Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1066/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçının mövqeyinə əsasən, cavabdeh X9 İddiaçı ona olan etibarından sui-istifadə edərək 20.000 AZN pulunu mənimsəmiş,eyni zamanda ona ciddi mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçı, X9 ilə ailələri vasitəsilə ilə tanış olmuş və ailələrin də istəyinə əsasən ailə qurmaq qərarına gəlmişlər (xx.xx.2017). Bir müddət sonra cavabdeh, Rusiyada yaşayan qardaşlarının yanına icazə almaq üçün getmiş (xx.xx.2017), nişan və toy üçün hazırlıq edib, 2 ay sonra geri dönəcəyini bildirmişdir. Lakin daha sonra cavabdeh Rusiyanın Moskva şəhərində başqası ilə ailə qurmuş, ondan Safiya adlı bir qız övladı dünyaya gəlmişdir (xx.xx.2018). İddiaçı bu haqqda məlumatı aylar sonra başqasından öyrənmiş və əlaqəni dərhal kəsmişdir. Cavabdehin iddiaçıya dediklərinə görə, hələ Safiya dünyaya gəlməmiş, Rusiyada yaşayan ərindən qaçmış və Safiya dünyaya gəldikdən sonra isə onu tapa bilməsinlər deyə anası Fəridə Xəlilova ilə Bakıya qayıtmışdır. İddiaçı ilə uzun müddət əlaqəsi kəsilsə də, sosial şəbəkə vasitəsilə onu tapmış, peşman olduğunu və yenidən bərabər olmaq istədiyini bildirmişdir (uşaq olduğunu daha sonra bildirib). Fatma, başına gələnlərin səbəbi kimi ailəsinin ona təzyiq göstərdiyini, hətta zorla ərə verildiyini qeyd etmişdir. Bir müddət telefon danışıqlarından sonra uşağının da olduğunu demişdir. İddiaçı, həqiqətən də Fatmanın peşman olduğunu düşünərək onun uşağı ilə tək başına həyat mübarizəsi verməsin deyə qəbul etmiş, hətta ailəsinin etirazlarına baxmayaq onunla ailə qurmaq qərarına gəlmişdir. Fatma, iddiaçının onu qəbul etdiyini, onu hələ də sevdiyini anlamış və onun inamından istifadə edərək ehtiyac və digər səbəblər göstərərək dəfələrlə pul və mənəvi yardım istəmişdir. Buna əlavə olaraq, Əcəmi Naxçıvani 53A ünvanında yerləşən boş mənzili üçün əşyalar (müxtəlif mebel və texnikalar) almasını (iddiaçının adına və ya öz adına), S.S.Axundov ünvanında yerləşən evinin təmiri üçün material, usta və digər xərclərin ödənilməsini, hətta təmir başa çatdıqdan sonra həmin mənzil üçün əşyalar (müxtəlif mebel və texnikalar) alınmasını istəmişdir (2020). 1 neçə vaxt sonra, Fatma işləmək istədiyini bildirmiş və iddiaçı (özçalışdığı yerdə) onun, X15 Way West şirkətinə işə qəbul olmasında bilavasitə rol oynamışdır. Nəticədə iddiaçının etibarından, inamından, etimadından suiistifadə edən cavabdeh X9 onun xeyli miqdarda vəsaitini mənimsədikdən sonra müxtəlif bəhanələrlə ondan uzaqlaşmağa çalışmış, hətta işə qəbul olduğu şirkətdə başqa biri ilə tanış olaraq gizlicə münasibət qurmuşdur. Lakin iddiaçının bu haqqda məlumatı olmadığından hələ də onunla görüşüb vəziyyətin nə olduğunu anlamağa çalışmışdır. Bir neçə ay sonra Fatma zənglərə cavab vermiş, iddiaçıya ailə qurduğunu və ona zəng etməməsi üçün xəbərdarlıq etmişdir. Bütün edilənlərə baxmayaq Fatmanın yenə xayinlik etdiyini anlayan iddiaçı, cavabdehin sadəcə onun əmlakını mənimsəmək üçün ona yaxınlaşdığını başa düşmüşdür və dərhal Binəqədi Rayon Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Qeyd edir ki,cavabdeh, izahat üçün çağrıldıqdan sonra iddiaçının ailə üzvlərinə (bacısı və 14 yaşlı bacısı qızına) gecə saatlarında zənglər edərək hədə qorxu gəlmiş və şikayət ərizəsinin geri götürülməsini, əks halda iddiaçı və ailə üzvləri üçün vəziyyətin pis olacağını həm yazılı, həm də telefon danışığı zamanı qeyd etmişdir (səs yazısı və whatsapp yazışmaları var). Daha sonra isə cavabdehin qardaşı, X10, birbaşa iddiaçıya zəng edərək onu təhqir etmiş və yenə də hədə-qorxu gələrək ərizəsini geri götürməyini tələb etmiş, hətta iddiaçının evinə gələrək ailə üzvlərini qorxutmuşdur. Bu zənglərin birində, Fatma, iddiaçının bacısı ilə danışarkən özünün yenicə ailə qurduğunu və bir övladının olduğunu da demişdir. Maraqlısı budur ki, polis araşdırması zamanı məlum olmuşdur ki, Fatma nikaha 2023-cü ilin fevral ayında daxil olmuş, övladı isə həmin ilin may ayında dünyaya gəlmişdir. Bu, onu göstərir ki, Fatma iddiaçı ilə ailə qurmağı planladıqları dövrdə, başqa birindən övladı (nikahdan kənar) olacağını anlamış və bu səbəbdən, fiziki dəyişiklik anlaşılmadan və iddiaçı şübhələnmədən münasibətləri tez bir zamanda kəsməyə çalışmışdır. Hazırda cavabdehin həm Binəqədi Rayon Polis İdarəsində, həm də Bakı Şəhər Baş Polis İdarəsində ümumilikdə 5 dəfə izahatı alınıb. Buna səbəb, cavabdehlər dəfə deyilənləri inkar etmiş, yalan ifadələr vermiş (yazılı), iddiaçıdan heç bir pul almadığını və güya iddiaçının onunla ailə qurmaq istəmədiyini, hətta iddiaçının ona 12000 AZN (on iki min manat) borclu olduğunu yazılı olaraq bildirmiş, daha sonrasında isə təkrar verildiyi zaman bu suallardan yayınmışdır. İddiaçı, hər dəfəsində tutarlı sübutlar təmin etdiyi üçün cavabdeh təkrar izahata çağrılmış və sübutlar olduğunu anladıqdan sonra, aldığı pulları və yuxarıda qeyd edilən digər məsələləri bir-bir etiraf etmişdir. Lakin əməldə cinayət tərkibinin bütün elementləri olmadığı üçün mülki xarakterli iş kimi iddiaçıya, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda qeyd etdikləri ilə bağlı iddiaçının şikayəti əsasında toplanmış material (alınmış mebel və texnikaların qəbzləri, pul köçürmələri haqqında bank çıxarışları, yuxarıda qeyd edilən ünvandakı təmirlə bağlı alınmış materialların qəbzləri, şahidlərin və ustaların izahatları və s.) Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında saxlanılır. Həmin materialların surətinin alınması ilə bağlı tərəflərindən sorğu verilmişdir. Verilmiş sorğuya və onun göndərilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etmişlər. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının sübut edə bildiyi hissə 20.000 AZN-dir. Əslində isə cavabdehə verilən pullar bundan çoxdur. Sadəcə həmin hissəyə dair iddialarını dəstəkləyən mötəbər dəlillər hazırda mövcud deyil. Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, HK-1260 qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (Binəqədi RP-nin 5-ci PBnin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov). Ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, HK-1/1260 saylı qərarda qeyd olunmuşdur ki, hazırki məsələ mülki mübahisənin predmetidir. Buna görə də ikinci dəfə də toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı). Ərizəyə əlavə edilmiş bank çıxarışlarından görünür ki,ərizəçi İddiaçı Fatma Səmədovaya (Kazımovaya) 20.000 AZN-dən çox pul göndərmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Kapital Bank çıxarışlarından görünür ki, 250 AZN, 350 AZN, 18.22 AZN olmaqla cavabdehə pullar göndərilmişdir. Bundan başqa 12 noyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Miraqil Qiyasovun qəbulunda olaraq toplanmış materialla tanış olmuşlar. Toplanmış materiallarda cavabdeh Fatma Səmədovanın 4-5 izahatı var idi. Lakin müstəntiq həmin izahatların surətini verməkdən imtina edərək bildirmişdir ki, yalnız məhkəmənin sorğusuna əsasən materialların surətini məhkəməyə təqdim edə bilərlər. Toplanmış materiallarla tanış olarkən müəyyən olunmuşdur ki, həmin materialın 12-ci səhifəsindəki izahatda cavabdeh Fatma Səmədova etiraf edir ki, “mənimkart hesabıma müxtəlif məbləğlərdə pul göndərmişdir” Həmin materiallarda şahidlər X11 və X3 ifadələri var. Onlar təsdiq edirlər ki, İddiaçı Fatma Səmədovanın evinin təmiri üçün xeyli miqdarda pul almışlar. Həmin materialın 205-ci səhifəsində “Wentto” şirkəti xx.xx.2023-cü il məktubla Binəqədi Rayon Polis İdarəsinin sorğusuna cavab verir ki, İddiaçı tərəfindən 417 AZN kondisionerə görə pul ödənilmişdir. Həmin materialın 207-ci səhifəsində “ABC” Telecom ( Kontakt Home) Binəqədi Rayon Polis İdarəsinin sorğusuna cavab verir ki, Fatma Səmədovanın adına elektrik avadanlıqlar alınmışdır. Materiala əlavə edilmiş çıxarışlardan görünür ki, İddiaçı həmin avadanlıqlara 3000 AZN-ə yaxın pul xərcləmişdir. Həmin materialın 24-cü səhifəsində “İstikbal” Mebel Evinin çıxarışlarından görünür ki, şifoner (geyim dolabı) və digər mebellərə 1150 AZN pul xərclənmişdir. Həmin materialın 219-cu səhifəsində cavabdeh Fatma Səmədova izahatında qeyd etmişdir ki, İddiaçı onun qız övladına 2700 AZN dəyərində uşaq dəst mebeli almışdır. Daha sonra ifadəsində qeyd edir ki, İddiaçı ona xx.xx.2022-ci ildə,ad günündə 300-400 AZN pul vermişdir. Materialın İ cildindən ( səhifə 192) görünür ki, usta X1 Hümmətov Fatma Səmədovanın evinin təmiri üçün ona material pulu olara 1800 Dollar və 3000 AZN də usta pulu vermişdir. Materialın 220-ci səhifəsində Fatma Səmədova etiraf edir ki, İddiaçı ona verdiyi əşyaların ümumi dəyəri 17.000 AZN olmaz. Ən yaxşı halda 4000-5000 AZN olar. Materialın 2-ci cildinin 15-ci səhifəsində Fatma Səmədova etiraf etmişdir ki, 2019-cu ildə evlilik məqsədilə şəxsi münasibət qurmuşdur. Lakin həmin materiallardan görünür ki, xx.xx.2022-ci ildə, ad günündə İddiaçıla münasibəti ola-ola başqa şəxslə, iş yoldaşı Orxan Kazımovla münasibətdə olmuş, məhz bu səbəbdən 2023-cü ilin yanvar ayında övladı olmuş, 2023-cü ilin fevral ayında isə Orxan Kazımovla nikaha daxil olmuşdur(yəni uşaq doğulub, sonra nikaha daxil olub). Bütün bu hallar dələduzluq cinayətinin tərkibini yaratsa da, Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanılması rədd olunduğundanmülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edirik. İddiaçının əlində cavabdehin onun pulunu mənimsəməsinə dair mötəbər sübutlar var və hesab edir ki, həmin dəlillərlə iddiasını tam olaraq sübuta yetirir.
İddiaçının tələbi:
2. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinirəhbər tutmaqla cavabdeh X4 maddiziyanın əvəzi olaraq 20.000 AZN (iyirmi min manat) AZN pul tutularaq İddiaçı verilməsini (ödənilsin), Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarın, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdeh X5 törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izdirab keçirməyi,sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30. 000 AZN (otuz min manat) pul tutularaq İddiaçı verilməsini, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 240 ( iki yüz qırx) AZN dövlət rüsumunun əvəzinin cavabdeh Səmədova (Kazımova) Fatma Sabir qızından tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəla qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksəriyyəti işin mahiyyəti ilə əlaqəsi olmayan, həqiqətə əsaslanmayan, cavabdehin şərəf və ləyaqətini zədələməyə yönəlmiş, şər və böhtan xarakterli məlumatlardır. İddiaçının bu tip məlumatlarla çıxış etməsi sadəcə olaraq onun cavabdehə olan kinindən və qərəzindən irəli gəlir. İddiaçının bu kin və qərəzi cavabdehin onunla evlənməməsi, başqası ilə ailə həyatı qurmasından irəli gəlir. Belə ki, iddiaçı özünün cavabdeha bildirməsinə görə güya cavabdehi uşaqlıqdan sevmiş, ona qarşı məhəbbət duymuşdur. Qeyd etmək istəyir ki, iddiaçı ilə cavabdehin bir-biri ilə qohumluq əlaqələri olmuşdur və əvvəllər qonşuluqda yaşamışlar. Onların arasında münasibət yaranmış və evlənmək, ailə qurmaq niyyətində olmuşlar. Bir müddətdən sonra xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi və cavabdehin iddiaçıya məxsus bir mənzildə yaşamaq istəyi, digər mənzilin isə satılıb iş qurulmasını təklif etməsi səbəbindən onlar arasındakı münasibət pozulmuşdur. Münasibətləri pozulduqdan sonra cavabdeh başqa şəxslə tanış olmuş, münasibətləri mədəni formada irəliləmiş və onunla ailə həyatı qurmuşdur. Hazırda da cavabdeh ailəlidir və övladları vardır. İddiaçının onun barəsində xoşagəlməz ifadələr işlətməsi, yalan, şər və böhtan xarakterli məlumatlar verməsi, sanki cavabdehin əxlaqi dəyərlərə önəm verməyən bir insan olduğunu qələmə verməsi doğru davranış şəkli deyil və etik dəyərlərə sığmır. Münasibətləri dövründə iddiaçının cavabdehə müxtəlif məbləğlərdə pul verməsi, köməklik etməsi ilə bağlı qeyd edilməlidir ki, burada da iddiaçı həqiqətə əsaslanmayan tələblər irəli sürərək cavabdehdən 20.000 manat pul tələb edir. Bu məbləğin necə və hardan hesablandığı cavabdehə məlum deyil. Həmin məbləğin mövcudluğunu təsdiq edən etibarlı, tutarlı dəlil yoxdur, məhkəməyə təqdim edilməmişdir. Çünkü belə hal ümumiyyətlə mövcud deyildir. Məlum olduğu kimi, iddiaçı daha əvvəl hüquq mühafizə orqanına müraciət etıniş, onun bildirdikləri əsasında araşdırma aparılmış və cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahatlarında ona dəymiş ziyanın bir dəfə 13000 manat olduğunu, bir dəfə 17000 manat olduğunu bildirmişdir. İndi də 20000 manat tələb edir. Bu ziddiyyət belə iddiaçının həqiqətə uyğun olmayan məlumatlara əsaslanaraq, cavabdehə olan kininin nəticəsində ondan əvəz çıxmaq məqsədi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbinin əslində əsassız olduğunu göstərir. Bunlardan başqa həm hüquq mühafizə orqanında aparılan araşdırma zamanı həm də hazırki işdə məhkəməyə sübut kimi təqdim edilən bank hesabından çıxarışlarda, qəbzlərdə göstərilən məbləğlərin cavabdehlə hər hansı əlaqəsi, həmin məbləğlərin cavabdehə göndərildiyi və ya cavabdehin xeyrinə xərcləndiyi və ya həmin məbləğlərin məhz cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmir. Buna baxmayaraq hüquq mühafizə orqanında aparılan araşdırma zamanı cavabdeh iddiaçının ona kömək etməsini danmamış, münasibətləri dövründə iddiaçının ona bir neçə kosmetik əşya, ətir hədiyyə etdiyini, bəzən də bank kartına xırda məbləğlər göndərdiyini, ad günündə hədiyyə verdiyini və bir neçə mebel aldığını bildirmişdir. Bütün bunların dəyərinin ən yaxşı halda 4000-5000 manat olduğunu bildirmişdir. Eyni zamanda cavabdehin ona məxsus evin güya iddiaçı tərəfindən təmir edilməsinin, qardaşının kreditinin iddiaçı tərəfindən ödənilməsinin yalan olduğunu, belə halın olmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, münasibətləri dövründə cavabdehə məxsus mənzil iddiaçının köməyi ilə kirayə verilmiş, həmin mənzilə görə 380 manat kira haqqı hər ay iddiaçının bank kartına köçürülmüşdür. Bu hal hüquq mühafizə orqanında aparılan araşdırma zamanı izahat verən kirayəçı Anar Fərzəliyev tərəfindən təsdiq edilmişdir. Cavabdeh həmin kirayə məbləğini iddiaçıdan tələb etməmiş, iddiaçı da həmin məbləği cavabdehə verməmişdir. Cavabdehin həmin məbləği tələb etməməsinin səbəbi, həm aralarındakı münasibət, evlənəcək olmaları həm də iddiaçının ona etdiyi yuxarıda qeyd edilən köməkliklər olmuşdur. Beləliklə əslində cavabdeh iddiaçının ona hədiyyə etdiyi, kömək məqsədi ilə çəkdiyi xərclərin qarşılığını da ödəmişdir. Qeyd edilənlərdən görünür ki, iddiaçının tələbi heç bir tutarlı dəlillə təsdiqlənməyən, sadəcə olaraq iddiaçının kinindən və qərəzindən irəli gələn, əvəz çıxmaq məqsədi ilə irəli sürülən tələbdir və təmin edilməməlidir. İddiaçının mənəvi ziyan tələbinə münasibətdə qeyd etmək istəyirik ki, həmin iddia da tamamilə əsassızdır. Belə ki, işin hallarından cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının hər hansı hüququnun pozulması, bu hüququn pozulması nəticəsində onun mənəvi sarsıntı keçirməsi, əzab çəkməsi, sağlamlığının pozulması halı müəyyən edilmir. Ümumiyyətlə burada cavabdehin təqsirli hərəkəti belə yoxdur. Sadəcə olaraq iddiaçı ilə cavabdeh gələcəkdə ailə qurmaq məqsədi ilə münasibətdə olmuşlar, lakin sonradan aralarında yaranmış problemlərə görə münasibətləri pozulmuşdur. Belə olan halda iddiaçının mənəvi zərər tələb etməsi əsassızdır. Əksinə məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçının əsassız olaraq hüquq mühafizə orqanlarına şikayəti nəticəsində cavabdeh dəfələrlə izahat verməyə dəvət edilmiş, iş yerinə qanunsuz olaraq polis əməkdaşı göndərilmiş, bütün bunların nəticəsində cavabdeh böyük qorxu, həyəcan hissi, stress keçirmişdir. Həmin dövrdə hamilə olan cavabdehin yüksək həyəcan və stres səbəbindən hamiləliyi sonlanmış, övladını dünyaya gətirə bilməmişdir (tibbi sənədlər təqdim edilmişdir). Belə olan halda sual oluna bilər, əslində kim mənəvi ziyan tələbi ilə çıxış etməlidir, kim bu problemlərdən dolayı mənəvi sarsıntıya, əzaba məruz qalıb. Bütün bunlara baxmayaraq cavabdeh bütün diqqətini ailəsinə, övladlarına verməyə çalışır. Qeyd edilənlərdən görünür ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi heç bir sübuta söykənməyən, əsassız tələbdir və təmin edilməməlidir. Bütün bunlardan əlavə, bir anlığına iddia tələbinin əsaslı olduğunu, iddiaçının bildirdiklərinin sübuta yetdiyini qəbul etsə belə yenə də hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini irəli sürərəkən AR MM-nin 1096-cı maddəsinə (deliktə) əsaslanmışdır. Halbuki, burada deliktdən söhbət gedə bilməz. Ona görə ki, cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli hərəkəti və mülki qanunvericiliyin hər hansı normasını pozan hüquqa zidd əməli müəyyən edilmir. Beləliklə MM-nin 1096.1-ci maddəsində göstərilən dispozitiv şərtlər mövcud olmadığından iddiaçının öz tələbini deliktə əsaslandırması doğru olmamışdır. Belə olan halda hesab edir ki, iddia tələbinin əsası MM-nin 1095-ci maddəsi (əsassız varlanma) olmalıdır. Əsassız varlanmaya əsaslanaraq tələb irəli sürmək üçün isə iddia müddəti ötürülmüşdür. Belə ki, MMnin 1095-ci maddəsində əsassız varlanma obyektini geri qaytarmaq hüququ ilə bağlı iki illik iddia müddəti müəyyən edilmişdir. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin sonları 2022-ci ilin əvvəllərində pisləşmiş, 2022-ci ilin yay aylarında isə tamamilə kəsilmişdir. Hüquq mühafizə orqanında aparılan araşdırma zamanı, iddiaçı xx.xx.2023-cü il tarixli izahatında cavabdehlə münasibətlərinin 2022-ci ilin avqust ayında tamamilə kəsildiyini bildirmişdir. Belə olan halda iddiaçının əsassız varlanmaya görə tələb irəli sürməsi üçün iddia müddəti 2022-ci ilin avqust ayında başlamışdır. Çünki tərəflər arasında münasibətin korlanıb, əlaqələrin kəsildiyi an iddiaçı hazırki tələbinin əsaslarını bilirdi və ya bilməli idi. Deməli, iddiaçı ən geci 2024-cü ilin avqust ayında iddia qaldırmalı idi. Lakin o, iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Odur ki, bir anlığına iddia tələbinin əsaslı olduğunu qəbul etsək belə, o halda iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatı:
4. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, roman-german hüquq sisteminin tətbiq olunduğu bütün ölkələrdə cinyət işinin başlanması rədd olunursa və vətəndaş məhkəməyə müraciət edirsə delikt əsasında müraciət edir. O deliktin cinayət olmayan qanunsuz hərəkət olduğunu, iddialarının əsasının delikt olduğunu və iddia qaldıran zaman da deliktə əsaslandığını, cinayət işinin başlanması ilə bağlı hüquqmühafizə orqanlarına müraciət edən zaman müddətin axımının dayandığını, hazırda deliktdən, qanunsuz hərəkətlərdən söhbət getdiyini, əsassız varlanmadan söhbət gedə bilməyəcəyini qeyd etmişdir. İddiaçının nümayəndəsi (vəkili) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinirəhbər tutmaqla cavabdeh X4 maddiziyanın əvəzi olaraq 20.000 (iyirmi min) manat pul tutularaq İddiaçı verilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdeh X5 törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izdirab keçirməyi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pul tutularaq İddiaçı verilməsini, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdeh Səmədova (Kazımova) Fatma Sabir qızından tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.
5. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən İddiaçı evin təmiri üçün təchizatçıdan materiallar aldığını, cavabdehin rəsmi nikaha daxil olmaq istəmədiyini, onun təkidlərindən sonra cavabdehin onunla rəsmi nikaha daxil olmaq üçün qan verdiyini, lakin daha sonra müxtəlif bəhanələrlə yayındığını bildirmişdir. O 10 ilə yaxındır istismar olunduğunu, cavabeh Cavabdeh izahatında ərdə olub uşaqla qayıtdığını anasının isə ona Şahinlə evlənsə olar dediyini bu ifadənin isə ona təsir edən ifadə olduğunu qeyd etmişdir. İddiaçı cavabdehin 2018-ci ildə Bakıya qayıtdığını, 2019-cu ilin iyun ayında onunla əlaqə saxlamağa çalışdığını, cavabdehin dəfələrlə onunla görüşməyə çalışdığını, sonda dörüşmək qərarına gəldiyini, görüşə uşaqla gəldiyini və cavabdehin iddiaçıdan onu bu formada qəbul edə biləcəyini soruşduğunu qeyd etmişdir. İddiaçı ona görə ailəsini və iş yoldaşlarını qarşısını aldığını qeyd etmişdir. O hüquq mühafizə orqanları tərəfindən yubadıldığını, bu səbəbdən məhkəməyə müraciət edilmə prosesinin yubadıldığını bildirmişdir. İddiaçı eyni zamanda qeyd etmişdir ki, kartından taksi xidmətindən cavabdeh istifadə etmişdir və hədiyyənin sistematik olaraq davam etmədiyini bildirmişdir. İddiaçı 20000 manat vəsaitin yalnız sübut edə bildiyi vəsait olduğunu, 2022-ci ilin avqust ayında münasibətlərinin kəsildiyini, 2022-ci ilin noyabrında cavabdehin ona zəng etdiyini, lakin onun əsəbi şəkildə telefonu bağladığını, 2023-cü ilin əvvələrində cavabehə mesaj yazdığını, cavabdehin 2023-cü ilin aprel ayında ona şəkil göndərdiyini, evləndiyini və hamilə olduğunu bildirdiyini, 2022-ci ilin avqustun 8-də cavabdehə ad günü münasibəti ilə pul göndərdiyini, ona hədiyyə alaraq apardığını, cavabdehin onu qucaqlayaraq sağollaşdığını, onunla əlaqə saxlayacağını bildirdiyi, lakin daha sonra noyabr ayında ona zəng edərək keçmiş əri Rəşadın Azərbaycana gəlibgəlmədiyini öyrənmək üçün onunla əlaqə saxladığını, onun isə neçə müddət sonra belə bir səbəbə görə ona zəng etməsinə əsəbləşdiyi qeyd etdiyini bildirmişdir.
6. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X2 öz izahatında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilənlərinin həqiqətə əsaslanmadığını, iddiaçının 20 000 manat məbləğində pul tələb etdiyini, lakin həmin məbləği sübut edən sənəd mövcud olmadığını, həmçinin 20 000 manatın hansı hissəsinin hədiyyə olduğunu, iddiaçı tərəfin göstərə bilmədiyini, bir dəfə 13000 manat, daha sonra 17000 manat, hazırda isə 20000 manat tələb etdiyini bildirmişdir. Cavabdehin istintaqda iddiaçı ilə evlənmək niyyətlərinin olduğunu, evlənmək üçün münasibətlərinin olduğunu və həmin dövrdə iddiaçının ona köməklik etdiyini, lakin bu məbləğin 4000-5000 manatdan artıq olmadığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, cavabdehin kirayədə mənzili olub və həmin kirayə haqlarının vəsaiti iddiaçıya gəlibdir. Cavabdeh nümayəndəsi (vəkili) X2 bildirmişdir ki, 2021-ci ilin sonlarında iddiaçı ilə cavabdehin münasibətinin pisləşdiyini, 2022-ci ilin əvvəllərində isə demək olar ki, münasibət tamamilə kəsilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) iddiaçının qeyd etdiklərinin tamamilə əsassız olduğunu bildirmişdir. O mənəvi zərər tələbinə münasibətdə bildirmişdir ki, cavabdehin hüquq mühafizə orqanlarına gedib-gəlməyi və s. hallar nəticəsində sarsıntı keçirmiş və nəticədə hamiləliyi sonlanmışdır. Bu proseslər nəticəsində cavabdehin mənəvi zərərə məruz qaldığını bildirmişdir. Hüquqi əsas olaraq deliktdən söhbət gedə bilmədiyini, tərəflər arasındakı münasibətin mənzillərin birinin satılaraq iş qurulması təklifi ilə tərəflər arasında münasibətlərin korlandığını qeyd etmişdir. Hesab edir ki, tərəflər arasındakı münasibət delikt ola bilməz. O hüquq mühafizə orqanına müraciət edən zaman iddia müddətinin axımın dayanması halının qanunvericilikdə mövcud olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X2 iddia tələbini qəbul etmədiklərini, lakin iddia tələbini həqiqəti əks etdirsəydi belə müddətin ötürüldüyü qeyd etmişdir. İddia tələbini qəbul etmədiklərini, pul vəsaitinin iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyini, müddətin axımı ilə bağlı yeganə sübutun iddiaçının Cavabdeh ilə 2022-ci ilin avqustunda bütün əlaqəsinin kəsilməsini qeyd etməsi olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. Binəqədi Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı.
8. xx.xx.2020-ci il tarixli, NAT000024 saylı nisyə alqı-satqı müqaviləsi.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləru Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində 1.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) X5 adı ilə bağlı JN-1136 nömrəli xx.xx.2005-ci il tarixli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Ümumibirgə əsaslarla (5 nəfər) X5 adı ilə bağlı JN-548A nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. X5 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Sizin, 20 avqust 2024-cü il tarixli 23/734 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN Baş X17i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X5 adında xx.xx.2023-cü il tarixdən “Volkswagen İD.6 Pro Cross” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
11. Ödəniş kartı üzrə çıxarış.
12. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar.
13. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2024-cü il tarixli, N-2-5/2-29656/2024 saylı məktub.
14. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx.xx.2024-cü il tarixli, 2-5/2-33170/2024 saylı məktub.
15. Mediland Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh müayinə nəticəsinə əsasən uşaqdaxili aşağı yerləşmiş 6-7 həftəlik hamiləlik. Retroxoreal hematom.
16. xx.xx.2023-cü il tarixli durum bildirim raporuna əsasən Cavabdeh adlı xəstə xx.xx.2023 tarixində abort sonrası müayinəyə gəlmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tatixli, N- 8-7252 saylı arayış.
18. Fotolar və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
20. Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.
24. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
25. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§24)
30. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§24)
31. İddiaçının tələbi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinirəhbər tutmaqla cavabdeh X4 maddiziyanın əvəzi olaraq 20.000 (iyirmi min) manat pul tutularaq İddiaçı verilməsini (ödənilsin), Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarın, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqlacavabdeh X5törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izdirab keçirməyi,sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat pul tutularaq İddiaçı verilməsini, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin cavabdeh Səmədova (Kazımova) Fatma Sabir qızından tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.
32. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
33. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış pul tələbinin bir hissəsi bağışlama müqaviləsindən irəli gəlmiş, digər hissəsi isə müqavilədən irəli gələn öhdəliklər və delikt öhdəliklər koteqoriyasına aid olmadığından yaranmış mübahisənin hüquqi əsası əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə edilməlidir. Belə ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında uzunmüddətli münasibət olmuş, iddiaçı tərəf cavabdehə hədiyyələr vermiş və onun mülkiyyətində olan əmlakı təmir edirərək, mənzilə əşyalar almış və daha sonra həmin mənzilin kirayə haqqları iddiaçıya ödənilmişdir. Tərəflər arasında mübahisə predmeti olan pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 20000 manat pulun tərkibinə iddiaçının cavabdehə bağışladığı hədiyyələr daxildir. Məhkəmə iddia tələbini hədiyyələrə münasibətdə əsassız hesab edir. Belə ki, bağışlama müqaviləsinə əsasən onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Lakin cavabdehin mənzilinin təmirinə çəkilmiş xərclər cavabdeh tərəfindən də inkar edilməmiş 4000-5000 manatı etiraf edilmişdir. (§ 1920/2023 saylı cinayət işi, səhvə 220) Məhkəm hesab edir ki, iddia tələbinin təmir xərcləri və mənzilə alınmış mebellərə müasibətdə hüquqi əsasını əsassız varlanma təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərin xarakterində də bağışlamadan imtina üçün hallar müəyyən edilməmişdir.
35. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdelə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir, lakin cavabdehin əmlakı iddiaçı tərəfindən təmir edilmiş, mənzilə iddiaçı tərəfindən mebellər alınmışdır bu məsələ tərəflər arasında mübahisələndirilmədiyini nəzərə alaraq cavabdeh əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin bu hissəsinin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
36. Belə ki, məhkəmə araşdırması zamanı 2021-ci ilin sonlarında iddiaçı ilə cavabdehin münasibətinin pisləşdiyi, 2022-ci ilin əvvəllərində isə demək olar ki, münasibət tamamilə kəsilmişdir son görüşlərinin 2022-ci ilin avqusat ayında cavabdehin doğum günündə olduğu müəyyən edilmişdir. İddiaçı bu tarixi məhkəmə iclasında verdiyi izahda özü də təsdiq etmişdir.
37. Məhkəmə hesab edir ki, iddiaçı təmirə və mebellərə çəkdiyi xərcin əvəzi olaraq 5000 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış edir. Belə ki, iddiaçı tərəf cavabdehlə münasibətlərinin 2022-ci ilin avqust ayında tamamilə kəsildiyini bildirmişdir. Belə olan halda iddiaçının əsassız varlanmaya görə tələb irəli sürməsi üçün müddət axımı 2022-ci ilin avqust ayında başlamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etmək əvəzinə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur.
38. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 2022-ci ilin avqust ayında hüquqlarının pozulduğunu bilmişdir. Mülki qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. (§21) Məhkəmə qeyd edir ki, iddiaçının 2022-ci ilin avqust ayında hüququnun pozulduğunu bildiyi andan şəxsən fərdi müdafiə hüququndan istifadə etməmiş və ya lazımi qaydada həyata keçirilməmişdir, beləliklə də cavabdehdən əsassız varlanmaya görə pulu tələb etmək hüququnun vaxtından əvvəl xitamına şərait yaratmışdır.
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
43. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova