Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1474/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı “İddiaçı ASC-nin xeyrinə 6.595,41 ABŞ dolları məbləğində əsas borcun, 6.263,1 ABŞ dolları məbləğində faiz borcunun, 312.5 ABŞ dolları məbləğində cərimə borcunun tutulması, tələbin Cavabdeh1 məxsus “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 17 faiz olmaqla 13.457 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Digər Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 17 faiz olmaqla 13.457 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Digər Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Öhdəliyin icrası ilə bağlı bank tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixə İddiaçı ASC-yə 6.595,41 ABŞ dolları əsas, 4.884,68 ABŞ dolları faiz və 312.5 ABŞ dolları cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsində həmin müqavilə üzrə öhdəliyin icra müddəti 60 ay müəyyən edilmiş, öhdəliyin icra müddəti xx xxxxxxxx 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Cavabdeh2 tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə Cavabdeh1 tutulmalı olan 6.595,41 ABŞ dolları əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 6.263,1 ABŞ dolları faiz borcunun tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçının təqim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilənin icra müddətinin bitdiyi xx xxxxxxxx 2019-cu il tarixinə olan faiz borcu 4.884,68 ABŞ dolları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasnın müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır". Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni xx xxxxxxxx 2019-cu ilədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla yalnız xx xxxxxxxx 2019-cu il tarixədək hesablanmış həddə, yəni xx xxxx 2021-ci il tarixli maliyyə arayışında göstərilmiş 4.884,68 ABŞ dolları həddində tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 312.5 ABŞ dolları dəbbə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək 50 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış avtomobil krediti və girov/ipoteka müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə girov (ipoteka) qoymuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 6.595,41 ABŞ dolları əsas borc, 4.884,68 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.530,09 ABŞ dolları pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, əmlak açıq hərracda satılmalı və əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı” ASC-yə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6.595,41 (altı min beş yüz doxsan beş dollar qırx bir sent) ABŞ dolları əsas borc, 4.884,68 (dörd min səkkiz yüz səksən dörd dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.530,09 (on bir min beş yüz otuz dollar doqquz sent) ABŞ dolları pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan “Chevrolet Cruze” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracda satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1474/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1474/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver