Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3529/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsindən sahəsi 125 kv.m təşkil edən yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20 sentyabr 2018-ci il tarixdə mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsindən sahəsi 125 kv.m təşkil edən mənzili iddiaçıya təhvil verməli olmuşdur. Lakin hazırkı günədək cavabdeh öhdəliklərini icra etməmiş və həmin mənzili iddiaçıya təhvil verməmişdir. Qeyd edilən sahə "xxxx" MTK tərəfindən verilmiş müqavilədə göstərilmiş X1 aid 125 kv.m qeyri-yaşayış sahəsinin əvəzində iddiaçıya təqdim edilir. Aralarında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən bütün öhdəliklər icra edilmişdir, lakin öhdəliklər cavabdeh tərəfindən icra edilmir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, sözügedən ünvanda ilkin olaraq üç yaşayış, bir qeyri-yaşayış sahəsinin tikintikisi nəzərdə tutulmuşdur. Daha sonra tikintinin həyata keçirilməsinə icazənin alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edilmiş və nəticədə iki yaşayış və bir qeyri-yaşayış sahəsinin tikintisinin həyata keçirilməsi ilə bağlı müvafiq icazə alınmışdır. Lakin hazırda iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsi D blokunda nəzərdə tutulsa da, həmin D blokunun inşasına icazə verilməmiş və nəticədə İddiaçı ilə "xxxx" MTK arasında müqavilə imzalanaraq bu müqaviləyə əsasən A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə yerləşən 125 kv.metr yaşayış sahəsinin 20 sentyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahə əvəzinə İddiaçı verilməsi ilə bağlı razılığa gəlinmişdir. Həmçinin, cavabdeh tərəfin nümayəndəsi onu da qeyd etmişdir ki, Hom-Paş Prestij” MTK ilə iddiaçı 2021-ci ildə müqavilə bağladıqdan sonra 2018-ci il tarixli müqavilələr ləğv edilmişdir. Bu səbədən müqavilənin əsli hüquqlarını təmsil etdiyi şirkətdə mövcud deyil. Buna baxmayaraq iddiaçı məlum olmayan qaydada hazırkı müqavilənin dublikatını əldə edib məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də hazırkı iddia tələbinin hüquqi əsasının olmadığını bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(011)-6337/2015 saylı qətnaməsi ilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-ci il tarixli 1 və 2 müqavilələrin 3.2.-ci bəndləri etibarsız hesab edilməklə tərəflər arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 500 kv.m olmaqla 2 qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Daha sonra isə məhkəmə qətnaməsi əsasında faktiki olaraq 1000 kv.metrin 832 kv.metri iddiaçıya təhvil verilmişdir. Bundan sonra İddiaçı Cavabdeh MMC ilə yerdə qalan 168 kv.metrin əvəzində ona 125 kv.metr sahənin təhvil verilməsi ilə bağlı razılığa gəlmişdir. Nəticədə Cavabdeh MMC ilə İddiaçı arasında 20 sentyabr 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Daha sonra məhkəmə araşdırması zamanı, cavabdeh tərəf izahatında Cavabdeh MMC ilə İddiaçı arasında 20 sentyabr 2018-ci il tarixdə müqavilənin icrasının mümkün olmamasını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən yaşayış sahəsinin D blokunda nəzərdə tutulmasını və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin D blokunun inşasına icazənin verilməməsi nəticəsində İddiaçı ilə "xxxx" MTK arasında yeni müqavilə imzalanaraq A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə yerləşən 125 kv.metr yaşayış sahəsinin 20 sentyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahə əvəzinə İddiaçı verilməsi ilə bağlı razılığa gəlinmiş olduğunu bildirmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun mövcud olub-olmamasının aydınlaşdırılması səbəbindən sözügedən ünvana məhkəmə tərəfindən yerli baxış keçirilmiş və ümumiyyətlə adıçəkilən D blokunun mövcud olmaması aşkar edilmişdir. Belə ki, 2015-ci il tarixli sərəncama əsasən tikilməsi nəzərdə tutulan D blokunun tikintisinə icazə verilmədiyindən D blokunun inşası baş tutmamışdır. Hazırda D blokunun tikilməsi ilə bağlı hər hansı hallar aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 28 fevral 2021-ci il tarixli müqavilədən də görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında müqavilə imzalanmış və bu müqaviləyə əsasən A1 və A2 bloklarının orta hissəsində 4-cü mərtəbədə yerləşən 125 kv.metr yaşayış sahəsinin 20 sentyabr 2018-ci il tarixli müqavilədə göstərilən sahə əvəzinə İddiaçı verilməsi ilə bağlı razılığa gəlinmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 avqust 2019-cu il tarixli 23 nömrəli Sərəncamından çıxarışından görünür ki, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən iki ədəd bir girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində belə qənaətə gəlmək olar ki, iddiaçının mövcud olmayan bina üzrə mənzilin ona təhvil verilməsini istəməsi ağlabatan deyil. Belə ki, yuxarıda istinad olunan sonrakı müqavilənin İddiaçı ilə "xxxx" MTK arasında bağlanması və müqavilənin şərtində bu müqavilənin 20 sentyabr 2018-ci il tarixli müqavilənin əvəzində bağlaması iddiaçının istinad etdiyi müqavilənin hazırda mövcudluğunu istisna edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müqavilənin əslini yox, dublikatını təqdim etmişdir. Belə olan halda isə hazırda mövcudluğu istisna edilən müqavilə üzrə iddiaçının müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməsinin heç bir hüquqi əsası mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, mövcud olmayan yaşayış binasının iddia tələbində tələb olunan mənzilinin iddiaçıya təhvil verilməsi mümkünsüzdür. Belə olan halda iddia rədd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş binanın 6-cı mərtəbəsindən sahəsi 125 kv.m təşkil edən yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3529/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3529/2022
18.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver