Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-178/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “aktın etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 140.000 manat məbləğində zərərin, ödənilmiş 430 manat dövlət rüsumunun, cəmi 140.430 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 fevral 2007-cı ildə Cavabdeh MTK ilə müqavilə bağlayaraq Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A” bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 12x25=300 kv.m ölçüdə 21 və 22 nömrəli ofislərin tikintisi haqqında müqavilə bağlamışdır. Müqavilənin 3-cü bəndinin tələbinə uyğun olaraq iddiaçı bir kv.m üçün 1.000 manat olmaq şərti ilə cəmi 300.000 manat ödəmişdir. Müqavilədə tikintinin hansı müddətə başa çatdırılması nəzərdə tutulmayıb. Cavabdeh MTK-nın təsisçiləri və payçıları arasında müxtəlif mübahisələr olmuşdur. Mübahisələrin həlli məqsədi ilə 28 avqust 2018-ci ildə təsisçilər arasında müqavilə bağlanmışdır. Mübahisənin həll edilməsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də iştirak etmişdir. Nəhayət 02 mart 2023-cü ildə cavabdeh müqavilə öhdəliyinə qismən əməl edərək nəzərdə tutulmuş qeyri-yaşayış sdahəsini iddiaçıya təhvil vermişdir. Lakin təhvil verilən qeyri-yaşayış sahəsi aktda 300 kv.m göstərilsə də, 160 kv. m olmuşdur. Yəni müqavilədə nəzərdə tutlduğundan 140 kv.m az sahə verilib. Nəticədə cavabdeh iddiaçıya 140.000 manat zərər vurub. Mübahisənin könüllü həlli barədə iddiaçının təklifi nəticəsiz qalıb. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh MTK-dan 120.000+430=120.430 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh MTK-nın 300 kv.metr sahədən ibarət 21 və 22 saylı ofislərin İddiaçı təhvil verilməsinə dair 02 mart 2023-cü il tarixli aktın 22 saylı ofisin təhvil verilməsinə dair hissəsinin etibarsız hesab edilməsi və həmin hissənin dəyərinin 115.500 manat, ödənilmiş 430 manat dövlət rüsumunun, az-ekspertiza MMC-yə mütəxəssis rəyi üçün ödənilmiş 100 manatın, cəmi 116.030 manatın Cavabdeh MTK-dan alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh MTK-nın 300 kv.metr sahədən ibarət 21 və 22 saylı ofislərin İddiaçı təhvil verilməsinə dair 02 mart 2023-cü il tarixli aktın 22 saylı ofisin təhvil verilməsinə dair hissəsinin etibarsız hesab edilməsi və ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin qanuni təmsilçisi X1 verdiyi izahatda bildirmişdir ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır və bildirir ki, iddiaçı ilə MTK arasında 2 sahənin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmış, 21 saylı sahə iddiaçıya təhvil verilmiş, 22 saylı qeyri-yaşayış sahəsi üçün iddiaçı pul tələb edirsə, MTKnın bu vəsaiti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra 22 saylı sahəni iddiaçıya təhvil verməyə hazırdırlar. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 02 fevral 2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində -4-cü mərtəbəsində liftin sol tərəfində yerləşən 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofisləri İddiaçı verməyi, iddiaçı da öz növbəsində həmin qeyri-yaşayış sahələrinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş 02 fevral 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 və A2 girişi, -4-cü mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan ofisin pay dəyəri 300.000 manat müəyyən edilmiş və həmin məbləğ MTK-ya ödənilmişdir və iddiaçının borcu yoxdur. 02 mart 2023-cü il tarixdə tərəflər arasında tərtib edilmiş aktda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında 12x25=300 kv.metr təşkil edən 21 və 22 nömrəli ofislər İddiaçı təhvil verildiyi qeyd edilmişdir. Lakin hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 21 nömrəli ofis təhvil verilsə də, 22 nömrəli ofis təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı həmin qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 300 kv.metr təşkil etmədiyini qeyd edərək "xxxx" MMC-yə müraciət edərək mütəxəssis rəyi almış, rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus obyektin ümumi sahəsinin 180.28 kv.metr olduğu müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A” bloklarının orta hissəsində 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 və 22 nömrəli ofislərin faktiki ümumi sahəsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 26 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 4-cü mərtəbədə liftin sol tərəfində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 185.2 kv.metr, 22 nömrəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 121.5 kv.metr təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi ilfərətxoç) əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir iklüM) Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh MTK yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, 02 fevral 2007-ci il tarixdə bağlanmış müqavilədə göstərilən qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Qeyri-yaşayış sahələrinin tikintisinə görə muzd da, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində müəyyən edilmişdir. İş materiallarında mövud olan maliyyə arayışından görünür ki, iddiaçı 300 kv.metr sahəni əhatə edən qeyri-yaşayış sahələrinin dəyəri olan 300.000 manat pulu tam şəkildə ödəmişdir və cavabdehə borcu yoxdur. İşin halları ilə müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini tam ödəməklə nüqavilə üzrə öhdəliyini yerini yetirsə də, cavabdeh öhdəliyi qismən icra etmiş və qeyri-yaşayış sahələrindən birini (22 saylı) iddiaçıya təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Tərəflər arasında 2007-ci il tarixli müqavilənin tam şəkildə icra edilməsi ilə bağlı dəfələrlə müzakirələr aparılmış olsa da və sonuncu dəfə 02 mart 2023-cü il tarixdə akt tərtib edilərək 22 saylı sahənin də iddiaçıya təhvil verildiyi qeyd edilsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Nə qədər ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh tərəfindən müqavilə əsasında üzərinə götürdüyü öhdəlik tam olaraq könüllü şəkildə icra edilməyib, iddiaçının iddiası təmin edilməli və cavabdehin üzərinə 22 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 430 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Odur ki, məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 430 manat dövlət rüsumu Cavabdeh MTK-dan alınaraq İddiaçı, 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 02 fevral 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində 4cü mərtəbədə liftin sol tərəfində yerləşən, ölçüsü 121.5 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 430 (dörd yüz otuz) manat dövlət rüsumu alınaraq İddiaçı, 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-178/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-178/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver