiyyətində olması, onun satılması və pulun qaytarılmaması barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olmayan Rance Rover markalı avtomobilini barter yolu ilə Cavabdeh1 məxsus olmayan BMW markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmişdir. Rance Rover markalı avtomobilinin qiyməti öz aralarında olan razılaşmaya əsasən 16500 manat qiymətləndirilmiş, Nicatın ona verdiyi BMW markalı avtomobilə isə 12500 manat qiymət qoyulmuşdur. Nicat iddiaçıya arada olan fərqi, yəni 4000 manat pul vəsaitini ödəmişdir. Hər iki avtomobil başqa şəxslərin mülkiyyətində olmuş, yalnız etibarnamə əsasında tərəflərə verilmişdir. İddiaçı sonradan BMW markalı avtomobili X4 məxsus avtomobillə dəyişmiş və ona həmin avtomobilə dair etibarnamə verilmişdir. BMW markalı avtomobilin mülkiyyətçisi sonradan verilmiş etibarnaməni ləğv etdirmiş və avtomobili geri götürmüşdür. Hazırda iddiaçı özünə məxsus olmayan avtomobili digər avtomobillə dəyişdiyini, lakin həmin avtomobili mülkiyyətçi geri götürdüyündən cavabdehdən pul vəsaiti tələb etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallarının həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmalıdır. Hal-hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamasıdır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad edilən Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Lakin iş materiallarından müəyyən olunur ki, hazırkı halda iddiaçının istinad etdiyi mülki hüquq pozuntusu (delikt) mövcud deyildir, yəni iddiaçının nə şəxsiyyətinə, nə də əmlakına zərər vurulmamışdır. Mübahisə başqa şəxsin mülkiyyətində olan əmlakın iddiaçının öz mülahizəsinə əsasən dəyişdirməsi, sonradan həmin əmlakın onun istifadəsindən çıxması ilə bağlı pul tələbinin irəli sürülməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin əqd bağlandığı andan özlüyündə etibarsız olan əqddir və heç bir hüquqi nəticə yarada bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin əqd üzrə iddiaçının cavabdehdən pul tələb etməsi qanunsuzdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarında qeyd olunur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-907/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-907/2023
21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver