Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-333/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 qarşı “qanunsuz pilləkənənin və iddiaçının evinin pəncərələri qarşısında quraşdırılmış lövhələrin sökülməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 qarşı “qanunsuz pilləkənənin və iddiaçının evinin pəncərələri qarşısında quraşdırılmış lövhələrin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbində göstərmişdir ki, ünvan 7 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh şəxslərdən Cavabdeh4 iddiaçının mərhum qardaşının arvadıdır, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 isə iddiaçının mərhum qardaşı Etibarın uşaqlarıdır. Onlar iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsində yerləşən 1 mərtəbəli özbaşına tikili olan yaşayış evində yaşamışlar, sonradan həmin yaşayış evini sökərək, müvafiq icazə və razılaşma olmadan iki mərtəbəli fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxan, iddiaçının və ailə üzvlərinin gediş-gəlişinə maneçilik törədəcək qədər uzun ölçüdə pilləkən inşa etmişlər, habelə iddiaçının pəncərələrinin qarşısında hündür lövhələr quraşdırmışlar. Cavabdehlərin inşa etdikləri pilləkən və quraşdırdığı lövhələr iddiaçının öz mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evindən mülahizəsinə əsasən istifadəsini məhdudlaşdırır. Belə ki, həmin pilləkənin tikilməsindən sonra iddiaçı evinin çöl divarlarını, pəncərələrini təmir etdirə bilmir, evinin arxasına, yan tərəflərinə keçə bilmir, belə ki, həmin pilləkən və lövhələr, habelə yola yığdıqları şkaf və dolablar, digər əşyalar buna imkan vermir. Habelə cavabdehlər də buna imkan vermirlər. Nəticədə qalmaqal, ciddi narazılıq, stressli vəziyyətlər yaranır, quraşdırılmış lövhələr isə hündürlüyü 3 metrdən çox olduğu və evinə çox yaxın olduqları üçün evə günəş şüalarının düşməsinin və təmiz hava daxil olmasının qarşısını alır. İddiaçının evinə həmin vaxtdan günəş işığı düşmür və hava girmir. Bundan başqa cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yanında iddiaçı və ailə üzvləri, o cümlədən iddia ərizəsində göstərilən iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddiaçının evinə qonaq gəldikdə qalmaqallı vəziyyətlər yaranır. Cavabdehlərdən hətta Cavabdeh3 Etibar qızı üçüncü şəxs Maraqlı şəxs3 münasibətdə xırda xuliqanlıq əməlini törətdiyinə görə AR İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Habelə arxa küçədən açılan darvazaları olduğu halda cavabdehlər iddiaçının darvazasından istifadə edirlər, iddiaçının həyətinin çöl divarına nalayiq sözlər də yazılmışdır.İddiaçı bunu qalmaqala təhrik kimi qəbul edərək 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir ki, gələcəkdə belə hallara yol verilməsin. Belə hallara yol verilməməsi, qalmaqal, qışqırıq, təhqirlər ilə iddiaçı və ailə üzvlərinin bundan sonra qarşılaşmaması üçün mülkiyyətində olan evi ilə cavabdehlərin yaşadıqları özbaşına tikili arasında hasar inşa etmək istəyir, cavabdehlər isə buna imkan vermirlər. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi ev 51-in həyətində cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 tərəfindən və həmin cavabdehlərin vəsaiti hesabına inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəninin, habelə iddiaçının mülkiyyətində olan evinin pəncərələri qarşısında quraşdırılmış lövhələrin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 hesabına sökülməsi və həyətində hasar inşa etməyinə və ya hər hansı tikinti işlərinin görülməsinə maneləri törədilməsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında çıxış edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə baxışında çıxış edən Cavabdeh4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quluyevə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin rəisi cənab Cəbrayılov Xanlarovaya və ünvan 1 ünvanında yaşayan sakinlərə ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 45 m2 torpaq sahəsində özbaşına yaşayış evlərinin inşası, həmçinin 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində əvvəllər mövcud olmayan pilləkənin inşa edilməsi ilə bağlı yaranmış narazılıq barədə bir qrup sakinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, İ.Abbasov küçəsi, ev 51 ünvanında vətəndaş Cavabdeh4 tərəfindən mövcud mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsi 37-ci Polis şöbəsi tərəfindən ünvan 5 ünvanında yaşayan Maraqlı şəxs3 verilmiş 20 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh3 Etibar qızının əməllərində inzibati xəta pozuntusu aşkar olunduğu üçün barəsində AR İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Müraciətdə digər göstərilən ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinə qarşı tərəfin daha çox torpaq pay istəyərək iddia etməsi və orada təmir-tikinti işləri aparılması ilə bağı xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmağı məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə 07 may 2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısında təxminən iki metrlik məsafədə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 yaşadığı fərdi yaşayış evinin pilləkənləri tikilmiş və bir dəmir lövhə quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini müəyyən edən 69.1-ci maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı mülki iş üzrə məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 7 ünvanında üç fərdi yaşayış evi və bir köhnə tikili ev mövcuddur. Həmin köhnə tikili ola ev ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İddiaçı həmin evin yanında bir tikili daha inşa etmişdir və hazırda həmin tikililər onun faktiki sahibliyinə və istifadəsindədir. Həmçinin həmin həyətdə iki özbaşına tikili daha inşa edilmişdir. Tikililərdən biri iddiaçının mərhum qardaşı tərəfindən inşa edilmişdir, hazırda həmin evdə onun arvadı Cavabdeh4 və qızları Cavabdeh3 və Cavabdeh2 yaşayır. Digər özbaşına tikili olan evdə iddiaçının mərhum qardaşının digər qızı Cavabdeh5 yaşayır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısında təxminən iki metrəlik məsafədə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 yaşadığı fərdi yaşayış evinin pilləkənləri tikilmiş və bir dəmir lövhə quraşdırılmışdır. Dəmir lövhə iddiaçının faktiki yaşadığı evin pəncərəsinə çox yaxın məsafədə quraşdırılmışdır, həmçinin həmin evin arxa hissəsində də qonşu evi çox yaxın məsafədə tikilmişdir. Bu vəziyyətdə iddiaçının faktiki yaşadığı fərdi yaşayış evinin normal havalandırılması mümkünsüz hala çevrilmişdir. Eyni zamanda yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh4 və qızları Cavabdeh3 və Cavabdeh2 yaşadığı özbaşına tikilinin arxa hissəsində darvaza yerləşir və evin həmin hissəsində də pilləkən tikmək imkanı mövcuddur. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi pilləkən və lövhə müvafiq icazə alınmadan, həmçinin tikinti normalarına riayət edilmədən tikildiyindən ünvan 7-in həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəni və iddiaçının evinin pəncərəsi qarşısında quraşdırılmış lövhə cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 qarşı əsaslandırılmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 7-in həyətində inşa edilmiş özbaşına iki mərtəbəli tikilinin pilləkəni və iddiaçının evinin pəncərəsi qarşısında quraşdırılmış dəmir lövhə cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 hesabına sökülsün. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 qarşı təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-333/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-333/2025
05.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver