Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-189/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar, onların nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7560/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
2. Tərərflər birgə nikahda olduqları dövrdə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 14 saylı evin, 241 nömrəli (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, b44, M3, m5) mənzil (bundan sonra – Mənzil) əldə edilmiş və mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Mənzilə dair 2/5 hissədə iddiaçının, qalan 3/5 hissədə isə cavabdehin payları müəyyən edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin evin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mənzildə olan 1 ədəd “Sonos Play” 1 cihazının, 1 ədəd “Sonos Play 5” cihazının, 1 ədəd “Sonos Sub” cihazının, 1 ədəd “Sonos Soundbar” cihazının, 1 ədəd “Alexa” cihazının, 1 ədəd qonaq otağı üçün stolun, 8 ədəd stulun, 1 ədəd açılan künç divanın, 1 ədəd ikili çarpayı, 1 ədəd “Sony” markalı televizorun (android), 1 ədəd mətbəx üçün stolun, 4 ədəd stulun, 1 ədəd “Samsung” soyuducusunun, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd mebeldaxili adi sobanın, 1 ədəd “LG” markalı paltaryuyan maşınının, lədəd “Samsung” markalı qabyuyan maşınının - 1 ədəd “LG” markalı kondisionerinin (100 kv.m.), 1 ədəd mebeldən olan iri televizor altdığının və 1 ədəd elektron kaminin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə nikaha daxil olmuşlar. Nikahdan övladlarının olmasına baxmayaraq son dövrlərdə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7560/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların cavabdehin yanında qalması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Birgə nikah münasibətlərində olduğu dövrdə Mənzili almışlar və həmin mənzil onların birgə nikah dövründə qazandıqları pul vəsaiti əsasında əldə edilmişdir. İpoteka krediti ilə alınmış mübahisəli mənzilin dəyəri 174.000 manat olmuş, ilkin ödəniş olaraq 74.000 manat, daha sonra isə 3 il ərzində 24.000 manat pul iddiaçı tərəfindən Banka ödənilmişdir. Hazırda mənzilə görə Banka ödənilməmiş külli miqdarda borc qalmışdır. Eyni zamanda evin təmir xərcləri üçün 116.449 manat pul məbləği xərclənmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 6806/2020 saylı qətnaməsinə əsasən Mənzilə dair iddiaçının 2/5, cavabdehin 3/5 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzildə yaşamır və gələcəkdə də yaşaması qeyri-mümkündür. Lakin buna baxmayaraq hər ay həmin mənzilə görə aylıq ödənişlər edir. Həmçinin, paylı mülkiyyətində olan daşınmaz əmlaka dair hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinliklərlə üzləşir və bu səbəbdən hazırki iddianın qaldırılmasına zərurət yaranmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının Mənzilə dair payının naturada ayrılması əvəzinə kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda həmin mənzilin satılaraq dəyərinin müəyyən olunmuş paylara uyğun bölüşdürülməsi barədə cavabdehə təklif göndərilsə də, o bu təklifə heç bir əhəmiyyət verməmiş və həmin təklifi cavablandırmamışlar.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmişlər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
10. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
11. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
12. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
13. Maddə 220.6. bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
14. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
20. Mənzilin paylı mülkiyyətdə olması, iddiaçının 2/5 hissədə iddiaçının, qalan 3/5 hissədə cavabdehin payının müəyyən edilməsi işin mübahisəsiz halıdır.
21. Paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi, həmin əşyalara dair payların müəyyən edilməsi, ayrılması, habelə satışı ilə bağlı hüquqi əsaslar Mülki Məcəllənin 220-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 220.3-cü maddəsində paylı mülkiyyətdə olan ümumi əşyalara dair payların bölünməsinin və ayrılmasının 2 qaydası nəzərdə tutulmuşdur: bunlardan birincisi qarşılıqlı razılıq əsasında payların bölünməsi, yaxud ayrılması, digəri isə mübahisə yarandığı halda, məhkəmə qaydasında həmin proseslərin həyata keçirilməsi ilə bağlıdır.
22. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir.
23. Həmçinin, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/3327 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli Mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrinin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx,dəhliz, və s) bir ailənin yaşaması üçün nəzərdə tutulmasına görə, tərəflərin paylarına uyğun olaraaq İnşaat norma qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cü bəndlərinə və metodik əsasların tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.
24. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə Mənzilə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz.
25. Bundan başqa, iddia ərizəsindən həmçinin aydın olur ki, iddiaçı “payın naturada ayrılması” barədə iddia tələbindən başqa, “naturada bölgü mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi”ni xahiş etmişdir. İddia bu hissədə də təmin edilməməlidir.
26. Belə ki, paylı mülkiyyətdə olan əşyanın hərrac yolu ilə satılması məsələsi yalnız yuxarda şərh edilən mərhələli ardıcıllıqla həyata keçirilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir. Yəni, şərh edilən ardıcıllığa əməl edildikdən sonra, həmçinin ümumi əmlakdakı payın bölünməsi və ya ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
27. Eyni hüquqi yanaşma “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da göstərilmişdir. Həmin qərarda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
28. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaya riayət etmədən iddiaçının tələbi ilə həmin Mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi “ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması” hissəsində rədd edilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 14 saylı evin, 241 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, b44, M3, m5) mənzilin naturada bölünməsi və hərrac yolu ilə satılması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı