Məhkəmə qərarları › İş №e-2(011)-3421/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3421/2024

11.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3421/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Ərizəçi QSC-nin Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi QSC Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin, məhkəməyə ödənilmiş dövlət rüsumunun ərizəçiyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun qaytarılması barəsində ərizə verdiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud ərizəsi baxılmamış saxlanmalı, ödənilmiş dövlət rüsumu tam şəkildə ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi QSC-nin Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi QSC tərəfindən 15 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi QSC-yə geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar