Məhkəmə qərarları › İş №e-2(010)-998/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-998/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-998/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçilər İddiaçı1 və İddiaçı2 və ərizəçilərin vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 16 may 1986-cı il təvəllüdlü X4 01 noyabr 1986-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı2 digər ərizəçi İddiaçı1 anasıdır. X7 uzun müddət dənizçi işləmişdir və 1985-cı ildən ev növbəsində durmuşdur, nəhayət 1992-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “Q” yaşayış massivində ev 1, mənzil 20-də yerləşən 5 otaqlı mənzilin orderi verilmişdir. Orderdə 6 nəfər ailə üzvünün adı qeyd edilmişdir. Həmin 6 nəfərdən X7 xx.xx.2008-ci ildə rəhmətə getmiş və onun ölümü dövlət qeydiyyatına alınmışdır. Ailənin digər üzvü X8 (16 may 1986-cı il təvəllüdlü) doğuşdan təxminən 6 ay sonra, 1986-cı ilin noyabr ayının 1-də infeksion xəstəlik nəticəsində həyatını itirmişdir. Ailə həmin andan bu yana ölüm faktının təsdiq edilməsi üçün hər hansı bir orqana müraciət etməmişlər. Bunun səbəbi isə 6 aylıq uşağın ölümünə əhəmiyyət verməməkləri olmuşdur. Qeyd edildiyi kimi mənzilin ailəyə verilməsinə dair orderdə 6 nəfərin adı qeyd edilmişdir və mənzilin özəlləşdirilməsi üçün orderdə qeyd olunan şəxslərin razılığə tələb edilir. Belə ki, mənzilin özəlləşdirilməsinə dair ailə üzvləri arasında qəti problem yoxdur, ailə üzvlərindən birinin adına mənzil özəlləşdiriləcək. X2 ölüm faktının qeydə alınmaması, hazırda sağ kimi görünməsi özəlləşməyə hüquqi əngəldir. Həmçinin dövlətin marağındadır ki, ölmüş şəxsin qeydiyyatı aparılsın.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçi İddiaçı1 ərizəni müdafiə edərək bildirdi ki, 16 may 1986-cı il təvəllüdlü X8 doğuşdan təxminən 6 ay sonra, 1986-cı ilin noyabr ayının 1-də infeksion xəstəlik nəticəsində həyatını itirmişdir. Onun Lalə adlı bacısının olması və 6 ay sonra xəstəlikdən ölməsi barədə valideynləri həmişə danışıblar. X1 ölüm faktının qeydə alınmaması sağ kimi görünməsi onların yaşadığı mənzilin özəlləşməsinə hüquqi əngəldir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında ərizəçi İddiaçı2 ərizəni müdafiə edərək bildirdi ki, 16 may 1986-cı il təvəllüdlü X8 doğuşdan təxminən 6 ay sonra, 1986-cı ilin noyabr ayının 1-də infeksion xəstəlik nəticəsində həyatını itirmişdir. Belə ki, qızı Lalə İsgəndərova doğuşdan iki ay sonra infeksion xəstəliyə tutulduğunu, həmin vaxtdan təxminən 1986-cı ilin oktaybr ayına kimi qızının xəstəxanalarda müalicə olunduğunu, lakin buna baxmayaq həmin il noyabr ayının 1-də Bakı şəhərində evdə vəfat etmiş və Keşlə qəbristanlığında dəfn olunmuşdur. X1 ölüm faktının qeydə alınmaması, hazırda sağ kimi görünməsi onların yaşadığı mənzilin özəlləşməsinə hüquqi əngəldir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

5. Ərizəçilər İddiaçı1 və İddiaçı2 vəkili (nümayəndəsi) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.

6. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadələri.

7. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 bildirmişdir ki, İddiaçı2 qardaşının arvadı, İddiaçı1 Fikrət oğlu isə qardaşının oğludur. Qardaşı Fikrədin 4 uşağı - 2 qızı və 2 oğlu olmuşdur. Uşaqlardan biri İsgəndərova Lalə təxminən 1986-cı ilin noyabr ayının əvvəllərində rəhmətə gedib. Bildiyi qədəri ilə uşaq 4-5 aylıq olanda bağırsaq infeksiyası keçirdib. Uşaq Keşlə qəbrstanlığında dəfn olunub və dəfn mərasimində iştirak edib.

8. Məhkəmənin iclasında digər şahidlər X6, X11 və X20 şahid X9 ilə eyni məzmunlu ifadə verdilər.

İş materialları.

9. Bakı şəhəri 26 Bakı Komissarı adına r-n VVAQD şöbəsi tərəfindən 31. 05.1986cı il tarixdə verilmiş Xİ-JQ seriyalı, 413429 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə (atası X10, anası İddiaçı2) Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 771 sayla qeyd edilmişdir.

İşin faktiki halları.

10. 16 may 1986-cı il təvəllüdlü X8 ərizəçi İddiaçı2 doğma qızı, İddiaçı1 isə doğma bacısı olmuşdur. X8 doğuşdan təxminən 6 ay sonra, 1986-cı ilin noyabr ayının 1-də xəstəlikdən vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.

Tətbiq edilən hüquq.

11. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

14. Ərizəçilərin xahişindən görünür ki, onlar məhkəmədən ailə üzvü olmuş X4 xx.xx.1986-cı il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 xx.xx.1986-cı il tarixdə xəstəlikdən vəfat etmiş, lakin onun ölümü barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçilər ailə üzvü olmuş X4 ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir.

17. Göründüyü kimi, X4 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar