Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-98/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X24 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “A” tikilisi üzərində ona məxsus 1/3 hissə olmaqla mülkiyyət hüquqlarını nəzərə alaraq həmin daşınmaz əmlakın mülkiyyətçilər arasında naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, tikinti üzrə texniki pasportda “A” tikilisi üzrə planlarda: birinci mərtəbədə qeyd olunan 4 nömrəli sahə 24.2 m2 və 8 nömrəli sahə 16.3 m2, ikinci mərtəbədə qeyd olunan 4 nömrəli sahə 24.8 m2, 5 nömrəli sahə 13.0 m2, 9 nömrəli sahə 19.2 m2, 13 nömrəli sahə 5.8 m2 və həmçinin texniki pasportda göstərilmiş 10 nömrəli sahənin paya mütənasib olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "A" tikilisi üzrə evin 1/3 hissəsinin (ayrılma) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1983-cü il tarixdə dünyaya gəlmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabına 05 iyul 1984-cü il tarixdə, № 718 nömrə ilə qeyd aparılmışdır. X-ЖГ № 323525 reyestr nömrəsi, 05 iyul 1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə atası kimi X4, anası kimi X6 qeyd olunmuşdur. Ц- ЖГ № 435620 reyestr nömrəli, 21 oktyabr 1993-cü il tarixdə verilmiş Ölüm haqqında şəhadətnaməyə əsasən X6 08 iyul 1987-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabına 8 iyul 1987-ci il tarixdə, №132 nömrə ilə qeyd aparılmışdır. İV-ЖГ № 432039 reyestr nömrəli, 14 iyul 1995-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnaməyə əsasən X4 07 iyul 1995-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabına 14 iyul 1995-ci il tarixdə, №129 nömrə ilə qeyd aparılmışdır. V-173/2022 reyestr nömrəli, 6 iyul 2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş - X1 vərəsəsi qismində qızı İddiaçı tanınmış və ona miras əmlakdan 1/1 hissədə tam pay müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə X2 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 360.3 m2 olan fərdi yaşayış evindən mərhum X2 məxsus “A” tikilisi 1/3 hissədən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 1 ünvanında, 0.031420 ha torpaq sahəsi üzərində yerləşən, 366.30 kv.m xüsusi mülkiyyətdə olan, **********44-10301 reyestr nömrəli daşınmaz əmlakın “A” tikilisinin 1/3 hissəsində İddiaçı (Qeydiyyat nömrəsi: **********, xx.xx.2022-ci il tarixdən etibarən), 2/6 hissəsində Cavabdeh1 (Qeydiyyat nömrəsi: **********, xx.xx.2019-cu il tarixdən etibarən), 2/6 hissəsində Cavabdeh2 mülkiyyətçidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” №6390263 nömrəli arayışa əsasən İddiaçı 10 avqust 2022-ci il tarixdən etibarən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində qeydiyyatdadır. Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən, **********44-10301 reyestr nömrəli daşınmaz əmlakın Texniki Pasportu verilmişdir. Texniki Pasport xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. X22 “A” tikilisi üzrə mərtəbələr üzrə otaqların təsnifatı göstərilmişdir. Qeyd edilənləri diqqətinizə çatdıraraq bildirirəm ki, ünvan 1 ünvanında yerləşən “A” tikilisi üzərində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 bərabər hissələrdə, yəni hər birinə 1/3 hissə olmaqla mülkiyyət hüquqları vardır. Lakin qeyd edilən mərtəbələr, otaqlar və daşınmaz əmlakın ümumi sahəsinə nisbətdə hansı mülkiyyətçiyə daşınmaz əmlakın naturada hansı hissəsinin məxsus olması anlaşılmazdır. Buna görə də qeyd edilən daşınmaz əmlakın naturada bölgüsü zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30 yanvar 2025-ci il tarixdə bağışlama müqaviləsinə əsasən öz mülkiyyət payını Cavabdeh2 bağışlamışdır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sonuncu ekspertiza rəyi ilə razıdırlar. Mübahisə üzrə ünvan 1 ünvanında yerləşən "A" tikilisi üzrə evin 1/3 hissəsinin (ayrılması) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, bildirmişdir ki, sonuncu ekspertiza rəyi ilə razıdırlar. Sonuncu ekspertiza rəyinə əsasən qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, cavabdeh tərəf sonuncu ekspertiza rəyi ilə razıdır. Sonuncu ekspertiza rəyinə əsasən qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş 2V-223 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı Vəliyulla qızı miras əmlakdan (ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisinin 1/3 hissəsi) pay almalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, X12, X29, Cavabdeh2, X16, X13, X7, X8, X11, X17, X9, X14, X15 qeydiyyatdadırlar. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisi X10, A tikilisinin 2/6 hissəsi Cavabdeh1, A tikilisinin 2/6 hissəsi Cavabdeh2, A tikilisinin 1/3 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eləcə də, həmin İdarə tərəfindən daşınmaz əmlaka dair texniki pasport təmin edilmiş, zəruri texniki parametrlər göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3137 saylı rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Murad Abdullayev küçəsi döngə 1 ünvanda yerləşən 10 nömrəli (A literli) fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ideal paylar üzrə, yəni müvafiq olaraq 2/6, 2/6 və 1/3 hissə olmaqla 3 hissəyə naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1112 saylı rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən “A” literli fərdi yaşayış evində ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Texniki Pasport” sənədinə əsasən kommunal xidmətli sahələrin (mətbəx, sanitar qovşaq) paylar üzrə yetərli sayda olmamasını (2 mətbəx, 1 sanitar qovşaq) nəzərə alaraq həmin fərdi yaşayış evinin (“A” literli) mülkiyyətçilər arasında 3 hissəyə naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı, lakin İddiaçı məxsus 1/3 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bunun üçün iş materiallarında olan ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Texniki Pasport” sənədinə “A” literli fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə 1 nömrəsi işarələnmiş sahəsi 11.5 m2 olan anbar, 5 nömrəsi ilə işarələnmiş sahəsi 12.0 m2 olan yaşayış otağı, 2-ci mərtəbə üzrə 11 nömrəsi ilə işarələnmiş sahəsi 7.8 m2 olan hamam (sanitar qovşaq), 12 nömrəsi ilə işarələnmiş sahəsi 12.1 m2 olan mətbəx, 1 nömrəsi ilə işarələnmiş sahəsi 20.3 m2 olan yaşayış otağı, 6 nömrəsi ilə işarələnmiş sahəsi 11.0 m2 olan eyvan, 7 nömrəsi ilə işarələnmiş sahəsi 10.5 m2 olan dəhliz və 10 nömrəsi ilə işarələnmiş sahəsi 36.3 m2 olan açıq eyvanın uzununa istiqamətində 3.77 metr məsafədə bölünərək iddiaçının istifadəsinə verilməklə naturada bölünə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6717 saylı rəyin təsviri hissəsindən görünür ki, birinci mərtəbə üzrə sahələri 24.2 kv.metr və 16.3 kv.metr olan tikililər 1/3 paya, sahələri 11.5 kv., 16.4 kv.m, 16.4 kv.m, 12.0 kv.m, 5.8 kv.m va 6.7 kv.m olan tikililər isə 2/3 paya verilə bilər. İkinci mərtəbə üzrə sahələri 24.8 kv.m, 13.0 kv.m, 16.8 kv.m, 5.8 kv.m və 22.0 kv.m olan tikililər 1/3 paya, 7.8 kv.m, 12.1 kv.m, 20.3 kv.m, 16.8 kv.m, 16.8 kv.m, 21.8 kv.m, 11.0 kv.m və 13.2 kv.m olan tikililər isə 2/3 paya verilə bilər. Rəyin nəticə hissəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin “A” literli tikilisinin, tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrıayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında olan tikililərin ayrı-ayrı tikililər olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, eləcə də həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2, 2.4, 2.7-ci bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin 1/3 və 2/3 paya uyğun 2 təcrid mənzil şəklində naturada bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 2.2, 2.4, 2.7ci bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkündür (bölgü variantı rəyin tədqiqat hissəsindəki plan-sxemdə göstərilmişdir). Çıxarışda torpaq sahəsinin istifadədə olduğu göstərildiyindən, eləcə də paylar göstərilən hissədə torpaq sahəsi nəzərdə tutulmadığından, torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.... 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın “A” tikilisi paylı mülkiyyətdədir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, “A” tikilisinin 2/6 hissəsi Cavabdeh1, 2/6 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə İddiaçı mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə Cavabdeh1 30 yanvar 2025-ci il tarixdə bağışlama müqaviləsinə əsasən öz mülkiyyət payını Cavabdeh2 bağışladığını bildirmiş və bu səbəbdən Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Hazırda iddia tələbi Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən "A" tikilisi üzrə evin 1/3 hissəsinin (ayrılma) bölünməsindən ibarətdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, İddiaçı tələbi haqlı hesab olunur. Belə ki, həmin maddədə nəzərdə tutulub ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan ekspert rəyləri ilə müəyyən edilir ki, əvvəlki mərhələdə tikilinin bütün mülkiyyətçilər arasında bir neçə hissəyə bölünməsi ilə bağlı müxtəlif yanaşmalar araşdırılsa da, sonuncu ekspert rəyində tikilinin paylara uyğun şəkildə təcrid olunmuş istifadə imkanları nəzərə alınaraq naturada bölgünün mümkünlüyü göstərilmişdir. Xüsusilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6717 saylı rəyindən görünür ki, “A” literli tikilinin planlı yerləşməsi, faktiki yaşayış və yardımçı sahələrin mövcudluğu, ayrı-ayrı giriş-çıxış imkanları və Tikinti Norma və Qaydalarının tələbləri nəzərə alınmaqla, həmin tikilinin paylara uyğun təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkündür və bölgü variantı rəyin plan-sxemində göstərilmişdir. Məhkəmə, həmçinin, tərəflərin məhkəmə iclasında verdiyi izahatları nəzərə alır. Belə ki, iddiaçı tərəf sonuncu ekspert rəyini qəbul etdiyini bildirmiş, cavabdeh və onun nümayəndəsi də iddia tələbinə etiraz etməyərək məhz sonuncu ekspert rəyinə əsasən qətnamə çıxarılmasını xahiş etmişdir. Bu hal mübahisənin texniki həll variantı üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü və iddia tələbinin həmin rəyə uyğun həcmdə təmin edilməsinin mümkün olduğunu göstərir. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 4 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin “A” literli tikilisinin paylara uyğun naturada ayrılıb iddiaçıya verilməsi mümkündür və buna görə də, iddia tələbi təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, ünvan 1 ünvanında yerləşən "A" tikilisi üzrə evin 1/3 hissəsi bölünməlidir. Məhkəmə xərcləri. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 10/3137 saylı ekspertiza üzrə 50 manat, 10/1112 saylı ekspertiza üzrə 100 manat və 10/6717 saylı ekspertiza üzrə 100 manat olmaqla, cəmi 250 manat məbləğində pul Cavabdeh2 aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 244, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən "A" tikilisi üzrə evin 1/3 hissəsi (ayrılsın) bölünsün. Məhkəmə ekspertizası tədqiqatının dəyəri qismində 250 manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE**********0002088501 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-98/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-98/2025
15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver