Məhkəmə qərarları › İş №e-2(011)-1755/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1755/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1755/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, tikintinin sökülməsi və s. tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını” xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili T.U.Salehzadə xx.xx.2023-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, ünvan 1 qeyri-yaşayış binası ila bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında ünvan 1 qeyri-yaşayış binası üzərində Cavabdeh2 Qələndər qızının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 ünvanda apardıqları qanunsuz tikintinin (planölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlǝr Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Vahidlə uzun müddət bundan əvvəl vəkil İkram Abdullayev vasitəsilə tanış olmuş, onu qardaş kimi qəbul etmişdir, fasilələrlə olsa da münasibətləri davam etmişdir, iddiaçı həmin sahəni icarəyə vermək istədiyini bildirmiş, Cavabdeh1 normal icarəçi tapmağı xahiş etmişdir, həm də obyektin yerləşdiyi və icarədə olan torpaq sahəsini özəlləşdirmək istəmişdir, ilk dəfə Cavabdeh1 onun arayıb axtarmışdır, telefon danışıqları zamanı iddiaçıya bildirmişdir ki, həmin qeyri-yaşayış binasını normal adama icarəyə verə bilər, buna görə işi ona həvalə etməsini, sahənin idarəçiliyini ona verməsini xahiş etmişdir, iddiaçı da ona inanmışdır, bundan sonra Cavabdeh1 iddiaçıya onun heç bir idarə, müəssisə və təşkilata getməməsi, bütün işləri görməsi üçün ona etibarnamə verməsinin vacibliyini bildirib, ona görə də iddiaçı cavabdehin təkidli xahişi ilə xx.xx.2022-ci il tarixdə ona etibarnamə vermək məqsədi ilə Bakı şəhəri 40 saylı notariat ofisinə gəlmişdir, Cavabdeh1 ondan qabaq notariat ofisində etibarnamənin mətnini yazdırmışdır, həmin vaxt iddiaçı eynəyini götürməmiş, eyni zamanda cavabdeh onu tələsdirmişdir, ona görə də o etibarnaməni oxuya bilməmişdir, sonradan aydın olmuşdur ki, Cavabdeh1 etibarnaməyə sərəncam vermək səlahiyyətini də əlavə etmişdir, onun niyyəti iddiaçıya məxsus yaşayış sahəsini ələ keçirmək olmuşdur, iddiaçı onun obyektin qarşısındakı torpaq sahəsini özəlləşdirəcəyi vədinə inanaraq elə orada obyektin bütün sənədlərinin əslini paket halında ona vermişdir, lakin cavabdeh 3 gün sonra xx.xx.2022-ci il tarixdə etibarnamədə olan sərəncam vermək səlahiyyətindən sui-istifadə edərək, iddiaçıya xəbər vermədən qeyri-yaşayış binasını gəlini - Cavabdeh2 adına 70.000 manata alqı-satqı etmişdir, həmin alqı-satqı müqaviləsi etibarsızdır, belə ki etibarnamə 10 il müddətinə, əsasən əmlakın idarə edilməsi, idarə, müəssisə və təşkilatlarda təmsilçiliklə bağlı verilmişdir, əgər iddiaçı binanı satırdısa, nə üçün 10 il müddətinə etibarnamə verirdi və nə üçün təmsilçilik hüququ verirdi, bundan başqa, əgər iddiaçı obyekti gəlininə satırdısa, etibarnamə üçün notariusa gəlirsə, o, 3 gün sonra yenə notariusa gəlib özü alqısatqı edə bilərdi, qeyri-yaşayış binasının dəyəri hazırda 700 min manat təşkil edir, bu qədər dəyəri olan qeyri-yaşayış binasını kim dəyərindən 10 dəfə aşağı, 70 min manata satar, cavabdeh iddiaçını aldatmış, etibarnamədə sərəncam səlahiyyəti yazdırmaqla onun obyektini ələ keçirmək niyyəti güdmüşdür, o, bu səlahiyyətdən sui-istifadə etmişdir, belə səlahiyyəti olsa da, heç bir nümayəndə özbaşına həmin səlahiyyətdən istifadə edə bilməz, həmin səlahiyyətdən öz ailəsi xeyrinə istifadə edə bilməz, cavabdehlər birləşərək iddiaçıya qarşı cinayət törətmişdirlər, onlar 700.000 manat dəyərində olan əmlakı və əmlaka olan hüququ ələ keçirməklə AR CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdirlər, onlar barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Həmçinin iddiaçının nümayəndəsi-vəkili bildirdi ki, ilkin müqavilə etibarsızdır, onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir, 2019-cu il tarixində iddiaçı obyekti 350000 manata almışdır, həm qiymətə görə, həm etibarnamədən sui-istifadəyə görə bağlanmış müqavilə ləğv olunmalıdır, V.Haşmv əmllı satarkən müıkyyətçyə bildirməli idi, bu cür mühüm hərəkətlər zamanı onun razılığı mütləq alınmalıdır, iddiaçının obyekti satmaq niyyəti olmamışdır, Cavabdeh2 iddiaçının həqiqi niyyətlərini bilə bilərdi, onlar qohumdurlar, sənədin ləğvinin əsasında etibarsızlıq durur, iddiaçı etibarnaməyə diqqət etməmiş, inanıb qol çəkmişdir, alıcı isə onun gəlinidir, iddiaçının obyekti 70 min manata satmaq niyyəti olmamışdır, etibarnamə verəndə həmin obyektin torpaq sahəsinin özəlləşdirmək niyyəti olmuşdur, etibarnamə Cavabdeh1 tərəfindən hazırlatdırılıb, iddiaçının kifayət qədər yaşı var, o, Vahidin köməyindən istifadə etmişdir, Vahid qoçaq adamdır, Vahidlə olan münasibətlər icarəçilərin iddiaçını incitməsi ilə bağlı yaranmışdır, ilk dəfə zəng Vahiddən gəlmiş, o bildirmişdir ki, kömək edəcəkdir, əvvəllər etibarnamə ilə iş görülməyib, ilk dəfə burada görülüb, bir neçə dəfə icarə də ödənilmişdir, Vahid müəllimin tapdığı icarəçilər icarə haqqını ödəmişdirlər, iddiaçı bildirir ki, o Vahiddən borc almayıb, borc verməyib, özü başqa Vahidə - Rzayev Vahidə - 22 dekabrda 490 min borc vermişdir, həmin pul iddiaçının özünün şəxsi puludur, cavabdeh Vahidlə heç bir əlaqəsi yoxdur. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, izahatında bildirdi ki, mübahisəli obyekt 70 min manata yox, 570 min manata alınmışdır, başqa bir obyekt 26 noyabrda 926 min manata satılmış və həmin vəsaitdən qaynataya pul verilmişdir, Ülviyyə alqı-satqı olarkən Səriyyə və Vahid arasındakı münasibəti bilə bilməzdi, qaynataya dekabr ayında 500 min manat verilib, sonra da 70 min verilib, obyekt 570 min manata alınmışdır, obyektin qiyməti də elə o qədərdir, həmçinin obyektə kifayət qədər - 100 mindən çox xərc də qoyulub, müqavilə bağlanarkən hər hansı pozuntuya yol verilməmişdir, etibarnamə verərkən iddiaçı bunu düşünməli idi, cavabdeh niyyəti bilə-bilməzdi, alqı-satqı zamanı da heç bir problem yaranmamışdır, əgər yaransa idi notariusda alqı-satqı olmazdı, iddiaçının cavabdeh Ülviyyəyə aid hissədə əsası yoxdur, iddia əsassızdır və təmin oluna bilməz, orada hansı tikinti işləri aparılması barədə məlumatı yoxdur, dekabrda 500 min borc verilmişdir, pul alqı-satqıdan əvvəl verilmişdir, obyekt etibarnamə əsasında İddiaçı alınıb, qiymət söhbəti olmayıb, cavabdeh Səriyyəni tanımamışdır və tanımalı da deyildi, obyekt Ülviyyənin evinin yanıdır. Sonda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, Səriyyə ilə çoxdan tanışdır, münasibətləri çox yaxşı olmuşdur, Səriyyəni uzun müddət görməmiş, daha sonra bir gün bir kafeyə girərkən Malik adında bir tanışı onu tanımış, orada çay içmişdirlər, bu zaman Malikə kafenin pis vəziyyətdə olduğunu demiş, Malik isə kafenin köhnə hakim xanımın – İddiaçı olduğunu bildirmişdir, o da Səriyyəni tanımış, ona zəng edərək, obyektinin pis gündə olduğunu demişdir, Səriyyə isə ona “mənə arenda verən yoxdur, ala bilmirəm” demişdir, belə olanda iddiaçıya kömək etmiş, icarə haqqlarını alıb-vermişdir, hətta Gədəbəyli İlham adlı birinə 700 min pul vermiş, iddiaçı ona yalvararaq o pulu alıb ona verməsini xahiş etmişdir, o da alıb vermişdir, bu hazırki məsələ 2022-ci ilin oktyabr ayında olmuşdur, hamısını çağırmış, “pulu mənə verəcəksiniz” demişdir, əgər sonradan iddiaçının belə edəcəyini bilsə, bunu etməzdi, amma ona kömək etmişdir, bir gün iddiaçı ona “gəl, obyekti sənə verim” demiş, ondan obyektə görə nə qədər pul istədiyini soruşduqda iddiaçı 500000 demişdir, daha sonra iddiaçı “adam tap, pulu faizlə ona verim, qorxuram evə aparmağa, 2% verərəm hər ay 10 min götürərəm” demişdir, borc verilən Vahidi özü tapmışdır, o, iddiaçı onunla 1 illik müqavilə bağlamışdır, öz oğlu Mehman və Mehdi evdən həmin o kafenin pulunu - 500 mini gətirmişdirlər, daha sonra notariusa getmiş, notariusu iddiaçının rəfiqəsi idi, notriusu o məsləhət bilmişdir, orada kredit müqaviləsi bağlamışdırlar, saat 6-nın yarısı olduğu üçün başqa əməliyyatlara vaxt olmamışdır, ona “eybi yox, biz birbirimizi tanıyırıq, sən mənə qardaş deyirsən” demiş, Səriyyə isə ona “sabah, ya da birisi gün gəlib etibarnamə verərəm sənə” dedikdə bunun səbəbini soruşmuş, bu zaman Səriyyə gülmüşdür, notarius Şəhla xanım isə ona demişdir ki, “ona çox arxayın olma, səni də əzib keçər”, daha sonra 500 min yox, 490 min məbləğdə pulun kreditə salınmasını, əgər məbləğ 500 min olarsa, deklorasiyaya düşəcəyini bildirmişdir, deklorasiya məsələsini bu zaman öyrənmişdir, 1 ay sonra yanvarın 22-də zəng edərək, kredit müqaviləsi üzrə Rzayev Vahidin 10 min göndərdiyini demiş, Səriyyə isə “iddia qaldırmışam, istəmirəm” demişdir, Mürsəl də kafedə işləyir, Mürsəl 500000 manatın faizini Səriyyəyə aparırdı, amma Səriyyə onu götürməmiş, iddia yazmışdır, Mürsələ “pul da mənimdir, kafe də mənimdir, müqaviləni ləğv etdirib kafeni alacam” demişdir, 500 min pulu 22-si notariusa aparmışdırlar, Mehdi, özü, oğlu, Hüseyn müəllim, xanımı notariusa aparmışdırlar, pullar qara klokda idi, həmin puldan Səriyyə xanım 10000 götürüb saymış, balaca boz rəngdə pul qabıya qoymuş, onu da çantasının içinə atmışdır, Səriyyə xanım həmin etibarnaməni oxuyub, orada qeydi də var ki, “etibarnamə mənə izah olundu”, o, etibarnaməni imzalamışdır. Həmçinin cavabdeh bildirdi ki, iddiaçı ona 500 min manat 2-3 günlük pul lazım olduğunu bildirmiş, o da ona onda o qədər pul olmadığını, amma gəlinigildən götürə biləcəyini demişdir, onlardan alaraq Səriyyə xanıma vermişdir, pulu kafenin həyətində vermişdir, bu zaman yanında ofisiant da var idi, hətta maşın çağıraraq onu evinə yola salmışdır, 2-3 gündən sonra pulu soruşmuş, ona pulu tez qaytaracağını dediyini, amma hələ də qaytarmadığını demiş, iddiaçı isə qaytara bilməyəcəyini bildirmiş, ona görə kafeni əvəzləşdirməyi təklif etmişdir, iddiaçıya pulun özünün olmadığını, bu barədə oğlu və gəlinindən soruşacağını demişdir, onlar da Dərnəgüldə bir obyektlərini satmışdılar və yeni obyekt almaq istəyirdilər, həmin yeri onlara təklif etmişdir, kafeyə gəlmiş, özü, oğlu, gəlini, Mürsəl və Səriyyə razılaşmışdırlar, bu zaman Səriyyə “etibarnamə verəcəm sənə özün gedib hamısını həll edərsən” demişdir, ona “niyə etibarnamə verirsən? özün gəl iştirak elə” demiş, Səriyyə isə “mənim pulum yoxdur vergi ödəyim, sən götür boynuna” demişdir, o da gəlinindən 70 min manat alaraq obyekti onun adına keçirtmişdir, notariusda pulu gəlini qoymuş, özü çıxartmışdır, o puldan da Səriyyə xanıma heçnə verməmişdir, çünki verməli deyildir, bütün vergiləri, dövlət rüsumunu aldığı puldan özü ödəmişdir, həmin pul da demək olar ki, hamısı xərclərə çıxmışdır, kafenin məsələsindən sonra da iddiaçı yenə ondan 650- 700 min pul istəmiş, başqa obyekti olduğunu, Vətən kinoteatrının yanında 4 otaqlı evini təmir edərək satacağını demişdir, bu vaxr artıq kafe pul əvəzinə onlara verilmişdi, 500 mini nə qədər müddətə verməsini deməmişdir, tez qaytaracağını demişdir, həmin vaxt aralarında yaxşı münasibət olmuşdur, təxmini bir neçə gün ötdükdən sonra “pulu verə bilmirəm” demişdir, V.Rzayevə verilən 500000 yəqin ki eyni puldur, bəlkə də pulu dəyişib, həmin pul deyildir, 700000 manat pul almamışdır, həmin pulu təxminən 2 aydan əvvəl – öz pulları veriləndən sonra başqasından iddiaçıya qaytartmışdır, Səriyyə xanıma üzbəüz kafenin həyətində verdiyi pul başqa puldur, onla da bağlı mübahisə yaranacaq, yanında bir ofisiant var idi, onun obyektin alınması üçün nəzərdə tutulan pulu isə notariusda Səriyyə xanıma vermişdir, pulun əvəzində obyekti adına keçirtməsini Səriyyə xanım özü demişdi, həmin gün – alqı-satqı zamanı notariusda Səriyyəyə zəng eləmiş, lakin o gəlməmiş, ödəniləsi pulum yoxdur demişdir, 70000 manatı kassaya gəlini ödəmiş, özü çıxartmışdır, əmlakı gəlini almışdır, onların pulu var idi və obyekt almaq istəyirdilər, təsadüfdən də həmin obyekt düşdü və aldılar, iddiaçının torpağın özəlləşdirməsi məqsədi ilə etibarnamə verməsi, onun işini aparması barədə dəlilləri isə yalandır, belə ki, özü təsərrüfatla məşğul olur, müəssisə rəhbəridir, iddiaçı kimi 1000 işçisi vardır, yaşım da 70-dir, bu işlərlə məşğul olacaq yaşda və mövqedə deyildir. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin, onların nümayəndə və vəkillərinin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1951-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi, Ülviyyəni, Səriyyəni tanıyır, onların aralarında obyekt barəsində söhbət getmişdir, Səriyyə ilə Vahidin arasında çox gözəl münasibət olmuşdur, Səriyyə xanım özü Vahidə “qardaş” deyirdi, Səriyyə xanımın özünü isə məhkəmədən tanıyır, Vahid Səriyyə xanımın ona borcu olduğunu, əgər obyekti alarsa, burada qalıb işləyə biləcəyini demişdir, Səriyyə xanımın Vahidə borcu olduğunu bilir, o obyekti satmaq istəyirdi, hətta almaq üçün 2-3 nəfər də gətirmişdir, dəyərinə görə 350-360 min manatdan söhbət getmişdir, 500 min söhbətindən sonra iddiaçının Vahidə borclu olduğunu bilmişdir, ayın 1-də Səriyyə ilə danışmış, o “Vahiddən 1 milyon pul alacam, obyektdəki təmiri də sökdürəcəm” demişdir, özü keçən yaydan indiyə qədər orada işləmişdir, sonuncu dəfə Səriyyə xanıma nə qədər kirayə haqqı verdiyini dəqiq xatırlamır, yayda fərqli, qışda fərqli icarə haqqı vermişdir, qışda kirayə haqqı az olur, Vahidin Səriyyə xanıma borc pul verməsini görməmişdir, amma eşitmişdir, pul onun yanında verilməmişdir, Vahidə borcu olduğunu İlhamdan da, Səriyyədən də eşitmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1975-ci il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi, Ülviyyəni və Səriyyəni tanıyır, qohum kimidirlər, Vahidin oğlu ilə dostdurlar, kafedə təmirləri noyabrdan özləri aparmışdır, rəhbərliyi özü etmişdir, bilir ki, kafeni Vahidə təklif edib, Səriyyə “etibarnamə verirəm, keçirt kimin istəyirsən onun adına” demişdir, belə ki, onun Vahidə milyona yaxın borcu olduğunu bilir, borcu ödəyə bilmədiyindən Vahidə “pulu qaytara bilmirəm, kafeni keçirim adına” demişdir, borcun olduğunu təmirdən əvvəl eşitmişdir, Səriyyə xanım təmirdən əvvəl də, təmirdən sonra da gəlmişdir, hazırda orada təmir gedir, özü emusya və lak işi görür, Səriyyə və Vahid söhbət edərkən çay gətirmişdir, o gələndə onlar susmuşdurlar, sonra onu çağırmışlar, o da yanlarına getmiş, heç nə eşitməmişdir, amma həmin vaxtı orada olmuş, Səriyyə gəlmiş, qoluna girərək, içəri gətirmiş, onların zalda danışdıqlarını eşitmişdir, pul veriləndə görməmişdir, onun yanında verilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1991-ci il təvəllüdlü X11 şahid qismində ifadə verərək bildirmişdir ki, Şəhla xanımın notariusu 5 mərtəbəli binanın altında - zirzəmidə yerləşir, özü də orada işləyir, "xxxx"ın işçisi olmuşdur, hal-hazırda bank bağlanmışdır, tərəflər arasında alqı-satqı olmuş, bankdan 490 min ödəniş olması ilə bağlı məlumat gəlmişdir, bu məsələ bu il olmuşdur, amma dəqiq vaxtı yadında deyil, tərəfləri tanımır, Vahidi 40 saylı notariusda – pul verilən zaman görmüşdür, onun oğlundan 490000 almışdır, gətirilən pul klokda olmuş, onu sayıb götürmüşdür, qəbz yadında deyil, müqavilə 490 minlik idi, bir yaşlı qadın gəlmişdir, pulun sahibinin kim olduğunu bilmirlər, pulu qəbul edirlər təsdiqliyib qəbz verirlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi tanıyır, 25 ildir dostdurlar, ailəsini də tanıyır, Səriyyəni burada tanımışdır, notariusa ayın 22-də onun maşını ilə getmişlər, Səriyyəni ilk dəfə orada görmüşdür, ayın 22-si 500 min pulu Mehdi ilə Mehman gətirmişdir, onlar əllərində klokla gəlmişdirlər, bilmişdir ki həmin klokda olan puldur, notariusa gəlməyin alqısatqı ilə bağlı olduğunu bilmişdir, Səriyyə pul gətirməmişdir, gedəndə də pul görməmişdir, içəridə olmamış, çöldə gözləmişdir, borc verilən Rzayev Vahiddir, onu da tanıyır, onun böyük imkanı var idi, o xərçəng idi, əməliyyat etmişdirlər, o demişdir ki, “Səriyyədən 500 min götürmüşəm, faizini verəcəm, pulu Vahidə verəcəm, Səriyyədən almamışam”, Ülviyyənin 1 milyona yaxın dəyəri olan yaxşı əmlakı var idi, oranı satmış, 500000 gətirib Səriyyəyə vermişdirlər, Səriyyə də o pulu V.Rzayevə vermişdir, qərardadın icrası ilə bağlı kafeyə gedəndə Ümman da gəlmiş, onu orada görmüşdür, Səriyyə xanımın dilindən “pulu da alacam, obyekti də” sözünü eşitməmişdir, 6-cı gün ayın 24-də yenidən notarisa getmişdirlər, bu zaman Səriyyə də qızı ilə gəlmiş, qızı maşında olmuş, düşməmişdir, Səriyyə ilə 20 dəqiqəyə yaxın universitetin müəllimlərindən danışmışdırlar, o, nə səbəbə gəldiyini deməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X12 şahid qismində ifadə verərək bildirmişdir ki, Vahidi tanıyır, özü Əhmədlidə yaşayır, Mehman ona etibar edib, zəng edərək, “gəl pulu aparaq, kömək elə” demişdir, bu hadisənin dəqiq vaxtı yadında deyil, hadisə 2022-cü ildə olub, üzərindən təxminən 2-3 ay keçmiş olar, günorta üstü idi, Mehmanın evi İlqar Zülfüqarovdadır, bina evində yaşayırlar, oraya getdikdə Mehman aşağı düşmüşdür, əlində 2 klok var idi, onlardan biri qara klok idi, Mehman həmin klokun içində pul olduğunu demişdir, daha sonra notariusa gəlmişdirlər, notarius zirzəmi kimi yerdir, pulu kassaya vermişdirlər, bayaq məhkəmədə olan şahid də kassada olmuşdur, bir dəfə aparat pulu saymış, lakin işləməmişdir, 2-ci dəfə pulu saymış, şəklini çəkərək götürmüşdürlər, Səriyyə xanım da sonradan gəlmiş, Vahid ondan Səriyyə xanımı evə aparmağı xahiş etmişdir, bu zaman Vahid də orada idi, Səriyyə ilə söhbət etmiş, o Vahidi tərifləmişdir, pulu kiməsə vermiş, özü ilə aparmamışdır, orada pul başqa bir adama verilmişdir, amma həmin adamı tanımır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154.4 kv/m olan tam paylı qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, borc verən İddiaçı borc alan X18 490000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan borcu xx.xx.2022-ci il tarixinədək bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarius Ş.M.Hüseynova tərəfindən Günay Bank ASC 9 saylı filialına göndərdiyi məktubun surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək borc müqaviləsi üzrə ödənilməli olan 490 min manat pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra notariusun qəbzi əsasında ünvan 3i ünvanında qeydiyyatda olan X18 verilməsi üçün banklarında olan AZ76GUNA******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, 40 saylı notariat ofisinini xüsusi notariusu X1 tərəfindən Günay Bank ASC 9 saylı filialına (hesab nömrəsi: AZ76GUNA********************) 490 min manat ödənilmişdir. İş materiallarında olan 40 saylı Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş 04 mart 2023-cü il tarixli AR-İİ seriyalı, 846715 saylı Etibarnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində etibar edən (mülkiyyətçi) İddiaçı, etibar edilən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən xx.xx.2019-cu il tarixində verilmiş Çıxarışa əsasən istifadədə olan 0,01664 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ünvanında yerləşən 141 saylı ümumi sahəsi 154.4 kv/m olan qeyriyaşayış binasını idarə etməyi və onun üzərində istənilən sərəncam verməyi və s. səlahiyyətləri barədə etibarnamə vermişdir. Etibarnamə xx.xx.2032-ci il tarixinədək qüvvədə olmaqla 10 il müddətinə verilmişdir, etibarnamə üzrə səlahiyyətlər başqa səxsə verilə bilər. Etibarnamə imza hissədə “İddiaçı” tərəfindən imzalanmış, etibarnamədə “Oxudum, izah olundu” qeydi aparılmışdır. İş materiallarında olan satıcı İddiaçı və alıcı Cavabdeh2 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli Ərizəsinin surətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ünvanında yerləşən, ümumi sahəsi 154.4 kv/m olan 141 saylı qeyri-yaşayış binasını 70000 manat qiymətinə satılması barədə alıcı Cavabdeh2 ilə razılığa gəliblər, alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesablarına qəbul olunmasını xahiş edib, satıcı müqavilə tərəflərindən təsdiq edildikdən sonra yaranmış 5211 manat vergi öhdəliklərininin qeyri-yaşayış binasının satış dəyərindən çıxarılaraq hesabları vasitəsilə dövlət xəzinədarlığına köçürülməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş **********946 saylı xx.xx.2022-ci il tarixli Ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ünvanında yerləşən 141 saylı ümumi sahəsi 154.4 kv/m olan qeyriyaşayış binasını satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olubolmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etmələrini xahiş etmişdir. Ərizə İddiaçı əvəzinə Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində verilmiş 7E-8857 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdeh2 arasında AN-İ seriyalı ******* saylı 27 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanmış, satıcı sahəsi 154.4 kv/m olan qeyri-yaşayış binasını alıcının mülkiyyətinə vermişdir, satıcı daşınmaz əmlakı 70000 manata satmışdır. Müqavilə İddiaçı əvəzinə xx.xx.2022-ci il tarixdə verilmiş 8857 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, 40 saylı notariat ofisinini xüsusi notariusu X1 tərəfindən Günay Bank ASC 9 saylı filialına (hesab nömrəsi: AZ76GUNA********************) 70000 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı ümumi sahəsi 154.4kv/m olan qeyri-yaşayış binası tam paylı xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2023-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan alcı İddiaçı və satıcı X13 arasında bağlanmış AN-İ seriyalı ******* saylı 07 iyun 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı sahəsi 154.4 kv/m olan qeyriyaşayış binasını alıcının mülkiyyətinə vermiş, satıcı daşınmaz əmlakı 350 min manata satmışdır. Müqavilə İddiaçı əvəzinə xx.xx.2019-cu il tarixdə verilmiş 161 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X6 tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri ƏN-İ seriyalı 800863 №-li 04 iyun 2019-cu il tarixli Etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, etibar edən İddiaçı, səlahiyyətlərini ötürmüş etibar edilən X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam vermək və s. səlahiyyətləri 10 il müddətinə -xx.xx.2029-cu il tarixədək etibar etmişdir, etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154.4 kv/m olan tam paylı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 68.9 kv/m olan tam paylı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2016-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan alıcı X14 və satıcı X13 arasında bağlanmış AN-İ seriyalı ******* saylı 08 iyun 2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı sahəsi 68.9 kv/m olan qeyri-yaşayış binasını alıcının mülkiyyətinə vermişdir, satıcı daşınmaz əmlakı 89000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 68.9 kv/m olan tam paylı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X8 adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan alıcı X10 və satıcı Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* saylı 26 noyabr 2022-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti ünvanında istifadədə olan 0.081420 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 771.5 kv/m olan qeyri-yaşayış binasını alıcının mülkiyyətinə vermiş, daşınmaz əmlakı 926038 manat 13 qəpiyə satmış, ondan 26038 manat 13 qəpik miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, Günay Bank ASC 9 saylı filialına (hesab nömrəsi: AZ76GUNA********************) X3 vəsaiti hesabına X1 tərəfindən 926038 manat 26 qəpik ödənilib. İş materiallarında olan icarəyə verən - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov və icarəçi - İddiaçı arasında bağlanmış Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 4207 saylı xx.xx.2022-ci il tarixli Müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 491.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən müvəqqəti istifadəyə qəbul edilmiş, torpaq sahəsinin illik icarə haqqı 4800 manat; aylıq icarə haqqı 400 manat məbləğində razılaşdırılmış, icarə müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 141 saylı, ümumi sahəsi 154.4 kv/m olan qeyri-yaşayış binasını 350000 manata almışdır, həmin əmlak xx.xx.2019-ci il tarixdən onun adına mülkiyyət hüququ ilə dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır, xx.xx.2022-ci il tarixdə iddiaçı borc alan R.V.Rzayevə 490000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan borcu bir il müddətində qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh1 10 il müddətinə mübahisəli əmlakı idarə etməyi və onun üzərində istənilən sərəncam vermək səlahiyyətlərinin olması barədə etibarnamə vermişdir, etibarnamə İddiaçı tərərindən imzalanmış, onun tərəfindən “oxudum, izah olundu” qeydi aparılmışdır, Cavabdeh2 xx.xx.2022-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti ünvanında istifadədə olan 0.081420 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 771.5 kv/m olan qeyri-yaşayış binasını 926038,13 manata satmışdır, İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli əmlak sonuncuya satılmışdır, həmin müqavilə satıcı İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi kimi Cavabdeh1 tərəfindən imzalanmışdır, müqavilə tərəfləri həmin əmlakın 500000 manat müqabilində alqı-satqısı barədə razılaşmış və bu məbləğ iddiaçıya ödənilmişdir, alqı-satqı müqaviləsində əmlakın 70000 manata satıldığı göstərilmişdir, həmin məbləğində pul "xxxx" ASC-nin 9 saylı filialına ödənilmişdir, mübahisəli əmlak Cavabdeh2 adına əmlak kimi xx.xx.2023-ci il tarixində dövlət reyestrində rəsmi qeydə alınmışdır. Bununla belə, mübahisəli əmlakın satışına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırki iş üzrə Cavabdeh2 mübahisəli qeyri-yaşayış binasını əldə edərkən, həmin əmlak dövlət reyestrində İddiaçı adına qeydə alınmış, Cavabdeh1 iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli etibarnamə üzrə verilən səlahiyyətlərdən istifadə edərək, həmin əmlakı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh2 satmışdır, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, həmçinin Cavabdeh1 verilmiş etibarnamə qüvvədə olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, bağlanmış müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər, yəni satış predmeti olan əmlak alıcı Cavabdeh2 mülkiyyətinə verilmiş, sonuncu isə bunun müqabilində əmlakın razılaşdırılmış dəyərini, o cümlədən müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir ki, bu da tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüşə görə bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən onun etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənildiyindən, habelə müqavilənin etibarsızlığı üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırki iddia tələbi əsaslı deyildir və ona görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin “əmlakın dəyərindən 10 qat aşağı qiymətə satılması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, alqı-satqı müqaviləsində əmlakın qiyməti Mülki Məcəllənin 398-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin razılaşması ilə müəyyən edilir ki, bu da əmlakın dəyərinin az və ya çox göstərilməsinin qanunazidd hərəkət kimi qəbul edilməsini istisna edir. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı qeyd edir ki, daşınmaz əmlakın dəyərindən aşağı qiymətə satılması, alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün deyil, mülkiyyətçinin etibar olunana qarşı məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırması üçün əsas olan haldır. İkincisi, əmlakın alınmasına görə razılaşdırılmış 500000 manat məbləğ alıcı tərəfindən satıcıya ödənilmişdir ki, bu məbləğ də iddiaçının əmlakı alarkən ödədiyi 350000 manat məbləğdən əhəmiyyətli dərəcədə çoxdur, müddət fərqi isə olduqca azdır (əmlakın alındığı xx.xx.2019-cu il; satıldığı xx.xx.2022-ci il tarix). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin bu barədə dəlilləri əsassızdır və buna görə də məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin “iddiaçının obyekti satmaq niyyətinin olmaması, etibarnamənin həmin obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə verilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, belə səlahiyyətlər etibarnamədə birbaşa göstərilməmiş, bu hallar iş materialları ilə də öz təsdiqini tapmamışdır. Əksinə, etibar edilən cavabdeh belə sənədləşmə işlərinin onun yaşına və hazırda tutduğu mövqeyinə uyğun olmadığını bildirməklə də iddiaçının bu barədə dəlilləri ilə razılaşmır. Belə olan halda məhkəmə iddiaçının bu barədə dəlillərini də əsaslı hesab etmir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin “iddaçı etibarnamə verərkən tələskənliyə məruz qalması, eynəyinin olmaması səbəbi ilə etibarnamənin mətnindən qismən xəbərsiz olması” barədə dəlillərinə gəldikdə isə qeyd edir ki, bu da, iddiaçının digər dəlillərində göstərdiyi hallar kimi sübutetmədən asılıdır, iddiaçı bunlara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan notariat ofisi tərəfindən rəsmi məhkəmə sorğusu əsasında göndərilmiş həmin etibarnamədə iddiaçının “oxudum, izah olundu” barədə qeydlərinin mövcudluğu faktı, bu barədə dəlilləri əsaslı sübhə altına alır. Belə olan halda məhkəmə iddiaçının bu barədə dəlilləri də məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. “Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi Plenumu”nun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında ünvan 1 qeyri-yaşayış binası üzərində Cavabdeh2 Qələndər qızının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 ünvanda apardıqları qanunsuz tikilinin (plan ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunmasına, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmaları” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ünvan 1 qeyri-yaşayış binası ilə bağlı İddiaçı adından Cavabdeh1 gəlini Cavabdeh2 Qələndər qızı ilə bağladığı xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında ünvan 1 qeyri-yaşayış binası üzərində Cavabdeh2 Qələndər qızının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun və mülkiyyət hüququna dair reyestrdən verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 ünvanda apardıqları qanunsuz tikilinin (plan ölçüdə göstərilməyən otaqların) cavabdehlərin hesabına sökülməsi, həmçinin cavabdehlərin qanunsuz olaraq sökdükləri şəlalənin onların hesabına bərpa olunmasına, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qələndər qızının ünvan 1 qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən çıxarılmaları” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar