Məhkəmə qərarları › İş №e-2(011)-2332/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2332/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2332/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahənin ona təhvil verilməsi ilə bağlı Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 iyun 2013-cü il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə nəzərdə tutulmuş həcmdə və qaydada ödədikdən sonra mülkiyyət hüququ əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri ödənilmiş və MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Belə ki, maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdeh MMC-nə məxsusdur. Bu yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir (362.670 manat) və onun Cavabdeh MMC-nə borcu yoxdur. 27 iyun 2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh qeyri-yaşayış sahəsinin dəyərini tam ödədikdən sonra sahə İddiaçı təhvil verilməlidir. Lakin Cavabdeh MMC bu günədək həmin qeyri-yaşayış sahəsinin təhvil verməmişdir. İddiaçı vəkili və etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 iyun 2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh MMC tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış binasının birinci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Həmin qeyri-yaşayış sahəsi 362,670 manata satılmış və İddiaçı tərəfindən bu məbləğ bütöv şəkildə ödənilmişdir. Bununla bağlı Cavabdeh MMC tərəfindən maliyyə arayışı verilmişdir və həmin maliyyə arayışında məbləğin tam şəkildə ödənilməsi qeyd olunmuşdur. Cavabdeh MMC tək İddiaçı deyil, digər vətəndaşlara qarşı da belə davranışlar göstərmişdir. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən vətəndaşlara külli miqdarda ziyan vurulduğundan, vətəndaşların şikayəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində cinayət işi açılmışdır. Daha sonra Cavabdeh MMC-nin rəhbərliyinə dair hökm çıxarılmış və onlar məsuliyyətə cəlb edilmişlər. Qarşı tərəflə son 2 ilə qədər əlaqə saxlanılmış və hər dəfə müxtəlif bəhanələr edərək qeyri-yaşayış sahəsini təhvil verməmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, tərəflərin razılaşmasına əsasən bina tikildikdən sonra müqavilədə gösərilən ölçülərə uyğun qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli idi. Bununla da, təhvil verilməli olan sahənin binada konkret yeri əvvəlcədən müəyyən edilməmişdir. Bu günədək hər hansı sahə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Mübahisəli sahənin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 27 iyun 2013-cü il tarixli müqavilənin surəti mövcud olsa da, həmin müqavilənin əslinin təqdim olunması mümkün deyil. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməli deyil. Belə ki, iş materiallarında olan 27 iyun 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı (Cavabdeh MMC) ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya (İddiaçı) təhvil verir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Alıcı” hər kv.m üçün 1.570 manat olmaqla cəmi 362.670 manat məbləği “Alıcı” “Satıcı”ya ödəyir. İş materiallarında olan 27 iyun 2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 231 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə İddiaçı və predmet mövzusu olan qeyri-yaşayış sahəsi üzrə hər hansı şəxs zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı onun mübahisəli əmlaka sahiblik və istifadə hüquqlarının mövcudluğunu sübut etmək yükünü daşıyır. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki işdə binanın tərkib hissəsi olan qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı münasibətlər podrat münasibəti hesab olunur. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Belə ki, podrat müqaviləsi bağlandıqdan sonra tərəflərin həmin müqavilə üzrə öhdəliklərin tam icrasınadək müqavilədən imtina etmək, onun şərtlərini dəyişdirmək, podrat müqaviləsinin obyekti olan sahənin üçüncü şəxslərə özgəninkiləşdirmək kimi imkanları vardır. Mübahisəli sahəyə sahiblik və istifadə hüquqlarının yaranması barədə iddia tələbləri o halda təmin edilə bilər ki, həmin sahənin tikintisi ilə bağlı tərəflər arasında podrat müqaviləsinin bağlanılması və həmin müqavilənin tam icrasınadək müqavilənin tərəflərdən birinin təşəbbüsü ilə ləğv olunmadığı iş materialları ilə təsdiq olunsun. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Təklif olunmasına baxmayaraq, iddiaçı mübahisəli sahəyə dair podrat müqaviləsinin əslini təqdim etməmişdir. Bundan başqa, mübahisəli sahənin harada yerləşməsi ilə bağlı iddiaçı tərəfindən məlumat təqdim edilmədiyindən mübahisəli sahənin podrat müqaviləsi üzrə iddiaçıya verilməli olan sahə olub-olmaması, həmin sahənin üçüncü şəxslərin hüquqlarından azad olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən podrat müqaviləsi üzrə yazılı forma tələbləri müəyyən edilməmişdir. Buna baxmayaraq, hazırki iddia tələbləri müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı olduğundan və iddiaçı 27 iyun 2013-cü il tarixli müqaviləyə istinadən cavabdehdən müqavilə öhdəliklərinin icrasını tələb etdiyindən müqavilənin əslinin mövcudluğu iddia tələblərinin təmin edilməsi üçün əsas şərtlərdən biridir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci mddəsi). MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur(maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2.).Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir(maddə 76.3.). Qanunun tələbinə əsasən yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır (maddə 89.3.). Hazırkı halda iddia tələbinin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmasına baxmayaraq, iddiaçı etibarlı sayıla biləcək müqavilənin mövcudluğunu sübut edə bilməmişdir Mübahisəli sahəyə hüquqların yaranmasının maliyyə arayışı ilə təsdiq olunması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iddia tələbləri mübahisəli sahəyə görə ödənilmiş pul məbləğinin geri tələb olunması ilə bağlı olmadığından, maliyyə arayışının etibarlılığına hüquqi qiymət vermədən məhkəmə qeyd edir ki, maliyyə arayışı ödənişin həyata keçirilib-keçirilməməsi ilə bağlı halları nəzərdə tutur. Müqavilənin əslinin olmadığı halda, müqavilənin bağlanılması tarixində verilmiş maliyyə arayışının əsli podrat münasibətləri nəticəsində daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının yaranmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın təhvil verilməsi” barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar