Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3683/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan dəhlizdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş dəhlizdən və liftdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, e-2(011)-3683/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan dəhlizdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması” barədə 2(011)- 3683/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(011)-3683/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022ci il tarixli, e-2(011)-3683/2022 saylı qərardadı ilə şikayət rədd edilmiş, şikayətin mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(103)-6557/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 birgə verdikləri şikayətin təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2022-ci il tarixli qərardadın ləğv edilməsi və Cavabdeh vəkil (nümayəndə) vasitəsilə verdiyi “iş üzrə icraata xitam verilməsi barədə” vəsatətə yenidən baxılması üçün işin həmin Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, əvvəlki iddia tələbi mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması tələbindən, hazırkı iddia isə yuxarıda göstərilən ümumi istifadədə olan dəhlizdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması tələbindən ibarətdir. İddia tələbləri mahiyyətcə fərqlidir. Məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 hazırkı mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğuna istinad edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3, X3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və X2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-5415/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı3, X1, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və X2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə hazırkı iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçılar iddia tələbində cavabdehə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş dəhlizdən və liftdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, hazırkı tələbdə lift və dəhlizdən istifadənin məhz kommersiya məqsədləri üçün istifadəsinin qadağan edilməsi xahiş olunsa da, mahiyyət etibarı ilə tələb Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-5415/2021 saylı qətnaməsi ilə qiymət verilən tələblə eynilik təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-5415/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, 2(011)-3683/2022 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə yaşayış sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş, ümumi istifadədə olan dəhlizdən kommersiya məqsədləri üçün istifadənin qadağan olunması” barədə 2(011)-3683/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3683/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3683/2022
03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver