Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2662/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayədəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehlə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, RU-211901 nömrəli xidmət müqavilə bağlanmışdır. Həmin müqaviləyə və onun 1 saylı əlavəsinə əsasən "xxxx" MMC cavabdehin övladı X1 Rusiya Dövlət Sosial Universitetində “turizm idarəetmə” ixtisasında təhsil alması üçün həmin üniversitetə müraciət etməyi, universitetdən qəbul cavabı almağı, sənədləşmə işlərinin aparılması və digər xidmətlərin göstərilməsi barədə, cavabdeh isə müvafiq sənədlərin iddiaçıya təqdim emək və təhsil haqqının ödəniləsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehin övladı Universitetdə imtahanlardan tələb edilən balı toplamadığına görə ali təhsilini davam etdirə bilməmişdir.
2. İddiaçı "xxxx" MMC-də beynəlxalq tədris üzrə mütəxəssis vəzifəsində işləmişdir.
3. İddiaçı tərəfindən cavabdehin Rusiya Dövlət Sosial Universitetinə ödənilməli olan 131 400 Rus rublu məbləğində təhsil haqqı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə tam şəkildə ödənilmişdir (ödəniş iddiaçının tapşırığı və vəsaiti hesabına X3 adı ilə ödənilmişdir).
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 2.273 manat əsas borc, 200 manat vəkil xərci, 45 manat dövlət rüsumu, ümumillikdə 2.518 manat alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, iddiaçı tələbələrin xaricdə təhsili ilə fəaliyyət göstərən "xxxx" MMC-də əmək fəaliyyəti ilə çalışmışdır. Cavabdeh 2023-cü oktyabr ayında oğlunun xaricdə təhsil alması ilə əlaqədar şirkətə müraciət etmiş, yekun razılığa əsasən, cavabdehin təmənnasız şəkildə şirkətin xidmətlərindən yararlanacağına razılıq əldə olunmuş, bundan sonra, cavabdehin oğlu xaricdə yerləşən ali təhsil ocağına qəbul olunması üçün bütün zəruri tələblər yerinə yetirilmiş, yekunda tələbə statusunu qazanmaq üçün təhsil haqqının ödənilməsi tələbi cavabdeh tərəfindən gecikdirilmişdir. İddiaçı cavabdehə sonuncunun övladının tələbə adını qazanması üçün təhsil müəssisəsinə təhsil haqqının ödənilməsinin vacibliyini bildirsə də, sonuncu hər dəfə hazırda vəsaitinin olmadığını bildirmişdir, pul vəsaitinin tapmasının çətin olduğunu bildirərək, iddiaçıdan köməklik etməsini xahiş etmişdir. İddiaçı cavabdehin vədlərinə inanaraq, həmçinin, təhsil haqqının ödənilməsinin sonuncu möhlət gününü nəzərə alaraq, özünün isə Bərdə rayonunda yas mərasimində olması səbəbindən, iş yoldaşı X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən VTB Bankı vasitəsilə cavabdehin oğlunun təhsil haqqını Rusiya Federasiyasında yeləşən “Rusiya Dövlət Sosial Universitetinin” hesabına 131.400 Rubl məbləğində (məzənnə ilə 2.273 manat) pul köçürülmüşdür. Bundan sonra cavabdeh “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun əvəzinə ödənilən təhsil haqqını geri qaytacağına vəd vermiş, yalandan bu gün-sabah deyə-deyə etibardan sui-istifadə edərək onu aldatmışdır. Nəticə etibarilə iddiaçı 2400 manat ziyanla üzləşmiş, borca düşdüyü məbləği öz hesabına üçüncü şəxslərə ödəmiş olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və mobil telefon vasitəsilə əlaqə saxlanıldığı zaman səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 430.1 Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
12. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
13. Maddə 431.3 Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. İşin hallarından da göründüyü kimi, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən "xxxx" MMC cavabdehin övladının ölkə xaricindəki universitetlərdən birindən qəbul cavabı almağı və həmin universitetdə təhsil alması üçün zəruri sənədləşdirmə işlərinin aparılmasını öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarına əsasən, cavabdehin övladının Rusiya Dövlət Sosial Universitetində təhsil alması üçün tələb edilən təhsil haqqının ödənilməsi isə cavabdeh tərəfindən həyata keçirilməli idi. Lakin, cavabdeh tərəfindən təhsil haqqı ödənilmədiyindən iddiaçı tərəfindən onun əvəzinə və razılığı ilə təhsil haqqı universitetə ödənilmişdir. İşin bu halı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı verilən izahatında da təsdiq olunmuşdur. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, təhsil haqqını ödəməyə maddi imkanı çatmadığından, o, iddiaçıdan onun əvəzinə təhsil haqqını ödəməyi xahiş etmiş, daha sonra qaytaracığını bildirmişdir.
22. Həmçinin iddiaçı tərəfindən cavabdehin əvəzinə təhsil haqqının ödənilməsi də iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli köçürmə ərizəsinin surəti əsasında müəyyən olunur ki, iddiaçının adından "xxxx" ASC vasitəsilə X4 131 400 Rus rublu məbləğində köçürmə etmişdir.
23. Göründüyü kimi, cavabdehin öhdəliyi üçüncü şəxs, yəni iddiaçı tərəfindən icra olunduğundan iddiaçının reqres hüququ yaranmışdır.
24. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 2273 manat (xx.xx.2023-cü il tarixə olan Rus rublunun məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
25. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır.
26. İş materiallarında olan iddiaçı ilə ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri 32 saylı Vəkil Bürosuna 200 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. İddiaçının ödədiyi həmin pul vəsaiti hüququnun məhkəmədə müdafiə olunması üçün çəkdiyi xərcdir.
27. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü vəzifələrini icra etməməsi nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə ilə əlavə xərc çəkmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. 2273 manat məbləğində pul vəsaiti, 200 manat məbləğində hüquqi xidmət üçün xərci və ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 2518 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı