Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1811/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ona məxsus dəyəri 799 manat olan “Sony Playstation 4” oyun konsolunun, onun ləvazimatları olan 40 manat məbləğində çantanın, 139 manat məbləğində iki ədəd oyun pultunun, hər biri 5 (beş) manat olmaqla, ümumi dəyəri 20 manat məbləğində dörd ədəd kabelin, həmçinin konsolun yaddaşında olan oyunların əldə edilməsinə görə ödənilmiş 340 manat məbləğində pul vəsaitinin, qeyd edilən əmlaklar məhkəmə qərarının icrası zamanı olmadıqda isə onların dəyərinin, habelə iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 33.38 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 14.12.2021-ci il tarixdə şifahi formada razılaşma olmuş və razılığa əsasən iddiaçı oyun üçün “Sony Playstation 4” oyun konsolunu, 1 ədəd çantanı, iki ədəd oyun pultunu, dörd ədəd kabeli cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin avadanlıqlara görə 60 manat ödəniş etmək şərti ilə 17.12.2021-ci il tarixdə geri qaytaracağını öhdəsinə götürmüşdür. Qeyd edilən əşyalar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 16.12.2020-ci il tarixdə “Music Gallery” adlı elektronik məhsullar satılan mağazadan 799 manat məbləğində ödəniş edərərək “Sony Playstation 4” oyun konsolu (bundan sonra “konsol” adlandırılacaq) almışdır. Sonradan isə əlavə olaraq həmin konsolun tam istifadəsi üçün zəruri ləvazimatlar olan 40 manat məbləğində çantanın, 139 manat məbləğində 2 ədəd oyun pultunun, hər biri 5 manat olmaqla, ümumi 20 manat məbləğində dörd ədəd kabelin alınması və həmçinin 340 manat məbləğində rəqəmsal oyunların konsolun yaddaşına yazılması üçün əlavə pul vəsaitləri xərcləmişdir. Konsol və onun istifadəsi üçün zəruri olan bütün ləvazimatlara xərclədiyi pul vəsaitinin ümumi miqdarı 1338 manat olmuşdur. 14.12.2021-ci il tarixdə əvvəlcədən tanıdığı cavabdeh “WhatsApp” platforması vasitəsilə onunla əlaqə saxlayaraq mülkiyyətində olan yuxarıda qeyd etdiyi konsolu və onun qeyd edilən ləvazimatlarını (çanta, 2 oyun pultu. 4 kabel, yaddaşındakı oyunlar) 60 manat məbləğində pul vəsaiti ödəmək şərti ilə 3 (üç) təqvim günü müddətində ona verməyini ona təklif etmişdir. İddiaçı bu təklifi həm pula ehtiyacı olduğu üçün, həm də cavabdehin əvvəllər də bir neçə dəfə konsolu istifadə etmək üçün xahişlə ondan götürməklə və gecikdirmədən söz verdiyi tarixdə geri qaytarmaqla inamını qazandığı üçün qəbul etmişdir. Sonra isə cavabdehə konsolu götürməsi üçün hazırda faktiki yaşadığı ünvana gəlmiş, həmin gün axşam 17:20-də ünvanına gələrək onunla görüşmüşdür. Onunla faktiki yaşadığı ünvanda görüşdükdə konsolu ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermişdir və o, iddiaçıya 3 təqvim günündən sonra (daha dəqiq: 17.12.2021-ci il tarixdə) konsolu ləvazimatları ilə birlikdə eyni ünvana gətirərək geri verəcəyini söz vermişdir. Lakin qeyd edilən müddət keçdikdən sonra cavabdeh onunla əlaqə saxlamamış, ona etdiyi zənglərə və SMS yazılarına cavab verməmişdir. Bir neçə gün gözlədikdən sonra, o, cavabdehin atası Sadıqlı Rafiqə zəng etmiş, ondan oğluna konsolu geri qaytarmasını bildirməsini xahiş etmişdir. Cavabdehin atası hirsli şəkildə bir neçə gündür oğlundan xəbəri olmadığını, onun başqa dost-tanışlarını da aldadaraq müxtəlif məbləğlərdə pul vəsaiti alaraq yoxa çıxdığını və eyni zamanda oğlunun vicdansız əməllərinə görə bir daha ona zəng edib narahat etməməyini bildirmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək cavabdehin əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayəti üzrə müvafiq araşdırma aparıldıqdan sonra qeyd edilən Polis Bölməsinin 24.12.2021-ci il tarixli, N-084-182442 №-li məktubu ilə ona müraciətində qeyd edilən xüsusatların mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə iddia ərizənin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şifahi formada kirayə müqaviləsi bağlamışdır. Belə ki, AR Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin əmlakın kirayəyə verilməsi ilə bağlı yaranan hüquq münasibətlərini tənzimləyən normalarında kirayə müqaviləsinin hansı formada bağlanması ilə bağlı imperativ qaydanın nəzərdə tutulmaması, kirayə müqaviləsinin şifahi formada bağlanılmasın istisna etmir. Beləliklə, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi kirayə müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş avadanlıqlar cavabdehə verilmiş (işin bu halı iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında keçən yazışmalarla da sübut olunur), əşyaların istifadə müddəti və kirayə haqqı müəyyən edilmişdir. Lakin cavabdeh öhdəliyini tam icra etməyərək razılaşdırılmış tarixdə avadanlıqları iddiaçıya qaytarmamışdır. Həmçinin, tərəflər arasında şifahi formada kirayə müqaviləsinin bağlanması və müqavilə əsasında əsasında “Sony Playstation 4” oyun konsolunun, onun ləvazimatları olan çantanın, iki ədəd oyun pultunun, dörd ədəd kabelin cavabdehə təhvil verilməsi və avadanlıqları cavabdeh tərəfindən qaytarılmaması işin mübahisəsiz hallarıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir. Konsolun və oyun üçün digər əşyaların iddiaçıya məxsus olması işin halları ilə müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş 16.12.2020-ci il tarixli ticarət çeki və eyni tarixli zəmanət talonundan görünür ki, iddiaçı sözügedən konsolu 799,90 manata almışdır. Həmçinin, iş materiallarında olan digər qəbzlərlə müəyyən edilir ki, iddiaçı müxtəlif mənbələrdən oyunlar əldə etmiş və buna görə ödənişlər etmişdir. Göründüyü kimi, iddiaçının sözü gedən əşyalara mülkiyyət hüququ olmuşdur. Konsolun və oyun üçün digər əşyaların cavabdehin sahibliyinə verilməsi tərəflər arasında olan “WhatsApp” yazışmaları əsasında müəyyən edilir. Belə ki, həmin yazışmalardan görünür ki, iddiaçı 14.12.2021-ci il tarixdə konsolu cavabdehə vermişdir. Konsolun və oyun üçün digər əşyaların cavabdehin qanunsuz sahibliyində olması da tərəflər arasında olan “WhatsApp” yazışmaları əsasında müəyyən edilir. Həmin yazışmalardan müəyyən edilir ki, iddiaçı 17.12.2021-ci il tarixdə konsolu cavabdehdən tələb etsə də, sonuncu heç bir cavab yazmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan avadanlıqlar iddiaçıya məxsus olduğundan və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan iddiaçı ona məxsus avadanlıqların cavabdeh tərəfindən geri qaytarılması barədə iddia qaldırmaqda haqlıdır. Məhkəmə, həmçinin iddia tələbinin konsolun yaddaşında olan oyunların əldə edilməsinə görə ödənilmiş 340 manat məbləğində pul vəsaitinin tələb edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə müəyyən edilir ki, iddiaçı oyun konsolu üçün dəyəri ümumilikdə 340 manat (200 ABŞ dolları) olan 4 ədəd rəqəmsal oyun əldə etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh müvəqqəti istifadə üçün iddiaçıdan konsol və digər oyun üçün əşyaları kirayəyə götürüb ondan istifadə etsə də, üzərinə götürdüyü öhdəliyin pozmuş, əşyalardan istifadə etmək hüququndan istifadə etsə də, onun qaytarılması ilə bağlı öhdəlyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı müqavilələrin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddiaçının ərizəsini və cavabdehin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı halları nəzərə alaraq iş üzrə qiyabi qətnamənin çıxarılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin iddianın 33,38 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh öhdəliyini icra etmədiyindən iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 799 manat məbləğində “Sony Playstation 4” markalı oyun konsolu, onun ləvazimatları olan 40 manat məbləğində çanta, 139 manat məbləğində iki ədəd oyun pultu, hər biri 5 manat olmaqla, ümumi dəyəri 20 manat məbləğində dörd ədəd kabel Cavabdeh alınaraq İddiaçı verilsin. Qeyd olunan əmlaklar mövcud olmadıqda onların dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. Konsolun yaddaşında olan oyunların əldə edilməsinə görə ödənilmiş 340 manat məbləğində pul və 33,38 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-1811/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-1811/2022
21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver