Məhkəmə qərarları › İş №e-2(011)-269/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-269/2025

31.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-269/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, mənzil 180 və ünvan 1 ünvanda yerləşən mənzillərinin onun və Cavabdeh payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda mənzillərin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2805/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, mənzil 180 və ünvan 1 ünvanda yerləşən mənzillərin ½ hissəsində mənim və ½ hissəsində Cavabdeh paylar müəyyən edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Bildirmək istəyirəm ki, mən 15 noyabr 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuşam. Birgə nikahdan bizim iki övladımız var: xx.xx.1983-cü il təvəllüdlü X3 və xx.xx.1984-cü il təvəllüdlü X4. Mən bütün ömrümü işləmişəm, çalışmışam ki, ailəmin heç bir ehtiyacı olmasın, üç dənə 3 otaqlı mənzil almışam. Evlərin birini qızımın adına, ikisini isə həyat yoldaşım Cavabdeh adına almışam. Hal-hazırda bütün əmlakım Cavabdeh və iki qızımın sahibliyindədir, mən özüm isə evsiz qalmışam. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2327/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aramızda olan nikah pozulmuşdur. Hal-hazırda mənim 1 dərəcəli əlilliyim var, sərbəst hərəkət edə bilmirəm. Mən üç dəfə insult diaqnozu ilə xəstəxanaya düşmüşəm və İİİ dərəcəli onkoloji xəstəlikdən əziyyət çəkirəm. Mən əlil arabası ilə hərəkət edirəm, heç yerdən gəlirim yoxdur və çox ağır maddi durumum var. Hazırda mübahisəli mənzilin tərəflərin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda, açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac var. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, bu iş üzrə icraat dayandırılmalı idi, digər məhkəmədəki işə görə, bundan başqa ekspert rəyləri ilə də razı deyillər. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)- 2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1982-ci il tarixdə 185 №-li aktla Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-2805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İlkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai Rayonu, Ceyhun Həsənov küçəsi ev 1M, 180 nömrəli, Bakı şəhəri, Xətai Rayonu, Ceyhun Həsənov küçəsi ev 1M, 162 nömrəli mənzillərin ½ hissəsində İddiaçı və ½ hissəsində Cavabdeh payları müəyyən edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, Qarşılıqlı iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1 saylı küçə, ev 1, 16 saylı mənzil, "xxxx" Şəxsi İstehsalat-Kommersiya Firması (VÖEN: **********), xx.xx.2006-cı il tarixli 136A nömrəli icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli 3M-3/662 nömrəli xx.xx.2018-ci il tarixli 3M-729 saylı alğı-satqı müqavilələrinə əsasən alınmış Abşeron rayonu Xırdalan şəhəri Donuzkökəltmə sovxozu ərazisində 0,0965 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun hər birinin üzərində ½ hissəsində İddiaçı, ½ hissəsində isə Cavabdeh payları müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2805/2023 nömrəli, 08 sentyabr 2023- cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Məhkəmə tikinti-texniki ekspertizasının 10/4157 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən 1M saylı evin, 162 və 180 saylı mənzillərin tərəflərin paylarına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 "Yaşayış Binaları Layihələndirmə Normaları"-nın 5.2, 5.5., 5.6., 5.7. və 58. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan 01/25-725 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai Rayonu, Ceyhun Həsənov küçəsi ev 1M, mənzil 180 Yeni qaydalarla: AZ 1121, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 195000 manat, likvid dəyəri 166000 manat təşkil edir. İş materiallarında olan 01/25-724 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1, Yeni qaydalalrla: AZ 1121, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 195000 manat, likvid dəyəri 166000 manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı tərədindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, Bаkı şəhəri Хətаi Rаyоn Məhkəməsinin e-2(011)-2805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai Rayonu, Ceyhun Həsənov küçəsi ev 1M, 180 nömrəli, Bakı şəhəri, Xətai Rayonu, Ceyhun Həsənov küçəsi ev 1M, 162 nömrəli mənzillərin ½ hissəsində İddiaçı və ½ hissəsində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmiş, həmin əmlakların naturada ayrılması mümkün deyil, qeyd edilən mənzillərin bazar və likvid qiymətlərinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmiş, mənzillərin hər birinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 195000 manat, likvid dəyəri 166000 manat təşkil etmiş, iddiaçı payının ödənilməsi barədə cavabdehə müraciət etsə də, əmlakın satılması və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında tərəflər arasında razılıq əldə edilməmişdir, cavabdeh əmlakın satılmasına razıdır. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bərabər bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, mübahisəli mənzillər tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmaqla onların ümumi paylı mülkiyyətində olduğundan və tərəflər ümumi mülkiyyətdə olan əmlakın payının dəyərinin ödənilməsi barədə razılığa gələ bilmədiklərindən mübahisəli mənzillər açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə həmin mənzillərin satış qiymətini müəyyən edərkən xx.xx.2025-ci il tarixli ekspert rəylərini əsas götürərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 180 saylı və Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 162 saylı mənzillərin hər birinin satış qiyməti 166 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı: Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, mənzil 180 və ünvan 1 ünvanda yerləşən mənzillər açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölünməli, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 180 saylı və Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 162 saylı mənzillərin hər birinin satış qiyməti 166 000 manat müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul məbləği İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, mənzil 180 və ünvan 1 ünvanda yerləşən mənzillər açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq (bərabər) bölünsün. Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 180 saylı və Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 1M, 162 saylı mənzillərin hər birinin satış qiyməti 166 000 (yüz altmış altı min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul məbləği İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar