Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-109/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş ziyana görə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sağlamlığına zərər vurulması nəticəsində müalicəsinə, dərman preparatlarına, taksi xidmətlərinə və çəkilmiş digər zəruri xərclərə görə iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1.000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun, iddiaçının əmək qabiliyyətini itirdiyindən iki ay əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyi səbəbindən dolayı hər aya görə 1.000 manat olmaqla, 2.000 manat pul kompensasiyasının, ümumilikdə 8.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı DİN-in 102 Xidməti zəng mərkəzinə müraciət edərək, Nəsimi rayonu, Azadlıq prospektində “Bazar Store” mağazasının yaxınlığında 23 may 2022-ci il tarixdə “Kia” markalı avtomobilin onu vurması və nəticədə sol ayağından xəsarət alması ilə bağlı şikayət etmişdir. Şikayətində hadisəni törədən sürücünün məsuliyyətə cəlb olunmasını və iddiaçıya dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin iddiaçını vuran Cavabdeh X4 əməkdaşı olduğu üçün nə məsuliyyətə cəlb olunmuş, nə də maddi ziyanın əvəzi ödənilmişdir. İddiaçı fizioterapiyaya gedir, gəzə bilmir. Hadisədən 3 gün sonra travmatologiyada və 6 gün sonra isə Bakı Sağlamlıq Mərkəzində yüngül xəsarət diaqnozu qoyulmuşdur. Bakı Sağlamlıq Mərkəzinin 29 may 2022-ci il tarixdə verdiyi arayışdan görünür ki, iddiaçıya ön çarpaz bağlarında ödem, medial meniskusun arxa buynuzunda ikinci dərəcə degerenasiya, lateral meniskusun arxa buynuzunda ikinci dərəcə degerenasiya, fokal sümük iliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iynə-dərmana 315 manata yaxın pul xərcləmişdir. O, hazırda işləyə bilmir, əmək qabiliyyətini itirmişdir. Cavabdeh bir dəfə də iddiaçının səhhəti ilə maraqlanmamış, onu xəstəxanaya aparmamış, müalicə xərclərini ödəməmiş, onu hadisə yerində qoyaraq oradan uzaqlaşmışdır. Tərəflərin izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, 23 may 2022-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospektində “Kia Optima” markalı avtomobilin sürücüsü Cavabdeh avtomobili ilə İddiaçı vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli rəydən görünür ki, İddiaçı “sol diz oynağı nahiyəsinin keçirilmiş degenerativ dəyişikliklərlə əlaqədar osteoxondral zədələnməsi” 23 may 2022-ci il tarixdə güman olunan yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsi yoxdur və bu hallar məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Hazırkı iş üzrə keçirilmiş ekspertiza nəticəsində İddiaçı “sol diz oynağı nahiyəsinin keçirilmiş degenerativ dəyişikliklərlə əlaqədar osteoxondral zədələnməsi”nin 23 may 2022ci il tarixdə güman olunan yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsinin olmaması və bu halların məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadığı qeyd edilsə də, məhkəmə istinad olunan rəylə razılaşmayaraq qeyd edir ki, cavabdehin yol hərəkəti qaydalarını pozaraq iddiaçıya avtomobillə dəyməsi işin mübahisəsiz halıdır. İstinad olunan toqquşma nəticəsində iddiaçının həm fiziki, həm mənəvi zərər çəkməsi inkar olunmaz haldır. Belə ki, yavaş sürətlə belə olsa avtomobilin insanla toqquşması onda hər hansı xəsarət yaratmaya bilməz. İş materiallarından da görünür ki, həmin toqquşma nəticəsində iddiaçının ayağında ödəm (şişkinlik) yaranmışdır. Belə olan halda məhkəmə cavabdehə zərər dəyməsi qənaətindədir. Dəymiş maddi ziyanla bağlı iddiaya qiymət verərək məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaşı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinə və maddi ziyanın dəyməsini sübut etdiyi istinad edilən sənədlərə qiymət verərək hesab edir ki, onlardan yalnız aşağıdakılar sübut kimi qəbul edilə bilər: 29 iyun 2022-ci il tarixdə iddiaçı “X7” klinikasında ortopediya və travmatologiya şöbəsində ortopedin müayinəsi xidmətinə görə 30 manat məbləğində ödəniş etməsinə dair 132485 saylı qəbz, 32 manat dəyərində qoltuq ağacı almasına dair qəbz, 06 mart 2023-cü il tarixdə Zeytun mağazasından blokuim B12 amp N5, etodin SR 600 MQ N14, voltaren emulgel 10 mq 50 qr, spris 5 ml set dərmanlarına görə 41.36 manat məbləğində ödəniş etməsi barədə qəbz. İş materiallarına əlavə edilmiş digər qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, qəbzlərin bəzilərindən alınmış dərman preparatlarının adı görünmür. Həmin preparatların antidepresant, mədə xorası və keçirdiyi əməliyyatla bağlı nəzərdə tutulduğu müəyyən edilir. İşdə olan materiallardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dərəcəsi müəyyən edilə bilməyən xəsarət yetirilmiş, onda ödəm (şişkinlik) yaranmışdır. İddiaçı əldə etdiyi dərman preparatları ilə bağlı qəbzləri təqdim etsə də, bu dərmanları məhz yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətin müalicəsi üçün olduğuna dəlalət edən həkim müayinəsi və həkim tərəfindən yazılmış reseptlər əsasında alınmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən 103.36 manat məbləğində maddi ziyanın əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı avtomobillə toqquşma nəticəsində qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Aldığı xəsarətlərlə keçirdiyi mənəvi iztirablarla yanaşı, hadisədən dərhal sonra cavabdehin hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 400 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin əmək qabiliyyətini itirdiyi vaxtdan sonra iki ay əmək fəaliyyəti ilə məşğul olmadığı dövr üçün cəmi 2000 manat pul kompensasiyasının cavabdehdən onun xeyrinə tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hər hansı sahədə əmək müqaviləsi əsasında işləyib-işləməməsi halı aydınlaşdırılmış və heç yerdə işləmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında verdiyi izahatlarda müəyyən edilmişdir ki, o, reklam işi ilə məşğuldur və göstərdiyi xidmətləri əsasən online şəkildə göstərmişdir. İddiaçının gəlirlərini sübut etmək üçün onun bank hesabından çıxarış məhkəməyə təqdim edilmiş və bu çıxarışdan ona gələn vəsaitlərin əsasən Rusiya Federasiyasından olması müəyyən edilmişdir. Məhkəmə iclasında bu hal yenidən araşdırılaraq əmək münasibətlərini təsdiq edəcək hər hansı sübut əldə etmək mümkün olmamışdır. Eyni zamanda da iddiaçının aldığı xəsarət nəticəsində onun əmək qabiliyyətini itirməsi halı da iş üzrə müəyyən edilməmişdir. Odur ki, bu hissədə iddia təmin oluna bilməz. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 103.36 manat, mənəvi zərərə görə 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı səhhətə xəsarət yetirilməsinə iddia ərizəsi ilə müraciət etdiyindən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 103.36 (bir yüz üç manat otuz altı qəpik) manat, mənəvi zərərə görə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-109/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-109/2023
05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver