Məhkəmə qərarları › İş №e-2(011)-155/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-155/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-155/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı “razılıq ərizəsinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və qeydiyyatın əsassız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı Cavabdeh2 ilə birgə nikahda olduğu dövrdə ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Əldə etdiyi məlumata əsasən həmin qeyri-yaşayış sahəsi 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 119.000 manat məbləğinə Cavabdeh4 satılmışdır. Alğı-satqı müqaviləsini satıcı adından iddiaçının həyat yoldaşı Cavabdeh2 Yaqub oğlunun 21 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır.

2. Həmçinin, iddiaçı araşdırma nəticəsində müəyyən etmişdir ki, etibarnamə ilə eyni gündə, yəni 07 yanvar 2021-ci il tarixdə eyni notariat ofisində Cavabdeh2 onun adından 8i-63 reyestr nömrəli ərizə imzalayıb və birgə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etirazının olmadığını bildirib. Həmin ərizədə iddiaçının adından ərizə vermək səlahiyyəti səlahiyyəti iddiaçı tərəfindən ona xx.xx.2014-cü il tarixdə verilmiş 7E-72701 reyestr nömrəli etibarnamə ilə təsdiqlənib. Lakin bu zaman tərəflər, xüsusi ilə də notarius tərəfindən bir hala diqqət yetirilməmişdir (qəsdən edilməsini də istisna etmir) ki, iddiaçı tərəfindən verilmiş etibarnamə yalnız DAŞİNAR əşyalara aiddir və həmin etibarnamədə daşınmaz əmlaklarla bağlı iddiaçı tərəfindən həyat yoldaşına heç bir səlahiyyət verilməmişdir.

3. Qeyd olunan səbəblərdən iddiaçı hesab etmişdir ki, Cavabdeh2 iddiaçının adından imzaladığı 8i-63 reyestr nömrəli ərizə və bunun nəticəsi olaraq imzalanmış ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 24 noyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı həmin əmlaka dair verilmiş çıxarış(lar) ləğv olunmalıdır.

İddiaçının tələbi:

4. İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsi olaraq verilmiş mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv olunması, qeyd olunan müqavilə üzrə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında qeyd etmişdir ki, 24 noyabr 2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi əmlak-qeyri yaşayış sahəsi satılmışdır. Alğısatqı müqaviləsi bu müqavilə bağlanmamışdan iki həftə əvvəl verilmiş etibarnamə əsasında Cavabdeh3 tərəfindən imzalanmışdır. Eyni zamanda həmin ilin əvvəlində xx.xx.2021-ci il tarixdə Cavabdeh2 iddiaçının adından əmlakın satılmasına dair razılıq ərizəsi vermişdir. İddiaçı tərəfindən verilmiş etibarnamə yalnız daşınar əmlaklarla bağlı verilmişdir, daşınmaz əmlaklarla bağlı yox. İddiaçının qeyri-yaşayış sahəsinin satılmasından xəbərdar olmaması normaldır, çünki bu yaşayış sahəsinin, evin alğı-satqısı olmamışdır. Cavabdehin nümayəndəsi (vəkili)nin qeyd etdiyi etibarnamə əsasında ərizə verilməsi ilə bağlı qeyd etmişdir ki, etibarnamə yalnız daşınar əşyalarla bağlı verilmişdir. Odur ki, bu iddiaçının razılıq verməsi kimi qiymətləndirilə bilməz. Dəyanət Kənanın işçisi olmuşdur. Kənan Dəyanətin götürdüyü sələmə görə qeyri-yaşayış sahəsini girov qoymuşdur. Onlar öz adlarına heç bir əmlak rəsmiləşdirmədiklərindən həmin əmlak Cavabdeh4 satılmışdır. Hazırda Cavabdeh4 barəsində cinayət işi də başlanılmışdır və dediyinə görə Kənan tərəfindən də orada zərərçəkmiş şəxs qismində cəlb edilmə barədə ərizə verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) öz çıxışını yekunlaşdıraraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddia ərizəsi 17 may 2023-cü il tarixdə verilmiş, lakin tərəflər arasında mübahisə predmeti olan müqavilə isə 24 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Təxmini 1 il 6 aydan sonra məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir. Cavabdeh2 hazırki iddiaçıdan daha əvvəl məhkəməyə müraciət etməsi hazırki iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməməsinə səbəb kimi göstərilə bilməz. Tam dəqiqliklə gününü qeyd edə bilməsə də güman edir ki, əqdin bağlandığı ərəfələrdə artıq iddiaçıya bu məsələ məlum olmuşdur. Həmçinin, iddiaçının əri Cavabdeh2 iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman İddiaçı bu məsələdən xəbərinin olmaması mümkün deyildir. Çünki, ailə arasında qeyri-yaşayış sahəsinin satılması mütləq ki, ailə üzvlərinə bəlli olmalı idi. İddiaçı və ondan da əvvəl ərinin analoji iddia tələbləri ilə məhkəməyə müraciət etmələri sübut edir ki, onların hər ikisinin əmlakın geri qaytarılmasında maraqları mövcuddur. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh4 vicdanlı alıcı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Qanunverici məsuliyyəti vicdanlı alıcının deyil, vəzifəli şəxslərin üzərinə qoyur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Müdafiə etdiyi Cavabdeh4 qanunvericiliyə uyğun qaydada alğı-satqı müqaviləsi bağlamış və həm onun özünün həm də satıcının səlahiyyətləri notarius tərəfindən yoxlanılmış və müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı hal aşkar edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi (vəkili) qeyd etmişdir ki, məhkəmə tərəfindən sorğu verilərək etibarnamənin əsli əldə edilmişdir. Etibarnaməyə diqqət yetirildikdə şahidi oluruq ki, etibarnamə əsasında İddiaçı ərinə “bütün dövlət orqanlarında onun adından ərizə vermək” səlahiyyətini də etibar etmişdir. Məhz alğı-satqı müqaviləsinin bağlanması üçün İddiaçı adından notariusda verilmiş ərizə də bura aid edilməlidir. Dəyanət hal-hazırda dövlət qurumlarından birində çalışır, iddiaçının nümayəndəsi(vəkilinin) qeyd etdiyi kimi onun Kənanın işçisi olması inandırıcı hal deyil və iddia tələbinə aidiyyatı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilməməsini xahiş etmişdir.

8. Cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

9. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.

11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli 4/1904 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı adından Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədə “Kərimov” yazısı və “Kərimov” yazısının qarşısındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur.

12. AN-İ ******* №li xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsini 119.000 (yüz on doqquz min) manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh2 əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır.

13. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur.

14. Elektron notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixli ərizə İddiaçı əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır.

15. Bakı şəhəri 21 saylı Notariat ofisinə verilmiş ərizələr və kassa mədaxil orderi.

16. AR-İİ 215693 №li Etibarnaməyə əsasən Cavabdeh2 Cavabdeh3 AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində məhdudiyyət və yüklülük olubolmaması barədə arayışı, Forma 2 arayışı almağı, satmağı, bağışlamağı, dəyişməyi notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir.

17. Bakı şəhəri 21 saylı Notariat ofisində verilmiş **********063 nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyriyaşayış sahəsinin satılmasına heç bir etiraz etməmişdir. İddiaçı adından Cavabdeh2 ərizəni imza etmişdir.

18. xx.xx.2019-cu il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 sifarişçi, "xxxx" MMC podratçıdır. Podratçı ünvan 3 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2(5) girişində İ mərtəbədə, qeyri-yaşayış sahəsinin tikintisini öz üzərinə götürür. Ümumi sahəsi 192 kv.m, müqavilənin qiyməti- 153.600 (yüz əlli üç min altı yüz) manatdır.

19. Maliyyə arayışına əsasən Cavabdeh2 şəhəri, Xətai rayonu, Neapol küçəsi 26A ünvanında yerləşən yaşayış binasının 2-ci giriş 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi (192 kv.m) dəyərini tam ödəmişdir.

20. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsusdur.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2752/2023 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2303/2023 nömrəli 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

22. AZ-İ 884640 nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Polçuyeva (Kərimova) Rəna Ramis qızı xx.xx.2013-cü il tarixdə Ağdam RİHB-nun Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar və bu barədə 40 №li akt qeydi aparılmışdır. 23.Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsi (AR AM): 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

28. M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il Qərarı.

29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

31. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il Qərarı.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

34. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

35. Məhkəmə qeyd edir ki, iddia tələbi bir neçə hissədən ibarətdir. İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsi olaraq verilmiş mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv olunması, qeyd olunan müqavilə üzrə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi əsas və törəmə tələblərdən ibarətdir. Əsas tələb ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, xx.xx.2019-cu il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsini almış və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən həmin əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Göründüyü kimi mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə edildiyindən ümumi birgə mülkiyyət sayılır.

37. Məhkəmə qeyd edir ki, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

38. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, AN-İ ******* №li xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsini 119.000 (yüz on doqquz min) manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh2 əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. (§12) Bakı şəhəri 21 saylı Notariat ofisində verilmiş **********063 nömrəli xx.xx.2021-ci il tarixli ərizəyə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasına heç bir etiraz etməmişdir. İddiaçı adından Cavabdeh2 ərizəni imza etmişdir. (§17)

39. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. (§28)

40. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh2 xx.xx.2014cü il tarixli etibarnamə vermişdir. Etibarnamənin verilmə tarixi, forma və məzmunundan aydın olur ki, iddiaçı özünün mülkiyyətində olan yalnız daşınar əşyalarla bağlı əmlak hüquqlarını Cavabdeh2 həvalə etmişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə razılıq ərizəsini verərkən cavabdehin belə bir hüququ mövcud olmamış, dolayısı ilə iddiaçı paylı mülkiyyətinin satılmasına razılıq verməmişdir.

41. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, “iddia ərizəsi 17 may 2023-cü il tarixdə verilmiş, lakin tərəflər arasında mübahisə predmeti olan müqavilə isə 24 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Təxmini 1 il 6 aydan sonra məhkəməyə iddia tələbi ilə müraciət edilmişdir. Cavabdeh2 hazırki iddiaçıdan daha əvvəl məhkəməyə müraciət etməsi hazırki iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməməsinə səbəb kimi göstərilə bilməz.” (§)

42. Məhkəmə qeyd edir ki, iddiaçınını alğı-satqı müqaviləsinin bağlandığı zaman məlumatının olmamasını (iradə ifadəsi mövcud deyil), mübahisəli əmlakın qeyri-yaşayış obyekti olması, həyat yoldaşı Cavabdeh2 19 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etməsi ilə məlumatlı olması ehtimalını (məhkəmə bildirişlərinin ünvana göndərilməsi və sairə halları) nəzərə alsaq iddiaçının mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədiyi qənaətinə gəlmiş olarıq. Belə ki, MM-in 354.2.-ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki iş materiallarından da göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Eyni zamanda, Cavabdeh2 iddiaçı qismində çıxış etdiyi mülki işlə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2752/2023 nömrəli qərarının 54 və 55-ci bəndində də qeyd edilir ki, “... iddiaçının öz həyat yoldaşının adından da həmin əmlakı satmaq barədə notarial qaydada yazılı razılıq verməsinə və bunun əsası kimi də həyat yoldaşının iddiaçıya verdiyi etibarnaməyə istinad etmişlər. ... Lakin işdə olan etibarnamədən görünür ki, iddiaçının həyat yoldaşı İddiaçı yalnız daşınar əmlaklara dair sərəncam səlahiyyətini iddiaçıya vermişdir.”

43. Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil2 təmsil etdiyi şəxsin vicdanlı üçüncü şəxs olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh4 hazırki mübahisə üzrə üçüncü şəxs qismində deyil, mübahisə edilən alğı-satqı müqaviləsinin tərəfi kimi çıxış edir. Belə ki, MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

44. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğısatqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsinin və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsızdır. Belə ki, MMnin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin, əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsinin bağlanmasına razılıq verməmişdir.

45. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğısatqısına iddiaçının adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi onun razılığı ilə imzalanmamış və bunun əsasında imzalanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi iddiaçının razılığı ilə baş verməmişdir. Belə olduğu təqdirdə məhkəmə digər törəmə tələblərin, yəni 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın əsassız sayılmasına dair tələblər üzrə mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun olaraq əlavə araşdırmanın aparılmasını zəruri hesab etmir. Belə ki, 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən müqavilə tərəfləri əvvəlki vəziyyətə qayıtmaqla, müqavilədən irəli gələn hüquqi nəticələr də ləğv edilməlidir.

46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısına Cavabdeh2 tərəfindən İddiaçı adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi və həmin ərizə əsasında bağlanmış 24 noyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin.

3. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 adına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin və hüquqların dövlət qeydiyyatı əsassız hesab edilsin.

4. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar