Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-244/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “maneələrin aradan qaldırılması və s.” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X1 MA ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan 1-ci mərtəbədə yerləşən 40,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (151 saylı mağaza) giriş qapısının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatət təqdim edərək, iş üzrə yalnız Cavabdeh2 MMC-nin cavabdeh qismində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi (151 saylı mağaza) SERİYA MA ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla iddiaçının mülkiyyətindədir. Bir müddət öncə iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə tərəfindən “ELM EVİ” adı altında tibbi avabanlıqların satışı ilə məşğul olan şəxslərə icarəyə verilmişdir. Dəfələrlə xəbərdarlıq edildikdən sonra qeyri-yaşayış sahəsi icarəyə götürülənlər tərəfindən boşaldılmışdır. Bundan sonra cavabdeh qeyri-yaşayış sahəsinin giriş qapısı bağlayaraq qapının qarşısındakı ümumi dəhlizi “çayxana” olaraq icarəyə vermişdir. İddiaçı cavabdehə iradını bildirərək, mülkiyyətində olan əmlakdan istifadə edə bilmədiyini, qapını bağlayaraq yaradılmış maneənin aradan qaldırılmasını tələb etsə də, qeyri-yaşayış sahəsinin qapısının açılması təmin edilməmişdir, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə məhdudiyyətlər yaradılır. Cavabdehin hərəkətləri qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçisinin konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh qeydiyyat yeri üzrə xəbərdar edilmiş, həmin ünvanda qapının bağlı olması qeydi ilə bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehlərin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyriyaşayış sahəsi (151 saylı mağaza) xx.xx.2009-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 10/1508 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi kimi 1-ci sual üzrə, İddiaçı dövlət reyestrindən SERİYA MA ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında, 1-ci mərtəbədə yerləşən 40,1 kv.m sahəsi olan (151 saylı mağaza) qeyri-yaşayış sahəsinin texniki sənədlərə uyğun olaraq iki ədəd (binanın ön və sağ dəhlizindən) giriş-çıxış qapısının olduğu müəyyən edilmiş, 2-ci sual üzrə həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa hər hansı bir maneənin olubolmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından tədqiqat aparılmamışdır. İş materiallarında olan 10/1508 nömrəli xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayonu 8 noyabr pr 23 ünvanında yerləşən 40.1 kv.m sahəsi olan qeyri yaşayış sahəsinə baxış keçirilərkən mübahisəli sahənin qapısının bağlı olması, onun qarşısındakı yerin ümumi dəhliz olması və həmin dəhlizin bilavasitə çöl girişə açılması, mübahisəli qeyri yaşayış sahəsinin qapısının dəhlizin qapısını bağlanmaqla məhdudlaşdırılması və həmin dəhlizin icarəyə verilməsi, qeyri-yaşayış sahəsinə girişin yalnız həmin obyektin yanındakı digər qeyri yaşayış sahəsinin içindən keçməklə mümkün olması, mübahisəli qeyri yaşayış sahəsinin texniki sənədlərə uyğun olaraq 2 ədəd giriş qapısının olması lakin onlardan giriş-çıxışın məhdudlaşdırıldığı, sözügüdən 2 qapı ayrıayrı sahibkaralara məxsus olması və onlardan biri isə bağlı olması müəyyən olunmuşdur. İş materiallarında olan ********* və ********* nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyriyaşayış sahəsi (151 saylı mağaza) İddiaçı xüsusi mülkiyyətindədir, qeyri-yaşayış sahəsinin iki (binanın ön və sağ dəhlizindən) giriş-çıxış qapısı vardır, qapının biri cavabdeh müəssisənin ərazisində fəaliyyət göstərən digər mağazaya açılır, əsas qapı isə cavabdehin ərazisindən dəhlizə tərəf yerləşir və həmin qapı cavabdeh tərəfindən bağlanmışdır, cavabdeh iddiaçıya əmlakdan sərbəst istifadə etməsində süni maneələr yaratmaqla onun mülkiyyət hüququnu pozur. Bununla belə, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hallar məhkəmə trəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, həmin qeyri-yaşayış sahəsinin cavabdehin ərazisindən dəhlizə tərəf yerləşən əsas qapısı cavabdeh tərəfindən bağlanmaqla iddiaçının mülkiyyətinə sərbəst giriş-çıxışa maneəçilik yaratdığından, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (151 saylı mağaza) sərbəst istifadəyə və girişə cavabdeh tərəfindən yaradılan süni və qanunsuz maneələr aradan qaldırılmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 50 manatın tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci müvafiq olaraq cavabdehdən alınaraq məhkəmə ekspertizasının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən (151 saylı mağaza) sərbəst istifadəyə və girişə cavabdehlər Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2ndən alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh2ndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbuledildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-244/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-244/2023
10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver